Yuxarı

Navalnıdan Putinə "ayı xidməti”

Navalnıdan Putinə

Navalnı Rusiyada prezident seçkisini boykot etməyə və etirazlara çağırır.Rusiyada müxalifət lideri Aleksey Navalnı ölkədə qarşıdan gələn seçkilərin boykot edilməsinə dəstək məqsədilə yanvarın 28-də Rusiyanın şəhərlərində etiraz aksiyalarına çağırıb.Navalnı etiraz aksiyalarına çağırışı çərşənbə günü, prezident Vladimir Putinin yenidən seçilmək üçün rəsmən qeydiyyatdan keçdiyi gün edib. Rəy sorğuları Putinin yeni altı il müddətinə seçilmək üçün martın 18-də keçiriləcək seçkilərdə asanlıqla qələbə çala biləcəyini göstərir.

Navalnın seçkilərdə iştirakı onun özünün siyasi motivli adlandırdığı məhkumluqla əlaqədar qadağan edilib. O, 17 il ərzində Rusiyanın ya prezidenti, ya da baş naziri olmuş Putinin hakimiyyətdə uzun müddət qaldığını bildirir. Navalnı deyir ki, Putinin populyarlığının əsas səbəbi qərəzli dövlət mediası və legitim opponentləri istisna edən seçki sistemi ilə əlaqədardır.

Keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin  zabiti olmuş Putin müstəqil namizəd kimi seçkilərə qatılır. Müşahidəçilər bununla onun partiyanın siyasi fiquru deyil, xalqın lideri kimi bir imicinin yaranmış olduğuna inanır. Müttəfiqləri Suriya və Ukraynaya müdaxilə edərək  Rusiyanın qlobal lider kimi mövqeyini gücləndirdiyinə görə Putindən razılıqlarını bildirir.

Navalnının reytinqi Putinlə müqayisədə xeyli aşağı olsa da, siyasi müşahidəçilərin fikrincə, o, ölkədəki siyasi proseslərə digər müxalifət liderləri ilə müqayisədə daha güclü təsir imkanlarına malikdir. Rusiyanın 84 şəhərində Aleksey Navalnı öz qərargahını formalaşdıra bilib və xeyli tərəfdarları da var. Sankt-Peterburqdan Vladivostoka qədər eyni vaxta kütləvi aksiyalar keçirmək imkanına malik 41 yaşlı siyasətçi Navalnı Qərbin diqqətini cəlb edir. Rusiya hakimiyyətinin Navalnını seçkiyə buraxmaması da məhz onun çevik siyasi təşkilatçılıq qabiliyyəti ilə izah edilir.Yəni, Navalnının reytinqinin Putinlə müqayisədə aşağı olması barədə deyilənlərə baxmayaraq, hadisələr spontan şəkildə əks istiqamətdə cərəyan edə bilər.Bu da Rusiyada iqtisadi vəziyyətin ağırlaşması, hakimiyyətdən narazılığın artması və gənclərin daha çox bir lider kimi Navalnını dəstəkləməsi ilə bağlıdır.Rəy sorğuları göstərir ki, Putinin reytinqi yüksəkdir.Putinin qələbə şansının yüksək olduğu bir vaxtda Navalnının Rusiyada prezident seçkilərini boykot etmək çağırışı indiki situasiyada nə qədər effekt verə bilər?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət”qəzetinə açıqlamasında bildirib ki, seçkilərə bu günə qədər qatılan namizədlərin siyahısına diqqət yetirsək, rəqabət apara biləcək hər hansı bir siyasətçinin olmadığını görərik:

"Təlxək Vladimir Jirinovski, Rusiya Kommunist Partiyasının lideri Maksim Suraykin Gennadi Züqanovla bərabər Rusiyanın hazırkı prezidenti Vladimir Putin, Lenin adına sovxozun direktoru Pavel Qrudinin, teleaparıcı Kseniya Sobçak, "Yabloko" partiyasının lideri Qriqori Yavlinski, İnkişaf Partiyasının sədri Boris Titov, Sosial Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Andrey Boqdanov, "Qadın Dialoqu" Partiyasının sədri Yelena Semerikova, biznesmen Sergey Polonski, müğənni və hüquq müdafiəçisi Yekaterina Qordon 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətlərini açıqlayıblar. Əslinə qalsa, bu siyahı seçkilərin bir o qədər də aktivliyi üçün əsas yaratmır.Təbii, nəzərə almaq lazımdır ki, Suriyadakı qələbədən sonra aparılan kampaniya zamanı Qərblə artan qarşıdurma fonunda V.Putinin reytinqi xeyli yüksəlib.Rusiyada patriotizm hələ də əsas faktorlardan biri sayılır.Bu baxımdan da adıçəkilən şəxslərin nəinki onunla rəqabət aparacağı, ümumiyyətlə, onun yaxınında yer ala biləcəyi mümkün deyil.Ümumən Rusiyadan kənarda yayımlanan mətbuat orqanlarında aparılan müzakirələr belə bir təəssürat yaradıb ki, Kreml texnoloqları seçkilərdə 70 faiz əhalinin aktivliyini təmin etmək istəyir.Çünki V.Putin namizədliyini müstəqil şəkildə verib və xalqın namizədi olduğunu iddia edir.Elə bu aspektdən də mütəxəssislər seçkiyə 70 faizdən yuxarı insanların cəlb edilməsi istiqamətində müəyyən texnologiyaların tətbiq ediləcəyini gözləyir.Belə olduğu halda Navalnının atdığı addımlar məhz bu aspektə yönəlib. Yəni, Navalnı seçkidə iştirak etmir, amma o,  boykot yolunu seçməklə seçicilərin aktivliyini mümkün qədər azaltmağa çalışır. Nəticədə o, Putinin imicinə müəyyən qədər zərbə vurmaq istəyir.Əslində bütün texnologiya bunun üzərində qurulub.Nəzərə alsaq ki, ötən müddətdə Navalnının təşkil etdiyi aksiyalarda aktiv şəkildə iştirak edəcək insanların sayı kifayət qədər çox idi.Lakin bu aktivlik Kreml texnoloqları tərəfindən məhz Putinin xeyrinə də istifadə oluna bilər.Bu gün Rusiyanın qarşısında dayanan əsas məsələlərdən biri də 2018-ci ildə keçirilən prezident seçkisinin demokratik və ədalətli olduğunu dünyaya nümayiş etdirməkdən ibarətdir.Bu, faktdır və indinin özündə də açıq şəkildə hiss olunur.Seçkiyə qatılan namizədlərə diqqət yetirsək, səhv təəssürat yaranır.Lakin Navalnının keçirəcəyi aksiyalar seçkilərin effektini artıra bilər və daha aktiv həyata keçirilməsi fonun yarada bilər.Qənaətimcə, bu da indiki hakimiyyətin maraqlarına heç də az xidmət etmir”.

Navalnı digər namizədlərə də müraciət edərək seçkilərdə iştirakdan imtina etməyə çağırıb.Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri bildirib ki, V.Putin səsvermənin nəticələrindən asılı olmayaraq, istədiyi rəqəmi elan etməklə seçki qutusundan qalib çıxacaq.Yəni, Navalnı seçkinin saxtalaşdırılacağını söyləyib.Ona görə də müxalifət lideri digər namizədlərin seçkidə iştirakını əhəmiyyətsiz hesab edir.Maraqlıdır, digər namizədlər Navalnının bu çağırışına görə seçkidə iştirakdan imtina edə bilərmi?

Politoloqun qənaətincə, seçkilərdən hazırkı prezident Vladimir Putin qalib çıxacaq:

"Çünki namizədlərin Putinlə rəqabət aparmaq imkanı yoxdur. Adıçəkilən şəxslər parlament partiyalarının təmsilçiləridir, onların hakimiyyətdə müəyyən münasibətləri var, eyni zamanda öz partiyalarını təbliğ etməyi fikirləşirlər.Teleaparıcı Kseniya Sobçak üçün bu növbəti əyləncədir və prosesdə iştirak edir.Onun da seçkidən imtina edəcəyini düşünmürəm”.

Yeganə Oqtayqızı







Həftənin ən çox oxunanları