Yuxarı

Qarabağda sülh üçün güzəşt: Azərbaycandan nə istənilir?

Qarabağda sülh üçün güzəşt: Azərbaycandan nə istənilir?

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar  2017-ci ildə də heç bir nəticə vermədi. İşğalçı Ermənistanın danışıqlar prosesindən və konstruktiv mövqedən qaçması məsələnin sülh yolu ilə həllini çətinə saldı. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya faktoru da öz sözünü deyir. ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatların fəaliyyətində də gözədəyən nəticə olmadı. Bu münaqişədə zərər çəkən, torpaqları işğal olunan tərəf Azərbaycan olsa da, rəsmi Bakıdan da güzəşt tələb olunur. 

Azərbaycan isə torpaqlarının bir qarışını da güzəştə getməyəcəyini, problemin ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmasında maraqlı olduğunu bəyan edib. Azərbaycan onsuz da 20 ildən artıqdır ki, işğalçı Ermənistana güzəştə gedir. Belə ki, Azərbaycanın sülh danışıqlarından imtina etməməsi, münaqişənin sülh çərçivəsində öz həllini tapması üçün çalışması Ermənistana edilən ən böyük güzəştdir. 

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Azərbaycanın güzəşt etməsi məsələsi daim masada olub:

"Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti və bu illər ərzində aparılan danışıqlar təəssüf ki, nəticəsiz başa çatır. Ötən ilin sentyabr ayından başlanan danışıqlar prosesi hələ ki davam etməkdədir. Sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-ın Minsk Qrupunun həmsədlərinin təşəbbüsü ilə keçirilən danışıqlarda və oktyabrda prezidentlərin Cenevrə görüşündə kompromis və güzəştlər masada olub. Azərbaycandan Qarabağın müstəqilliyinə "hə” deməsi istənilir. Minsk Qrupu həmsədrlərinin "xaqların öz müqəddəratını təyin etmə prinsipini” vurğulaması birmənalı olaraq Azərbaycanı güzəştə məcbur etməkdir”. 

M.Əsədullazadə qeyd edib ki, Azərbaycanın danışıqlarda güzəştə gedəcəyi əsas şərt yalnız Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət verməkdir:

"Hesab edirəm ki, Azərbaycanın bundan hər hansı üstün güzəştə getməsi yolverilməzdi. Azərbaycanın danışıqlarda tutacağı mövqe yalnız ölkənin ərazi bütövlüyünün toxunulmazlığıdır. Ermənistan xarici işlər naziri Eduard Nalbandyanın ilin axırında keçirdiyi mətbuat konfransında Qarabağla bağlı qeyd etdikləri birbaşa sabotaj və Azərbaycanın əleyhinədir, həmçinin danışıqların formatına ziddir. Onun vurğuladığı paket həllində Qarabağın azərbaycanlılarsız referendumu nəzərdə tutulur. Azərbaycan qəti şəkildə buna getməməli və yalnız azərbaycanlı icma Qarabağa qayıtdıqdan sonra referendum Azərbaycan ərazisində keçirilməlidir. Bu il imitasiya xarakterli danışıqlara gedilməmək, güc tətbiqi yolu ilə Ermənistanı güzəştə məcbur etmək lazımdır. Azərbaycanın Ermənistana güzəştə gedəcəyi hər hansı ərazi yoxdur. Ümumiyyətlə, danışıqlarda yalnız Ermənistanın güzəştə getməsi lazımdır. Azərbaycanın güzəşti atəşkəsin qorunması deməkdir. Əslində ölkəmizin silahlı qüvvələri Ermənistan ordusunun cəbhədə möhkəmlənməsinin qarşısını almalı, müdafiə xəttinin qurulmasına imkan verməməlidir. Bu, Ermənistana ciddi təzyiq olacaq. Əfsuslar olsun ki, ATƏT-ın monitoriq qrupu üzvlərinin sayının artırılması atəşkəsin qorunmasına hesablanıb. Azərbaycan öz hərbi təzyiqlərini artırsa, Ermənistan güzəştə məcbur olacaq”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları