Yuxarı

Putin ordunu narazılardan təmizləyir

Putin ordunu narazılardan təmizləyir

Rusiya prezidenti Vladimir Putin Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Viktor Bondaryovu hərbi xidmətdən və vəzifədən kənarlaşdırıb. Putin həmçinin, Qara Dəniz Donanması komandanının müavini, vitse-admiral Valeri Kulikov və Daxili İşlər Nazirliyinin Saratov bölgəsi üzrə Baş İdarəsinin rəisi, general-leytenant Sergey Arenini vəzifələrindən azad edib. Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy isə həbs olunub.

Putinin orduda "təmizlik işləri”nə start verdiyi bu günlərdə Rusiya ordusu Novosibirsk, Buryatiya və Qaraçay-Çərkəz Respublikasında hərbi təlimlərə başlayıb. Təlimlərə Rusiya ordusunun minlərlə şəxsi heyəti və hərbi texnikası cəlb olunub.Qeyd edək ki, Rusiya ordusunun regiondakı canfəşanlığı qonşu ölkələrin və NATO-nun ciddi narahatlığına səbəb olur.Bir qədər əvvəl yekunlaşan "Qərb-2017” təlimləri Qərbdə Rusiyanın yeni müharibəyə hazırlaşması kimi qəbul olunub.

Ordudan Putinə xəyanət

NATO və ABŞ-dan muxtar respublikalarda başlayan hərbi təlimlərə etirazlar gəlsə də ekspertlər əslində reallığın başqa cür olduğunu deyirlər. Ekspertlərə görə, irimiqyaslı təlimlər və orduda aparılan "təmizlik işləri”nin son zamanlarda Putin əleyhinə daxildə artan narzılıqlarla bağlıdır. Ehtimallara görə, kəşfiyyat Silahlı Qüvvələr daxilində artan narazılıqla bağlı araşdırmalara başlayıb və qiyam etməkdə şübhəli bilinən bir sıra hərbçilərin xarici siyasi dairələrlə əlaqələri aşkar olunub.Ordudakı yüksək rütbəli və vəzifəli şəxslərin istefaya göndərilməsi və gizlədilən həbslər də bununla əlaqələndirilir.Ehtimallara görə, son zamanlarda muxtar respublikalarda (Tatarıstan, Şimali Qafqaz və Başqırdıstan) hakimiyyət əleyhinə yönəlmiş aksiyaların keçirilməsi də seçkilərə hazırlaşan Putinə qarşı hazırlanmış ssenarinin tərkib hissəsidir. Rusiya KİV-ləri və politoloqları Qərbin siyasi institutlarının gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqədar fəallaşdığını bildirirlər.

"Putin çətin vəziyyətdədir”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Putinin orduda "təmizlik işləri” aparması, seçkilərdən əvvəl özünə qarşı daxildə baş qaldırmış təhlükənin qarşısını almağa hesablanıb. Politoloq hesab edir ki, muxtar respublikalarda keçirlən hərbi təlimlər də buna hesablanıb:

"Çünki son zamanlarda muxtar subyektlərdə gərginləşən vəziyyət Rusiyada münaqişə ocaqlarının yaranması riskini ortaya çıxarıb. Məlumdur ki, Tatarıstan və Başqırdıstanda milli məsələlər müstəvisində problemlər ortaya çıxıb.Buna görə də Kreml federasiya subyektlərinin səlahiyyətlərini azaltmaq üçün plan hazırlayıb.Nəticədə ordunu hərəkətə gətirib başlayan gərgin proseslərin qarşısına çıxmağa çalışır.Hesab edirəm ki, Rusiyaya qarşı xarici sanksiyalar da bu ölkədə siyasi katakilizimlərə yol aça bilər.Hazırda da Rusiyada siyasi vəziyyət kövrəkdir, İstənilən vəziyyətdə daxili qruplaşmalar xarici dəstəklə Putinə qarşı ayaqlana bilərlər.Başqa sözlə, ölkənin maliyyə vəziyyəti böhrandadır, sosial vəziyyət hər keçən gün ağırlaşır.Ölkənin ehtiyat fondundan xərcləmələr artıb.Göründüyü kimi, iqtisadi-sosial vəziyyətin gərginləşməsi gələn ilin seçkilərindən əvvəl Putin üçün çətin anlar yaşadacaq”.

"İlk dəfədir ki, Putinin dövründə...”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Rusiya hərbi hava-kosmik qüvvələrinin baş komandanının istefaya göndərilməsi ölkənin hərbi elitasında ciddi dəyişiklik kimi qiymətləndirilə bilər. Politoloqun sözlərinə görə, Qara dəniz hərbi donanmasının komandan müavininin istefaya göndərilməsi də bu qəbildəndir: 

"İstisna deyil ki, bu son vaxtlar Suriyada Rusiya hərbçilərinin fəaliyyəti və ordunun son hərbi təlimləri ilə bağlıdır. Ola bilsin ki, ali baş komandanı nələrsə qane etməyib. Bu istefaları Rusiyada daxili siyasi proseslər kontekstində dəyərləndirməyi düzgün saymıram”. Zaur İbrahimli qeyd edib ki, Rusiyada, muxtar respublikalarda baş verənlər isə diqqətdən qaçmamalıdır: "Xüsusilə, Tatarıstan və Başqırdıstan Rusiya üçün çox önəmli regionlardır. Tatarıstan hər zaman xüsusi mövqeyi və nüfuzu, müstəqilliyi ilə seçilib.Başqırdıstanda Kremlin dillə bağlı siyasətinə etirazlar isə yeni siqnal oldu.Ümumiyyətlə, bu cür proseslərin baş verməsi gözlənilirdi və yəqin, bu və ya digər fromada Kremlin assimmilyasiya siyasətinə dirəniş səyləri davam edəcək.Putin hakimiyyətə gəldikdən sonra muxtar respublikaların ən kiçik suverenlik atributları da əllərindən alınıb.Hətta, onların daxili siyasi, iqtisadi, sosial proseslərdə belə azacıq müstəqilliyi qalmayıb.Rəhbərləri belə birbaşa formal və qeyri-formal qaydada Kremldən təyin olunur.Rəhbərlər isə bir qayda olaraq Kremlin assimilyasiya siyasətini davam etdirirlər.Bütün bunlar təbii ki, daxili milli elitanın müqaviməti ilə qarşılaşmalıydı.Amma bundan uzağa çıxan nəticələr çıxarmaq tez olardı.Hazırda Kreml mərkəzdənqaçma meyillərinin qarşısına sərtliklə alır və yaxın perspektivdə ciddi dəyişikliklər ehtimalı azdır.Bununla belə Putin hakimiyyəti dövründə ilk dəfədir ki, muxtar respublikalarda bu cür açıq şəkildə mərkəzi hakimiyyətə müqavimət səyi görürük.Bu isə Kremli narahat etməyə bilməz”. 

Politoloq hesab edir ki, Rusiyada hazırda iqtisadi vəziyyətin getdikcə ağırlaşması da siyasi proseslərə ciddi təsir edir:

"Putinə münasibətdə etimadın aşağı düşməsinə səbəb olur, xüsusilə də siyasi elita səviyyəsində. Putin daha çox bundan narahatdır.Putin üçün hazırda mümkün alternativlərin sıradan çıxarılması əsas məsələdir.Amma yaxın perspektivdə proseslərin Putinin nəzarətindən çıxması ehtimalı azdır.Putin mümkün alternativlərı sıradan çıxarıb və onun reytiniqi hələ də yüksəkdir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları