Yuxarı

Kürdlərə yardıma gedən "könüllü casuslar”

Kürdlərə yardıma gedən

Amerikalı və britaniyalı könüllülər Suriyaya - kürdlərin müdafiəsinə gedirlər."The Daily Mail" qəzeti yazır ki, britaniyalı və amerikalı könüllülər kürdlərin tərəfində Türkiyəyə qarşı döyüşmək üçün Suriyaya səfər etməyə hazırlaşırlar.Onlar deyirlər ki, İŞİD-ə qarşı döyüşmüş kürdlərə kömək etmək onların mənəvi borcudur.Mançester şəhərindən olan 24 yaşlı Çin əsilli britaniyalı Huanq Ley artıq Suriyadakı YPG qüvvələrinə qoşulub və deyir ki, onunla eyni dəstədə daha iki britaniyalı var.

Türkiyə Suriya kürdlərinin YPG birliklərini terrorçu təşkilat hesab edir, lakin bu qrup ABŞ-ın İŞİD-ə qarşı mübarizəsində onun əsas müttəfiqidir.Türkiyə silahlı qüvvələri hazırda Suriyanın şimalında kürdlərin nəzarətində olan Afrin anklavına müdaxilə əməliyyatı aparır.Bu arada YPG öz sıralarındakı əcnəbi döyüşçüləri göstərən video yayıb.Bu döyüşçülərdən biri Amerika ləhcəsində danışır. O, YPG qüvvələri ilə birlikdə, özünü "İslam Dövləti” adlandıran ekstremist qruplaşmaya qarşı döyüşüb. Videodakı amerikalı deyir: "Biz hamımız Afrinə gedib Türkiyənin müdaxiləçi qüvvələrinə qarşı döyüşməyə hazırıq. Biz bir xeyli vaxt təlim keçmişik.Biz YPG tərəfindən təchiz olunuruq və Türkiyə terrorçuları ilə döyüşə hazırlaşırıq.Biz Suriyada İŞİD-ə qarşı döyüşürdük, bir də eşitdik ki, Türkiyə Afrinə hücum edib və şəhəri bombalayıb.Biz ora getmək, şəhəri və sakinləri müdafiə etmək istəyirik".Çin əsilli Ley Manchester Universitetinin beynəlxalq siyasət fakültəsində təhsil alıb. O, BBC-yə deyib ki, Afrini müdafiə etməyi özünə borc sayır: "Orada Britaniyanın London və Leeds şəhərlərindən olan 20-dək könüllü var. Könüllülər habelə ABŞ, İspaniya, Almaniya və Fransadan gəlirlər”. Bu arada əsasını kürd döyüşçüləri təşkil edən Suriya Demokratik Qüvvələri (SDQ) deyib ki, Raqqada və Deyr əz-Zorda döyüşən əcnəbilər indi də Afrinə getmək istədiklərini bildirilər. SDQ-nin vəzifəli rəsmisi Redur Xelil deyib ki, Afrinə yollanan əcnəbi döyüşçülərin sayı onlarcadır: "Bunlar amerikalılar, britaniyalılar, almanlar, Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən olan müxtəlif döyüşçülərdir".

Maraqlıdır, amerikalı, britaniyalı, eləcə də digər ölkələrdən Suriyaya gedən könüllülərin maraqları nədir? Həmin şəxslər könüllü adı altında öz dövlətlərinin icazəsilə gedən hərbçilər ola bilərmi?

Siyasi şərhçi, politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə bildirib ki, Türkiyəyə qarşı Suriyanın şimalında döyüşən qüvvələr özbaşına gələn insanlar deyil:

"Qərbdə xristian mənşəli insanların Suriyada və yaxud İraqda Türkiyə və digər müsəlman dövlətlərinə qarşı vuruşması, xaçlı səfərinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Əgər araşdırılsa, dərhal üzə çıxacaqdır ki, bu könüllülər əvvəl mənsub olduqları dövlətin xüsusi xidmət orqanlarında çalışan casuslar və yaxud həmin ölkələrin ordusunda uzun müddət xidmət edən keçmiş əsgərlərdir.

Yəni, bu insanlar hazırlıqlı olaraq Suriyanın şimalına Türkiyə ordusuna qarşı döyüşmək üçün gəlirlər.Bu könüllüləri öz ölkələrində bir araya toplayan dövlət tərəfindən nəzarət olunan xüsusi qeyri-hökumət təşkilatlarıdır.Təşkilat onları bir mərkəzdə toplayaraq dövlətin ayırdığı müəyyən maliyyə vəsaitləri çərçivəsində Suriyanın şimalına və digər bölgələrə göndərir.Bu, əslində idarəolunan bir prosesdir. Bu prosesin əsas qayəsi bu gün islam bayrağını daşıyan Türkiyəyə qarşı savaşmaqdan ibarətdir.

Hazırda əməliyyat keçirilən Afrində PKK islama aid olmayan və oda sitayiş edən Zərdüştlük dininin davamçılarıdır.Hətta bu gün Afrinin mərkəzində Zərdüştün heykəli də məhz PKK terrorçuları tərəfindən ucaldılıb.Ona görə də Qərb xristianları çox asanlıqla yanlış təriqətin daşıyıcılarına hər cür yardım etməkdə davam edirlər. Əsas qayə bütövlükdə İslam dininin parçalanması və islam bayrağını daşıyan, eyni zamanda bütün islam toplumunu birləşdirə biləcək yeganə ölkə Türkiyəni zəiflətmək və parçalamaqdan ibarətdir. Bu qayə ətrafında bütün Qərb xristianları birləşərək sadəcə, İŞİD-ə qarşı mübarizə bəhanəsi altında Suriyanın şimalına gəlməkdə davam edirlər.Ola bilsin ki, Türkiyə Afrində uğurlu əməliyyatlar keçirəndən sonra bu proseslər bir az da intensivləşsin”.

""Zeytun budağı” əməliyyatı təkcə Afrinlə məhdudlaşmayacaq”

Politoloq hesab edir ki, Türkiyə bütün məsələləri nəzərə alaraq çox ciddi hesablanmış həm hərbi, həm də siyasi-diplomatik cəhətdən ölçülüb-biçilmiş əməliyyat həyata keçirdir:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasında da bildirilir ki, "Zeytun budağı” əməliyyatı təkcə Afrinlə məhdudlaşmayacaq. Bu proses Suriyanın şimalında yer alan strateji nöqtələrdən biri Minbic şəhəri də daxil olmaqla Fərat çayının şərqinə qədər davam edəcək. Məlumdur ki, Fərat çayının şərqində ABŞ-ın əsas hərbi bazaları yerləşir.

Bu bazalarda minlərlə İŞİD terrorçuları ilə bərabər PKK terrorçuları da təlim keçirlər.Məhz bu təlim düşərgələrində gələcəkdə Suriyanın Türkiyə ilə həmsərhəd olan şimal hissəsində 30 minlik terror ordusunun yaradılması nəzərdə tutulur.Bu sərhəd gücündən təbii ki, müəyyən dövlət qurumları yaranandan sonra istifadə etmək mümkün olacaq.Çünki hər hansı bir dövlət və ya muxtariyyət olmadan belə bir hərbi statuslu gücün yaradılması mümkünsüzdür.Düşünülür ki, ABŞ məhz Suriyanın şimalında kürdlərdən ibarət dövləti təchiz etməklə sonradan bu dövləti tanıyıb yaradacaq 30 minlik hərbi ordu ilə də həmin dövlətin təhlükəsizliyini təmin etmək istəyir.Hesab edirəm ki, Türkiyənin "Zeytun budağı” əməliyyatı təkcə Afrinlə məhdudlaşmayacaq.Ümid edirəm ki, əməliyyat Fərat çayının şərqinə qədər davam edəcək”.

Yeganə Oqtayqızı






Həftənin ən çox oxunanları