Yuxarı

Kremldə çevriliş ssenarisi

Kremldə çevriliş ssenarisi

2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərinə bir neçə ay qalmış bu ölkəyə edilən kənar təzyiqlər də sərtləşir. İŞİD terror təşkilatının rəsmi Moskvanı Rusiya daxilində terror aktları həyata keçirəcəyi ilə hədələməsindən sonra ABŞ Konqresi Kremlə qarşı növbəti sanksiyaları qəbul edib. Daxildə gərginləşən ictimai-siyasi proseslər fonunda prezident Vladimir Putinə qarşı olan müxalifət də fəallaşıb. Üstəgəl, muxtar subyektlərdə hakimiyyət əleyhinə başlayan etiraz aksiyaları da Kremlin narahatlığını bir qədər də artırır. 

Vəziyyətin gərginliyini nəzərə alan Putin narazılıq olan muxtar respublikaların başçılarını dəyişməklə yanaşı, Silahlı Qüvvələrdə "təmizlik” işlərinə başlayıb. Bir neçə yüksək vəzifəli generalı postundan uzaqlaşdıran Rusiya başçısının bununla ordu daxlində özünə qarşı hazırlanmış qiyamın qarşısını almağa çalışdığı iddia olunur. 

Çevrilişə cəhd

Ekspertlərə görə, Vladimir Putinin hakimiyyəti dönəmində ölkədə başlayan iqtisadi böhran, Ukrayna və Suriyadakı əməliyyatlara xərclənən milyardlarla dollar həcmində pullar Rusiyaya baha başa gəlib. Məlumdur ki, Putin dönəmində yaşanan böhran və Qərbin sanksiyaları Rusiyada daxili problemlərin yaranmasına səbəb oldu. Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra sanksiyaların aradan qalxacağına ümid edən Kremlin bu gözləntisi də özünü doğrultmadı. Əksinə, Qərbdən tətbiq edilən sanksiyaların daha sərtləşdirilməsi, Rusiyanı Qərbə qarşı müdafiə sistemlərini gücləndirməyə məcbur edir. Vəziyyət kritikdir və gərginləşən Qərb - Rusiya münasibətləri özündə qarşıdurma riskini də daşıyır. Belə bir vəziyyətin ortaya çıxardığı ağırlıqları üzərində hiss edən Rusiya cəmiyyətində də Putin administrasiyasına qarşı hiss olunan müxalifətçilik ab-havası hökm sürür. Analitiklər hesab edirlər ki, Rusiya daxilində yaranmış vəziyyət özündə çevrilişə cəhd, yaxud, seçkilərə kənar müdaxilə ehtimallarını gizlədir. ABŞ və Fransada keçirilən sonuncu prezident seçkilərinə müdaxilələrin olduğunu nəzərə alsaq, dünyada güclənən hibrid savaşın əsas tərkib hissəsi olan çevrilişə cəhd ehtimalı Rusiya üçün də keçərli olacaq.

Putinin 2018-ci il strategiyası

Düzdür, Putin bu hibrid savaşa qarşı güclü siyasi-texnoloji silah kimi qəbul edilir və seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmaqla öz liderliyini saxlamaq niyyətindədir, lakin onun uzun zamandır dəyişməyən və artıq narazılıq yaradan strategiyası ortaya sürpriz nəticə çıxara bilər. Öz sistemində cəmiyyətlə işləməkdə bacarıqsız olan və bir sıra hallarda daxildə yaranan narzılığın əsas səbəbləri hesab olunan yüksək vəzifəli şəxsləri öz postlarından kənarlaşdırması da Putinin narahatlığından xəbər verir. O, müvəqqəti olsa da əsas dəstəyini aldığı bürokratiyanın cəmiyyət üzərində təzyiqlərini azaltmağa çalışır. Başqa sözlə, Putin yeni nəzəriyyəsi ilə kənar müdaxilələri zərərsizləşdirmək üçün özünün simasında dünyaya başqa lider, başqa Rusiya göstərməyə çalışır.

"Putinə qarşı çevriliş ssenarisi hazırlanıb”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ və Rusiya arasında yaşanan qarşıdurma, Rusiya daxilində vəziyyəti gərginləşdirib. Politoloqun sözlərinə görə, ABŞ Rusiyanı öz daxilinə çəkə bilib: "Moskvanın Yaxın Şərq və Ukraynada Qərblə hərbi-siyasi toqquşması, bu ölkənin iqtisadi sanksiyalara məruz qoyub. Bu sanksiyalar Rusiyada total sosial-iqtisadi böhranın yaranmasına səbəb olub. Artıq Putin hökuməti ehtiyat fondlardakı pulları xərcləməyə başlayıb. Görünən budur ki, ABŞ-ın yürütdüyü siyasətin ana xəttində daxildə Putin əleyhinə narazılıqları artırmaq və ölkənin muxtar subyektlərində milli zəmində qarşıdurmalara yol açmaq dayanır. Əsas məqsəd də prezident seçkilərinə hazırlaşan Putinin dayaqlarını zəiflətmək və ona qarşı xalq hərəkatı hazırlamaqdır.

Müxalifətin Putin əleyhinə fəallaşması və İŞİD-in təhdidləri göstərir ki, Rusiyada seçkilər sakit məcrada keçməyəcək. Seçkilərə bir neçə ay qalıb. Bu müddət ərzində Putinə qarşı çevriliş həyata keçirmək mümkün deyil. Çünki prezidenti mühafizə edən güclü təhlükəsizlik sistemi var. Bu çevriliş o halda ola bilər ki, generallar Putinə qarşı birləşsinlər. Lakin Putin tez hərəkətə keçərək bu generalları postlarından uzaqlaşdırdı, vilayətlərin qubernatorlarını dəyişdi. Onları özünə sadiq şəxslərlə əvəz etdi. Əlbəttə, Putin bununla özünə qarşı hazırlanmış ssenarinin qarşısını almağa çalışır”. 

M.Əsədullazadə hesab edir ki,  ABŞ-ın seçkilərə təsir etmək və öz namizədini hakimiyyətə gətirmək üçün güclü rıçaqları yoxdur: "Çünki Putinə alternativ olan ən real rəqibləri sıradan çıxarılıb. Yəni, ABŞ-ın dəstək verə biləcəyi güclü lider yoxdur. Hesab edirəm ki, Putin çevriliş cəhlərini zərərsizləşdirmək üçün aktiv işləyir. Amma terror aktlarının baş verməsi və etnik zəmində qarşıdurmaların ortaya çıxması mümkündür”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları