Yuxarı

Ermənistan: Seçkilərə açılan atəş

Ermənistan: Seçkilərə açılan atəş

Sarkisyan yenə də "Qarabağ kartı”ndan istifadə edəcək

Ermənistanın 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi ağır yaralanıb."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edərkən Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.Cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb.Düşmən geri çəkilməyə məcbur edilib.Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Təxribatın arxasında duran məqamlar

Son günlərdə Ermənistan silahlı birləşmələri tərəfindən istər işğal edilmiş ərazilərdən, istərsə də sərhədboyu bölgələrdən Azərbaycanın bölmələrinə qarşı təxribatçı cəhdlər edilir.Azərbaycan ordusu tərəfindən bütün təxribat cəhdlərinin qarşısı alınıb.Lakin son günlərdə ermənilərin artan təxribatları təsadüfi hesab edilmir.Nəzərə alsaq ki, bir neçə gün əvvəl Azərbaycanda keçiriləcək prezident seçkilərinin vaxtı dəyişdirilib, aprel ayının 11-nə növbədənkənar seçkilər təyin edilib, bu baxımdan, təxribatların sayının niyə artdığı anlaşılandır.Görünən budur ki, seçkilərə hazırlaşan Azərbaycanın başının bu daxili siyasi prosesə qarışdığını bilən Ermənistan tərəfi bundan istifadə edərək, ön xətdə gərginliyi pik həddə saxlamağa çalışır.Digər yandan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların intensivləşmə mərhələsində olduğunu da nəzərə alsaq, İrəvan yaranmış qarışıq situasiyadan istifadə edərək cəbhə xəttində yaratdığı gərginliyi öz maraqlarına yönəltməyə cəhd edə bilər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşada keçirilən sonuncu görüşündən sonra münaqişənin həll prosesində ciddi irəliləyişin olacağına dair ehtimallar gücləndi.Xarici işlər naziri Elmar Məmmədyarovun görüşdən sonra ATƏT-in Minsk qrupunun həlledici təklifinin olduğunu bildirəndə də bu, Ermənistanda ciddi müzakirələrə səbəb olmuşdu.Ermənistan KİV-lərinin həmin dönəmdə cəmiyyət arasında yaratmağa çalışdığı rəy bundan ibarətdir ki, həmsədrlər həmin həlledici təklifi Edvard Nalbandyanın iştirakı olmadan Elmar Məmmədyarovla müzakirə ediblər.Bundan qısa müddət sonra Azərbaycanda gözlənilmədən keçiriləcək prezident seçkilərinin vaxtı dəyişdi və bu, dəyişiklik o ehtimalı gündəmə gətirdi ki, seçkilərin vaxtı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə uyğun olaraq dəyişdirilib.Hazırda Ermənistanda aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərin "Dağlıq Qarabağın itirilməsi” kimi baxanların sayı çoxdur.

Sarkisyan pas vəziyyətində

Erməni hərbi birləşmələrinin artan təxribatlarının digər səbəbi, mart ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə bağlı ola bilər. Nəzərə alsaq ki, seçkilər hazırkı prezident Serj Sarkisyan əleyhinə daxildə formalaşmış gərgin ictimai-siyasi zəmində keçiriləcək, bu da Sarkisyana öz gələcək planlarını həyata keçirmək imkanı verməyə bilər.Məlumdur ki, bu ildən yeni Konstitusiyaya uyğun olaraq Ermənistanın siyasi idarəetmə sistemi baş nazirin səlahiyyətlərinə veriləcək.İki dəfə prezident seçilmiş Sarkisyan qanunvericiliyə uyğun olaraq, bu seçkilərdə iştirak edə bilməyəcək.Buna görə də o, öz hakimiyyətini saxlamaq üçün baş nazir olmağı hədəfə alıb.Lakin müxalifət və cəmiyyət bununla razı deyil. Sarkisyana isə yenidən itirdiyi nüfuzunu geri qaytarmaq üçün şans və kiçik qələbələrə ehtiyacı var. Buna görə də cəbhə xəttindəki "təxribat maşını”nı işə salaraq, Azərbaycana qarşı təzyiqləri artıb bundan öz məqsədləri üçün istifadə etməyə çalışır. Lakin Azərbaycan ordusunun son bir neçə gündə qarşı tərəfə yaşatdığı ciddi itkilər, hələlik Sarkisyanı pas vəziyyətinə salır.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları