Yuxarı

Putinin "qara siyahısı”nda kimlər var?

Putinin

Rusiyada keçiriləcək prezident seçkilərinə 2 aydan çox vax qalmasına baxmayaraq, seçkidə iştirak edəcəyini açıqlamış prezident Vladimir Putin artıq gələcək planlarından danışmağa başlayıb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, seçkidən qalib çıxacağına əmin olan Putin öz komandasında dəyişikliyə gedəcəyinin anonsunu verib. Rusiya başçısı KİV-lərdə yayılan informasiyalarda hökumətin qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində maksimum nəticələrin əldə etdiyini eşitmək istədiyini deyib: "Mən realistəm və çox gözəl başa düşürəm ki, çətin ki bizim bütün qoyulan vəzilifələrin əla yerinə yetirilməsi haqqında xəbər nə vaxtsa səslənsin”.

Putinin "dişsiz” rəqibləri

Qeyd etdiyimiz kimi, Rusiyada keçiriləcək prezident seçkilərinə 2 aydan çox vaxt qalır. Artıq Putin seçkidə iştirak edəcəyini açıqlayıb və mövcud vəziyyətə nəzər yetirsək, onun marafonda birinci gələcəyinə şübhə yoxdur. Müxalifətin radikal qanadının lideri Aleksey Navalnı seçkilərə buraxılmadı. Artıq Mərkəzi Seçki Komissiyası Navalnının sənədlərini rədd edib. Buna görə də müxalifət lideri seçkiləri boykot edib və cəmiyyəti də nəticələri Putinin lehinə saxtalaşdırılacaq prosesə qatılmamağa çağırıb. Yəni, seçkidə rəqib kimi Putinin "dişə çəkə” biləcəyi namizəd - Aleksey Navalnı vaxtından əvvəl oyundan kənarlaşdırıldı. Qalan namizədlərin isə Rusiya cəmiyyətində o qədər də nüfuzları yoxdur və qeyri-ciddi siyasətçilər kimi qəbul edilirlər. 

Söhbət Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov və və Rusiya Liberal  Demokrat Partiyasının lideri Vladimir Jirinovskidən gedir. Hər iki şəxs ruslar tərəfindən prezident kürsüsünü etimad edilməyə layiq olmayan şəxslər kimi qəbul edilməsi ilə yanaşı, Jirinovski və Züqanov həm də həddən artıq yaşlıdır. Digər yandan, Rusiyada keçirilən son rəy sorğuları Putinin hələ də federasiya daxilində reytinqinin yüksək olduğunu göstərir. 

Kreml başçısının hədəfindəki şəxs

Başqa sözlə, Vladimir Putinin öz postunu qoruyub saxlayacağına şübhə yoxdur. Seçildikdən sonra yeni və köhnə prezidentin daxili və xarici siyasətdə hansı addımları atacağı hazırda Rusiyada müzakirə olunan əsas mövzudur, nəinki seçkilərdə kimin qalib gələcəyi. Rusiyalı mənbələr Putinin öz siyasi komandasında ciddi dəyişikliyə gedəcəyini, yaxud, bir sıra nüfuzlu şəxsləri postlarından uzaqlaşdıracağına şübhə yeri qoymurlar. Ekspertlərin qənaətinə görə Putin artıq sistemdən dışlayacağı şəxsləri də bəlli edib. Hesab edilir ki, Putinin yeni komandasında yer ala bilməyəcək şəxslərin başında baş nazir Dmitri Medvedyev və digərləri gəlir.

Medvedyevin səhvi

Putinin Medvedyevi hədəfə alması təsadüfi deyil, bu, onun baş nazir kimi fəaliyyəti dönəmində prezidentin nüfuzuna zərbə sayılacaq addımlar atması və digər səbəblərlə bağlıdır. Lakin bu məqamda Putinin Medvedyevi sistemdən dışlamaq istəyinin tamam başqa amillərlə bağlı olduğuna da şübhə yoxdur. 

Məsələn, keçən ilin yay aylarında Rusiyanın bir sıra iri şəhərlərində keçirilən sosial xarakterli mitinqlərdə səmərəsiz fəaliyyətdə və rüşvət almaqda ittiham edilən Medvedyev istefaya çağırıldı. Bundan əvvəl isə Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu baş nazirin milyardlarla dollar dövlətə məxsus pulları mənimsəməsi faktını üzə çıxarmışdı. Başqa bir tərəfdən Medvedyev - Putin münasibətləri də qaydasında deyil. 2015-2016-cı illərdə KİV-lərdə baş nazir və prezident arasında münasibətlərin gərgin olmasına dair irihəcmli məlumatlar yayılırdı. Lakin münasibətlərin hansı səbəbdən pozulmasıyla bağlı faktlar üzə çıxarılmasa da Putinin nazirlərlə keçirdiyi görüşlərində Dmitri Medvedyevin yer almadığı da diqqətdən yayınmırdı. Son 2 il ərzində Putin Medvedyevlə cəmi bir dəfə görüşüb və görüşdən sonra baş nazir açıqlama verərək, prezidentlə dost olduğunu və münasibətlərindəki problemlərin həll edildiyini dedi. Bu, münasibətlərdə ciddi problemlərin olmasına dair o vaxtadək olan ehtimalların Medvedyevin öz dilindən təsdiq edilməsi idi. Keçən ilin yay aylarında bölgələrdə Medvedyev əleyhinə keçirilən aksiyalar isə göstərirdi ki, Putin özü qarşısına böyük səhv etmiş Medvedyevi bağışlamaq fikrində deyil. Bu səhvin isə nədən ibarət olduğu müəmmalıdır.

"Dəyişikliyə Lavrovdan başlamaq lazımdır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, seçiləcəyi halda Vladimir Purtinin hansı şəxsləri komandasından uzaqlaşdıracağı barədə indidən fikir demək çətindir. Lakin partiya rəsmisi hesab edir ki, hansı şəxsin postundan uzaqlaşdırılmasından asılı olmayaraq, bu, Rusiyanın mövcud idarəetmə sistemində dəyişikliyə səbəb olmayacaq:

"Əgər Rusiyanın mövcud idarəetmə sistemində ciddi dəyişikliyə ehtiyac varsa, ilk növbədə sistemin özünü dəyişmək lazımdır. Yaxud, Rusiyanın xarici siyasətindəki prioritetlərə əl gəzdirilməlidir. Hesab edirəm ki, dəyişikliyə Dmitri Medvedyevdən yox, Sergey Lavrovun özündən başlamaq lazımdır. Çünki Lavrov Rusiyanın xarici siyasətinin ən böyük problemlərindən biridir. Rusiyanın digər dövlətlərlə münasibətlərinin gərginləşməsinə səbəb olan şəxslərdən biri də Lavrovdur. Onun fəaliyyəti dönəmində Rusiyanın düşmənlərinin sayı kifayət qədər artıb. Amma bütün hallarda Medvedyev, yaxud, digər şəxslərin postlarından uzaqlaşdırılmasının ciddi dəyişikliklərə gətirib çıxaracağını düşünmürəm. Çünki problem konkret şəxslərlə bağlı deyil, siyasi sistemin özü problemdir. Mövcud sistem Rusiya iqtisadiyyatının özü üçün də zərərlidir. Əgər idarəetmə sisteminin dəyişdirilməsi istiqamətində real addımlar ayılmayacaqsa, Rusiyanın xarici və daxili siyasətindəki problemlər həllsiz qalacaq”.

Elçin Mirzəbəylinin sözlərinə görə,  Rusiyanın xarici siyasəti ilə iqtisadi potensialı üst-üstə düşmür: "Eyni zamanda, Rusiyanın qonşu dövlətlərə münasibətinə də bu iqtisadi imkanlar cavab vermir. Sistem dəyişməyəcəyi halda, hansı hökumətin iqtidarda olmasından asılı olmayaraq, bu problemlərin öhdəsindən gəlmək mümkün olmayacaq. Əsas problem sistemin özündədir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları