Yuxarı

İraq: Kürdlər revanşa hazırlaşır

İraq: Kürdlər revanşa hazırlaşır

Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət kritik həddə çatdı.Kürdüstanın lideri Məsud Bərzaninin gözlədiyi beynəlxalq dəstəyi ala bilməməsi, kürdlərin müstəqillik dirənişini sındırdı.Bölgə dövlətləri, xüsusilə də İraq, Türkiyə, İran və Rusiya kürdlərin müstəqilliyinə sərt şəkildə etiraz etməsi Bərzanini geri çəkilməyə məcbur etdi.Kürdüstanı müstəqil edə bilməyən Bərzani mərkəzi Bağdad hökuməti ilə təmasları artırdı, referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan etdi.

Ancaq son günlər bölgədə gedən proseslər mərkəzi İraq hökuməti ilə kürd muxtariyyətinin rəhbərləri arasında əldə olunan ilkin razılığın Ərbil tərəfindən pozulduğu göstərir.Bu barədə İraq hökuməti yaydığı rəsmi açıqlamada bildirilir.Belə ki, məlumata əsasən kürdlər Bağdadla əldə olunan razılaşmalardan çəkilib və müdafiə məqsədi ilə hərbi qüvvələrini sərhəd boyu hazır vəziyyətə gətirib.İraq hökuməti də buna cavab olaraq "ərazilərin vahidliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa” borclu olduqlarını bildirib. Bölgədə gedən proses göstərir ki, yaxın günlərdə hərbi qarşıdurma qaçılmazdır.

Ekspertlər hesab edir ki, İraq hökuməti kürd problemini məhz hərbi müdaxilə yolu ilə həll edəcək.Çünki kürdlərin təklif etdiyi dialoq formatı İraq hökumətinin maraqlarına cavab vermir. Kürdlərin dialoq təklifində yer alan "referendumun nəticələrinin dondurulması” referendumun nəticələrinin ləğvi anlamına gəlmir. Çünki kürdlər bu məsələni istənilən vaxt yenidən gündəmə gətirə bilər.Ekspertlər hesab edir ki, kürdlər rəsmi Bağdadın onların dialoq təklifini qəbul etməyəcəyini əvvəlcədən bilirdi.Kürdlərin bu təklifi isə müəyyən qədər də vaxt qazanmağa hesablanmışdı.Çünki kürdlər Kərkük və Mosulu itirdikdən sonra çox çətin vəziyyətlə üzləşdi.Mərkəzi hökumətin bütün şərtləri Bərzani hakimiyyəti tərəfindən yerinə yetirilməsə, dialoqun baş tutması mümkün görünmür.Kürdlərin isə Bağdadın təkliflərinə rədd cavabı verməsi, müharibə ehtimallarını artırır.

Siyasi şərhçi Elşən Manafov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bölgədə proseslər ABŞ və digər güclərin maraqları istiqamətində gedir:

"Məlumdur ki, kürd layihəsi ABŞ-ın ciddi maliyyə, hərbi və siyasi dəstəyi ilə ərsəyə gəlib. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu dedi. Artıq Kürdüstanın müstəqilliyi ilə bağlı İraq hökuməti öz münasibətini sərgiləyib.Bəyan olunub ki, istənilən halda bu problem İraqın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.Türkiyə, İran və Rusiya kürd məsələsinin İraqın sərhədlərindən kənara çıxmaması üçün müəyyən addımlar atmalıdır.Bu addımların atılması təkcə İraqın deyil, həm də Türkiyə, İran və Rusiyanın bölgə ilə bağlı maraqlarına cavab verir.ABŞ da başa düşür ki, "cin şüşədən çıxıb” və onun yenidən "çırağa qaytarılması” müşkül məsələyə çevriləcək.Nəzərə alsaq ki, Qərb koalisiyasi kürd məsələsinə sərt reaksiya verib.Digər tərəfdən Yaxın Şərqin geosiyasi xəritəsini dəyişmək üçün ABŞ, İsrail və müəyyən mənada Səudiyyə Ərəbistanı birgə addımlar atırlar.Bu isə onu deməyə əsas verir ki, İraq Kürdüstanı beynəlxalq güclərin və ümumdünya məxfi hökumətinin razılığı ilə ərsəyə gəlmiş layihədir.Bu da bölgənin geosiyasi xəritəsi üçün ciddi təhlükə təhdid edir.Ona görə də düşünürəm ki, burada məlum dövlətlərin hərbi, maliyyə, kəşfiyyat qurumları birgə fəaliyyət göstərməlidir”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları