Yuxarı

Bağdadi üçün yeni ssenarilər hazırlanır

Bağdadi üçün yeni ssenarilər hazırlanır

Dekabrın 18-də ABŞ hərbçilərinin İŞİD terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadini ələ keçirmələri barədə məlumat yayıldı. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, məlumatda Bağdadinin İraqda saxlanıldığı və ABŞ-ın Suriyanın Ras əl-Ayn şəhərində yerləşən hərbi bazasına gətirilib. Sonra terrorçu oradan da ABŞ-ın Haseke-Rumeylandakı hərbi bazasına aparılıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə məlumatın yayılmasından bir neçə saat sonra bu iddianı təkzib etdi. "Təəssüf ki, bu xəbərlər yalandır. Koalisiya hələlik Əbu Bəkir əl-Bağdadi adlı terrorçunun yeri barədə məlumata malik deyil”,-deyə Pentaqonun açıqlamasında bildirilir. 

Növbəti yalan xəbər Rusiyadan gəlmişdi

Bir neçə gün əvvəl isə Rusiya Müdafiə Nazirliyi rus ordusunun bu ilin may ayında Suriyada keçirdiyi əməliyyatda öldürüldüyünü bildirmişdi. Qeyd edilirdi ki, Əl-Bağdadi ilə bərabər 300-ə yaxın İŞİD döyüşçüsü də hərbi hava qüvvələrinin zərbəsi nəticəsində məhv edilmişdi. Ardınca İran Dövlət Televiziyası İŞİD liderinin cəsədinin fotosunu yaymışdı.  Ancaq indi məlum olur ki, Əl-Bağdadinin öldürüldüyünə dair heç bir sübut yoxdur. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narişkin İŞİD liderinin ölüm xəbərini təsdiqləmədi.

Bağdadi müəmması

Artıq 4 ildir ki, Bağdadinin öldürülməsi ilə bağlı tez-tez dezinformasiyalar yayılır. Rəsmi və kəşfiyyat səviyyələrində olan məlumatlar heç bir halda öz təsdiqini tapmır. Bağdadinin harada olması da qaranlıq qalan məqamlardan biridir. Lakin buna baxmayaraq, hələ də öz həyatını qoruyan İŞİD lideri haqda ara-sıra yayılan dezinformasiyaların da əsl mənbələrinin Bağdadinin fəaliyyətində maraqlı olan qüvvələrin olduğu istisna deyil. Həmin güclərin bununla Bağdadini ələ keçirmək istəyən qüvvələrə mane olmaq cəhdləri etdiyinə də şübhə yoxdur. Ona da şübhə yoxdur ki, Bağdadinin azadlıqda qalması da yeni planların icrasına daxildir.

"İŞİD özfəaliyyət dərnəyi deyil”

Yaxın Şərq məsələləri üzrə ekspert Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında İŞİD lideri Bağdadinin ələ keçirilə bilməməsinin bir sıra səbəblərinin olduğunu bildirib. Ekspertin sözlərinə görə, Bağdadi və rəhbərlik etdiyi terror təşkilatının iri dövlətlər tərəfindən dəstəklənir:

"İraq və Suriya elə bir yerdir ki, orda adam tutmaq, hələ o da ola İŞİD-in lideri, çox çətindir. Ölkə başdan- başa xarabalığa çevrilib, müharibə gedir, qarışıqlıq var, üstəlik, Bağdadi adi insan deyil, onun gizlənməsi elə də çətin deyil. Məsələn, Bin Laden belə ABŞ-ın Şərqdəki ən yaxın müttəfiqi Pakistanda 10 il silahlı qüvvələrin əsas mərkəzlərindən birinin yerləşdiyi şəhərdə gizlənə bilmişdi. Pakistandan fərqli olaraq, İraqda gizlənmək daha asandır. Üstəgəl, nəzərə almaq lazımdır ki, bu gün terror təşkilatı hesab edilən bütün qurumların hamısının arxasında bu və ya digər ölkələrin xüsusi xidmət orqanları dayanır, ya da gizlin dəstək verilir. Yəni, Bağdadi və digər terror təşkilatlarının gizlənməsi çətin məsələ deyil”.

Kənan Rövşənoğlu Əbu Bəkir əl-Bağdadinin gizlənməsi məsələsi ilə bağlı bir sıra müəmmalı məqamların olduğunu diqqətə çatdırıb:

"Bir neçə gün əvvəl Türkiyə mediası yazdı ki, Bağdadi ABŞ-ın Suriyadakı düşərgələrindən birində gizlənir. Bu, bir az böyük iddiadır, bunu kimsə irəli durub təsdiqləyə bilməz. Amma ortada ciddi şübhələr var. BBC faktlarla üzə çıxardı ki, Amerikadan dəstək alan kürdlər Raqqadan 4 min İŞİD üzvünün çıxmasına şərait yaradıb. Bəlkə orda elə Bağdadinin özü də olub? Amma bunları biz bilmirik, yəqin ki, heç bilməyəcəyik. Bir şey var ki, bu cür təşkilatlar bir qayda olaraq, kənardan dəstəklənir. Mən deyə bilmərəm ki, Bağdadini Amerika dəstəkləyir və ya gizlədir. Amma onun ciddi dəstəkçilərinin olduğuna inanıram, İŞİD özfəaliyyət dərnəyi deyil”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları