Yuxarı

İranın parçalanması planı ortada

İranın parçalanması planı ortada

İranda milli valyutanın devalvasiya etməsi nəticəsində yaranmış iqtisadi böhrana qarşı etiraz aksiyaları davam edir.

Tehran, İsfahan, Ərak və Məşhəd şəhərlərində rejimə qarşı küçə yürüşləri keçirilib. Yürüşə qatılan on minlərlə aksiyaçı, o cümlədən də mağaza və ticarət obyektlərinin sahibləri, molla rejiminə qarşı şüarlar səsləndirərək, onun Suriyada yeritdiyi müdaxiləçi siyasətinə, eləcə də ölkə əhalisinin yoxsullaşmasına səbəb olan səriştəsiz iqtisadi planlarına etiraz bildiriblər.
"Biqeyrətlər xəcalət çəkin, utanın, məmləkətdən əl çəkin”, "Nə Qəzzəni istəyirik, nə də Livanı, İrana canımız qurban”, "Binamus! binamus, tutduğun insanları burax”, "İranlı ölər, zillətə dözməz”, "Diktatora ölüm”, Suriyanı burax, bizə gün ağla”, "Xamneyiyə ölüm”, və digər şüarlar səsləndirən aksiyaçılar, rejim qüvvələrinin dinc insanlara qarşı hücumuna etiraz bildirib.
Tehranın köhnə üstüörtülü bazarı ətrafındakı küçələrdə keçirilən etirazlar, polis qüvvələrinin kobud müdaxiləsindən sonra qarşıdurmaya səbəb olub.

Nəticədə, onlarla aksiyaçı tutularaq naməlum istiqamətə aparılıb. Paytaxtın mərkəzinə yaxın iri küçə və meydanlarda əlavə polis qüvvələrinin yerləşdirildiyi, şəhərdə bir növ elan olunmamış fövqəladə vəziyyətin hakim olduğu bildirilir.

Qeyd edək ki, son günlər 1 ABŞ dollarının məzənnəsi 9 min tümənə yüksəlib. Devalvasiya İranın maliyyə-bank sektorunda ciddi problemlərlə müşahidə olunur. Xarici valyutaya tələbat artıb. İdxal məhsullarının qiymətində kəskin bahalaşma baş verib. Əhalinin alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Ölkədə işsizlik kütləvi hal alıb. ABŞ-ın İranın nüvə proqramının dayandırılmasına dair sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, Amerikanın sanksiyalarından ehtiyatlanan onlarla avropalı və beynəlxalq şirkət, son həftələr İranla əməkdaşlığına son qoyub. Bu isə milli valyutanın məzənnəsinin gündən-günə dəyərdən düşməsinə, dolların dəyərinin qalxmasıa və ticarət mərkəzlərində alış-verişin dayandırılmasına səbəb olub.

İranın milli gəlirlərinin böyük hissəsi isə silahlanmaya, uzaqmənzilli raket proqramının inkişafına, Yaxın Şərqdə hərbi əməliyyatların maliyyələşdirilməsinə, Suriyada Qüds ordusu, "Fatimiyun” briqadası, "İmam Hüseyn” briqadası, 37-ci briqada, Livanda "Hizbullah”, Fələstində "Həmas”, Yəməndə "Ənsərullah”, İraqda şiələrdən ibarət 70 min nəfərlik "Haşti-Şaabi” qüvvələri və digər hərbi birləşmələrin saxlanılmasına xərclənir. Qeyd edək ki, 2015-ci ildə "Altılıq” ölkələri ilə İranın nüvə proqramına dair Geniş və Hərtərəfli Fəaliyyət Proqramının imzalanmasından sonra ABŞ Tehrana qarşı bir sıra sanksiyaları qaldırdı. İranın İslam inqilabının baş verməsindən sonra xarici banklarda dondurulmuş vəsaitlərinin 32 milyard dolları geri qaytarıldı.

Ancaq həmin vəsait iqtisadiyyatın dirçəldilməsinə deyil, daha çox xaricdə hərbi əməliyyatların aparılmasına sərf olundu. Ona görə də son dövrlər İranda iqtisadi və maliyyə böhranının dərinləşməsi kütləvi etiraz aksiyaları ilə müşahidə olunur. Xatırladaq ki, bu ilin yanvar ayının əvvəllərində də İranın bir çox şəhərlərində rejimin siyasətinə etiraz nümayişləri baş qaldırmışdı. İndi əhali yenidən ayağa qalxıb və hökumətdən yaranmış iqtisadi böhrana son qoymağı tələb edir. 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, hazırda İranda baş verənlər həm iqtisadi, həm də siyasi böhranın əlamətləridir. Bunun da səbəbi İranın Yaxın Şərqdə-Suriyada, Yəməndə apardığı müharibə siyasəti, eləcə də ABŞ-a və onun müttəfiqlərinə qarşı tutduğu mövqe ilə bağlıdır: "Bunun səbəblərindən biri də İranda insan hüquqlarının və digər millətlərin haqlarının pozulmasıdır. Həmçinin, İranın nüvə proqramındakı qaranlıq məqamların olması bu cür hadisələrin baş verməsinə gətirib çıxarır. ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxması həmin sanksiyaların bərpası deməkdir. Bu sanksiyaların əsasında dayanan məsələlərdən biri neftdir. Digər amil İranın mülki aviasiyasına, maliyyə strukturlarına tətbiq edilən sanksiyaların bərpasını nəzərdə tutur. İran sənayesində istifadə olunan texnologiya, avadanlıq fiziki və texniki cəhətdən istismar müddətini başa vurub. Yeni texnologiyalara meyilli olsa da bu, yoxdur. İstehsalın olmaması iqrtisadiyyatın çökməsinə gətirib çıxarıb.

Ona görə də İran iqtisadiyyatı neft və qaz hasilatı üzərində dayandı. Bu zaman İrana qarşı sanksiya tətbiq edilməyə başladı. Sanksiyaya məruz qaldığına görə İran özünün istehsal etdiyi məhsulu dəyər-dəyməzinə satmağa məcburdur. Bu səbəbdən də İran 1339 adda mal və məhsulun idxalına qadağa qoyub. Ona görə də atom-nüvə proqramı ətrafında gedən oyunlar ciddi siyasi və iqtisadi böhrana doğru gedir. Bu vəziyyət hökumət böhranı ilə müşahidə olunur. İki gün əvvəl İranın ali rəhbərinin hərbi məsələləri üzrə müşaviri Yəhya Rəhim Səfəvi bildirib ki, ölkədəki bu gərginliklərin əsas səbəbkarı Həsən Ruhani hökumətidir. 

Sonra isə bildirib ki, bu hökumətsiz də ölkəni idarə etmək olar. Yəni hazırkı hökumət gərəksiz bir qurumdur. Bu isə yalnız ölkə daxilində deyil, həm də hakimiyyətin içərisində bir gərginlik olduğunu göstərir. Mühafizəkarlar adlandırılan sərt xətt tərəfdarları islahatçılar kimi təqdim olunan mülayim xətt tərəfdarlarını ittiham edir. Yəhya Rəhim Səfəvi deyir ki, Ayətullah Əli Xameneyi nüvə proqramı ilə bağlı danışıqlara gedilməsinə razı deyildi. Amma Həsən Ruhani bu müzakirələrə getdi və dedi ki, bu mənim konstitusiya hüququmdur. Belə bir vəziyyətdə İranda hakimiyyətdaxili qarşıdurma yaranıb.

Bunun nəticəsində hökumət qurban gedə bilər. Deməli, perspektivdə çətin vəziyyətdən çıxmaq üçün hökumət qurban verilə bilər. Son hadisələr göstərir ki, Həsən Ruhaninin başçılıq etdiyi hökuməti tamamilə istefaya göndərib, sərt xətə tərəfdarlarından ibarət yeni hökumət qurmaq istəyirlər. Amma bu da çıxış yolu deyil. İranda böhrandan yeganə çıxış yolu inqilaba bərabər islahatdır. Həmçinin, konstitusiya islahatı aparılmalı, ali rəhbərin səlahiyyəti azaldılmalı, İranın xarici siyasətində ciddi dərin dəyişikliklər edilməli, İranın nüvə proqramında şəffaflıq təmin edilməli və bunların fonunda İranın ABŞ-la münasibətləri razılaşdırılmalıdır. Əks halda, İranda hakimiyyət dəyişikliyi baş verəcək. İran iqtisadiyyatı çökür. Neft sektoruna, maliyyə və bank sisteminə sanksiyaların tətbiq edilməsi İran iqtisadiyyatının bel sütununu sındırıb”. 

Ekspert onu da vurğuladı ki, Barak Obama administrasiyasının 2015-2016-cı illərdə İrana qaytardığı milyardlarla dollar vəsiat iqtisadiyyatın inkişaf etdilməsi əvəzinə Suriyada Bəşər Əsədin hakimiyyətdə saxlanılmasına, Yəməndə Husi qiyamçılarına, İran islam İnqilabı doktrinasının dünyaya yayılmasına, atom-nüvə sahəsində şəffaflığın gizlədilməsinə xərcləndi. Nəticədə, dünya ölkələri neft alqı-satqısı sahəsində İranla əməkdaşlıqdan imtina etdi: "Bir neçə ildir İran-Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri layihəsinin çəkilməsi həyata keçirilmir. Çünki İran hakimiyyəti təbii qaz satışından əldə etdiyi gəlirlə dünyada terrorçuluğu dəstəkləyəcək, İslam inqilabının rəhbəri Xomeyninin doktrinasının transformasiyası ilə məşğul olacaq. Həm də fars dili və ədəbiyyatının, bölünmüş xalqlar həbsxanasının güclənməsinə, Güney Azərbaycan türklərinin daha çox məhrumiyyətlərə məruz qalmasına xərcləyəcək”. 

Sədrəddin Soltanın sözlərinə görə, ABŞ-ın nüvə sazişindən çıxmasından sonra "P5+1” ölkələri arasında yaranmış fikir ayrılığından istifadə edib Avropa Birliyi ölkələrinin siyasi və iqtisadi dəstəyini əldə edəcəyinə ümid edirdi. Lakin digər Qərb dövlətləri ABŞ-ın bu qərarını pisləsə də İrana dəstək vermədi. Bu isə İranın hazırkı iqtisadi böhranla üzbəüz qalmasına şərait yaratdı: "Bir neçə gün əvvəl İran Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Əli Əkbər Salehi Avropadan istədikləri dəstəyi ala bilmədiklərini bəyan etdi. O, qeyd etdi ki, Avropa İrana istənilən yardımı göstərmədi. Onun ardınca İran xarici işlər nazirinin müavini Abbas Ərakçi elan etdi ki, iranlıların avropalılara etimadı azalıb. Bu etimadı qazanmaq üçün avropalılar çox işləməlidir. Yəni bu bəyanatlar təsdiq edir ki, Avropadakı müttəfiqləri müəyyən güzəştlər əldə etdikdən sonra ABŞ-la birlikdə sanksiyalarda iştirak edəcəklər və bu da baş verir”.

Müşfiq Abdulla