Yuxarı

Rusiya Qarabağda kölgəyə çəkilir

Rusiya Qarabağda kölgəyə çəkilir

Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Rusiyanın mövqeyində siyasi passivliyə üstünlük verilir. Yəni 2016-cı ilin aprel ayında Ermənistan-Azərbaycan cəbhə xəttində baş vermiş "dörd günlük müharibə”dən sonra rəsmi Moskvanın artan diplomatik fəallığı zəifləməyə başlayıb. Rusiya rəhbərliyi son aylar demək olar ki, yeni vasitəçilik təşəbbüslərinin irəli sürülməsində maraqlı görünmür. Halbuki, 2016-2017-ci illər ərzində Rusiyanın vasitəçiliyi ilə münaqişənin həllinə dair Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada və Sankt-Peterburqda iki görüşü keçirilib, həmçinin, sözügedən məsələ Vladimir Putinin İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda apardığı danışıqların predmetini təşkil edib. 

Hətta sözügedən məsələnin aradan qaldırılmasının vacibliyinə 2017-ci ilinn noyabr ayında Rusiya və Türkiyə prezidentlərinin Soçidə baş tutan görüşündə də toxunulub. Bundan başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probleminin həlli mövzusunu müzakirə etmək üçün son iki ildə Bakıya və İrəvana təxminən 5 dəfə səfər edib. Lakin S.Lavrov 2017-ci ilin noyabrında verdiyi açıqlamada problemin nizamlanması imkanlarının Azərbaycandan və Ermənistandan asılı olduğunu bəyan etdi. Sergey Lavrovun bundan öncəki səfərlərində fərqli mövqedən çıxış edirdi. 2016-cı ildə xarici işlər nazirinin özü ilə Bakıya və İrəvana "Lavrov prinsipləri” adlı təkliflər paketini gətirdiyi barədə məlumatlar ortaya çıxdı. 2017-ci ildə də həmin istiqamətdə davam etdirilən diplomatik danışıqların məzmununu münaqişənin "Kazan formulu” əsasında mərhələli həlli, 5 rayonun Azərbaycana qaytarılması müqabilində rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa razılıq verməsi şərti təşkil edir. Ancaq Azərbaycan tərəfinin ölkənin milli suverenliyi üçün təhdid yaradan həmin şərtlərə razılıq verməməsi Lavrovun qovluğundakı "yol xəritəsi”nin reallığa çevrilməsinə mane oldu.  

Bu günlərdə isə Rusiya XİN-nin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarova Ermənistan-Azərbaycan münaqişəsinin həllində neytral mövqe nümayiş etdirən açıqlama verib: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının perspektivlərinə dair bir daha qeyd etmək istəyirəm ki, yalnız tərəflər özləri siyasi iradə ortaya qoyaraq bu həlli uzanan münaqişəyə son qoyan güzəştli  yolu tapa bilərlər”. 

Əslində, Rusiya münaqişə ətrafında həm geosiyasi, həm də diplomatik fəallıq nümayiş etdirməklə yanaşı, münaqişənin həllinin tərəflərin öz iradəsindən asılı olduğunu dəfələrlə bildirib. Bununla da Moskva prosesə təsiredici imkana malik olmadığını, Ermənistanın isə müstəqil olduğunu sərgiləməyə çalışıb. Ona görə də Rusiyanın qeyd edilən yanaşması, Ermənistanın işğalçı kimi tanınmasına mane olan başlıca səbəblərdən birini təşkil edib. 

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, Mariya Zaxarovanın açıqlamasını Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın siyasi passivliyi kimi qiymətləndirmək olmaz: 

"Sadəcə olaraq, münaqişənin həlli prosesində fəallıq yoxdur. Fəallıq olmayan yerdə, Rusiyanın aktivliyinə ehtiyac qalmır. Sergey Lavrov da bir müddət öncə demişdi ki, münaqişəni tərəflər özləri həll etməldir. Biz qarışa bilmərik. Halbuki, həqiqəti söyləmirlər. Bir müddət öncə Lavrov özü də demişdi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi deyil. Aprel döyüşlərində də Azərbaycana daha çox əraziləri işğaldan azad etməyə imkan vermədilər. Rusiyanın müdafiə naziri Azərbaycana zəng edib hərbi əməliyyatları dayandırmağı istədi. Bu faktlar onu göstərir ki, Rusiya proseslərə hər zaman qarışır. İndi isə danışıqlarda irəliləyiş, fəallıq yoxdur. Əgər diplomatik və ya hərbi fəallıq artarsa, Rusiya proseslərə dərhal müdaxilə edəcək”. 

Politoloq onu da qeyd etdi ki, danışıqlar prosesinin zəifləməsini yalnız münaqişə tərəflərinin və ya vasitəçilərin zəifliyi ilə əlaqələndirmək olmaz. Çünki prosesə hər iki istiqamətdə təsir göstərən amillər var: "Bu il həm Rusiyada, həm də Ermənistanda və Azərbaycanda seçkilər keçiriləcək. Seçkilər dövründə Dağlıq Qarabağ məsələsinin həlli ənənəvi olaraq arxa plana keçir. Həmsədrlər də bölgəyə səfərə hazırlaşır. Amma onların bu səfərinin detalların ilə bağlı ciddi irəliləyiş gözləmirəm”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları