Yuxarı

Səudiyyə Ərəbistanı müharibəyə başlaya bilər

Səudiyyə Ərəbistanı müharibəyə başlaya bilər

Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz gələn həftə hakimiyyəti oğlu Məhəmməd ibn Salmana təhvil verəcək.

Bu barədə kral ailəsinə yaxın mənbə Britaniya mətbuatına eksklüziv açıqlama verib.

Məlumat təsdiqini taparsa, 32 yaşlı vəliəhd şahzadə, həmçinin müdafiə naziri olan Məhəmməd ibn Salman hakimiyyəti ələ almaqla bağlı fəaliyyətlərini yekunlaşdırmış olacaq. Belə ki, noyabrın əvvəlində xeyli sayda kral ailəsinin üzvləri - şahzadələr, nazirlər və məmurlar korrupsiya ittihamı ilə həbs edilib. Siyasi şərhçilər bu addımın şahzadə Məhəmmədin hakimiyyətə gəlişi üçün qarşısındakı əngəlləri aradan qaldırmaq məqsədilə atıldığını deyib.

Mənbə bildirib ki, Kral Salman sadəcə simvolik siyasi fiqur kimi qalacaq. Məlumata görə, gələcəyin kralı Məhəmməd bütün diqqətini İrana qarşı mübarizəyə yönəldəcək. Bu istiqamətdə hərbi addımların atılacağı da istisna edilməyib. O, həmçinin Livanın "Hizbullah" hərəkatına qarşı mübarizə üçün İsraillə də əməkdaşlıq edəcək. Ancaq ölkənin yeni idarəetmə quruluşunun dəyişəcəyinə dair də proqnozlar səslənir. Bəzi məlumatlara görə, Səudiyyə Ərəbistanında konstitusiyalı monarxiya qurula bilər. Beləliklə, Salman bin Əbdüləziz əs-Səud kral taxt-tacını əlində saxlamış olacaq. Onun simvolik hakimiyyətə malik olması barədə deyilənlər də əslində bununla bağlıdır. İcra hakimiyyətinin başçısı isə Məhəmməd bin Salman olacaq. Ancaq onun hansı statusla hakimiyyət başına gələcəyi dəqiqləşməyib. 

Məsələni "Cümhuriyət” qəzetinə şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, radikal siyasi baxışlara malik Məhəmməd bin Salmanın hakimiyyət başına gəlməsi Yaxın və Orta Şərqdə qanlı müharibənin başlanması ilə nəticələnə bilər. Bu da öz növbəsində, həm Səudiyyə Ərəbistanı, həm də islam dünyası üçün təhlükəli nəticələr doğuracaq: "Əgər bölgədə yenimiqyaslı müharibə başlanarsa, bu, ABŞ-ın və İsrailin planı əsasında həyata keçiriləcək. Nəticədə müsəlman dünyası üçün çox böyük itkilər olacaq. Səudiyyə Ərəbistanı uzun illərdir heç də ağıllı siyasətilə seçilmir. Salman bin Əbdüləziz əs-Səudun kral taxtına əyləşməsindən sonra vəziyyət daha da ağırlaşıb. Məlum olduğu kimi, kral Salman öz qardaşı oğullarını, şahzadələri həbs etdirdi, helikopter qəzasında məhv etdi və bununla oğlunun kral olmasına gedən yolu təmizlədi.

Səudiyyə Krallığı çox böyü avantüraya getmək istəyir. Əvvəlcə İranın bölgədəki əsas dayaqlarından biri olan "Hizbullah”ı, sonra isə "HƏMAS”ı sıradan çıxartmaq məqsədi var. Beləliklə, Suriyaya qədər uzanan hərbi əməliyyat planına başlaya bilərlər. Bu, dünya üçün çox təhlükəlidir. Çünki hərbi əməliyyatlar bumeranq effekti ilə Səudiyyənin özünə dəyə bilər. Bölgədə müharibə başlasa, müsəlmanların müqəddəs məkanı olan Məkkə və Mədinəni ziyarət etmək çətinləşəcək. Müqəddəs Həcc ziyarəti təhlükə altına düşəcək. Səudiyyə Ərəbistanının demokratik isyalatlar həyata keçirmək, ölkəni inkişaf etdirmək əvəzinə Amerika və İsrailin planlarını icra etməyə çalışması, İranla qarşıdurmaya getməsi ona heç bir xeyir gətirməyəcək”.

Politoloq onu da bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanının əli ilə reallaşdırmağa çalışır. Bu isə Səudiyyə Ərəbistanını çox böyük itkilərə məruz qoya bilər. Qabil Hüseynlinin fikrincə, Səudiyyə Ərəbistanının İsraillə yaxınlaşması və hərbi əməliyyatlara başlaması islam aləmində narazılığa səbəb olacaq. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları