Yuxarı

Serj Sarkisyandan "at gedişi”

Serj Sarkisyandan

Ermənistanda Qarabağ klanının 20 illik hakimiyyətinə son qoyuldu. Nikol Paşinyanın baş nazir seçilməsinə baxmayaraq, ölkədə siyasi qarşıdurma mühiti hələ aradan qalxmayıb. Son rəy sorğuları N.Paşinyanın Ermənistan əhalisi arasında siyasi reytinqinin 82 faizə yüksəldiyini göstərir. "Məxməri inqilab” lideri hazırda ən populyar siyasətçi sayılır. Lakin bu göstərici onun siyasi risklərdən tamamilə sığortalandığını deməyə əsas vermir. Parlamentdə əksəriyyəti təşkil edən deputat çoxluğu Paşinyana müxalifətdə olan qüvvələrin əlində qalmaqda davam edir. 

Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası Paşinyanın baş nazir seçilməsinə səs versə də, yalnız nisbi səs çoxluğunun təmin edilməsində iştirak edib. Yəni baş nazirin seçilməsi üçün 105 parlament üzvündən 53 nəfəri əsas namizədin lehinə səs verməlidir. Respublika Partiyasının Ermənistan Milli Məclisindəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə bir neçə gün öncə verdiyi açıqlamada yekdilliklə N.Paşinyanın lehinə səs vermək üçün qərar qəbul etdiklərini aqıçlamışdı. Lakin mayın 8-də keçirilən səsvermənin ikinci mərhələsində Nikol Paşinyanın lehinə 59 deputat səs verib ki, onların cəmi 14 nəfəri Respublika Partiyasının üzvüdür. 

Serj Sakisyanın komandasının 42 nəfəri isə N.Paşinyanın əleyhinə çıxıb. Yəni Respublika Partiyasından N.Paşinyanın xeyrinə cəmi 14 nəfərin səs verməsi təmin edilib. Bununla da ERP parlamentdəki status-kvonu saxlamağa çalışıb. 


Hazırda Serj Sarkisyan tərəfdarları palamentdə baş nazir Paşinyana qarşı ana müxalifəti təşkil edir. Yeni hökumət rəhbərinin hər hansı siyasi səhvə yol verməsi Milli Məclisdə səs çoxluğuna malik Respublika Partiyasının onun istefasını tələb etməsi ilə nəticələnə bilər. 

Ona görə də ERP-nın əksər üzvləri deyil, yalnız 14 nəfəri Paşinyana səs verib. Əgər baş nazirin istefası məsələsi gündəmə gələrsə, o zaman 14 nəfərin mövqeyini Paşinyanın əleyhinə dəyişmək çətin deyil. Təbii ki, bu vəziyyət daha çox payızda keçirləcək növbədənkənar parlament seçkilərinə qədər davam edə bilər. Respublika Partiyasının seçkilərdə qələbə çalması və hakimiyyətə qayıtması isə yaxın perspektiv üçün real görünmür. İndiki situasiyada isə Serj Sarkisyan parlamentdə qüvvələr nisbətini öz xeyrinə saxlamaq üçün bir növ "at gedişi” edir. 

Bu baxımdan, Serj Sarkisyanın Nikol Paşinyana qarşı əsas təzyiq vasitəsi kimi Qarabağ kartından istifadə etməyə çalışacağını söyləmək olar. Çünki Ermənistan daxilində Serj Sarkisyan siyasi nüfuzunu tamamilə itirib. O, daha çox Dağlıq Qarabağ erməniləri arasında üstünlüyünü qoruyub saxlamaq imkanına malikdir. Qarabağ klanının əleyhdarı kimi tanınan Nikol Paşinyan isə daha çox ermənistanlılar arasında populyardır. Nikol Paşinyanın Qarabağ erməniləri arasında siyasi mövqeyinin zəif olması Serj Sarkisyana özü üçün separatçı həmyerliləri arasında nüfuzunu qorumağa kömək edir. Yəni N.Paşinyan baş nazir seçilsə də Qarabağ ermənilərinin siyasi dəstəyini ala bilməyib. Serj Sarkisyan isə istefa verməsinə rəğmən hələ də Paşinyanın qarşısında ciddi maneə olaraq qalır. Yeni baş nazirin ilk rəsmi səfərini Xankəndinə etməsi də məhz həmin dəstəyi əldə etməyə hesablanıb. 
Qeyd edək ki, hazırda Ermənistanda hakimiyyətin formalaşmasında üç amil rol oynayır. Bunlar diaspora, kilsə və Qarabağ münaqişəsidir. Nikol Paşinyan diasporun və kilsənin dəstəyini əldə edib. Lakin Qarabağ probleminin həllinə münasibətdə Paşinyanın mövqeyi ilə bağlı Xankəndində birmənalı rəy mövcud deyil. Qarabağ klanının başına qayıtmağa cəhd edən Serj Sarkisyan bu statusdan Paşinyana qarşı müqavimət göstərmək üçün faydalana bilər. 

Müşfiq 






Həftənin ən çox oxunanları