Yuxarı

Putinin taxtına hazırlanan gizli müxalifət

Putinin taxtına hazırlanan gizli müxalifət

"Qərbin Rusiyaya sanksiyaları bu ölkədə prezidentə qədər hakimiyyəti dəyişmək üçün nəzərdə tutulub”. "Cümhuriyət” qəzeti xəbər verir ki, bunu VTB-nin rəhbəri Andrey Kostin Davos forumunda deyib. Kostin bildirb ki, Qərb sanksiyalar vasitəsilə Rusiyaya təzyiq göstərmək niyyəti daşıyır: "Onlar Rusiyada özlərinə sərf edən şəxsi hakimiyyətə gətirmək istəyirlər. Bu, çox böyük iqtisadi müharibədir. Biz bunu olduqca ciddi qəbul edirik". 

Qərbin Putini öz əli ilə vurmaq planı

Rusiya KİV-ləri də Qərbin mart ayında keçiriləcək prezident seçkilərində qalib gəlmək ehtimalı yüksək olan Vladimir Putini devirmək üçün "yol xəritəsi”nin hazır olduğunu iddia edirlər. Mənbələr qeyd edirlər ki, böyük ehtimalla seçkilərə müdaxilə edəcək ABŞ kəşfiyyatı digər yandan, federasiya subyektlərində qarışılıq yarada biləcək digər təxribat mexanizmini də işə salacaq. Söhbət vaxtilə Putin tərəfindən dışlanaraq Avropaya üz tutmuş rusiyalı oliqarxlardan gedir. İddia edilir ki, ABŞ Putin tərəfindən sürgün edilmiş oliqarxların onun özünə qarşı xidmətlərində maraqlıdır. Artıq Qərbin hazırkı prezidentə qarşı alternativinin olduğu da diqqətə çatdırılır. Gizli namizədin Putinin öz komandası daxilində təmsil olunan nüfuzlu oliqarxlardan biri olması barədə şübhələr var.

Putini gözləyən sürpriz

Bu günlərdə xarici, xüsusilə də Amerika KİV-lərində dərc edilən "Putinin çoxdan gözlədiyi inqilab Rusiyaya gəlir”, başlıqlı məqalələr də diqqət çəkir. Sosial şəbəkələrdə Vladimir Putin əleyhinə başlayan kampaniyaları dəstəklərən Qərbin siyasi institutlarının Kreml başçısını devirmək üçün bir neçə sui-qəsd nəzəriyyəsi hazırladıqları ehtimal edilir. Müxalifət lideri Aleksey Navalnının seçki prosesindən uzaqlaşdırılmasından sonra Rusiya cəmiyyəti daxilində başlayan hərəkətliliyə kənardan və müxalifətin radikal qanadından dəstəyin veriləcəyi də dəqiqləşməyə başlayıb. Amerikalı politoloq Ceyson Liyall hesab edir ki, kənar müdaxilələrin də olacağı proseslərin əsas təkanverici qüvvəsi cəmiyyət və müxalifət olacaq. Politoloq deyib ki,  Putinin Ukraynadakı hərbi fəaliyyətlərinə görə Qərb tərəfindən tətbiq edilən sərt sanksiyaların Rusiya iqtisadiyyatında ortaya çıxardığı böhranın cəmiyyətin fokuslandığı əsas məsələ olacaq: "Putinin seçkilərə müdaxiləsi və özünün seçilməsi üçün yaratdığl münbit zəmin, Rusiyada ümumxalq etirazlarının başlanmasına təkan verə bilər. Sosial şəbəkələrdə Putin əleyhinə başlamış etirazları da bura əlavə etsək, cəmiyyətin gözlənilmədən hakimiyyətə qarşı çıxacağı ehtimalı yüksəkdir. Putinə rəqib olacaq müxalifət nümayəndələrinin prosesdən kənarlaşdırılması, oliqarxlara artan təzyiqlər, yəni seçkilərin əvvəldən saxtalaşdırılması Rusiyada ciddi siyasi proseslərin başlayacağına işarədir. Putinin hiyləsi onun özünə zərər verəcək”.

"Putin üçün əsas təhlükə siyasi və biznes elitasıdır”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hələ prezident Barak Obama dövründən ABŞ siyasi istibleşmenti açıq mesajlar verirdi ki, Rusiyada Putinin hakimiyyəti Vaşinqton üçün qəbuledilməzdir. Politoloq hesab edir ki, Avropa İttifaqı ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe olmasa da, Putinin hakmiyyəti illərində, xüsusilə, 2008-ci ildən sonra Moskvanın aqressiv xarici siyasətə üstünlük verməsi, geosiyasi proseslərdə Qərb ölkələri ilə açıq qarşıdurmadan çəkinməməsinin ciddi narazılıqla qarşılandığını gizlətmirdilər:

"Putin Rusiyasının ABŞ və Avropa İttifaqı ölkələri ilə açıq rəqabətə girməsi və öz maraqlarını israrla diktə etməyə çalışması 2008-ci ildən sonra beynəlxalq münasibətlərdə yeni situasiya yaradıb. Xüsusilə, Moskvanın Qərb dünyasından narazı qalan, ABŞ-ın supergüc kimi hegemonluğunu qəbul etmək istəməyən və dünyada təsir imkanlarının, nüfuz coğrafiyasının yenidən müəyyənləşdirilməsinə çalışan ölkələrin səylərini əlaqələndirməyə çalışması Vaşinqton, Paris, London, Berlin və Təl-Əvivdə daha çox narahatlıqla qarşılanır. Rusiyanın bu siyasəti, Qərb dünyasına qarşı iddiaları gündəliyə gətirməklə onlara impuls və dəstək verir, müəyyən perspektivlər vəd edir. Xüsusilə, Çin, İran kimi ölkələrə daha çox cəsarət verir. İqtisadi rəqabətdə Türkiyə, Pakistan, Şərqi Asiya ölkələri, hətta Avropa İttifaqı üçün yeni manevr imkanları açır. Bütün bunları Putinin adı, mövqeyi ilə bağlıdır. Bu baxımdan, obrazlı ifadə etsək, Putin mümkün "qlobal qiyamın” ideoloqu və ilkin lideri kimi çıxış edir. Putinin Kremldən uzaqlaşdırılması, şübhəsiz ki, ABŞ və Qərb ölkələrinin əsas məqsədlərindən biri kimi nəzərdən keçirilə bilər. Bu məqsədlə hələ ki, sanksiyalar siyasətinə üstünlük verilir”.

Zaur İbrahimli qeyd edib ki, sanksiyalar siyasi və biznes elitada, cəmiyyətdə Putinə qarşı etimadsızlıq yaratmaq məqsədi güdür:

"Amma 2014-cü ildən bəri sanksiyalar bu effekti vermir. 2017-ci ildə Rusiya iqtisadiyyatı kiçik də olsa, böyüyüb. İnflyasiya 4%-ə enib. İşsizlik göstəriciləri də əvvəlki illərdən pis deyil. Milli valyutanın kursu sabitləşib. Rusiya OPEC-lə razılığa gələrək neftin qiymətinin aşağı düşməsinin qarşısını ala bilib. Bununla belə, bu il fevral ayında sanksiyaların daha da sərtləşəcəyi gözlənilir. Bu sanksiyalar Rusiya iqtisadiyyatının əsas dektorları üçün çox ağrılı olacaq. Amma müşahidələr və aparılan tədqiqatlar göstərir ki, əhali bu vəziyyəti hələ ki, anlayışla qarşılayır. Putin üçün əsas təhlülkə siyasi və biznes elitasıdır. Amma düşünmürəm ki, tezliklə Qərb Putinin Kremli tərk etməsinə nail olsun. Putin cəmiyyətdə xarici siyasət məqsədləri, ideoloji dəyərlərlə bağlı konsensusa nail ola bilib. Tezliklə situasiyanın dəyişəcəyi ağlabatan görünmür. Təbii ki, fors-major vəizyyətlər hər zaman yarana bilər. Amma sırf elektoral proseslər, cəmiyyətin hazırkı ideoloji-siyasi vəziyyəti, elitaların münasibəti Putinin lehinədir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları