Yuxarı

Dünyanın dollar narahatlığı

Dünyanın dollar narahatlığı

Dollar 2018-ci ildə də ölkələri təzyiq altında saxlayacaq?

2018-ci ildə dolların məzənnəsinin hansı koridorda dəyişəcəyi ölkə iqtisadiyyatı üçün çox ciddi amildir. Dolların məzənnəsinin manata nisbətdə kəskin bahalaşması iqtisadi gərginliyi daha da artıracaq. Əslində istehsalı və ixrac potensialı güclü olan ölkə üçün ucuz milli valyuta daha əlverişli şərait yaradır. Ancaq məlumdur ki, Azərbaycan iqtisadiyyatının 80-85 faizi idxaldan asılıdır. Bu baxımdan dolların və digər xarici valyutaların bahalaşması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Dolların 2018-ci ildə də məzənnəsinin artacağı proqnoz edilir. Dünyanın aparıcı bankları 2018-ci ildə dolların bahalaşacağını bəyan ediblər. "Bank of America", "BNP Paribas" və "JPMorgan Chase" buna səbəb kimi FED-in uçot dərəcəsini artırmağa davam edəcəyini və ABŞ-ın vergi islahatlarını göstərir. 

Qeyd edək ki, ötən gün FED 2017-ci ilin son iclasını keçirib və uçot dərəcəsini 1.25-dən 1.50-dək artırıb. FED-in uçot dərəcəsini artıracağı gözlənilirdi. Ancaq ABŞ-ın maliyyə qurumunun 2014-cü ildən başlayaraq faiz artımına getməsində müəyyən təzadlı məqamlar var. Belə ki, mövcud durumda ABŞ iqtisadiyyatı üçün baha dollar sərf etmir. Çünki ABŞ dünyada ən çox borcu olan ölkədir və ixrac gəlirlərini artırmaq üçün dolların ucuzlaşmasına getmək məcburiyyətindədir. Ekspertlər hesab edir ki, FED-in uçot dərəcəsini artırması iqtisadi deyil, siyasi qərardır. ABŞ dollardan dünya ölkələrinə təzyiq vasitəsi kimi istifadə edir. Dolların məzənnəsinin yaxın günlərdə yenidən bahalaşacağı haqqında səslənən fikirlər də məhz ABŞ-ın dollarla bağlı tutduğu mövqedən irəli gəlir. Təbii ki, dolların faiz dərəcəsinin artırılması manata birbaşa təsir etməsə də, təsirsiz də ötüşməyəcək. Maraqlıdır, dolların bahalaşması ilə bağlı dünyanın qabaqcıl banklarının proqnozları nə dərəcədə ciddidir? Dollar manat qarşısında da bahalaşacaqmı və bunun hansı koridorda olacağı gözlənilir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə şərhində deyib ki, dünyada gedən prosesləri Azərbaycanda baş verənlərdən ayırmaq lazımdır. Çünki təsir nöqtələri və mexanizmləri fərqlidir:

"Dünyada dolların bahalaşma ehtimalını təbii ki, dünənki FED toplantısından sonra verilən faiz artımı ilə bağlı qərardan deyil, gələn il üçün nəzərdə tutulan yol xəritəsindən çıxış edərək söyləmək mümkündür. FED-in faiz artımına gedəcəyi ilə bağlı dünyada bir fikir formalaşmışdı. Maliyyə bazarları artıq faiz artımını obrazlı desək, həzm etmişdi. Amma əsas məsələ onda idi ki, gələn il üçün yol xəritəsi necə olacaq? Yəni, FED gələn il üçün 4, yoxsa 3 dəfə faiz artıracaq və ya dünyaya hansı mesajları verəcək? FED-in mesajlarından və açıqlanan qərarından belə məlum oldu ki, gələn il ən azı 3 dəfə faiz artımı olacağı gündəliyə salınıb. Çox güman ki, ilki mart, sonrakı sentyabr və dekabr aylarında olmaqla FED 2018-ci ildə ən az 3 dəfə faiz dərəcəsini artıracaq. Təbii ki, bu da dünyada dollar indeksinin artmasına, dolların bahalaşmasına səbəb olan əsas amilə çevriləcək. Digər tərəfdən, ABŞ-da çox ciddi vergi islahatları gedir. Bu o, deməkdir ki, iqtisadi yüksəliş artacaq və ABŞ iqtisadiyyatı daha da güclənəcək. Güclənən iqtisadiyyatın fonunda verilən qərarlar dollar indeksinin bahalaşmasına səbəb olacaq. Təbii ki, gələn il dollar indeksinin hazırkı 93 bənddən 100-ə və hətta daha çox qalxacağı ehtimalı çox yüksəkdir. Bu isə o deməkdir ki, digər valyutalara nisbətdə dolların bahalaşması gələn il davam edəcək”.

Baha dolların ABŞ iqtisadiyyatına sərf etməməsi məsələsinə toxunan ekspert bildirib ki, bu ABŞ iqtisadiyyatı üçün elə də ciddi təsir mexanizmi deyil:

"İqtisadi nəzəriyyəyə görə baha dolların ABŞ iqtisadiyyatına sərf etmədiyi doğru səslənə bilər. İqtisadi nəzəriyyə deyir ki, hansı ölkənin valyutası nə qədər bahadırsa, onun ixracat potensialı o qədər zəifdir. Amma bunu ABŞ-a tam şəkildə aid etmək olmaz. Çünki dövriyyədə olan dolların cəmi 25 faizi ABŞ ərazisindədir. Yəni, dollar 75 faizi dünya iqtisadiyyatında istifadə edilən valyuta növüdür. Ona görə də baha dolların ABŞ iqtisadiyyatına ciddi təsir edəcəyini gözləmirəm. Digər tərəfdən, ABŞ-ın ixrac etdiyi məhsulların unikallığı var. O, nöqteyi-nəzərdən məzənnədən asılı olmayaraq həmin məhsullar alınır. Məsələn, ABŞ-ın ən böyük ixracatçı şirkəti "Microsoft”dur. Dolların məzənəsinin necə olmasından asılı olmayaraq bütün bu dünya "Microsoft”un ixrac etdiyi proqramları alır. "Apple” şirkəti də ABŞ-ın ən böyük ixracatçı şirkətlərindən biridir. Təzə "İphone” satışa çıxarkən mağazalarda növbələr düzülür və dolların məzənnəsinin neçə olduğunu düşünmür. ABŞ Hərbi Sənaye Kompleksinin istehsal etdiyi silahların unikallığı və keyfiyyəti yüksək olur. ABŞ silahlarının hər zaman müştərisi var. Bu baxımdan iqtisadi nəzəriyyə tam mənada işləmir. Amma az da olsa, müəyyən təsirləri olur, əsasən də qonşu ölkələrlə ticarətdə. Dollar bahalaşdıqca analoji məhsullar Meksikadan, Kanadadan ABŞ-a daha çox ixrac olunur ki, bu da yerli istehsalçılara mənfi təsir göstərir”.

Azərbaycana gəldikdə isə Natiq Cəfərli bildirib ki, maliyyə institutları, birjalar, qiymətli kağızlar bazarı olmadığından dolların uçot dərəcəsinin artması ölkəyə birbaşa deyil, dolayı təsir göstərir:

"Əsas dolayı təsirlər də ondan ibarətdir ki, dünyada dollar bahalaşdıqca qonşu ölkələrdə məzənnə dəyişiklikləri baş verir. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Türkiyə, Qazaxıstan, Rusiya, Gürcüstanda dollar bahalaşacaqsa, istər-istəməz Azərbaycana da təsir edəcək. Manata təsir edən amil FED-dən daha çox neft qiymətləridir. Hələlik neft qiymətlərinin yüksək olması Azərbaycan hökumətinin əlini rahatladır və daha rahat davranmağa imkan yaradır. Amma gələn il dollar bahalaşacaqsa, neft ucuzlaşacaq. 50 ildir ki, bu formul işə düşür. Dolların bahalaşması neftin ucuzlaşmasına səbəb olur. Bu baş verərsə, o, zaman Azərbaycanda daha ciddi proseslər olacaq, manata basqılar daha sürətlə artacaq. Amma 2018-ci ildə kəskin devalvasiyaların olması ehtimalı çox aşağıdır. Gərək neftin qiyməti 40 dollardan ucuz olsun ki, belə hal baş versin. Bu da çox aşağı ehtimaldır. Ona görə də kəskin şəkildə olmasa da, hökumət mövcud durumda olduğu kimi inzibati qaydada dolların məzənnəsini tənzimləməyə çalışacaq. Bir məsələni açıq demək lazımdır ki, manat gələn il heç bir halda 1.70 manatdan aşağı olmayacaq. Yəni, manat bahalaşmayacaq. Amma dolların yüngül addımlarla manat qarşısında bahalaşması mümkündür. Qonşu ölkələrdə dollar bahalaşarsa, manatın yüngül addımlarla dəyərdən düşməsini görə bilərik. Bu proseslər özünü daha çox fevral-mart aylarında büruzə verə bilər”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları