Yuxarı

İsrail-Ermənistan: Tarixə dayanan düşmənçilik

İsrail-Ermənistan: Tarixə dayanan düşmənçilik

İsrailin baş naziri Binyamin Netanyahunun bu il Azərbaycana səfəri qonşu İran və Ermənistanın gündəminə bomba kimi düşdü. Netanyahu Bakıda olarkən artıq qonşu ölkələrdə İsrail və Azərbaycanla milyardlarla dollar (4 milyard) dəyərində hərbi sahədə anlaşma sazişləri imzalanacağı müzakirələri başladı.Beləliklə, Netanyahunun bir neçə saatlıq səfəri aylardır Ermənistanda hələ də danışılır.Sürpriz səfərin Ermənistanda narahatlıq yaratdığı, bundan sonra İsrail - Azərbaycan münasibətlərini pozmağa yönəlik cəhdlərin edilməsindən də görünür.Demək olar ki, hər gün Ermənistan KİV-lərində İsrailin Azərbaycanla hərbi əməkdaşlığı dayandıracağı, bu günədək satdığı silahları geri alacağına dair əsaslandırılmamış məlumatlar yayılır, diplomatlar açıqlamalar verirlər.

Artıq uzun müddətdir ki, İsrailin Azərbaycanda istehsalına icazə verdiyi silahların lisenziyalarının Bakıdan geri alınması və Pilotsuz Uçan Aparatların (PUA) Ermənistana qarşı istifadə edilməməsi barədə rəsmi Təl-Əvivin Bakıya təlimat verdiyi Ermənistanda müzakirə mövzusudur. Azərbaycan Ermənistanın bu səylərinin təxribat olduğunu bildiyi halda, İsrail bu iddialara təkzib verərək işğalçı ölkənin ən güclü silahı hesab olunan "İsgəndər M” raketlərini zərərsizləşdirmək gücünə sahib "Günbəz” sistemlərini Azərbaycana satması İrəvanı məyus etdi. Lakin Avropa, ABŞ və Rusiyadan sonra İsraildən də dəstək almağı qarşısına məqsəd qoymuş Ermənistan sakitləşmək bilmir və ən kiçik ehtimalını belə fürsətə çevirərək münasibətləri pozmaqda israrlı kimi görünür. İsrail isə 1 əsrdən çoxdur yəhudilərə qarşı irqçi mübarizə aparan ermənilərin bu separat fəaliyyətinə onların istədikləri cavabı vermək niyyətində deyil.Əlbəttə, İsrailin ona yaxınlaşan Ermənistanı rədd etməsi təsadüfi deyil.Bunun tarixi, dini və siyasi səbəbləri var.

Tarixə baxış: Ermənilərin yəhudi düşmənçiliyi

XIX əsrin əvvəllərində Azərbaycan Rusiya imperiyasının hakimiyyəti altına düşəndə Polşa və İranda yaşayan yəhudilər ermənilərin kompakt halda məskunlaşdığı Azərbaycan ərazilərinə (indiki Ermənistan) köçdülər.Əsasən İrəvan şəhərinə üz tutan yəhudilər burada Aşkenaz və Mizrahi adlı iki camaat qurdular.Ermənistan SSRİ-nin tərkibinə daxil olduqdan sonra isə Rusiya və Ukraynadan da bu ərazilərə yəhudi köçü artdı.İkinci Dünya Müharibəsindən sonra Ermənistanda yəhudilərin sayı 5 minə qədər qalxdı.SSRİ-nin dağılmasından sonra isə yaşayış standartlarının aşağı olduğunu və irqi ayrı-seçkiliyi, zorakılğa məruz qaldıqlarını bildirən yəhudilər buna görə Ermənistanı tərk etdilər.Say 5 mindən 750 nəfərədək azaldı.Hazırda kiçik bir qrup şəklində qalan subbotnik yəhudilərinin sayı (300) hər ay getdikcə daha da aşağı düşür.

İsrail KİV-ləri yəhudilərin Ermənistanda yaşamaqdan imtina etmələrini bu ölkədə hökm sürən antisemitizmlə əlaqələndirirlər. Məsələn, bir neçə il əvvəl "Ermənistanın Səsi” adlı qəzetdə yayımlanan məqalədə qeyd olunurdu ki, yəhudilər Ermənistanda etniklər arasında qarışıqlıq yaradırlar. Məqalədə həmçinin düşmən kimi qeyd olunan yəhudilərin Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Azərbaycana dəstək verdikləri vurğulanır və yəhudilər Ermənistanın təhlükəsizliyi üçün ciddi təhlükə kimi göstərilir.

Ermənistanda antisemitizm

Romen Yepiskoposyan 2002-ci ildə qələmə aldığı "Milli sistem” adlı kitabında yəhudilərin və türklərin ermənilərin bir nömrəli düşmənləri olduqlarını iddia edir: Müəllif kitabında yazır: "Holokost yəhudilərin almanları nüfuzdan salmaq üçün uydurduqları böyük yalandır. Hitler Almaniyası dönəmində yəhudilər kütləvi qırğınlara məruz qalmayıblar, hətta, qaz otaqlarında bir yəhudi belə öldürülməyib”.Yepiskoposyan bu kitabın "milli inkişaf və tarixi öyrənmək” prinsipi ilə məktəblərdə tədris edilməsini müdafiə edir və qondarma erməni soyqırımının türklər yox, yəhudilər tərəfindən həyata keçirildiyini iddia edir.Oxşar ittihamlar erməni tarixçi Armen Avatesyan tərəfindən də irəli sürülüb. O, İsrailin qondarma soyqırımı tanımaması səbəbi ilə İsrailin Ermənistandakı keçmiş səfiri Rivka Koxeni "persona non qrata” (arzuolunmaz şəxs) elan etmişdi. Bir neçə il əvvəl isə Erməni Xalq Partiyasının lideri Tiqran Karapetyan qatıldığı televiziya proqramında yəhudiləri qondarma soyqırım vaxtı türklərə yardım etməkdə günahlandırdı. Həmin proqramda Armen Avatesyan ermənilərin yəhudilərlə mübarizəyə davam edəcəyini və onları gəldikləri "şeytan yuvası”nda dəfn edəcəklərini dedi. Ölkədə yaşayan azsaylı yəhudilər bundan sonra beynəlxalq insan haqlarına şikayət etsələr də bu günədək bu məsələyə baxılmayıb.Lakin ermənilərin yəhudilərə qarşı irqçi hücumları davam edirdi.Ermənistanın Etnik və Dini Azlıqların problemləri üzrə Departamentinin başçısı Xranuş Karatyan insanları yəhudilərin üzlərinə tüpürməyə çağıraraq, ölkədə antisemitizm dalğasını genişləndirdi.Beynəlxalq təşkilatlardan yardım ala bilməyən Ermənistan yəhudiləri irqçi təzyiqlərin dayandırılması üçün bu ölkənin prezidentinə ünvanladıqları məktuba da cavab ala bilməyiblər. "Iravung” qəzeti isə yazırdı: "Ermənistanda yəhudilərin olduğu hər bölgə təhdid altındadır”. İrəvanda yerləşən Holokost abidəsinin ermənilər tərəfindən təhqir edilərək, nasist xaçının (svastika) çəkilməsi adi hala çevrilib.

Osmanlı dönəmi

Ermənistanda yəhudi düşmənçiliyi o həddə çatıb ki, ölkənin siyasi və qeyri-siyasi dairələri məişət səviyyəsində olan problemlərə görə İsrail və xarici ölkələrdəki yəhudi lobbisini günahlandırırlar.Xüsusilə, İsrailin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olması və bu ölkəyə dünyanın heç bir ölkəsinə satmadığı silahları verməsi, bölgədə küncə sıxışıb qalmış kiçik Ermənistanın qorxu hissini bir qədər də artırır.Bu gün Ermənistanda antisemitizmin öz dairəsini genişləndirməsinin bir səbəbi də budur.Buna görə də həmişə qondarma soyqırım və Dağlıq Qarabağ münaqişəsi üçün İsrailin köməyini axtaran Ermənistanın Təl-Əvivdən rədd edilməsini başa düşmək çətin deyil. İsrailin Avropa, Rusiya və ABŞ-dan dəstək alan Ermənistandan üz çevirməsi təsadüfi deyil və bu, düşmənliyin başlama tarixi Osmanlı dönəminə təsadüf edir. Osmanlı dönəmində ermənilər digər xristian qruplaşmalarla (əsasən yunanlar) birləşərək türklərlə yanaşı, yəhudilərə də irqçi hücumlar edərək onları soyqırıma məruz qoydular.Ermənilərin qanlı hücumları Osmanlı imperiyası dağılanadək davam etdi.Lakin bu düşmən münasibət SSRİ-nin bütün dönəmlərində getdi.Ermənistanın müstəqil olması ilə də ermənilərin yəhudilərə qarşı şübhəli baxışları daha da təhlükəli hal aldı və nəticədə bu ölkədə yaşayan yəhudilər digər ölkələrə üz tutmağa məcbur oldular.

Fundamental faktorlar

Başqa sözlə, ermənilər və yəhudilər arasında qarşılıqlı etibarsızlığın olduğu açıq müstəvidədir və zaman-zaman bu soyuq münasibətlər düşmənçilik səviyyəsinədək qalxır.Tarixi və dini səbəblər, Qərbə qarşı olan güvənsizlik, Azərbaycan neftində İsrail və yəhudi lobbisinin maraqları, İsrailin qondarma soyqırımı tanımaması - erməniləri yəhudilərə qarşı çevirən fundamental faktorlardır. Şübhəsiz ki, müstəqillikdən bu yana İsrail və yəhudi lobbisinin Azərbaycana artan maraqlarında ölkəmizin yerləşdiyi strateji mövqe və Xəzər dənizinin zəngin neft-qaz yataqları, həmçinin Azərbaycanda çoxsaylı yəhudilərin yaşaması əsas paya sahibdir. Bölgədəki enerji resurslarının dünya və İsrail bazarlarına çıxarılmasında da Amerikada fəaliyyət göstərən yəhudi şirkətləri və iş adamları üstün rol oynayırlar. Beləliklə, Azərbaycanın enerji potensialı və strateji mövqeyinin dünyaya çıxmaq istəkləri qarşısında böyük yollar açıldığı halda, Ermənistan kimi kiçik, dünyaya qapalı, heç bir iqtisadi və enerji potensialı olmayan və demək olar ki, bütün qonşu ölkələrlə münaqişə vəziyyətində olan bir ölkə İsrailin diqqətindən kənarda qalıb. Üstəgəl, Ermənistanın İsrailin Azərbaycanla münasibətlərini inkişaf etdirmək maraqlarına qarşı İranla yaxınlaşması da Təl-Əvivi İrəvanla əlaqələrdə soyuq davranmağa məcbur edən amillərdən birinə çevrilib.

Yəhudi lobbisi, İsrail və Azərbaycan

Ermənistana görə İsrail və yəhudi lobbisi Azərbaycana gizli dəstək verir.Lakin məsələ belə deyil.Sadəcə olaraq, Ermənistan İsrailin maraqlarına cavab verəcək imkanlara və mövqeyə malik deyil.Uzun illər buna görə İsrail Ermənistanda səfirlik açmaqdan imtina etdi və Təl-Əvivin bu ölkədəki işlərini Gürcüstandakı səfiri görürdü.Lakin bu gün Ermənistandakı İsrail səfirliyi formal olaraq fəaliyyət göstərir və durğunluqda olan ikitərəflli münasibətlərdə heç bir rolu nəzərə çarpmır.

Lakin son günlərdə Ermənistan KİV-ləri və siyasi dairələri yenidən İsrailin Azərbaycana gizli şəkildə silah və hərbi dəstək verdiyindən şübhələnməyə başlayıblar və hətta, bəzi dairələr bu iddialarında konkret qənaətə sahibdirlər.Ermənistan - İsrail münasibətlərinin gərginlikdə olmasında ən böyük amillərdən biri də şübhəsiz ki, Təl-Əvivin təkidlə qondarma erməni soyqırımını tanmaqdan imtina etməsi rol oynayır.Ermənilər uzun illər çalışdılar ki, İsrail ermənilərin də yəhudilər kimi soyqırıma məruz qaldıqlarını qəbul etsin, amma bu səyləri nəticə vermir. İsrailin mərhum prezidenti Şimon Peres Holokostla ermənilərin iddialarını müqayisə etməyin əleyhinə olduğunu və bütün bu səyləri rədd etdiyini demişdi. 2016-cı ildə isə İsrail Knesseti (parlament) növbəti dəfə qondarma soyqırımı tanımaqdan imtina etdi.

Yəhudi generalın Azərbaycan qeydləri

İsrail müdafiə nazirinin keçmiş köməkçisi, general Epraim Sneh "Al-Monitor” jurnalında dərc olunan "İsrail Ermənistan-Azərbaycan problemində niyə səssizdir?” adlı məqaləsində Ermənistandan fərqli olaraq, Azərbaycanda heç vaxt antisemitizmin olmadığını yazır. Müəllif qeyd edir ki, İsrail Qarabağ münaqişəsinin həll prosesində yəhudilərin sabitlik içində yaşadığı Azərbaycana kömək etməlidir: "Azərbaycan və İsrail iki strateji müttəfiqdir. Lakin uzun illərdir Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll etməyə çalışır.Qarışıq beynəlxalq maraqların iç-içə keçdiyi bölgədə hökm sürən bu münaqişənin beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll edilməsi gözləntisi var. Amma Azərbaycanın hər cürə diplomatik dəstəyə ehtiyacı olduğu bu dönəmdə İsrail yardım etmir.Halbuki iki ölkə arasındakı ittifaq sağlam geosiyasi maraqlara və real siyasətə bağlanır”.

Sneh qeyd edir ki, Azərbaycanda heç vaxt antisemitizm olmayıb: "Bir çox yəhudi elm, mədəniyyət və digər sektorlarda yüksək pillələr tutub. Azərbaycandan İsrailə köçən yəhudilər hələ də iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində önəmli rol oynayırlar. Gürcüstan istisna olmaqla, bölgədə Azərbaycana yaxın və dost olan dünyəvi və demokratik ölkə İsraildir. Azərbaycan isə İsraillə bir çox sahələrdə dostluq münasibətlərinə və problemsiz əlaqələrə sahib olan azsaylı müsəlman ölkələrindən biridir”.

"Bu, israillilərin Qəzzada yaşadıqlarına oxşayır”

Müəllif yazır ki, 1990-cı illərdə Azərbaycan təkbaşına Rusiya və Ermənistana qarşı savaşıb və əraziləri işğal edilib. O, İsrailin neftə olan tələbatının 40%-ni Azərbaycan nefti hesabına ödədiyini diqqətə çatdırır: "Azərbaycan ordusu güclü olsa da bu, torpaqların erməni işğalından azad edilməsinə bəs etmir. Beynəlxalq ictimaiyyət mövcud status-kvodan razıdır.Avropa Azərbaycandan neft və qaz almağa həvəslidir, amma problemi həll etmək və diplomatik müzakirələri genişləndirmək üçün barmağını da tərpətmir. ABŞ da İraq və Əfqanıstandakı müharibələrdə Azərbaycandan logistik dəstək aldı və problemi həll etmək üçün heç bir iş görmür. Vəziyyət Rusiya və Ermənistanın da işinə yarayır.Bundan zərər görən yeganə ölkə isə Azərbaycandır.Tez-tez Ermənistandan açılan atəşlər Azərbaycanda insanların ölümlərinə səbəb olur.Bu, israillilərin Qəzzada yaşadıqlarına oxşayır”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları