Yuxarı

Türkiyə ABŞ-ın rəqibləri sırasında

Türkiyə ABŞ-ın rəqibləri sırasında

ABŞ prezidenti Donald Tramp yeni "Milli Təhlükəsizlik Strategiyası”nı açıqlayıb. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp 53 səhifəlik sənədlə bağlı çıxışında ABŞ-a rəqib və müttəfiq olan dövlətlərin adlarını açıqlayıb. Amerika prezidenti çıxışında açıq şəkildə Rusiya və Çini dünyaya və ölkəsinə qarşı "təhdid” adlandırıb. Tramp Rusiyanın öz fövqəldövlət statusunu qaytarmağa, öz sərhədlərində təsir dairəsini artırmağa çalışdığını vurğulayıb. İran və Şimali Koreya ilə bağlı da kəskin fikirlər səsləndirən ABŞ prezidenti  bu dövlətlərin regionda sabitliyi pozduqlarını, Amerika üçün təhlükə mənbəyi olduqlarını deyib. O, Rusiyanın Avrasiya regionu üçün təhlükə olduğunu da vurğulayıb.

Türkiyə ABŞ-a rəqib kimi....

Amerikanın müttəfiqlərindən danışan Donald Tramp NATO-dakı müttəfiqi Türkiyənin adını çəkməyib.Türkiyənin müttəfiq kimi strateji planda yer almaması Türkiyənin siyasi dairələri tərəfindən narazılıqla qarşılanıb.Trampın çıxışından sonra Türkiyənin ictimai-siyasi rəyində formalaşmış fikir bundan ibarətdir ki, ABŞ artıq uzun illərdir istər ikitərəfli münasibətlər formasında, istərsə də NATO daxilində müttəfiqlik etdiyi Türkiyəyə rəqib kimi baxmağa başlayıb.Hesab edilir ki, Türkiyənin Yaxın Şərq, yaxud Suriyada gedən proseslərdə NATO və ABŞ-dan kənarda - müstəqil oyunçu kimi yer alması Vaşinqton tərəfindən narazılıqla qarşılanır. Üstəgəl, Suriyada keçirdiyi əməliyyatlar üçün Amerikaya öz ərazisindən istifadə etməyə icazə verməyən Türkiyənin, digər yandan, son zamanlarda Bəşər Əsəd rejimi ilə istiləşən münasibətləri və bir sıra məsələlərdə Rusiya ilə eyni mövqedən çıxış etməsi də Türkiyəni Amerikanın hədəfinə gətirib.

Artıq Türkiyədə Amerikanın bu ölkəni də Suriya və İraq kimi parçalamaq planlarının olmasından danışılır. Hesab edilir ki, prezident Rəcəb Tayyib Ərdoğanın müstəqil siyasət yürütməyə yönəlik addımlarının qarşısına keçmək və Türkiyəni Yaxın Şərqdə dayandırmaq istəyən ABŞ bölgədən çıxan terror təşkilatlarını bu ölkənin daxilinə yönəldə, Suriya və İraqla sərhədlərində kürd separatizmini qızışdıra bilər. Bu baxımdan, Türkiyənin Trampın Amerikanın yeni "Milli Təhlükəsizlik Strategiyası”nda yer almaması təsadüfi hesab edilmir.

"Vaşinqton ritorikasını bir az da sərtləşdirəcək”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Tramp tərəfindən açıqlanan yeni "Milli Təhlükəsizlik Strategiyası”nda Türkiyənin rolu hər hansı formada qeyd edilmir. Bununla belə, politoloq qeyd edib ki, yeni strategiyada Vaşinqtonun NATO-nun güclənməsində maraqlı olduğu, alyans çərçivəsində əməkdaşlığın dərinləşməsinə sadiq qaldığı açıqlanır: 

"Bu baxımdan, Türkiyənin Vaşinqton prizmasından rəqib kimi dəyərləndirilməsi qənaətinə gəlmək yanlış olardı.2015-ci ildə yenilənən "Milli Təhlükəsizlik Strategiyası”nda da Türkiyənin müttəfiq ölkə kimi rolu xüsusi qeyd edilməmişdi. Bununla belə, nəzərə almaq lazımdır ki, yeni strategiyada ABŞ-ın rəqibləri kimi təqdim edilən iki ölkə, Rusiya və İranla Ankara sıx əməkdaşlıq edir. Türkiyənin Rusiya və İranla əməkdaşlığı regionda, Körfəz bölgəsində, Yaxın Şərq coğrafiyasında Tehran və Moskvaya yeni təsir imkanları yaradıb.Türkiyənin dəstəyi ruslara Suriyada möhkəmlənmək imkanı verib.Digər yandan, ABŞ-ın İsrail - Fələstin münaqişəsi ilə bağlı yeni yanaşması Ankaranın ciddi müqaviməti ilə qarşılaşır.Eyni zamanda, İrana qarşı güclü əks-təsir mərkəzi yaratmaq məqsədilə Səudiyyə Ərəbistanını ön plana çıxarmaq səyləri də Türkiyə tərəfindən müdafiə olunmur.Türkiyə ümumiyyətlə, son iki ildə ABŞ-ın Yaxın Şərqdəki strategiyasının əsas məqamları ilə razılaşmadığını açıq şəkildə nümayiş etdirir və bu istiqamətdə fəal işləyir”.

Zaur İbrahimli hesab edir ki, ABŞ da öz növbəsində son illər Türkiyəyə münasibətdə ənənəvi strategiyasını dəyişib:

"Yaxın Şərqdəki planlarda Ankaranın milli maraqlar çərçivəsində irəli sürdüyü məsələlər nəzərə alınmır. Türkiyənin bütün səylərinə baxmayaraq, Vaşinqton bölgədə kürdlərin rolunun gücləndirilməsi strategiyasından geri çəkilmir.

Bütün bunların fonunda şübhəsiz ki, Vaşinqton - Ankara münasibətlərindəki gərginlik davam edəcək. Tramp tərəfindən açıqlanan yeni strategiyanın əsas məqamlarını nəzərə alsaq, ehtimal edə bilərik ki, Ankaraya qarşı daha sərt mövqe nümayiş etdirilməsinin şahidi ola bilərik. Strategiyada açıq şəkildə qeyd olunur ki, ABŞ-ın rəqib hesab etdiyi ölklərin müttəfiqləri ilə daha sərt yanaşma göstəriləcək.Bütün bunlarla yanaşı vurğulamaq lazımdır ki, real proseslər strategiya və digər bu kimi sənədlərdən daha önəmlidir”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları