Yuxarı

Putinin "sağ əli” gedir

Putinin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın aylarda vəzifəsini tərk edə bilər. Xüsusilə də son vaxtlar Rusiya XİN rəhbərinin səhhətində problemlərin yaranması barədə məlumatların ortaya çıxması Lavrovun istefaya gedəcəyinə dair rəyləri artırıb.

Xatırladaq ki, Lavrovun xəstəlikdən əziyyət çəkdiyinə görə, işini davam etdirə bilmədiyi haqda informasiyanı ilk dəfə "Bloomberq” agentliyi açıqlayıb. Adıçəkilən agentliyin müxbirinin ötən həftə mətbuat konfransında Sergey Lavrovdan onun xəstəliyinin nədən ibarət olduğunu soruşub və nazir cavab verməkdən yayınıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Lavrovun xəstə olması barədə məlumata malik olmadığını deyib. 

Digər proqnozlara görə, Sergey Lavrov mart ayında keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni hökumətdə yer almayacaq. Seçkilərdə Vladimir Putinin 4-cü müddətə yenidən dövlət başçısı seçiləcəyi şübhə doğurmur. Ancaq onun ən yaxın kadrlarından sayılan və 2004-cü ildən Rusiya diplomatiyasına rəhbərlik edən 67 yaşlı S.Lavrov indi bu postu tərk edə bilər. Onun səhhətində problemlərin olması barədə yayılan xəbərlər isə S.Lavrovun sakitcə yola salınması üçün bir bəhanə rolunu da oynaya bilər. 

Ancaq S.Lavrovun kiminlə əvəz ediləcəyi sualına konkret cavab vermək çətindir. Çünki Rusiya kimi fövqəldövlətin xarici siyasət idarəsinə başçılıq etmək böyük diplomatik təcrübə tələb edir. Əgər V.Putin Lavrovu vəzifəsindən çıxartmaq qərarına gəlibsə, onun yerinə təyin olunacaq kadrı da tapdığı şübhə doğurmur. Hazırda Rusiyanın xarici siyasətinin yönləndirilməsində fəal iştirak edən bir sıra siyasətçilər var ki, onlardan birinin də xarici işlər naziri postuna gətiriləcəyini ehtimal etmək olar. 

Bu sırada ilk növbədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin adını çəkmək olar.

68 yaşlı Karasin dünyada tanınmış diplomatlardandır. Beynəlxalq münasibəətlər üzrə mütəxəssis olan Q.Karasin 2005-ci ildən Rusiya xarici işlər nazirinin müavinidir.

Lavrovu əvəz edə biləcək digər şəxs 58 yaşlı Sergey Ryabkovdur.

Hazırda 2008-ci il avqustun 15-də Rusiya xarici işlər nazirinin müavini təyin edilən S.Ryabkov bir diplomat kimi zəngin təcrübəyə malikdir. Ryabkov Putinin hakimiyyətinin ilk illərində Rusiya XİN -nin ATƏT-lə və Ümumavropa ilə əlaqələr Departamentinə rəhbərlik edib. 2002-2005-ci illərdə Rusiya Federasiyasının ABŞ-dakı səfirliyində müşavir vəzifəsində çalışıb. 2008-ci ildən Şimali və Cənubi Afrika ölkələri ilə ikitərəfli münasibətlərin idarəolunması işini idarə edir. Eyni zamanda, S.Ryabkov İranın nüvə proqramı və silahlanmasına beynəlxalq nəzarət məsələsində Rusiyanı təmsil edir. 

Lavrovu əvəz edə biləcək namizədlərdən biri kimi də Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Fkarns Kilintseviçin adını çəkmək olar.

Belarusda anadan olmuş. F.Kilintseviçin 61 yaşı var. O, iki ixtisasa malikdir. Psixologiya emləri namizədi olan Kilintseviç Rusiyada daha çox hərbi fəaliyyəti ilə tanınır. Belə ki, 1980-ci ildən Rusiya Ali Hərbi-Siyasi Məktəbinin tank və artilleriya qoşunlarının yüksək rütbəli zabiti olan F.Kilintseviç həmin vaxtdan Əfqanıstan müharibəsində iştirak edib. Rusiya Hava-Desant Qüvvələrinin ehtiyatda olan polkovniki F.Kilintseviç 1999-cu ildən başlayaraq Rusiya parlamentinin üç çağırış deputatı çeçilib. 2002-ci ildən hakim Vahid Rusiya Partiyasının Çeçenistan təşkilatına sədrlik edən F.Kilintseviç hazırda ölkənin xarici siyasətinin müəyyənləşməsində fəal iştirak edən siyasətçilərdən sayılır. Əsasən də Yaxın və Orta Şərq, Şimali Afrika ölkələri və Şərqi Avropadakı münaqişələrdə Rusiyanın geosiyasi maraqlarına dair ciddi açıqlamaları ilə seçilir. 

Rusiyanın ABŞ-dakı sabiq səfiri Sergey Kislyak da S.Lavrovun yerinə real namizəd sayıla bilər.

ABŞ-da "Ən təhlükəli diplomat” adı ilə tanınmış Kislyakın fəaliyyəti 2017-ci ilin birinci yarısında Moskva ilə Vaşinqton arasında ciddi siyasi qalmaqalın yaranmasına səbəb oldu. Rəsmi Vaşinqton S.Kislyakı ABŞ-da casusluq fəaliyyəti ilə məşğul olmaqda ittiham etdi. Rusiya səfirinin eyni zamanda, 2016-cı ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkilərinə kiberhücumların təşkil olunmasında iştirak etdiyi bildirilirdi. Sonra isə Sergey Kilslyakla gizli görüşlər keçirdiyinə görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn işdən qovulmuşdu. Həmçinin, Ağ Ev Aparatının rəhbəri Stiv Bennon da Sergey Kislyakla telefon danışıqları üzə çıxdıqdan sonra Rusiya ilə əlaqələrdə şübhəli bilinərək istefaya göndərilmişdi. Nəticədə, həm Rusiya, həm də ABŞ səfirlərini dəyişməklə qarşılıqlı gərginliyi söndürməyə çalışdı. Sergey Kislyak ABŞ-ı tərk edərkən təqaüdə çıxdığını bəyan etmişdi. Ancaq hazırda Rusiya Federasiya Şurası Məclisinin üzvü olan Kremlin Kislyak Qərbin qarşısına çıxaracağı ən güclü diplomatik silahlardan hesab edilir. 

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya da xarici işlər naziri postuna gətirilə bilər.

Amma 2017-ci il iyulun 27-dən BMT-də səfirlik edən V.Nebenzyanın 72 yaşı var. O, Rusiya xarici işlər nazirinin birinci müavini səlahiyyətlərinə malikdir. Nebenzyanın təqaüd yaşı çatdığından nazir təyin edilməsi ehtimalı azdır. 

Məsələni şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Putin hələlik Sergel Lavrovun fəaliyyətindən razı görünür. Amma Lavrovun səhhətində problem yaranıbsa onu da dəyişə bilər:

"Sadəcə, Putinin Lavrovu əvəz edəcək kadrı varmı? Lavrov Azərbaycanla bağlı ikili oyunlar oynasa da, Rusiya üçün məqbul bir nazirdir. Lavrovu dəyişmək üçün gərək onun yerinə güclü bir siyasi fiqur tapsın. Belə bir diplomatın olduğunu indi demək çətindir. Amma Lavrovun səhhətində həqiqətən problem vasa, Vladimir Putin onu seçkilərdən öncə də dəyişə bilər. Məsələn, Qriqori Karasin tanınmış və təcrübəli diplomatdır. Ona görə də Lavrovu əvəz edə bilər. Əgər Lavrovun xəstəliyi ilə bağlı məlumatlar doğrudursa, Putin seçkiləri gözləmədən, yeni xarici işlər nazirini müəyyənləşdirməli və onun təyinatını qısa müddətdə həyata keçirməlidir”. 

Lakin politoloq hesab edir ki, Sergey Lavrov nazir kimi müsbət fəaliyyəti ilə yadda qalmayıb: "Krımın ilhaqına Rusiyada qələbə kimi baxırlar. Əslində Krımın işğalı Rusiyanın məğlubiyyətidir. Bu məğlubiyyətin müəlliflərindən biri də Sergey Lavrovdur. Onlar müharibəni qazansalar da, qardaş dövət adlandırdıqları Ukrayna ilə münasibətləri gərginləşdirdilər. Qərbin Rusiyaya qarşı sanksiyalarının tətbiq olunmasında da Lavrovun payı var. Qərb dünyası ilə, qardaş adlandırdıqları ölkələrlə münasibətlər xeyli pisləşib. Bütün bunlar Lavrovun uğursuz fəaliyyətinin nəticəsidir”. 

Elxan Şahinoğlu onu da bildirdi ki, S.Lavrovun yerinə onun siyasətini davam etdirəcək bir şəxs təyin ediləcək.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları