Yuxarı

Sarkisyanın hərbi xuntası devrildi

Sarkisyanın hərbi xuntası devrildi

Ermənistanda məxməri inqilab baş verib. Baş nazir Serj Sarkisyan 11 gün davam edən kütləvi etiraz aksiyalarından sonra istefa verib. Xatırladaq ki, İrəvan başda olmaqla Ermənistan əhalisinin əksər hissəsi Serj Sarkisyanın baş nazir seçilməklə üçüncü müddətə hakimiyyəti əlində saxlamaq cəhdinə etiraz edirdi. Müxalifət 20 gün ərzində növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Ermənistan mediası baş nazirin birinci müavini Karen Karapetyanın hökumətin rəhbəri səlahiyyətlərini müvəqqəti olaraq icra etdiyinə dair məlumat yayıb. Lakin bu barədə Milli Məclis hələlik qərar çıxartmayıb. 10 minlərlə insan İrəvanın "Azadlıq” meydanına çıxaraq Serj Sarkisyanın istefasını bayram edir. 

Siyasi ekspertlərin fikrincə, Ermənistanda inqilabi yolla hakimiyyət dəyişikliyi daha çox geosiyasi amillərin təsiri nəticəsində baş verib. Daha doğrusu, söhbət ABŞ başda olmaqla Qərblə Rusiyanın Ermənistandakı geosiyasi maraqlarının açıq müstəvidə toqquşmasından gedir. Ermənistan müstəqillik əldə etdikdən sonra Rusiyanın tam təsir dairəsinə daxil olub. Qərb isə bu situasiya ilə razılaşaraq Kremlin geosiyasi maraqlarına zidd getməyib. Lakin ABŞ və Avropa institutları Ermənistanda vətəndaş cəmiyyəti ilə işləyərək demokratik dairələrin formalaşmasında yaxından iştirak edib. Son illər isə Qərb dairələrinin Ermənistana artan marağı bu ölkəni Rusiyanın geosiyasi nüfuz dairəsindən çıxartmağa yönəlik fəaliyyəti ilə müşahidə olunurdu. 2017-cı ildə Avropa Komissiyasının layihəsi əsasında Ermənistan referendum yolu ilə parlament idarəetmə sisteminə keçdi. 2017-ci ilin noyabr ayında Ermənistan Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində "Genişləndirilmiş və Hərtərəfli Saziş”i imzaladı. Rəsmi məlumatlara görə, 2016-cı ildə Avropa Birliyi Ermənistanda vətəndaş cəmiyyətinin inkişafına 83 milyon avro vəsait ayırıb ki, bu da müstəqil medianın, QHT sektorunun və müxalifətin güclənməsinə şərait yaradırdı. Ermənistanda artan daxili sosial-iqtisadi narazılığı görən Serj Sarkisyan yenidən hakimiyyət sükanını əlində saxlamaq üçün qismən balanslaşdırılmış xarici siyasət kursuna keçməyə üstünlük verdi. Baş nazir seçilməyə çalışan S.Sarkisyanın Qərbin dəstəyini almağa ehtiyacı var idi. Rusiya isə Serj Sarkisyanı prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir kürsüsündə saxlamaq üçün Qərblə yaxınlaşmasına etiraz etmədi. Çünki S. Sarksiyan Kreml üçün ən etibarlı namizəd sayılırdı. Onun hakimiyyəti əlində saxlaması Rusiya qoşunlarının Ermənistanda qalmasını, Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını, Rusiyanın Ermənistan iqtisadiyyatı üzərində inhisarçılıq fəaliyyətini, bölgədəki geostrateji üstünlüyünü, Qarabağ klanının hakimiyyətdə qalmasını təmin edən əsas amillər idi. 

Qərb isə son dövrlər Ermənistanın Rusiyanın nəzarətindən çıxmasında maraqlı görünür. Bu baxımdan, Serj Sarkisyanın və onun başçılıq etdiyi Qarabağ klanının hakimiyyətdən getməsi isə prosesləri Rusiyanın xeyrinə olmayan istiqamətə dəyişə bilər. Siyasi müşahidəçilər hesab edir ki, ABŞ sabiq prezident Ronald Reyqanın vaxtilə əsasını qoyduğu "Ən yaxşı müdafiə hücumdur" siyasətini Ermənistanda Rusiyaya qarşı işə salıb. Qərb Ermənistanın enerji sektorunu ələ keçirməyə çalışır. Bu məqsədlə alternativ enerji mənbələrinin inkişafı məqsədilə ABŞ 8 milyard dollar, Avropa Birliyi isə 270 milyon avro investisiya təklif edir. Bunun əvəzində Avropa Birlyi ilə imzalanmış "Genişləndirilmiş və Hərtərəfli Saziş" çərçivəsində Metsamor Atom Elekrtik Stansiyasının bağlanılması şərti irəli sürülür. Bu da Rusiyanın "Rosatom" şirkəti ilə Ermənistan hökuməti arasında bağlanmış müqavilədən imtina olunması deməkdir. Yəni Metsamor AES-in fəaliyyətinin dayandırılması Rusiyanın Cənubi Qafqazdakı əsas strateji dayaqlarından birinin məhv edilməsi deməkdir. Bununla da ABŞ və Avropa Birliyi Ermənistanı Rusiyanın və İranın təsirindən çıxararaq regional enerji təhlükəsizliyi sisteminə daxil etməyi planlaşdırır. Rusiyanın da Avropa Birliyindəki atom enerjisi üzrə daimi nümayəndəsi Sergey Kapırkini bu yaxınlarda Ermənistana səfir göndərməsi məhz Kremlin müqaviməti kimi anlaşıla bilər. 

İkincisi, məsələyə kompleks  yanaşdıqda Ermənistanda baş verən inqilabi prosesin Qərb dairələri tərəfindən açıq dəstəkləndiyini söyləmək mümkün olmasa da, prosesin Rusiyanın ziyanına işlədiyi açıq hiss olunur. Bu da öz növbəsində, Qərbin Cənubi Qafqazdakı geosiyasi mövqelərini möhkəmlətməsi üçün əlverişli şərait yaradır. Suriyanın hərbi bazalarının vurulmasından sonra Ermənistanda Rusiyanın geostrateji dayaqları laxladı. Etiraz aksiyalarını məhz Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasının tərəfdarı olan Qərbyönümlü "Yelk" fraksiyasının həyata keçirməsi təsadüfi görünmür. Eyni vaxtda Moldova Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılması məsələsini qaldırıb. Rusiyanın ən böyük strateji müttəfiqlərindən biri olan Şimali Koreya isə nüvə sınaqlarını dayandırdığını bəyan edərək ABŞ-la danışıqlara hazır olduğunu bildirir. Yaxın perspektivdə Azərbaycanın və Qazaxıstanın Rusiyanın təsir zonasından çıxarılması üçün müəyyən siyasi proseslərin başlanacağına dair informasiyalar var. Bir sözlə, regionda vəziyyət Rusiyanın xeyrinə işləmir. Bütün bunlar həm də MDB məkanının Rusiyanın təsir dairəsindən çıxarılması, NATO-ya daxil olmaq istəyən Gürcüstanın təhlükəsizliyi, İranın şimalında ABŞ-ın dayaqlarının gücləndirilməsinə hesablanmış böyük bir geostrateji planın tərkib hissəsi hesab olunur. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Ermənistanda baş verən "məxməri” inqilab müstəqillik qazandıqdan sonrakı 25 il ərzində ABŞ və Avropanın demokratik qurumlarının bu ölkədə kifayət qədər güclü mövqe əldə etdiklərini göstərir:

"Rusiyanın siyasi kursu şəxslərlə işləməkdir. Yəni müəyyən şəxsləri, kadrları formalaşdırır, onlar da ölkənin milli təhlükəsizliyini qoruyur. Amerika və Avropa isə kütlə ilə işləyir. Kütlə də hər zaman qaliblər sırasında birinci yeri tutur. Sarkisyanın istefası göstərir ki, Qərbin texnologiyası daha doğrudur. Hətta məlumdur ki, ordudan bir qrup əsgər də xalqın tərəfinə keçib. Bu o deməkdir ki, daxildə ABŞ və Avropa güclü şəkildə iş aparıb. Bu da prezident Donald Trampın "İkinci Reyqan Planı”nın tərkib hissəsidir. Yəni "Ən yaxşı müdafiə hücumdur” xarakterli siyasətdir. Rusiya-Ermənistanda hərbi hissəsinin olmasına baxmayaraq, təkhakimiyyətliliyini itirməyə çox az qalıb. Əgər növbədənkənar seçki keçirilərsə, Qarabağ klanı, daha doğrusu Rusiya klanı siyasi səhnədən silinərsə, bu, Azərbaycan üçün irəlidə Dağlıq Qarabağ probleminin həlli üçün çox yaxşı bir mühit formalaşdırır. ABŞ hücum siyasətini davam etdirəcək və Putin üçün bu gözlənilməz ssenari idi. Hətta Rusiya nümayişçilərə qarşı qoşun çıxara bilmədi. Çünki ölüm halı baş verərdi ki, bu da Rusiyanın Ermənistanı birdəfəlik itirməsinə, rus ordusunun Ermənistanı tərk etməsinə gətirib çıxara bilərdi. Yaxın perspektivdə ABŞ-ın xarici siyasət strategiyasında Rusiyanın Ermənistandan çıxarılması məsələsi də qoyula bilər. Ermənistanda baş verənlər Rusiyanın Suriyadakı siyasətinə cavab xarakteri daşıyırdı. Qərb artıq Cənubi Qafqazda üçüncü qələbəsini qazandı. Birinci qələbə "Əsrin müqaviləsi” idi. İkincisi, Gürcüstanda "Qızılgül inqilabı” idi, üçüncüsü isə Ermənistanda Rusiyameyilli şəxsin taxtdan salınması oldu. Bir neçə gün öncə Rusiyaya güvənərək siyasi oyun nümayiş etdirən Serj Sarksiyanın bu gün biabırçı şəkildə istefa verməsi Ermənistanda Rusiyayönümlü qüvvələrin hakimiyyətdən getməsi deməkdir. Qərb hücumlarını davam etdirəcək. Azərbaycan bu məsələdə həssas olmalıdır. İnanıram ki, Ermənistanda növbədənkənar parlament və prezident seçkiləri də keçirilə bilər. Məncə, Qərb bu modeli də işə salacaq. Bundan sonra Kreml üçün böyük problemlərdən biri Rusiya qoşununun Ermənistanda qalıb-qalmaması məsələsi olacaq. Məncə, bu, yaxın gələcəkdə Rusiya üçün siyasi böhrana gətirib çıxaracaq bir məsələdir”. 

Ekspert hesab edir ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Qərbin maraq dairəsindədir. Bu da Ermənistanın geostrateji mövqeyi ilə bağlıdır. Qərb Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasında, Dağlıq Qarabağ probleminin həllində və Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Eyni zamanda, bu məsələdə İran amili də ABŞ və İsrail üçün xüsusi əhəmiyyət kəsb edir:

"Rusiyadan İrana daşınan silahlar var ki, onları Azərbaycan üzərindən keçirmək mümkün deyil. Azərbaycan da bunda maraqlı deyil. Həmin silahlar əsasən Gürcüstandan və Ermənistandan keçməklə İrana ötürülürdü. Eyni zamanda, Ermənistanın hava məkanından istifadə edilirdi. Görünür, Qərb həmin silahların daşınmasında maraqlı olmadığı üçün Ermənistanın hava məkanını İranın üzünə bağlayacaq. Beləliklə, ABŞ Rusiya ilə İran arasındakı əlaqələri sıfıra endirmək niyyətindədir. Bu inqilabın bir tərəfi də Rusiyanın İrana olan dəstəyinin qarşısını almaqdır”. 

Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistanda kütləvi xalq etirazlarının əsas səbəblərindən biri Qarabağ klanının ölkə əhalisinə qarşı siyasi istismarla məşğul olmasıdır. Serj Sarkisyanın baş nazir seçilməsi isə xalqın qəzəbini daşıran amil hesab edilə bilər:

"Baş nazirin səlahiyyətləri o qədər artırıldı ki, onun fonunda prezident sadə bir müqəvvaya çevrildi. Armen Sarkisyan nə Təhlükəsizlik Şurasının üzvü idi, nə ali baş komandan idi, nə də Dağlıq Qarabağ probleminin həllinə dair danışıqları aparmaq səlahiyyəti var idi. Bütün hakimiyyətin Qarabağ klanının əlində cəmləşməsi ifrat həddə çatdı. Bu da ermənilərin səbr kasasını daşdırdı. Hökumət strukturları da əhalinin tərəfində durdu. Polis kifayət qədər vətəndaşlıq mövqeyi nümayiş etdirdi. Hərbçilər də göstərdi ki, ölkədaxili məsələlərdə fövqəladə vəziyyət olmasa, xalqa qarşı hər hansı hərəkətə yol verməyəcəklər. 

Bununla da xalqla həmrəy olduqlarını nümayiş etdirdilər. Tələbələr kütləvi tətil etdi. Başqa şəhər və rayonlardan İrəvana axın başladı. İrəvan tamamilə xaos içərisində idi. Vəziyyət idarəolunmaz həddə çatdıqdan sonra Serj Sarkisyana bildirdilər ki, əhali hücumla baş nazirin sarayını tuta bilər. Bu halda o televiziyaya çıxıb istefa verdiyini bəyan etdi. İndi isə onun harada gizləndiyi məlum deyil. Ölkədən qaçmaq istədiyi bildirilir. Ermənilər hər şeyi etdilər və əli Azərbaycan xalqının qanına batmış qatili hakimiyyətdən saldılar. Yənin bununla da onun rəhbərlik etdiyi Respublikaçılar Partiyası da siyasi səhnədən gedəcək. Bundan sonra Ermənistanda böyük proseslər baş verəcək. Parlament və prezident seçkiləri keçiriləcək. Ermənistandakı siyasi vəziyyətin sıfırdan başlayaraq yenilənməsi baş verəcək. Ermənistan yeni bir dövrə daxil olacaq. Fikrimcə, Ermənistan Qərbə meyillənməklə yanaşı, Rusiya ilə də münasibətləri saxlamağa çalışacaq. Dağlıq Qarabağ məsələsində onların necə mövqe sərgiləyəcəyini demək çətindir. Amma əvvəlkindən fərqli vəziyyət yaranacaq. Odioz fiqurlar hakimiyyətdən uzaqlaşır”. 

Qabil Hüseynli qeyd etdi ki, bundan sonra Qərb Ermənistandakı proseslərə daha çox müdaxilə etməyə çalışacaq. 

M. Abdulla





Həftənin ən çox oxunanları