Yuxarı

ABŞ qonşumuzu qarışdırır

ABŞ qonşumuzu qarışdırır

Kreml ABŞ-ı Rusiya oliqarxlarını və biznes elitasını prezident Vladimir Putinə qarşı çevirməkdə ittiham edib."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, o adını çəkmədiyi beynəlxalq xəbər agentliklərinin birindən yazılı suallar alıb. Peskovun dediyinə görə suallardan biri belə olub: "Siz belə bir fikirlə razısınızmı ki, ABŞ hakimiyyəti sanksiyalardan Rusiya prezidentinin varlı dəstəkçilərini ona qarşı qoymaq üçün istifadə edir?”. Suala cavabında Peskov belə bir ehtimalı istisna etməyib: "Mən əminəm ki, həqiqətdə də məhz bu baş verir”. 

Peskovun sözlərinə görə, başqa bir sual belə idi: "Düşünürsünüzmü ki, ABŞ-ın belə cəhdləri prezident seçkisi ilə bağlıdır?”Peskov bu sualın cavabında da "biz buna əminik”, - deyib.
Vladimir Putin gələn il martın 18-də keçiriləcək seçkidə dördüncü müddət üçün namizədliyini hələ ki, elan etməyib. Amma baş nazir Dmitri Medvedev noyabrın 30-da jurnalistlərə deyib ki, əgər Putin seçkidə iştirak etmək qərarına gəlsə, Vahid Rusiya Partiyası onu tamamilə dəstəkləyəcək.Putinin bu seçkidə iştirak edəcəyi və qalib gələcəyi gözlənilir.

Xodorovskinin həbsi ilə başlayan təzyiqlər

2003-cü ildə Rusiyada vacib bir hadisə baş verdi. ABŞ İraqa hücuma hazırlaşdığı ərəfədə Putin Rusiyanın nüfuzlu oliqarxlarından Mixail Xodorovskini həbs etdirdi. O, daha sonra Xodorovskinin "Yukos” neft qrupundakı hissələrini dondurub dövlətin nəzarətinə verdi. Oliqarx ABŞ prezidentinin keçmiş köməkçisi Dik Çeyni ilə gizli görüşündən sonra həbs edilmişdi. Rus kəşfiyyatı o faktı üzı çıxartdı ki, Xodorovski Çeyni ilə görüşdə "Yukos”un 40%-nin ABŞ-a satılmasını razılaşdırıb. Yəni, o, ABŞ-la gizli sövdələşməyə gedərək rus neftinin əsas ehtiyatlarının ingilis və amerikan şirkətlərinin ələ keçirilməsi planı üzərində işləyirmiş. Əlbəttə "Yukos”un 40%-i ABŞ-ın əlinə keçəcəyi halda Vaşinqton Rusiyanın reallaşdıracağı neft-qaz layihələrində veto qoymaq hüququnu əldə edəcəkdi. Xodorovskinin ABŞ-ın Rusiyanın neft və qaz sahəsini ələ keçirmək planları üçün çalışmaları bununla bitmirdi. O, həmçinin Rusiyanın ən böyük neftçıxarma və təmizləmə qrupu olan "Sibneft”i Amerika adına almaq üçün addımlar da atmışdı. Plan baş tutacağı halda "Yukos” - Sibneft” qrupu "ExxonMobile”dən sonra dünyanın ikinci ən böyük neft və qaz ehtiyatına sahib olacaqdı.

Oliqarxlar Putinə qarşı

Putinin Rusiyada hakimiyyətə gəlməsinin ilk illərində rusiyalı oliqarxlar üzərində heç bir nəzarət yox idi.Boris Yeltsinin hakimiyyəti dönəmində rus oliqarxiyası iqtisadi sektorlarla yanaşı, bütün siyasi sistem üzərində də hegemoniyanı ələ keçirmişdi.Lakin Yeltsindən fərqli olaraq, böyük pullar müqabilində ABŞ və Qərbin siyasi institutları ilə gizli işbirliyinə gedən oliqarxları üzə çıxaran Putin biznes elitası üzərində nzəzarəti gücləndirdi. Oliqarxiya və siyasi sistem arasındakı məsafəni uzadaraq, iş adamlarının böyük kapitallarından öz məqsədləri üçün istifadə etməyə başladı. 

Lakin 2014-cü ildə - Rusiyanın Ukrayna ərazilərində hərbi əməliyyatlara başlamasından sonra oliqarxlar arasında Putinə qarşı gizli hərəkətlənmə başladı. Məsələnin də mahiyyəti ondan ibarət idi ki, ABŞ məhz Putinin "sağ əli” hesab olunan rus oliqarxiyasını hədəfə almışdı və oliqarxların xarici ölkələrindəki hesablarına, kapitallarına əl qoyulmuşdu. Bu, oliqarxları vəziyyətdən çıxmaq üçün imkanları məhdud olan Putinə qarşı qaldırdı.

"Peskov kəşfiyyat məlumatları olmasaydı, belə danışmazdı”

"Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında Rusiyanın bəzi nüfuzlu oliqarxlarının Putindən narazı olduqlarını bildirib. Politoloq hesab edir ki, Qərbin sanksiyaları bu oliqarxları prezidentlə üz-üzə qoyub:

"Əsası olmasaydı, Peskov belə danışmazdı. Mümkündür ki, o, kəşfiyyat məlumatları əsasında oliqarxların Putindən narazı olduqlarını deyib.Oliqarxlar da böyük kapital sahibləridir və Qərbin sanksiyaları ilə üz-üzədirlər.Bu kapitalların bir hissəsi qiymətli kağızlar və başqa formalarda Qərb banklarındadır.Oliqarxlar düşünürlər ki, əgər sanksiyalar davamlı olsa, yaxud sərtləşdirilsə, bu kapitalların böyük hissəsini itirə bilərlər.Buna görə də oliqarxların Putindən narazı olmaları mümkündür. Amerikanın da müəyyən təsirləri var. Bu mənada Peskovun açıqlaması həqiqətlərə yaxın ola bilər. Ümumiyyətlə, sanksiyalar Rusiyada iqtisadi-siyasi problemləri dərinləşdirib.Digər yandan da problemləri həll etmək üçün çıxış yolu yoxdur.Mümkündür ki, bu baxımdan bəzi oliqarxlar seçkiqabağı siyasi proseslərdə fəal iştirak etsinlər”. Putinə qarşı çıxan oliqarxların Qərb, yaxud ABŞ-la işbirliyinə gedəcəyi ehtimalına gəlincə, Elxan Şahinoğlu bunun oliqarxlar üçün təhlükəli olduğunu diqqətə çatdırıb: "Oliqarxların Qərblə işbirliyinə getməsi onlar üçün çox təhlükəlidir. Çünki onları həbs gözləyə bilər. Vaxtilə Xodorovski sərbəst şəkildə fikir bildirdiyinə görə 10 il həbs cəzasına məhkum edildi. İndi də oliqarxlardan Putinə qarşı narazılıq var, amma son dərəcədə ehtiyatlı olacaqlar”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları