Yuxarı

7 gün sonrakı tarixi görüşün sirləri

7 gün sonrakı tarixi görüşün sirləri

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen Inın görüşünə hazırlıq getdiyi bir zamanda dünya mətbuatı çoxdan gözlənilən təmasın pərdəarxası ilə maraqlanır. Bir çoxlarımız liderlərin görüşlərini ancaq otaqda, masa başında izləmək imkanına sahib oluruq. Halbuki işin o mərhələyə çatması üçün yüzlərlə diplomat çalışır, bütün təfərrüatlar hətta ən xırda incəliklərinə qədər öyrənilir, yoluna qoyulur. Həm də təkcə diplomatlar tərəfindən yox. Xüsusi xidmət orqanları bu tip görüşlərdə iş başındadır. Onlar təhlükəsizliyi yüksək səviyyədə təmin etməkdə məsuldurlar. Budəfəki tarixi hadisəyə- iki liderin görüşünə sayılı günlər qalıb, deməli işlər daha çoxdur.

Hər an görüş ssenarisinin dəyişmə ehtimalı var, buna görə də hətta masadan liderlərdən hansınınsa vaxtından əvvəl duracağını da gözləmək olar. Nə də olsa, hər iki tərəf adından planlaşdırılmayan hərəkətlərinə görə dəfələrlə bəhs etdirmiş şəxslərdir. 

Hələlik isə həm Tramp, həm də Kim Çen üçün əsas məsələ təhükəsizliyin təminidir. Sinqapurda bu necə təmin olunacaq- bunu görüş göstərəcək. Ancaq hələlik narahatlıq üçün əsas yoxdur. Bütöv komanda bunun üzərində işləyir. Yollar, aeroportlar, liderlərin qalacağı məkanlar, görüş yeri- hər yerdə təhlükəsizlik yüksək səviyyədə təmin ediləcək. Bir sözlə, "quş uçurtmayacaqlar”. Hələlik görüş yeri ya seçilməyib, ya da seçilib, sadəcə açıqlanmır. Bundan əvvəl Amerika prezidentləri "Şanrqi-La” hotelində qalıblar. Ancaq Şimali Koreya nümayəndə heyəti bu təkiflə razılaşmayıb. İndi isə Sentosa adası məkan kimi gözdən keçirilir, hər halda iddialar belədir. Ancaq ora gedən yolda liderlərin təhlükəsizliyi necə təmin olunacaq- bu, hələlik qaranlıqdır. 

Tramp üçün əslində ciddi problem yoxdur. Amerika prezidentlərinin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir. Amma Kim Çen üçün vəziyyət fərqlidir. O, uzaq səfərlərə getmir, komandası da bu qəbildən görüşlərin təşkilində peşakar deyil. 2011-ci ildən bəri ilk dəfə Kim Çen evdən bu qədər uzaqlaşacaq və təbii ki, bunun narahatlığını yaşayır. Bu isə görüşə təsirsiz qalmaya bilər. Hər halda masa başında o da özünü Tramp kimi komfortda hiss etməlidir. 

Komfort yaratmaq üçünsə detallar vacibdir. Məsələn, birgə foto olacaqmı? Görüş zalında neçə bayraq qoyulacaq? Ölçülər bir-birinə uyğun gələcəkmi? Axı iki ölkə arasında diplomatik əlaqə yoxdur. Buna görə də Şimali Koreya bayrağının  zala gətirilməsi bu ölkənin ABŞ tərəfindən tanınması anlamına da gələ bilər. Diplomatlar indi bunun üstündə "baş sındırır”. 

Protokol xidməti hətta addımları da sayacaq. Hər lider bir-birinə doğru neçə addım atacaq? Bunlar siyasətin incəlikləridir. 

Yapon dilomatlar daha əvvəl Şimali Koreya ilə bunabənzər görüşlərin təşkilində təcrübə qazanb. Buna görə də bildirirlər ki, belə görüşlərdə tərəflərin hərəkətləri statuslarına uyğun olur. Daha yüksək statusu olan şəxs giriş qapısından daha uzaq məsafədə oturur. Bundan başqa əgər hər iki lider qapıdan eyni anda keçəcəksə, deməli məkan seçimində bu da nəzərə alınmalıdır. İki liderin bir yerdə sığacağı qapı olmalıdır. Hətta masa dəyirmi olsa belə, onun sağ və sol tərəfi olacaq. Hədiyyə təqdimatı və digər ənənələr də unudulmayacaq. 

Və təbii ki, pul. Diktator görüşə bütöv komanda ilə gələcək və onların səfər xərcinin ABŞ tərəfindən təmin edilməsini istəyir. ABŞ isə buna görə maliyyə ayırmaq niyyətində deyil. Bu ilin fevralında keçirilən Qış Olimpiya Oyunlarında Cənubi Koreya "qardaş ölkə” üçün 225 min dollar ödəmişdi. Bura mehmanxana xərci, qidalanma, nəqliyyat xərcləri daxil idi. Nümayəndə heyətinə diktatorun birinci xanım statusunda olan bacısı rəhbərlik edirdi. İndi isə Sinqapur bəzi xərcləri qarşılamağa hazır olduğunu bildirib. Ancaq söhbətin hansı məbləğdən getdiyi bəlli deyil. 

Xəzər