Yuxarı

30 dövlət Türkiyəyə qarşı savaşır

30 dövlət Türkiyəyə qarşı savaşır

Türkiyə silahlı qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülən terrorçuların sayı 947 nəfərə çatıb. Türkiyə ordusunun isə indiyə qədər 9 hərbçisi şəhid olub. Fevralın 5-də gedən döyüşlərdə Türkiyə ordusu Afrinin qərbində yerləşən Surki kəndini PKK-nın Suriya qolu olan YPG yaraqlılarından azad edib. Buna baxmayaraq, son günlər döyüşlər daha şiddətli xarakter alıb. 

Yanvarın 20-də "Zeytun budağı” əməliyyatının başladıqdan sonra ilk günlər Türkiyə silahlı qüvvələri və Azad Suriya Ordusu çox sürətlə irəliləyirdi. YPG terrorçularının silahı ataraq qaçması nəticəsində Türkiyə ordusu itki vermədən xeyli ərazini ələ keçirə bildi. Ancaq son bir həftədə həm Türkiyə hərbçiləri, həm də ASO arasında həlak olanların sayı artır. Hətta YPG silahlıları Türkiyə SQ-ə məxsus tankı vura bilib. Yəni "Zeytun budağı” əməliyyatının qarşısında pərən-pərən düşərək qaçmağa başlayan terrorçular sonradan dayanaraq, güclü müqavimət göstərməyə başladı. Bu, YPG-yə kənardan kifayət qədər hərbi dəstəyin verilməsi şəraitində mümkün ola bilər. Ona görə də kürd PKK-çılara kənardan həm sialh, həm də canlı qüvvə sarıdan yardım gədiyi açıq hiss olunur. 

Məsələni şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov "Zeytun budağı” əməliyyatını 1915-ci ildə Türkiyəyə qarşı baş vermiş "Çanaqqala savaşı” ilə müqayisə edir. Çünki Birinci Dünya Müharibəsində olduğu kimi, indi də Qərb dövlətləri yenidən Türkiyə ilə müharibə aparır. Ancaq bu mübarizə, qeyri-rəsmi şəkildə, YPG-nin vasitəsi ilə həyata keçirilİr: "Bu əməliyyatın adı Afrin adlandırılsa da əslində ikinci Çanaqqala savaşıdır. Ona görə ki, Türkiyə Afrində tək vuruşmur. Həmin döyüşlərdə YPG ilə yanaşı, "müttəfiq”i olan ABŞ, Avropa Birliyi, Böyük Britaniya, İsraillə döyüşür. Çox təəsüflər olsun ki, həmin siyahıda Almaniya, Fransa kimi dövlətlər də var. Türkiyənin NATO daxilindəki müttəfiqləri "Zeytun budağı ” əməliyyatının belə sürətlə baş tutacağını gözləmirdilər. Türkiyənin ilk günlər irəliləməsinin əsas səbəbi də bununla bağlıdır. Türkiyə milli təhlükəsizliyini, ərazi bütövlüyünü, dövlətçiliyini qorumaq üçün çox güclü siyasi və hərbi iradə göstərərək bu fəaliyyətini ortaya qoydu.

Son günlər baş verən hadisənin, yəni YPG-nin gözlənilmədən güclənərək, yenidən səfərbər edilərək Türkiyəyə qarşı müqavimət göstərməsinin əsas səbəbinə gəlincə, məndə olan məlumata görə, ABŞ-ın dəstəyi ilə silah dolu böyük bir maşın karvanı İraq üzərindən keçməklə Afrinə gedib. Həmin TIR-larla Afrindəki YPG terrorçularına çoxsaylı silah və tank əleyhinə raketlər çatdırılıb. Bu faktı Rusiya kəşfiyyatı ilə yanaşı, digər ölkələrin də xüsusi xidmət orqanları qeydə alıb. Digər önəmli, lakin hələ kütləvi informasiya vasitələrinə açıqlanmayan məlumat bundan ibarətdir ki, öldürülən terrorçular arasında 28 xarici vətəndaş aşkar edilib ki, onların da ABŞ, Almaniya, Kanada, İngiltərə, Fransa, Belçika hərbçiləridir. Onlar milliyətcə kürd deyil və YPG yaraqlılarına təlim keçirmiş. Türkiyə hökuməti həmin meyitləri öz ölkələrinə təhvil verib. Bu hadisə Amerikanın tam şəkildə Türkiyəyə hücuma keçdiyini göstərir. Lakin Türkiyə hücum əməliyyatlarını davam etdirəcək və əvvəldən bəyan etdiyi kimi 30 km-lik məsafəni azad edəcək. Görünən odur ki, qarşı tərəfin təzyiqi daha güclü olacaq. Çünki onlarda müasir silahlar var. Lakin bu da türk ordusu üçün bir sınaq məsələsidir. Ona görə də hazırda baş verənləri Çanaqqala savaşının ikinci dəfə təkrarlanması kimi xaraterizə edərdim. Hazırda Türkiyə yalnız PYD/YPG ilə deyil, həm də həmin qruplaşmanın adı altında ABŞ başda olmaqla 30 ölkə ilə vururşur”. 

Politoloq hesab edir edir ki, Türkiyənin müttəfiqləri ilə Afrində qarşı-qarşıya gəlməsi NATO-nun daxilindəki siyasi və hərbi münasibətlərinə mənfi təsir göstərəcək: "Əslində NATO və Avropa Birliyi Türkiyənin vasitəsi ilə Rusiyanın başını qatmaqla və Yaxın Şərqə sürükləməklə özünün təhlükəsizliyini qorumağa çalışır. Yəni bir NATO ölkəsini qurban verməklə Avropa Birliyinin milli təhlükəsizliyini təmin etmək siyasəti yürüdülür. Əslində, NATO-nun siyasəti bundan ibarətdir. Eyni zamanda, Rusiyanın başını Yaxın Şərqdəki digər əməliyyatlara qatmaq, Rusiyanı Türkiyə arasında ziddiyyət yaratmaq, nəticədə digər ölkələri xilas etmək siyasəti həyata keçirilir ki, bu da yanlış addımdır. Bunun özü NATO-nun nə qədər böyük problemlər içərisində olduğunu göstərir. Demək olar ki, NATO SSRİ-nin dağılmasından sonra de-fakto Türkiyəyə qarşı mübarizə aparan bir təşkilata çevrilib”. 

Lakin politoloq onu da bildirdi ki, Afrində NATO üzvü olan dövlətlərin vətəndaşlarının öldürülməsi Türkiyə ilə həmin ölkələr arasında gizli və açıq diplomatik danışıqların baş verəcəyini istisna edir. Çünki öldürülən hərbçilər artıq təqaüdə çıxdığından həmin ölkələri rəsmən təmsil etmir: "Məsələn, onlar Amerika vətəndaşları olsalar da Pentaqona və ya Mərkəzi Kəşfiyyat İdarəsinə bağlılığını isbat edən hər hansı dəili yoxdur. Onlar hərbi geyimdə və həmin ölkələrin vətəndaşlığını təsdiq edən sənədlərə malik olmasına baxmayaraq, dövlət orqanlarına bağlı deyil. Yəni YPG-yə dəstəyi həyata keçirmək üçün bu üsuldan istifadə edirlər. Amma həmin insanların döyüşlərdə öldürülməsi çox önəmli bir məsələdir.

Əgər "ikinci Çanaqqala savaşında” azacıq da olsa məğlub olmaq sonradan Türkiyənin milli təhlükəsizliyi üçün ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Yeni yaradılacaq kürd dövləti Türkiyə ərazisinə birbaşa torpaq iddiasına düşəcək. Onu da qeyd edim ki, terrorçulara hərbi təlim keçilməsi güclü maliyyə dəstəyi tələb edir. YPG təlimlərə hər ay 20-30 min dollar ödəmək imkanına malik deyil. Bu vəsaiti ABŞ və digər dövlətlər ödəyir. Lakin Türkiyəyə qarşı savaşan 30 ölkədən ibarət bu koalisiya aviahücumlardan istifadə edə bilmir.

Bu məsələdə Türkiyə üstünlüyə malikdir. Ona görə də Qərb dövlətlərinin "Zeytun budağı” əməliyyatının qarşısını almaq üçün yeni bir taktikaya əl atacağını söyləmək mümkündür. Bəşər Əsəd rejiminə dəstək müqabilində koalisiya dövlətləri Suriya prezidentindən Türkiyə ordusunun mövqelərinə aviazərbələr endirilməsini istəyə bilər”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları