Yuxarı

Ərəb dünyasını kim qarışdırır?

Ərəb dünyasını kim qarışdırır?

Ərəb dünyası yenə qarışıb. İndi də iki ərəb dövləti arasında konflikt başlayıb. Belə ki, Tunis və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər gərginləşib. Tunis BƏƏ-də xüsusilə də qadınlara qarşı sərt təhlükəsizlik yoxlamalarına etiraz olaraq, "Emirates” hava yolları şirkətinin bütün reyslərini dayandırıb. Tunisin Nəqliyyat Nazirliyinin əsaslandırmasına görə hava şirkəti bu problemə "beynəlxalq qanunlara və razılaşmalara” uyğun şəkildə həll tapanadək bütün uçuşlar dayandırılır. Bu hadisə ciddi narazılıq yaradıb. Bir sıra ərəb saytları da bundan əvvəl tunisli qadınların BƏƏ-yə səfərlərinə qadağa qoyulduğunu yazırdılar.

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Tunisdə "ərəb baharı” çərçivəsində bir demokratik hakimiyyət dəyişikliyi baş verdi:

"Məhz demokratik seçim nəticəsində xalq öz prezidentini seçdi və o gündən bu günə Səudiyyə Ərəbistanı başda olmaqla ərəb dünyasında, körfəzdə bir çox despot rejimlər, yəni kraliyyat, ailə içərisində hakimiyyəti bir-birinə ötürən rejimlər təbii ki, Tunis kimi demokratik seçki ilə hakimiyyəti formalaşdıran bir ölkəyə qarşı çox sərt mövqe qoymağa başlayıblar. O baxımdan Tunis o gündən bu günə müəyyən mənada bir növ Səudiyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, Bəhreyn, eyni zamanda Küveyt tərəfindən bir çox proseslərdən kənarda saxlanılır. Bundan əlavə Tunisdə bu ərəb ölkələri, yəni despot rejimlər düşünürlər ki, Tunis Ərəb dünyasından daha çox Türkiyəyə yaxındır. Çünki orada da hakimiyyətə gələnlərin bir növ müsəlman qardaşları çərçivəsində bir siyasi güc mərkəzi olduğu iddia edilir. Əslində bu proses Misirdə də baş vermişdi. Ancaq çox təəssüf ki, Qərb dünyasının, xüsusilə də ABŞ-ın dəstəyilə feldmarşal Əbdülfəttah əl-Sisi bir hərbi çevriliş etdi və demokratik xalqın seçimi ilə hakimiyyətə gələn Məhəmməd Mursi devrildi. O, bu gün hələ də edam təhlükəsi ilə üz-üzədir. Tunisə olan münasibət də məhz bununla bağlıdır. Bir növ Tunisi bu cür proseslərdən uzaqlaşdırmaq və müəyyən məhdudiyyətlər yaratmaqla bu rejimlər, başda Səudiyyə Ərəbistanı olmaqla öz tərəfinə çəkmək istəyirlər”.

Politoloqun sözlərinə görə, son zamanlar ABŞ-ın may ayında Səudiyyə Ərəbistanına etdiyi səfərdən sonra bu münasibət bir növ Qətər dövlətinə qarşı da ortaya qoyulmuşdu:

"Qətərdə hərbi çevrilişlə öz adamlarını, yəni kralın qardaşı oğlunu hakimiyyətə gətirmək istəyirdilər ki, bununla da ABŞ -ın və ingilislərin oyuncaq rejimini Qətərdə də bərqərar etmək istəyirdilər. Məsələ də ondan ibarətdir ki, Qətər də Türkiyə və yaxın qonşu İranla çox ciddi isti münasibətlərdədir. Hətta Qətərdə Türkiyənin lokal da, kiçik də olsa, bir hərbi bazası yerləşir. Qətərdə də SəudiyyəƏrəbistanının etmək istədiyi hərbi çevrilişin qarşısını məhz Türkiyə ordusu, Türkiyə qırıcı təyyarələrinin aldığı haqqında da konkret kəşfiyyat informasiyaları var. Tunisə olan münasibət bu ölkənin qonşuluqdakı ərəb despotik rejimlərin, eləcə də ABŞ-ın və İngiltərənin əlində oyuncaq olmaq istəməməsi ilə əlaqəlidir. Ona görə də Qətərə tətbiq edilən məhdudiyyətlər bu gün Tunisə də reallaşdırılır”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları