Yuxarı

Ermənistan yenidən 2 mart qırğınına gedir

Ermənistan yenidən 2 mart qırğınına gedir

Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək.  Artıq Ermənistan rəhbərliyi bu barədə rəsmi açıqlama yayıb.

Cenhe.info-nun  məlumatına görə, hakim  Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan  namizədliklərin müzakirəsinə bu həftədən etibarən başlanacağını deyib.

Xatırladaq ki, Ermənistan parlamentli respublika üsul-idarəsinə keçdiyinə görə,  prezidenti ilk dəfə olaraq ümumxalq səsverməsi əsasında deyil, Milli Məclis tərəfindən seçiləcək. Onu da qeyd edək ki, indiki prezident  Serj Sarkisyanın iki dəfə prezident seçildiyindən konstitusiya onun üçüncü müddətə namizədliyini irəli sürməsini qadağan edir. Seçkilər yaxınlaşdıqca Ermənistanın 4-cü  prezidenti vəzifəsinə yeni namizədlərin adları açıqlanır.

Hazırda bu posta ən real namizəd kimi xarici işlər naziri Edvard Nalbandyan, Ermənistanın birinci müdafiə naziri Vazgen Manukyan, Ermənistan Konstitusiya Məhkəməsinin sədri  hazırki sədri Qagik Arutyunyan, Ermənistanın birinci prezidenti və müxalifət lideri Levon Ter-Petrosyan  və parlamentdəki "Yelk” ("Çıxış”) fraksiyasının namizədi  Aryak Zeynalyanın  adları çəkilir. Ən diqqətçəkən məqamlardan biri isə Dağlıq Qarabağ separatçılarının sabiq rəhbəri Arkadi Qukasyanın namizəd olacağı xəbəridir. Digər məlumatlara görə, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyanın da  prezident postuna təsdiqlənmək üçün Serj Sarkisyan tərəfindən parlamentə təqdim oluna bilər.  Xatırladaq ki, Armen Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub.  2013-cü ildən Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edilən Armen Sarkisyan Ermənistanın sabiq baş naziri Vazgen Sarkisyanın qardaşıdır.  Vazgen Sarkisyan Azərbaycan torpaqlarının, o cümlədən Şuşanın işğalında fəal iştirak etdiyinə görə ona Ermənistanın Milli Qəhrəmanı adı verilib.  Lakin 1996-cı ilin oktyabr  ayında  Ermənistan parlamentinin gülləbaran edilməsi zamanı spiker Karen Demirçyanla yanaşı Vazgen Sarkisyan da  qətlə yetirldi. Onun ailəsini və tərəfdarlarını sakitləşdirmək üçün qardaşı Armeni baş nazir təyin edən sabiq prezident  Robert Koçaryan bir ildən sonra  onu bu vəzifədən uzaqlaşdırıb. 

64 yaşlı A.Sarkisyan xaricdəki erməni diasporusının  fəal nümayəndələrindən sayılır. O, həmçinin geniş maliyyə imkanlarına malikdir. 

Onu da vurğulamaq lazımdır ki, bu günlərdə prezident Serj Sarkisyan yeni siyasi varisi ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, növbəti prezident  əvvəllər  fəal  siyasətlə  məşğul olmayan, heç bir partiya üzvü olmamış, ölkə daxilində və xaricində yüksək  nüfuza, geniş  əlaqələrə malik şəxs  olmalıdır. 

Amma siyahıya nəzər salsaq görərik ki, adıçəkilən şəxslərin əksəriyyəti fəal siyasətlə məşğul olur.  Analitiklərin rəyinə görə, Serj Sarkisyan  ilk növbədə özünə yaxınlığı ilə seçilən və Rusiya ilə razılaşdırlmış namizədin onu əvəzləməsini istəyəcək.  Bu baxımdan, fəal siyasətlə məşğul olmayan şəxs deyiləndə əsas  diqqət  Qagik Arutyunyanın üzərinə yönəlir. Çünki  kifayət qədər yaşlanmış və fəal siyasətdən uzaq olan Arutyunyan  Ermənistanda daha çox hüquqşünas-mütəxəssis kimi  tanınır.  Armen  Sarkisyan diplomatik fəaliyyətlə məşğul olsa da, ciddi siyasi karyeraya malik deyil.  Moskva bu prosesdə daha çox Edvard Nalbandyanın namizədliyi  üzərində dayansa da,  formal səlahiyyətlərə malik olan prezidentliyə  maraq göstərənlərin sayı azdır. Çünki aprel ayında Ermənistanda parlamentar sistemə keçidin təmin olunması ilə parlament tərəfindən seçiləcək baş nazir  ali icra hakimiyyətinin rəhbəri olacaq. 

Hazırda hökumət başçısı yerinə ən real namizəd Serj Sarksiyam olduğundan onun məhddud səlahiyyətlərə malik prezident kürsüsünə də özünə yaxın şəxsi gətirməsi  ehtimalı yüksəkdir.  Yəni, həmin şəxsin Qarabağ kalnının nümayəndəsi ola biləcəyini söyləmək olar.  Mövcud namizədlər sırasında  Arkadi Qukasyan məhz Qarabağ klanının nümayəndəsi kimi siyahıya daxildir.  Bu məsələdə istisna hal baş verərsə, yəni  Ermənistan klanının nümayəndəsi  prezident seçilərsə,  Sarkisyanın sözügedən gedişi  etməklə cəmiyyətdə siyasi qüvvələr balansını saxlamağa çalışdığını söyləmək olar. Lakin Arkadi Qukasyanın Serj Sarkisyana  siyasi varis gətirilməsi  Robert  Koçaryanın  hakimiyyəti Serj Sarksiyana ötürməsi ssenarisinin təkrarı deməkdir.  Bu da öz növbəsində Ermənistan cəmiyyətində siyasi ehtirasları yenidən alovlandıra bilər.  2008-ci ildə keçirilən prezident seçkiləri zamanı Erməni Ümummilli Konqres Partiyasının lideri Levon Ter-Petrosyan Serj Sarkisyana qalib gəlmişdi.

Ölkədə baş vermiş kütləvi etiraz aksiyaları və bir sıra məmurların Ter-Petrosyanın tərəfində keçməsi artıq Qarabağ klanının siyasi süqutu ilə nəticələnirdi.  Buna baxmayaraq, Rusiyanın siyasi və hərbi dəstəyi sayəsində 2008-ci il martın 1-dən 2-ə keçən  gecə oturaq dinc aksiya iştirakçılarına divan tutuldu, odlu silahdan atəş açılaraq etiraz mitinqləri dağıdıldı. Nəticədə Serj Sarkisyan hakimiyyəti qəsb edə bildi.  10 ildən sonra yenidən martın 2-də Qarabağ klanı tərəfindən uzurpasiya (hakimiyyətin zorla ələ keçirilməsi-müəllif) prosesinin baş verməsi ehtimalı yaranıb. Ancaq bu dəfə Sarkisyanın qalib gələcəyini söyləmək çətindir. 

Müşfiq Abdulla 





Həftənin ən çox oxunanları