Yuxarı

Rəqibsiz Putinin seçki qorxusu

Rəqibsiz Putinin seçki qorxusu

Rusiyada növbəti prezident seçkiləri kampaniyasına rəsmi şəkildə start verilib. Artıq Rusiyada partiyalar namizədlərini təsdiq etmək üçün qurultaylar, öz təşəbbüsü ilə namizədliklərini irəli sürən şəxslər dəstək qruplarının iclaslarını keçirməyə başlayacaq. Seçkiyə qatılmaq istəyən namizədlər 20 və 25 gündən sonra Mərkəzi Seçki Komissiyasına qeydiyyat üçün ərizə ilə müraciət edə biləcəklər. Eyni zamanda, prezident seçkilərinin təşkili və keçirilməsi üçün 2018-ci ilin federal büdcəsindən 14,807 milyard rubl vəsaitin ayrılması nəzərdə tutulub. Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Rusiya Mərkəzi Seçki Komissiyayının rəhbəri Ella Pamfikovanın verdiyi məlumata görə, Rusiya prezidenti postuna ən azı 23 nəfərin namizədliyini irəli sürəcəyi gözlənilir. O, həmçinin qeyd edib ki, seçkiqabağı yarışda iştirak etmək istəyənlər, adətən, daha çox olacaqlar.

Namizədlərin sayının çox olmasına baxmayaraq, bir sıra siyasi müşahidəçilər 3 aydan sonra keçiriləcək seçkiləri "Çar IV Putinin taxta çıxması" kimi qiymətləndirir. Çünki artıq seçki qutusundan dövlət başçısı Vladimir Putinin dördüncü dəfə qalib çıxacağı demək olar ki, qaçılmaz görünür. Namizədlərdən birinə Qərbin siyasi və maliyyə dəstəyi verməklə Vladimir Putinə əsas alternariv kimi meydana çıxartmağa çalışacağı da istisna edilmir. Təbii ki, belə bir dəstəyin olması həmin siyasətçinin populyarlığından, ictimai nüfuzundan və nə qədər geniş elektorata malik olmasından asılı olacaq. Hələlik isə V.Putin hazırda seçki prosesinin favoriti olaraq qalır. 

ABŞ-ın və Avropa Birliyinin son ildə Rusiyaya tətbiq etdiyi sanksiyaları fonunda ölkədə yaranmış ağır iqtisadi problemlərə baxmayaraq, prezident Putin seçki kampaniyasına yüksək siyasi reytinqini qoruyub saxlamaqla başlayır. Son rəy sorğularına görə, seçicilərin 70 faizdən çoxu Vladimir Putinin öz vəzifəsində qalmasının tərəfdarıdır. Ancaq Putinin tənqidçiləri onun siyasi qələbə şansının yüksək olmasını daha çox Rusiyada demokratik seçki mühitinin olmaması, müxalifət namizədlərinin təqibə məruz qalması ilə əlaqələndirir. 2000-ci ildən bəri V.Putinin iştirak etdiyi bütün seçkilərdə rəqibləri Rusiyadakı daxili siyasi vəziyyətə ciddi təzyiq imkanları demək olar ki, olmayan formal namizədlər olub. İstər Gennadi Zyuqanov, istərsə də Vladimir Jirinovski və ya Qrirori Yavlinskinin seçkilərə qatılması Rusiyada rəqabət mühitinin olmasına dair görüntünün yaradılmasına xidmət edib. Ona görə də ekspertlər hesab edir ki, V.Putin əslində, adıçəkilən və Rusiyada mülayim müxalifət adlandırılan siyasətçilərlə müqayisədə güclü namizəd təsiri bağışlayır. Əgər Rusiyada normal seçki mühiti təmin olunarsa, o zaman Putindən daha yüksək nüfuza malik, yeni syasi liderlər meydana çıxa bilər. 2015-ci il fevralın 27-də müxalifətin əsas liderlərindən biri Boris Nemtsovun qətlə yetirilməsi, 2017-ci ilin iyun ayında Aleksey Navalnının həbsi və ona seçkilərdə iştirakını məhdudlaşdıran məhkumluq cəzasının verilməsi Rusiyada prezidentliyə potensial liderlərin Putin tərəfindəın aradan qaldırılması kimi dəyərləndirilir. Mərkəzi Seçki Komissiyası A.Navalnının 2028-ci ilə qədər namizəd kimi seçkilərə qatıla bilməyəcəyini açlqlayıb. Müxalifət liderlərindən Aleksandr Xadarkovski və Harri Kasparov siyasi mühacir həyatı yaşayır. 

Eləcə də, ötən il Prezident Administrasiyasının sədri Sergey İvanovun vəzifəsindən çıxarılması hakim elita daxilində Putinə əsas rəqib kimi görülən bir şəxsin zərərsizləşdirilməsinə yönəlmiş addım idi. 

Bu gün Aleksey Navalnı, Harri Kasparov kimi müxalifət liderləri V.Putinin qalib çıxacağı seçkinin nəticələrini tanımayacaqlarını bildirir. Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnı iddia edir ki, V. Putinin məqsədi çar Rusiyasında olduğu kimi monarxiya üsul-idarəsi yaratmaqdır. "Putin Rusiyada monarx kimi daha çox hakimiyyətdə qalmağa və sonra bu kürsünü öz ailə üzvlərindən birinə ötürməyə çalışır"-deyə Navalnı bildirib. Navalınının siyasi gücü yalnız alternativ olmasında deyil, həm də Rusiya cəmiyyətində siyasətə sönük olan marağı oyatmaqda görülür. Fransanın "Le Mond" qəzeti isə yazır ki, Rusiya müxalifəti daha çox post-Putin dövrünə hazırlaşır: "Sabiq oliqarx, müxalifətdəki "Açıq Rusiya" hərəkatına xaricdən rəhbərlik edən Mixail Xadarkovski hesab edir ki, bu seçkilərdən dəyişiklik gözləməyə dəyməz, amma o, gələcək mübarizə üçün hazırlaşmağı təklif edir. Hər kəsin fikrincə, növbəti altı illik mandat artıq Putinin əlindədir. Onun rəqibləri də bundan sonrakı hadisələr üçün zəmin hazırlamalıdır". 

Eyni zamanda, Rusiyanın, ABŞ, Fransa və digər ölkələrdəki demokratik seçki proseslərinə kibermüdaxiləsi ilə bağlı ortaya şıxan sübutlar bütün dünyada bu ölkənin özünün seçki sisteminin qüsurlu olduğuna dair rəy formalaşdırdı. Ancaq sözügedən problemlərlə yanaşı, V.Putin dünyada güclü siyasi iradəyə malik, bacarıqlı siyasi oyunçu kimi qəbul olunub. Bu cəhətlərinə görə V.Putin bütün siyasi rəqiblərini üstələyir. 
"Le Mond" da qeyd edir ki, V.Putin Rusiyanı beynəlxalq münasibətlərdə həlledici mövqeyə qaytarmağı artırmağa nail olub. "Beynəlxalq sanksiyalara və tənqidlərə baxmayaraq, heç bir dövlət başçısı Rusiya paytaxtına səfər etməyə utanmır. Buna baxmayaraq, daxili plandakı vəziyyət olduqca fərqlidir. İqtisadi çətinliklər, Ukrayna ilə əlaqələrdəki gərginlik, ABŞ və Qərblə münasibətlərin pisləşməsi, etiraz səslərinin susdurulmasına səbəb olur. Bütün bunlar Rusiya adlı mühasirəyə alınmış bir qalaya fon yaradır".

Siyasi müşahidəçilər bildirir ki, V.Putin üçün bu seçkidə güclü rəqib problemi yoxdur. Lakin A.Navalnının həbsindən sonra Rusiyanın bir çox şəhərlərində baş verən hadisələr hazırkı dövlət başçısının seçici bazasına yenidən baxmağı zəruri edir. Belə ki, bu gün Rusiyada siyasi cəhətdən fəal nəslin sürətlə dəyişməsi baş verir. Daha çox kommunist ideologiyasına sovet siyasi ənənələrinə bağlı olan yaşlı nəsli yeni baxışlara malik gənclər əvəz edir. Ona görə də seçkilərin nə qədər şəffaf keçiriləcəyi sual altında olsa belə, Putin gənclərin dəstəyini əldə etməyə nail olmalıdır. Əks təqdirdə, Putinin rəqibləri bu böyük sosial bazadan seçki prosesində və ya sonrakı mərhələdə hakimiyyıətə qarşı mübarizədə ustalıqla istifadə edə bilər. Putinin də öz namizədliyini gənclərin iştirak etdiyi tədbirdə elan etmıəsi və onlardan açıq dəstək istəməsi məhz seçki kampaniyasında dövlət başçısının yeni nəslin nümayəndələri ilə işləməyə üstünlük verəcəyini göstərir. Ancaq Putin gənclərin səsini qazanmaq üçün öz rəqiblərindən hansı fərqli vədlər verəcəyi hələ məlum deyil. 

"Levada-Sentra" Sorğu Mərkəzinin açıqlamasına görə, Putin seçicilərin 70 faizinin səslərini almaq imkanına malikdir. Onun rəqibləri isə 3 faizdən 40 faizə qədər səs toplamaq şansına sahibdir. Lakin Putin qeyd edilən məqsədə nail olmasa, bu, seçkilərdən sonra hökumətin idarəçiliyinə mütləq təsir göstərəcək. 

Putin dördüncü dəfə seçiləcəyi təqdirdə Rusiyada iqtisadi islahatlar həyata keçirməyi vəd edir. 2017-ci ildə Rusiya iqtisadiyyatında 2 faiz artım baş verib. Güman edilir ki, bu göstərici üç il sonra müsbət inkişafa yönələcək. Ancaq Rusiya iqtisadiyyatını böhrana salan əsas səbəblər-Qərbin sanksiyaları, neftin ucuzlaşması, Ukrayna ilə münaqişə və ixracatda kəsir qalmaqda davam edir. "Rosneft"in rəhbəri İqor Seçinin sözlərinə görə, neftin qiymətinin aşağı oilması iqtisadi sahədə optimizmə əsas yaratmır. 2017-ci ilin 10 ayı ərzində Rusiyada rublun uçot dərəcəsi 8,25 faiz təşkil edib. Bu isə 2014-cü ilin iqtisadi böhran səviyyəsinə bərabərdir. Eyni zamanda, əhalinin həyat səviyyəsi aşağı düşüb. 2016-cı ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı 10 faiz artaraq 19,8 milyon nəfərə çatıb. Putin vəziyyətdən çıxış yolu kimi iqtisadiyyatın enerjidən asılılığını azaltmağı, rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyi və struktur islahatların aparılmasını təklif edir. Ancaq bu islahatları reallaşdırmaq heç də asan görünmür. Ona görə də ekspertlər hesab edir ki, Putinin qarşıdakı altı ili yetmiş ilə bərabər olacaq. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları