Yuxarı

Dünyanın xəritəsi yenidən çəkilir

Dünyanın xəritəsi yenidən çəkilir

ABŞ-ın nüfuzlu nəşrlərindən "Nyu York Tayms” Yaxın Şərqdə yaranacaq 14 yeni dövlətin xəritəsini yayımlayıb.

"Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, "Yaxın Şərqin xəritəsi tədricən yenidən çəkilir” başlıqlı yazıda mövcud 5 dövlətin yerində 14 dövlətin necə yaranacağı təhlil olunub. Məqalədə Yəmən, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Liviya kimi ölkələrin parçalanacağı göstərilib. İraqın şərqində bir kürd bölgəsi, mərkəzində sünni dövləti, paytaxt Bağdadın cənubunda isə bir şiə dövlətinin qurulacağı qeyd olunub. Məqalədə Suriyadakı müharibənin Yaxın Şərqin taleyini dəyişdirəcək parçalanmanın başlanğıcı olacağı, bunun təməlində isə məzhəb fərqlilikləri və etnik qarşıduma ilə yanaşı, Ərəb baharının proqnozlaşdırıla bilməyən nəticələrinin dayanacağı bildirilib.

Həririnin istefasının arxasındakı gizli məqamlar

Artıq İraqda və Suriyada kürd dövlətlərinin qurulma prosesinin sürətləndiyini bildirən amerikalı mənbələrin iddialarına görə proses Livan üzərindən sürətlənə bilər. Mənbələr son günlərdə Livanda gərginləşən ictimai-siyasi prosesləri də bununla əlaqələndirirlər. Artıq vəziyyətin gərginləşdiyini nəzərə alan bölgə dövlətləri öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Xatırladaq ki, Livanın baş naziri Səid Həriri İranın ona qarşı sui-qəsd hazırlamasını səbəb göstərərək, Səudiyyə Ərəbistanında istefa qərarını açıqlamışdı. Livan KİV-ləri isə Həririnin Səudiyyə Ərəbistanında hökumət üzvləri tərəfindən girov götürüldüyünü yazmışdı.

Livanın işğal planı

Livandakı gərginliyin pik həddə olduğu bu günlərdə İsrailin bu ölkəyə qarşı müharibəyə hazırlaşması barədə məlumat yayılıb. Məlumatda qeyd edilir ki, İsrail "Hizbullah” terror təşkilatının Livanın Cənubundakı mövqelərinə qarşı hərbi əməliyyatlara hazırlaşır. Həmçinin diqqətə çatdırılır ki, İsrailin Livana hücuma hazırlaşmasına paralel olaraq, ABŞ liderliyində qurulan hərbi ittifaq da Yəmən və Qətərdə hərbi əməliyyatlara hazırlaşır. Plana əsasən, İsrail Livana hücum edərkən, BƏƏ və Səudiyyə Ərəbistanı Qətəri neytrallaşdıracaq addımlar atmağa cəhd edəcək. ABŞ tərəfindən hazırlandığı iddia olunan plana görə Körfəzdən İraq və Suriyaya uzanan xətt boyu yerləşən bölgələrdə məzhəb qarşıdurmaları başladılacaq və bir çox ölkənin əraziləri işğal edilərək yeni dövlətlər qurulacaq. 

İsrailin Livan sərhədləri boyu başladığı hərbi manevrlərin bu ölkəyə işğal ərəfəsində son hazırlığı kimi qiymətləndirilir. İsrailin əsas məqsədinin "Hizbullah”ı tamamilə neytrallaşdırmaq olduğu iddia edilir. İsrail ordusunun hava və qurudan intensiv raket zərbələri ilə başlayacaq hücum çərçivəsində İsraillə sərhəddə yerləşən Nakura bölgəsindən Dahiyə Cəlubiyyəyədək regionların işğal edilməsi planlaşdırılır. İsrail tərəfindən hazırlanmış işğal xəritəsinə görə Livan ərazilərinin 65%-nə və "Hizbullah”ın yerləşdiyi bütün bölgələrə nəzarət ələ keçirilməlidir. Üstəgəl, Səudiyyə Ərəbistanının dəstəklədiyi könüllü silahlı qruplaşmalar şiə bölgələrinə hücum edəcək və bu, Livanda vətəndaş müharibəsini qızışdıracaq. Beləliklə, "Hizbullah” İsrail və daxildə fəallaşan silahlı qruplaşmalarla müharibə etmək məcburiyyətində qalacaq. Plan həyata keçəcəyi halda Səəd Həriri Livana dövlət başçısı kimi qayıda biləcək. 

Parçalanmdan qaça bilməyəcək ölkələr

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından dərhal sonra "Böyük Yaxın Şərq Proyekti”, yaxud, "Yaxın Şərqin yenidən bölüşdürülməsi” planları yenidən masaya yatırıldı. Planlar bölgədə yerləşən dövlətlərin parçalanmasını və burada yeni - cırtdan ölkələrin qurulmasını ehtiva edir. Planın Yaxın Şərqdə maraqları olan qlobal strateqlər tərəfindən yenidən ortaya atılması o ehtimalı gücləndirir ki, planın icrasına başlanılıb və Livan burada ilk "həlqə” olacaq. Hərçənd ki, prosesin Suriyadan başlanacağı gözlənilirdi, amma burada mövqelər tam aydınlaşmadığına görə siyasi ssenaristlər Suriyanı ram etmək üçün bu ölkə ətrafında öz maraqlarına xidmət edəcək cırtdan ölkələr yaratmaq planına üstünlük verməyə başlayıblar. Suriyanın da daxil olduğu plan, eyni zamanda, İraq, Səudiyyə Ərəbistanı, Liviya və Yəməni bölüşdürməyi özündə ehtiva edirdi. Livan bura daxil edilməsə də son proseslər göstərir ki, strateqlər bu ölkədə fəaliyyət göstərən terror təşkilatları və "Hizbullah”ın Suriyada maraqları olan siyasi qüvvələrin baş ağrısına çevrildiyini nəzərə alaraq, ilk addımı buradan atmaq istəyəcəklər. Lakin indiki məqamda yenidən gündəmə çıxarılmış proyekt yenə də 5 dövlətin parçalanmasını nəzərdə tutur.

Suriya və İraq

Uzun illərdir ən qorxulu müharibələrin əsas poliqonları olan Suriya və İraq ərazilərində "Ələvi”, "Kürdüstan”, "Sünni” və "Şiə” dövlətlərinin qurulması planlaşdırılır. Əgər planın tətbiqi istənilən kimi yekunlaşsa, İraq 3, Suriya isə 4 cırtdan ölkə arasında bölüşdürülə bilər. Aralıq dənizi sahillərində paytaxtı Ləzgiyyə olan "Ərəb Ələvi” dövləti qurulduğu halda, Şimali İraqdakı Kürd Muxtariyyəti ilə Şimali Suriyadakı kürd bölgəsi birləşdiriləcək. Digər yandan, İraqın Cənubunda mərkəzi Bəsrə olan yeni "Şiə” dövləti, Suriya və İraqın Dəməşq və Bağdad şəhərlərinin daxil olduğu "Sünni Ərəb” dövləti qurula bilər.

Səudiyyə Ərəbistanının bölünməsi

Mənbələr ən böyük parçalanmanın hazırda hökumət daxilində siyasi çəkişmələrin pik həddə olduğu Səudiyyə Ərəbistanında baş verəcəyini ehtimal edirlər. Ölkənin idarəçiliyinin "Şimal”, "Cənub”, "Qərb” və "Şərq” krallıqlarına bölünməsi nəzərdə tutulur. Ssenariyə görə Səudiyyə Hörmüz körfəzi bölgəsində "Şərqi Ərəbistan”, Hicazda "Qərbi Ərəbistan”, Yəmənə yaxın bölgələrdə "Cənubi Ərəbistan” və Şimal bölgələrində "Şimali Ərəbistan” adlı krallıqlara parçalanacaq. Digər yandan, ölkənin mərkəzində paytaxtı Ər-Riyad olan "Vəhabi Ərəbistan” dövlətinin qurulması da plana daxildir.

Yəmənin bölünməsi

Yaxın tarixdə birləşən, lakin 4 ildir vətəndaş müharibəsinin içində həyat mübarizəsi aparan Yəmənin bölünməsi də gündəm mövzusudur. Amerikalı mənbələrə görə yaxınlarda keçirilməsi planlaşdırılan referendumla ölkə Cənub və Şimali Yəmən olmaqla iki yerə ayrıla bilər. Bölünmədən sonra Cənubi Yəmənin Səudiyyə Ərəbistanına birləşdirilməsi məsələsi nəzərdən keçirilə bilər. Əgər plan baş tutsa, İranın Hind okeanında Ərəb körfəzinədək Hörmüz körfəzinə nəzarəti tamamilə ələ keçirmək ehtimalı aradan qalxacaq. 

Liviyanın bölünməsi

Müəmmar əl-Qəddafi rejiminin devrilməsindən sonra müxtəlif qəbilələr və silahlı qruplaşmalar arasında parçalanan Liviyada 3 yeni ölkənin qurulması plana daxildir. Liviyanın Şərqində mərkəzi Binqazi olan "Sirenkaya”, Qərb bölgələrinin isə "Trabulsqarp” adlı dövlətlərə bölünməsi ehtimalı güclüdür. Cənub-qərbdə "Fizan” adlı üçüncü dövlət qurula bilər.

"Böyük Yaxın Şərq Layihəsi”

"Genişləndirilmiş Yaxın Şərq” ("Greater Middle East Initiative”) anlayışı ABŞ-ın keçmiş prezidenti Corc Buş dönəmində gündəmə gəlib və bu, qərbdə Mərakeşin Atlantik sahillərindən, şərqdə Pakistanın Qaraqorum yaylalarına, şimalda Türkiyənin Qara dəniz sahillərindən cənubda Ədən və Yəmənə qədər uzanan geniş arealda yerləşən ölkələrin demokratik dünya və dünya bazarlarına açılması adıyla bölünməsini ehtiva edən anlayışdır. ABŞ bu layihəyə beynəlxalq dəstək almaq üçün bunu "Böyük Səkkizlik” ölkələrinə (Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, İngiltərə və Rusiya) təqdim edib. Layihə ilk dəfə 2004-cü ildə "G8”in Ankara sammitində müzakirə edilib və ilk dəfə ABŞ-da nəşr olunan "Vaşinqton Post” qəzetində yayımlanıb. "Böyük Yaxın Şərq Layihəsi” çərçivəsində Azərbaycanın da daxil olduğu 22 ölkənin sərhədlərinin dəyişdirilməsi nəzərdə tutulur. Amerikanın keçmiş dövlət katibi Kondoliza Rays bunu açıq formada dilə gətirmişdi.

Niyə Yaxın Şərq?

Artıq 1 əsrdən çoxdur ki, bölgənin bölüşdürülməsi üzərində hegemon güclər arasında müharibələr gedir. Bu baxımdan qlobal siyasi oyunçuların Yaxın Şərqi hədəf almaları təsadüfi deyil. Çünki dünyanın məlum təbii qaz ehtiyatlarının 40%-i bu regiondadır. Üstəgəl, 2020-ci ildə bölgədə gündəlik neft istehsalı 119 milyon barelə qalxacaq. Digər yandan, Yaxın Şərq neftinin keyfiyyəti yüksəkdir və çıxarılması ucuz başa gəlir. Yaxın Şərq dünyanın neft ehtiyatlarının təxminən 70%-nə sahibdir. Bu ehtiyatlar 1.5 milyard bareldən çoxdur. Misir, Əl-Cəzair, Liviya və Tunisin ehtiyatları bura daxil edilsə, ehtiyatlar daha da böyüyəcək. Yaxın Şərqin potensial ehiyatlarının həcmi isə 255 milyard barelə yaxındır. Bölgə dünyanın neftə olan tələbatının 44%-ni ödəyir. Gələcəkdə dünyanın neftə olan tələbatının hamısını ödəmək gücündə olan Yaxın Şərq, gündəlik neft istehsalını tələbatdan da artıq artırmaq gücündədir.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları