Yuxarı

Sarayı qarışdıran neft pulları

Sarayı qarışdıran neft pulları

Fevralın 11-i axşam saatlarından başlayaraq paytaxt Tehranda və İranın bir sıra digər şəhərlərində molla rejiminə qarşı keçirilən kütləvi etirazlar davam edir. İslam inqilabının 39-cu ildönümünə təsadüf edən aksiyalarda, dinc etirazçılar İranın ali dini lideri, axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. Tehranın "Vəliyi-əsr” küçəsində və "Şəhər teatrı” qarşısında toplaşan minlərlə aksiyaçı, "Diktatora ölüm” və "İstiqlal, azadlıq, İran Respublikası” şüarları səsləndirərək, ölkədə molla rejiminə son qoyulmasını tələb ediblər. 

Məşhəd şəhərində molla rejiminə qarşı şüarlar səsləndirən dinc etirazçılarla hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Şəhərin iri parklarından biri sayılan "Millət parkı"nda toplaşaraq "Diktatora ölüm” və "Xamneyiyə ölüm” şüarları səsləndirən minlərlə dinc etirazçı rejim qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə, hər iki tərəf arasında qarşıdurma yaranıb. Hökumət qüvvələri, aksiyaçılardan birini tutub aparmaq istəyəndə, bunu görən qəzəbli etirazçılar polislərə hücum edərək həmin şəxsi onların əlindən xilas ediblər.

Əhvaz şəhərinin "Şühəda” meydanında toplaşan minlərlə etirazçı isə "Diktatora ölüm” şüarı səsləndirərkən motosikletçi polislər tərəfindən hücuma məruz qalıblar. Hazırda həmin meydanın rejim gücləri tərəfindən nəzarətə götürüldüyü bildirilir. Etirazlar, İsfahan şəhərində də keçirilib və rejimin motosikletçi qüvvələri "Diktatora ölüm” şüarı səsləndirən dinc aksiyaçıları dağıtdıqdan sonra şəhərin əsas küçə və meydanlarını nəzarətə götürüblər. Hər üç şəhərdə onlarla etirazçının tutulduğu bildirilir.

Molla rejiminin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 5 qadın küçədə baş örtüklərini açıb. İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Yəzd şəhərində gənc bir xanım, küçədə məcburi hicaba etiraz bildirən bir plakat qaldıraraq baş örtüyünü açıb. O, plakat üzərində yazdığı şüarda qadınları məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb. Həmin gün, İsfahan şəhərinin "Nəqşi-cahan” meydanında daha 4 qadın "məcburi hicaba yox” kampaniyasına qatılıb. Onlar birlikdə baş örtüklərini açaraq, hakim axundların ölkə qadınlarına qarşı zorakılığına etiraz bildiriblər.

Etiraz aksiyalarının yenidən baş qaldırması ilə eyni vaxtda İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin vəfat etməsi barədə mətbuatda məlumatlar yayılıb. Bu hadisələrin İran İslam İnqilabının 39-cu ildönümünün qeyd edildiyi günə təsadüf etməsi ölkədə siyasi situasiyanın heç də sabit olmadığından xəbər verir. İranda yanvar ayının əvvəlində baş vermiş və 25 nəfərin ölümünə səbəb omuş etiraz aksiyalarıından sonra qarşıdurmalar yenidən alovlanıb. Ötən ay toqquşmalarla müşayiət olunan mitinqlərin hakimiyyət daxilindəki siyasi cərəyanlar arasında ziddiyyətlərin nəticəsi kimi meydana çıxdığına dair rəylər üstünlük təşkil edir. Lakin bir sıra analitiklər İranın siyasi elitasının mühafizəkar və islahatçı qanadları arasında dərinləşdiyini bildirsə də, əhali arasında artan sosial-iqtisadi narazılıq amilini nəzərə almağın vacibliyini qeyd edir. 

Yaranmış situasiyanı şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, İran İslam İnqilabının dəyərləri tamamilə erroziyaya uğrayıb. Bu dəyərlər artıq cəmiyyətdə heç bir təsirə malik deyil və artıq ictimai rəydə qəbul olunmur: 

"Bu səbəbdən qadınların baş örtüsündəın imtina etməsi, əhalinin sosial problemlərə tez-tez və kütləvi etirazlarını bildirməsi onu göstərir ki, İranda mövcud rejimin sonu yoxdur. Əvvəlki etiraz aksiyaları başlayanda insanlara qarşı sərt cəza tədbirləri həyata keçirməklə, onları kütləvi həbs etməklə qarşısını ala bildilər. Amma bu cür etirazları cəza tədbirləri ilə yatırmaq çox çətindir. Etirazların hədəfinə çevrilmiş dini-teokratik dairələrin qulluq etdiyi bu rejimi gec-tez yıxacaqlar. İrandakı çox ciddi inqilabi əhval-ruhiyyə əhali arasında getdikcə artan sosial-iqtisadi problemlərlə və xalqın siyasi mühitdən narazılığı ilə bağlıdır. Çünki İran hakimiyyəti bu prosesin kənardan-ABŞ-dan, İsraildən yönləndirildiyini iddia edir. Əgər Amerika və ya MOSSAD bu aksiyalara dəstək versəydi, İranda dəyişiklik prosesi çoxdan alovlanmışdı. Lakin İran xalqı siyasi şüur etibarı ilə yetişir və başa düşür ki, ölkədəki korrupsiya rejimi və iqtisadi çətinliklər molla rejimi tərəfindən yaradılıb. Bu rejimi dəyişmədən ölkənin normal inkişafına nail olmaq mümkün deyil. Aksiyaların yenidən İranı bürüməyə başlaması və bu hadisələrin İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən tədbirlərlə eyni vaxta təsadüf etməsi onu göstərir ki, bu inqilabın gətirdiyi qaydalar, qanunlar əhalinin maraqlarına cavab vermir. Qadınların baş örtüsündən imtina etməsi İranda təbliğ edilən dini dəyərlərin əhalinin böyük hissəsi tərəfindən qəbul edilmədiyini təsdiq edir. Nəticədə hazırkı teokratik rejim iflasa uğrayacaq və dünyəvi quruluşla əvəz olunacaq”. 

Politoloq bildirdi ki, İranda rejim dəyişikliyini yuxarıdan islahatlar və ya "mülayim İslam”a keçid yolu ilə təmin etmək mümkün deyil. Ona görə də baş qaldırmış siyasi qarşıdurma getdikcə daha dərin xarakter ala bilər: 

"Sabiq prezident Məhəmməd Hatəmi də islahatlar vəd etmişdi. Lakin o nəinki rejimi yumşalda və ya dəyişə bilmədi, əksinə, molla rejimini möhkəmlədən yeni addımlar atdı. Hatəmi prezidentliyi dövründə mahiyyət etibarı ilə milli azlıqların, ilk növbədə azərbaycanlıların maraqlarına toxunan hərəkətlərə yol verdi. Azərbaycanlılara ana dilində təhsil almaq hüququ vəd etsə də bunu yerinə yetirə yetirmədi. Bütün bunlar göstərir ki, onlar hakimiyyətə gəlmək üçün hər cür siyasi riyakarlığa əl atır. Xüsusilə də sayca ən böyük etnik toplum olan azərbaycanlıların səslərini əldə etsələr də sonradan onlara verdikləri vədə əməl etmirlər. Düzdür, indiki prezident Həsən Ruhaninin guya ishalatlara getmək istəyində olduğu və ali dini lider Ayətullah Seyid Əli Xamneyinin ətrafındakı dini-mühafizəkar dairələrin buna imkan vermədiyinə dair məlumatlar yayılır. Həqiqətən də prezident Ruhani ilə ayətullahlar arasında müəyyən qarşıdurma var. Amma bu o qədər barışmaz mövqedən irəli gəlmir. Sadəcə olaraq, həmin qarşıdurmanın arxasında islahatların həyata keçirilməsinə münasibət dayanmır. Mənafe toqquşması daha çox şəxsi qərəzlilik, neft gəlirlərinin bölüşdürülməsinə nəzarətlə bağlıdır. Əgər Ruhani islahat həyata keçirmək istəyirsə və mühafizəkar dairələr buna imkan vermirsə, o zaman bunu bütün dünyaya və onu seçən xalqa açıq deməlidir. O, bəyan etməlidir ki, sizə verdiyim vədləri yerinə yetirməyə kimlərsə mane olur. Təəssüf ki, ölkə rəhbəri olmasına baxmayaraq, Həsən Ruhaninin buna cəsarəti çatmır. Ona görə də onun söylədikləri inandırıcı görünmür”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları