Yuxarı

Sarkisyan sülhə qarşıdır: Həmsədrlər gerçəyi görəcəkmi?

Sarkisyan sülhə qarşıdır: Həmsədrlər gerçəyi görəcəkmi?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, italiyalı həmkarı Ancelino Alfano ilə görüşəcək.Fevralın 1-də keçirilməsi nəzərdə tutulan görüşdə diplomatlar Qarabağ münaqişəsini müzakirə edəcəklər.Qeyd edək ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. "Xarici işlər nazirlərinin görüşü zamanı 2018-ci il üzrə iş planı, o cümlədən, ümumavropa çağırışlarına kollektiv cavabların tapılması, təhlükəsizlik məsələləri, inamın bərpa olunması, həmçinin terrorizmə, narkotiklərin qanunsuz dövriyyəsinə, kiber təhdidlərə qarşı mübarizədə təşkilatın rolu müzakirə olunacaq. Həmçinin ATƏT məkanında, o cümlədən Ukraynada, Dnestryanıda, Cənubi Qafqazda regional, münaqişələrin həllinə yardım məsələləri müzakirə ediləcək”, - deyə M.Zaxarova vurğulayıb.

Bu görüşün Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışından sonraya təsadüf etməsi əslində görüşün mahiyyətini bir az artırır. Çünki işğalçı Ermənistan rəhbəri AŞPA-da açıq şəkildə sülh istəmədiyini bəyan edib.Beynəlxalq tribunadan belə bir fikrin erməni prezident tərəfindən səsləndirilməsi yəqin ki, Lavrov və ATƏT nümayəndələrinin də gözündən yayınmayıb.Lavrov və ATƏT sədri bu dəfəki görüşdə məhz Sarkisyanın bu fikri üzərindən müzakirə aparsalar və birmənalı olaraq Ermənistanın sülh tərəfdarı olmadığı qənaətinə gətirsələr, bu görüşü məhsuldar saymaq olar.Əks halda, gündəlik protokol qaydasına çevrilən görüşlərdən olacaqsa, bu münaqişənin həllinə heç bir töhfə verməyəcək.Nəhayət hər kəs, Ermənistanın tərəfdaşı olan Rusiya, erməni maraqlarından çıxış edən ATƏT-in Minsk qrupu və digər xristian təəssübkeşliyi çəkən ölkələr başa düşməlidirlər ki, Ermənistan sülh tərəfdarı deyil.Ona görə də Ermənistanla masa ətrafında deyil, başa düşdüyü dildə danışmaq lazımdır.Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquq normalarında tanınır və işğal olunmuş ərazilərin qaytarılması üçün istənilən variantı tətbiq etməyə tam olaraq hüququ çatır.

Maraqlıdır, Lavrov ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağ məsələsinin müzakirəsini hansı tezislər üzərində quracaq və nəticə nə olacaq?

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə açıqlamasında bu görüşdə Ermənistana qarşı hansısa fikrin səsləndiriləcəyini gözləmədiyini deyib:

"Hesab etmirəm ki, bu görüş yalnız Qarabağ münaqişəsinin müzakirəsi ilə bağlıdır. Ancaq təbii ki, Qarabağ məsələsi haqqında müzakirələrin aparılacağı istisna deyil.Ancaq Sarkisyanın çıxışına qarşı hansısa sərt bəyanatların verilməsi gözlənilmir.Məlumdur ki, Ermənistan Avropa ilə saziş imzalayıb və Avrointeqrasiya yolu tutub.Hesab edirəm ki, bu da müəyyən qədər Ermənistanın görüntü xarakterli gedişi idi.Məhz bu gedişlərlə Ermənistan özünü Avropa məkanında sığortalamağa çalışır. Digər tərəfdən, bu il seçki ilidir. Həm Azərbaycan, həm Rusiya, həm də Ermənistan seçkiyə gedəcək. Ümumiyyətlə, 2018-ci il dünya üçün gərgin il hesab olunur. Digər tərəfdən, Yaxın Şərqdə proseslər fərqli məcralara yönəlir.Hesab etmirəm ki, belə bir gərgin şəraitdə Qarabağ münaqişəsi ön plana çəkilsin.Bu baxımdan 2018-ci ildə Qarabağ məsələsində hər hansı bir irəliləyiş gözləmirəm.Sadəcə olaraq formal görüşlərin davam etdirilməsinə çalışacaqlar.Beynəlxalq qurumlar Ermənistana qarşı heç bir cəza tədbiri görməyəcəklər”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə Sarkisyanın AŞPA-dakı çıxışının bu görüşdə müzakirəsinin qaçılmaz olduğunu deyib:

"ATƏT-in yeni italiyalı sədrinin Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşü əsasən Avropada, xüsusilə, Ukraynanın şərqində və Cənubi Qafqazda təhlükəsizlik problemləri və onun çıxış yollarına həsr olunacaq. Hazırda ATƏT Rusiyanın birbaşa iştirakçısı və tərəf kimi iştirak etdiyi münaqişələrdə danışıqlar prosesinin əsas koodinatorudu və Avropada ümumi təhlükəsizliyin qorunmasında böyük siyasi təşkilatdı.

Yeni sədrin Lavrovla görüşündə regional münaqişələrin həlli danışıqların əsas predmeti olacağını düşünürəm.Ondan əlavə, İtaliya həmsədr ölkə kimi Qarabağ münaqişəsinin həllində daim aktivlik nümayiş etdirməyə hazır olduğunu qeyd edir.İtaliyanın münaqişənin həlli ilə bağlı mövqeyi Azərbaycanın milli maraqlarına uyğundur.ATƏT sədri seçilən İtaliyanın xarici işlər naziri də Qarabağ münaqişəsinin həllində fəal olacağını vurğulamışdı.Bu görüşdə Qarabağ probleminin həlli, Rusiyanın vasitəçiliyi və Ermənistan prezidenti Serj Sarkisyanın sülh danışıqlarını sual altına qoyduğu AŞPA-dakı çıxışının müzakirə edilməsini istisna etmirəm.Çünki Sarkisyanın AŞPA-dakı çıxışı son aylarda davam etməkdə olan danışıqlara zərbə vurur.İtaliyalı həmsədrin Rusiyadan Ermənistanın bu kimi sabotaj xarakterli çıxışlarına son verilməsini istəyə bilər.Ona görə ki, münaqişənin həllinin uzanması Avropanın regionda təhlükəsizlik və enerji maraqlarına ziddir.İtaliya çalışacaq ki, sədr olduğu müddətdə effektivliyi artırsın”.

Vilayət Muxtar