Yuxarı

Hərbçilər Putini devirə bilər

Hərbçilər Putini devirə bilər

Amerika Maliyyə Nazirliyi Konqresə "Kreml hesabatı” təqdim edib. Hesabatda sanksiya təqdim edilməsi nəzərdə tutulan şəxslərin adı var. Siyahıya oliqarxlar və rəsmi şəxslər daxildir. Ümumilikdə qadağan tətbiq ediləcək şəxslərin sayı 210 nəfərdir. Onlardan 114 nəfəri iri ranqlı məmur və dövlət şirkətlərinin rəhbərləri, qalan 96 nəfəri isə oliqarxdır.

Həmçinin Prezident Administrasiyası nümayəndələrinin adı da siyahıda var. Baş nazir Dmitri Medvedyev, baş nazirin birinici müavini İqor Şuvalov və müavinləri Sergey Prixodko, Aleksandr Xloponin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodes, Dmitri Kozak və Dmitri Roqozin, prezidentin mətbuat katibi Dmitri Peskov, administrasiyanın rəhbəri Anton Vayno, prezident köməkçisi Vladislav Surkov, xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, energetika naziri Aleksandr Novak, nəqliyyat naziri Maksim Sokolov, sənaye ticarəti naziri Denis Manturov, kənd təsərrüfatı naziri Aleksandr Tkaçov, ekologiya və təbii sərvətlər naziri Sergey Donski da sanksiya tətbiq edilmiş vəzifəli şəxslər siyahısındadır. 

Federasiya Şurasının sədri Valentna Matviyenko, "Rosneft"in icraçı direktoru İqor Seçin, Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin də qadağalar siyahısındadır. Oliqarxlardan isə siyahıya Əlişir Usmanov, Süleyman Kərimov, Roman Abramoviç, Pyotr Aven, Vladimir Potanin, milyarderlər Arkadi və Boris Rotenberqlər, Oleq Tinkov, Gennadi Timçenko və başqaları daxil edilib. Siyasi müşahidəçilərin rəyinə görə, əvvəlki sanksiyalardan fərqli olaraq, ABŞ-ın sonuncu qadağaları birbaşa mart ayının 18-də Rusiyada keçiriləcək prezident seçkilərinə hesablanıb. Belə ki, Vaşinqton Putinə yaxınlığı ilə seçilən biznesmenlərəin və oliqarxların maliyyə sistemini çökdürməklə Rusiyada hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. 

Politoloq Qabil Hüseynli hesab edir ki, ABŞ-ın yeni sanksiyaları Rusiyadakı siyasi situasiyaya təsir göstərəcək. Amma bu seçkidən əvvəl də, sonra da hakimiyyət dəşikliyinə gətirib çıxara bilər: "Bir çoxları bu sanksiyaları ABŞ-ın Rusiyaya müharibə elan etməsi kimi qiymətləndirir. Gennadi Zyuqanov da deyir ki, Amerika Rusiyaya qarşı irimiqyaslı müharibəyə başlayıb. Həqiqətən də Rusiyaya yeni sanksiyalar tətbiq edilməyib. Növbəti belə qadağaların da olacağı gözlənilir. Bu sanksiyalar Vladimir Putinin hesabına varlanmış və onun ətrafında yer alan böyük oliqarxları, nüfuzlu siyasətçiləri əhatə edir. Həmin oliqarxların və vəzifəli şəxslərin xaricdə xeyli pul vəsaitləri, əmlakı biznes, kommersiya strukturları var. İndi ABŞ onların hamısına həbs qoyur. Artıq onlar bu bank hesablarından və əmlaklarından istifadə edə bilməyəcək. Üstəlik, həmin şəxslərin Qərbə, xüsusilə də ABŞ-a gedişinə qadağa qoyulur. Bu yaxınlarda yayılan məlumatda bildirilirdi ki, Putinə yaxın olan oliqarxlardan bir neçəsi Mərkəzi Kəşfiyyat (İdarəsinin və ABŞ Dövlət Departamentinin əməkdaşları ilə görüşüb, onlara qarşı sanksiyaların tətbiq edilməməsini xahiş ediblər.

Bunun müqabilində onlar Putinə qarşı mübarizənin təşkilində iştirak etməyə razı olduqlıarını deyiblər. Rusiyada saray çevrilişləri həmişə dəbdə olub. ABŞ da Putinin ətrafını onun özünə qarşı qaldırmaqdadır. Həqiqətən də bu sanksiyalardan sonra Rusiyanın vəziyyəti xeyli çətinləşəcək. Qərb şirkətlərinin ölkəni tərk etməsi prosesi başa çatmaq üzrədir. Rusiyaya elmi texnologiyalara əsaslanan məhsulların alınmasına qadağa qoyulub. Həmin sanksiyaların silah istehsalı və satışına daha çox tətbiq edilməsi Rusiyanın gəlir mənbələrini xeyli azaldıb. Bu da əhalinin sosial vəziyyətinin ağırlaşması ilə müşahidə olunur. Rusiya əhalisi bundan sonra daha ciddi çətinliklərlə baş-başa qala bilər. Rusiya acların və yoxsulların qiyamı ilə üzləşəcək. Həmçinin, seçkilərdə əhalinin fəallığı çox aşağı səviyyədə olacaq. Ona görə seçkilərə qədər vətəndaş itaətsizliyi ilə qarşılaşmaq mümkündür. Mart ayında ABŞ sanksiyaların ikinci mərhələsini tətbiq etməyə hazırlaşır. Rusiyanın maliyyə-bank sisteminə ağır zərbə vurulması nəzərdə tutulur. Belə ki, Rusiyanın beynəlxalq banklararası əlaqə forması olan "Svift”dən çıxarılması nəzərdə tutulur. Əgər bu baş verərsə, Rusiyanın bütün maliyyə-bank sistemi çökəcək və sosial-iqtisadi münasibətləri çətinləşdirəcək ”. 

Qabil Hüseynli bildirdi ki, V.Putinin hərbi yolla devrilməsi də istisna olunmur. Əgər belə bir vəziyyət yaranarsa, Birləşmiş Ştatlar həmin prosesi dəstəkləyəcək: "Putinin devriləcəyi istisna olunmur və burada hərbçilər və hərbi-sənaye kompleksi yaxından iştirak edə bilər. Lakin bu ehtimalı bir qədər istisna edirəm. Çox güman ki, əsas etirazlar seçkilərdən sonra başlayacaq. Seçkilərdə əhalinin iştirakı 50 faizə çatmayacaq. Həm Navalnının seçkiləri boykot etməsi, həm də Qərbin müəyyən təsirləri əhalinin marağını tamamilə azaldacaq. Ona görə də səsvermənin nəticələri saxtalaşdırılacaq. Qərb bu seçkilərin nəticəsini tanımayacaq. Nəticəsi tanınmayan seçkilərdən sonra Putinin reytinqi tamailə aşağı düşəcək və Rusiyada oliqarxlardan tutmuş ziyalılara qədər hər kəs Putindən xilas olmağın yolunu axtaracaq”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları