Yuxarı

Rusiyadan yeni hərbi ittifaq

Rusiyadan yeni hərbi ittifaq

Rusiyanın Suriyada qazandığı hərbi qələbədən sonra İslam dünyasında ABŞ-a qarşı qalxan etiraz aksiyaları prezident Putinə Yaxın Şərqdə diplomatik üstünlüyü ələ almaq imkanı verib. Prezident Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması Rusiyaya Yaxın və Orta Şərqdəki dövlətləri, ilk növbədə isə ərəb ölkələrini tamamilə öz tərəfinə çəkməyə kömək etdi. Bu baxımdan, analitiklər Tramp administrasiyasının qərarının ABŞ-ın ərəb coğrafiyasındakı geostrateji maraqlarına ciddi zərbə vurduğunu bildirir.

Qeyd edilən fikri Rusiya prezidentinin Trampın qərarından dərhal sonra Suriya, Misir və Türkiyəyə səfərləri də təsdiq etdi. Suriyadakı hərbi və siyasi qələbənin ardınca rəsmi Moskva bu bölgədə coşan anti-ABŞ əhval-ruhiyyəsindən faydalanmaqla Rusiyanın SSRİ-nin dağılmasından sonra ərəb dünyasında itirdiyi geosiyasi mövqeləri geri qaytarmaq üzrədir. Yəni Trampın Qüdslə bağlı qeyri-peşəkar addımı ərəb dövlətlərinin və Türkiyənin ABŞ-la münasibətlərində geopolitik çatın yaranmasına, mövcud fikir ayrılıqlarının isə daha da dərinləşməsinə səbəb olub. Son proseslər Rusiyaya ərəb ölkələri ilə yanaşı, NATO üzvü olan Türkiyəni bir qədər də öz tərəfinə çəkməyə kömək edib. Eyni zamanda, Yaxın Şərqdə ABŞ və İsrail əleyhinə başlanan etiraz aksiyaları İrana da bölgədə hərbi fəaliyyətini genişləndirməklə geosiyasi mövqelərini möhkəmlətmək fürsəti yaradıb. Hazırda Rusiyanın liderliyi ilə Yaxın və Orta Şərqdə ABŞ-a qarşı geniş bir koalisiyanın yaradılması cəhdi açıq görünür. Bu situasiyada ABŞ demək olar ki, məğlub durumdadır. Əgər Rusiya Ərəb Liqasına daxil olan dövlətləri Türkiyə və İranla birgə yaratdığı ittifaqla əməkdaşlığa cəlb edə bilsə, bölgədə geosiyasi balans tamamilə dəyişə bilər. Doğrudur, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb coğrafiyasında söz sahibi olan dövlətlərin İranla əməkdaşlığa getməsi real görünməsə də, adları çəkilən ölkələr Rusiyanın qazandığı üstünlüyü tanıyır. Kreml hazırda şərtləri diqtə edən tərəfə çevrildiyindən yəqin ki, aparıcı ərəb dövlətlərini də öz oxu ətrafına toplamağa çalışacaq. Çünki Qüds məsələsi ərəb dünyası üçün kifayət qədər həssas məsələdir. Bu səbəbdən ərəblərin kənara çəkilməsi, Qüds üzərində yalnız İsrailin deyil, eləcə də İranın mənəvi və siyasi üstünlüyünün təmin edilməsinə şərait yaratmış olar. Rusiyaya isə Yaxın Şərqdə əldə etdiyi geosiyasi üstünlük bir neçə istiqamətdə divident əldə etmək üçün lazımdır.

Birincisi, Vladimir Putinin məqsədi hazırda müharibə vəziyyətindıə olan ərəb dövlətləri ilə İranı barışdırmaq deyil. Əsas hədəf Suriya böhranının həllinə dair Astanada və İsveçrədə keçirilən danışıqlarda Rusiyanın irəli sürdüyü sülh planına dəstəyin əldə edilməsinə nail olmaqdır. Yəni Suriyanın gələcəyinin Moskvanın təklif etdiyi "yol xəritəsi" əsasında müəyyənləşməsi həm Bəşər Əsədin hakimiyyətdə qalmasını, həm də Rusiya hərbi bazalarının bu ölkədə yerləşdirilməsini beynəlxalq müqavilə ilə təmin etmiş olar.

İkincisi, Rusiyanın niyyəti Yaxın və Orta Şərq ölkələrini özündə birləşdirən geniş hərbi-siyasi alyans formalaşdırıb ABŞ başda olmaqla NATO-nun Şərqi Avropada artan təsirinə qarşı alternativ güc mərkəzi yaratmaqdır. Prezident Putin ABŞ-ı Yaxın Şərqdən sıxışdırmaqla Qərblə siyasi bazarlaşmaya getməyə çalışır. Putinin bu planına NATO-nun şərqə doğru genişlənməsi, Ukrayna münaqişəsinə münasibət və Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ-ı güzəştə məcbur etmək daxildir. Birləşmiş Ştatların mövqeyinin dəyişməsi Avropa Birliyinin və bu ittifaqa daxil olan ölkələrin də sanksilayar məsləsinə yenidən baxması ilə nəticələnə bilər.

Üçüncüsü, Rusiya ABŞ-ın birqütblü dünya düzəni qurmaq siyasətinə qarşı çıxır. Bu baxımdan, Rusiyanın siyasi çətiri altında Şimali Afrikadan Əfqanıstana qədər böyük bir alyansın yaranması Moskvaya Birləşmiş Ştatların monopolyar dünya strategiyasını pozmaq üçün yeni imkanlar açır.

Dördüncüsü, Rusiyanın ərəb coğrafiyasında mövqeyinin güclənməsi Moskva üçün yalnız geosiyasi baxımdan deyil, həm də iqtisadi əhəmiyyət kəsb edir. Ərəb sərmayələrinin sanksiyalar altında  ciddi problemlər yaşayan Rusiya iqtisadiyyatına cəlb edilməsi bu ölkənin xarici valyutaya olan ehtiyacını ödəməklə bərabər, eyni zamanda inflyasiyanın səviyyəsinin aradan qaldırılmasına, real sektorun inkişafı və son illər artmaqda olan işsizliyin probleminin həllinə şərait yarada bilər.

Prezident Donald Trampın Yaxın Şərqdə Vladimir Putinə uduzduğunu ABŞ mediası da yazır. "The Washington Post" qəzeti qeyd edir ki, D.Trampa qarşı bölgədə narazılığın artdığı bir vaxtda gözlənilmədən Suriyaya sonra isə Misirə və Türkiyəyə səfər edən Vladimir Putin ağıllı və etibarlı tərəfdaş kimi qarşılanıb.

Putin Qahirədə prezident Əbdülfəttah əl-Sisi ilə Misirdə 30 milyard dollar dəyərində atom elektrik stansiyasının inşası layihəsini və Rusiya Hərbi-Hava Qüvvələrinin Misirdəki hərbi bazasından istifadəsi məsələsini müzakirə edib.

Ankaraya səfər edən Vladimir Putin 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səkkizinci görüşünü keçirib. Ərdoğan və müttəfiqləri Rusiyanın Suriyada qələbə qazandığını yavaş-yavaş anlayır. Türkiyə prezidenti üçün i Vaşinqtonun fəaliyyətindən narazılıq ilk sırada dayanır.

Putinin Suriyaya səfərinə toxunan qəzet sonra yazır: "Suriyaya müdaxiləni tənqid edənlər isə Rusiyanın bataqlıqda ilişib qalacağını deyirdilər. Ancaq Putin göstərdi ki, Moskva öz gücünü Şərqi Avropanın hüdudlarından kənarda da nümayiş etdirə bilər". "The Atlantic" nəşrinin Putinin strategiyasını araşdıran eksperti Yulia İoffe isə birdirir ki, ABŞ özünün ənənəvi Yaxın Şərq siyasətindən imtina edir. "Rusiya xristian Qərb sivilizasiyasının əvəzindən özü də istəmədən islam terrorçuları ilə mübarizə aparmaq şousu göstərməklə xüsusi təsirini genişləndirir. Bununla yanaşı, son iki ABŞ administrasiyasının heç biri məntiqli və ardıcıl Yaxın Şərq siyasəti işləyib hazırlaya bilməyib. Trampın son gedişləri Amerikanın xeyrinə işləmir. Putinin Ankarada Ərdoğanla yanaşı dayanması Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanımasından sonra diqqəti yaranmış iğtişaşlara yönəldir. Putin bəyan edib ki, Trampın qərarı Yaxın Şərqdə vəziyyətin nizamlanmasına nəinki kömək etmir, əksinə bölgədə sabitliyi pozur və gərginliyi artırır".

"Pew" Mərkəzi isə Rusiyanın Yaxın Şərqdə təsirinin artmasını öyrənmək məqsədilə bölgə dövlətlərinin vətəndaşları arasında sorğu keçirib. Respondentlərin 64 faizi bildirib ki, Rusiya 10 il əvvəlki dövrlə müqayisədə Yaxın Şərqdə təsirini xeyli artırıb.

"The Washington Post" Tramp administrasiyasının uğursuzluğunu Türkiyənin "Daily Sabah" qəzetindən sitat gətirməklə belə göstərir:"Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı yalnız Amerika təsirinin zəifləməsinə şərait yaradır və Moskvaya yol açır".

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları