Yuxarı

İran olaylarında hicab düyünü

İran olaylarında hicab düyünü

İranda qadınların çadra və baş örtüyünə qarşı etiraz aksiyaları getdikcə genişlənir. Artıq antihicab aksiyaları İranın iri şəhərlərində də yayılıb. Baş örtüyü əleyhinə etirazlar daha çox İsfahan, Təbriz və Tehranda davam edir. Belə ki, qadınlar hər çərşənbə günü ictimai yerlərdə hicablarını  nümayişkaranə şəkildə çıxarıb yelləməklə etirazlarını ifadə edirlər. 

Qeyd edək ki, bu aksiya keçən ilin dekabrında İranda sosial tələblərlə bağlı keçirilən etirazlarla birgə başlayıb. "Ağ çərşənbə” adlanan baş örtüsü əleyhinə bu aksiyalara görə indiyədək 29 qadın saxlanılıb.  Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə hicabatma aksiyasına birbaşa olaraq xaricdə yaşayan iranlılar dəstək verir və onlarının apardığı təbliğat kampaniyasına aldanan qadınlar baş örtüklərini çıxararaq etirazlarını nümayiş etdirirlər. 

Qeyd edək ki, 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra bu ölkə şəriət qanunları ilə idarə olunur. Bu qaydalara görə xanımlar ictimai yerlərdə başıaçıq gəzə bilməzlər. 

Yaxın Şərq və İran üzrə mütəxəssis Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İranda hicab qaydası  "İsrailə, Amerikaya ölüm” şüarları kimi bir təməl prinsipidir: "Yəni siyasi, ideoloji, mədəni və məişət məsələsidir. Çadraların atılması, yaxud hicabın tətbiqi ilə bağlı İranda çoxlu qadın həlak olub, məhkəməsiz dar ağacına çəkilib. İnqilabın ilk 6 ayında İran qadınları hicaba qarşı çox ciddi və kəskin müqavimət göstəriblər. Nəticədə hakimiyyətin təzyiqlərinə davam gətirə bilməyib, sonda baş örtüyünü, bir sözlə hakimiyyətin tətbiq etdiyi baş geyimini qəbul etməyə məcbur olublar. Sonralar İranda dəfələrlə qadınların azadlığı məsələsi müzakirə olunub. Bu məsələdə də ilk növbədə zahiri olan geyimə diqqət çəkməyə başlayıblar. Bu yaxınlarda İranda, təxminən iki ay əvvəl xəbər yayıldı ki, İranda hicab qaydasını pozan qadınlar təqib olunmayacaq. Bununla belə bu rejimin siyasi-ideoloji qaydalarına əməl etməyə nəzarət edən polis həmin qadınları saxlayacaq, söhbət edəcək və söhbət nəticəsində hicab qaydalarının pozulması davam edərsə, inzibati qaydada cəza tətbiq olunacaq. Son zamanlar İran bir çox sosial problemlərdən canını qurtara bilmir.  Bu problemlərdən biri də qadınların geyim məsələsidir”. 

Sədrəddin Soltan qeyd edib ki, 1994-cü ildə İranın Ali dini rəhbəri Ayətullah Seyidəli Xamneyi fərman verdi ki, qadınlar rəngli baş örtüyü də örtə bilər: "Son vaxtlar hakimiyyət çalışır ki, bu məsələ özündən uzaqda həll olunsun. Ona görə də bunu ictimaiyyətin öhdəsinə  buraxır və bir qədər də barmaqarası baxırlar ki, cəmiyyətin reaksiyasını yoxlasınlar. Yavaş-yavaş cəmiyyəti sərbəst geyimə adət etdirirlər. Çünki İran hakimiyyətinin problemi var. İran Qərb təsirindən, Qərb mədəniyyətindən uzaq qaçmaq üçün özünün o şəkildə geyim formalarını tətbiq etdi. Ayətullah Seyidəli Xamneyi və İranın prezidenti Həsən Ruhani birdən-birə necə sərəncam verə bilər ki, geyimlər sərbəst olsun? Yəni özü-özünü təkzib etmək əslində özü-özünə çıxmaqdır. Bu İranda təməl prinsiplərdən birinin pozulmasıdır. Hakimiyyət buna sərbəst şəkildə gedə bilmir və bu formada uyğunlaşdırılır. Düzdür, bu prosesdə qadınlara təzyiqlər də olacaq, cərimələr də tətbiq ediləcək. Amma insanların, ümumilikdə cəmiyyətin gözü yavaş-yavaş adət etməyə başlayır. İlk bu şəkildə hicab qaydasının pozulması etiraz aksiyası 2008-ci il prezident seçkilərində olmuşdu. O zaman qadınlar geyimlərini yarıya qədər soyunmuşdu. Bu təkcə geyimlə bağlı etiraz deyil. Geyim formal xarakter daşıyır. Bu bütövlükdə rejimin mahiyyətinə qarşı etirazdır. 

Yəni 3 təməl prinsipinə qarşı çıxmaqdır. Təsəvvür edin ki, İranda dini ideoloji hakimiyyətdir, hicabı geyməyi tətbiq edir və birdən-birə baş örtüyünə qarşı çıxır. Bu o deməkdir ki, özü-özünə qarşı çıxır. Əvvəllər də İranda xarici ölkələrdən gələn rəsmi nümayəndə heyəti, rəhbərlər, yaxud başqa bir dövlətin qadın rəsmisi mütləq və mütləq baş örtüyü ilə gəlməli idi. Amma son illər Avropa Birliyinin nümayəndə heyətinin başçısı, Hollandiyadan prezident  və digərləri  İrana baş örtüksüz gəldi. İran cəmiyyəti yavaş-yavaş sərbəst geyimi insanlara öyrəşdirdi. Fərz edin ki, 40 ilə yaxındır qadınların başını örtürlər və baş örtməyənə sərt cəza tətbiq edirlər. Birdən-birə isə geyimə görə sərbəstlik verilir. Bildiyiniz kimi, İranda hakimiyyətdə mühafizəkar və islahatçı adlanan iki xətt var. İnanmıram ki, bu xətti mühafizəkarlar dəstəkləsin. Ola bilər, bunu Avropayönlü, Qərbyönlü, hakimiyyətin içərisindəki liberal xətt  və cəmiyyət dəstəkləyir. Bu yolla həm də islahatçı adlanan xətt üçün sosial baza toplayır”.

Alçina Amilqızı






Həftənin ən çox oxunanları