Yuxarı

Müharibə düyməsinə basıldı

Müharibə düyməsinə basıldı

İsrail parlamenti baş nazir Benyamin Netanyahu və müdafiə naziri Aviqdor Libermana İrana müharibə başlatmaq icazəsi verib. Belə ki, baş nazir İranın nüvə çalışmalarını davam etdirdiyini,  əllərində bunu təsdiq edən sübutların olduğunu deyib. İsrail parlamenti isə İrana müharibə elan etməklə bağlı qərarı təsdiqləyib. Qeyd edək ki, İran və İsrail bir-birini öz təhlükəsizliyinə təhdid hesab edir. Hər iki ölkənin özünün arqumentləri var. 

Hazırda İsrail və İran Yaxın Şərqdə, daha dəqiq desək, Suriyada savaşırlar. Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp da İrana qarşı daha sərt siyasət yürüdür və İranın nüvə sazişindən çıxdığını bəyan edərək yeni sanksiyaların tətbiq olunacağını deyir. Görünən odur ki, ABŞ və İsrail İrana qarşı apardıqları siyasi xəttin növbəti mərhələsinə başlayır. Bu isə yeni müharibənin başlayacağına işarədir. Maraqlıdır ki, analitiklər də İsraillə İran arasında müharibənin hər an başlamaq ehtimalı olduğunu istisna etmirlər.

Siyasi-şərhçi Fikrət Sadıqov "Cümhuriyət” qəzetinə açıqlamasında İsrailin İrana qarşı zərbələr endirəcəyini istisna etməyib: "Vəziyyət olduqca gərgindir. Çünki İsrailin baş naziri Netanyahu bir  sıra kəşfiyyat sənədləri əldə edib. Həmin sənədlərdə açıq şəkildə göstərilir ki, İranda nüvə proqramı gizli şəkildə gedirdi və bu gün də davam edir. Bu da parlamentin müharibə elanı qərarını təsdiq etməyə təsir etdi. Düşünmürəm ki, İsraillə İran arasında genişmiqyaslı müharibə başlasın. Amma İsrailin İranın bir sıra obyektlərinə zərbə vuracağını istisna etmirəm. Çünki İsrail hesab edir ki, İranın nüvə proqramı onlar üçün ən böyük təhlükədir. Çünki İran dəfələrlə bəyan edib ki, İsrail, ümumiyyətlə, xəritədən silinməlidir. Bu bəyanat İsraildə çox ciddi qəbul edilir. Düşünürəm ki, yaranan bu vəziyyətdə İsrailin İrana zərbə endirəcəyi istisna olunmur”

Politoloq Əhəd Məmmədli isə İsraillə İran arasında müharibənin baş verməyəcəyini deyib: "İran inqilabı baş verəndən İsraillə İran bir-biriləri ilə müharibə edir. Amma nəsə hələ də müharibəni edə bilmirlər. Etməyəcəklər də. İndiyə qədər bu iki ölkə bir-birinə bir güllə də atmayıb, atmaycaq da. 

İranla İsrail İslam dünyasını parçalanması üçün qurulan dövlətlərdi. İranla İsrailin müharibəsi yenidən İslam dünyasının vahidləşməsinə gətirib çıxara bilər. Ona görə bu iki "mehriban düşmən”in bir-birinə güllə atması mümkün deyil”.

Vilayət






Həftənin ən çox oxunanları