Yuxarı

Paşinyana qarşı qiyam: Düyməyə basıldı

Paşinyana qarşı qiyam: Düyməyə basıldı

Koçaryanın həbsi ətrafında hansı oyunlar gedir?  

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılması müxalifət lideri, Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyanla  baş nazir Nikol Paşinyan arasında  münasibətlərin pozulmasına səbəb olub. Nikol Paşinyanın siyasi xaç atası hesab edilən eks-prezident Ter-Petrosyan 2008-ci il martın 1-də oturaq mitinqi gülləbaran etdirmiş R.Koçaryanın  sərbəst buraxılmasına etiraz olaraq mitinq keçirmək qərarına gəlib. 

"Müəyyən qüvvələrin təsiri altında, Apellyasiya Məhkəməsi Robert Koçaryanın həbsinə dair birinci instansiya məhkəməsinin qərarını ləğv etmək barədə qeyri-qanuni qərar qəbul edib. Bunun önündə  parlamentin 46 deputatının vəsatəti, həmçinin Koçaryanın nəzarət etdiyi KİV-lərin mövcud hakimiyyətə qarşı təbliğatı dayanır. Bütün bunlar köhnə quldur rejimin nümayəndələrinin konsolidasiyasının təzahürüdür. Başqa sözlə, əks-inqilabçı qüvvələrin və dövlət əleyhdarlarının xalqa qarşı sui-qəsdidir.  Əks-inqilabçı qüvvələrin revanş götürməsinə yol verməmək üçün biz Erməni Milli Konqresinin bütün üzvlərini və tərəfdarlarını avqustun 17-də "Respublika” meydanında planlaşdırılmış mitinqdə iştirak etməyə çağırırıq”-bəyanatda belə qeyd edilir. 

Xatırladaq ki, sabiq prezident Robert Koçaryanın avqustun 13-də Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılması Ermənistanda ciddi narazılıqla qarşılanıb. Hətta avqustun 14-də erməni gənc  fəallar və 2008-ci il 1 mart hadisələrində öldürülənlərin qohumları R.Koçaryanın    "Erebuni Plaza” otelinə daxil  olaraq onun mətbuat konfransı keçirməsinə mane olub. Onların arasında İrəvan Dövlət Universitetinin tələbələri də olub. Zalda 2008-ci ilin 1 mart hadisələri zamanı öldürülən aksiya iştirakçılarının şəkillərindən ibarət poster yerləşdirilib.  

Eyni zamanda,  "Erebuni Plaza” otelinin qarşısına toplaşan 100-ə yaxın insan İrəvan Apellyasiya Məhkəməsinin Robert Koçaryanın azadlığa buraxılmasına ilə bağlı qərarına qarşı etiraz aksiyası keçirib. 
Ermənistan Xüsusi İstintaq Xidməti də Apellyasiya Məhkəməsinin qərarının qeyri-qanuni olduğunu bəyan edib. 

"İnanırıq ki, Baş Prokurorluq Apellyasiya Məhkəməsinin qanunsuz qərarından Kassasiya Məhkəməsinə şikayət verəcək”-EXİX-dən KİV-ə açıqlamada belə deyiblər. 
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1 mart hadisələrində Robert Koçaryanın cinayətlərini sübuta yetirmək üçün dəlil və sübutları istintaqa təqdim etməyə hazırdır. Bu barədə Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin üzvü Aram Manukyan  açıqlama verib. 

"İşin açıqlanmasında faydalı ola biləcək hər kəs, istintaq xidmətinə dəlillər verməsindən məmnun olmalıdır. Bu ölkədə 1 mart işinin üstünün açılmasında  Levon Ter-Petrosyan qədər maraqlı insan yoxdur”-Manukyan belə deyib. 

Onun sözlərinə görə, 10 il ərzində EMK topladığı materialları hüquq-mühafizə orqanlarına təqdim etməyə hazırdır: "On il ərzində Erməni Milli Konqresi maddi sübutlar toplayıb, kitablar nəşr etdirib, filmlər çəib, beynəlxalq instansiyalara müraciət edib, cinayətkarların siyahısını tərtib edib. Biz yalan ifadələr vermiş, saxta ittihamlarla çıxış etmiş  polislərin, prokurorların siyahısına malikik. Son işimizi 1 martın 10-cu ildönümündən əvvəl həyata keçirilmişik. Toplanmış sənədlərin nüsxələrini biz maraqlı tərəflərə göndərmişik. Bu toplananlar 1 martda baş verənləri aşkara çıxartmaq üçün kifayətdir. Proqramlaşdırılmış materiallar o qədər çoxdur ki, 1 mart cinayətinin həyata keçirilməsini tam sübuta yetirir”-deyə Armen Manukyan bildirib. 

Onun sözlərinə görə, Robert Koçaryan barəsindəki  həbs-qətimkan tədbiri dəyişdirilməməli və sabiq prezident həbsdə  saxlanılmalıdır. 

Ermənistanda baş verən hadisələrin gedişi  Robert Koçaryanın həbsi ətrafında müxtəlif siyasi spekulyasiyaların  getdiyini deməyə əsas yaradır.  Çünki indiki situasiyada baş nazir Paşinyanın razılığı olmadan R.Koçaryanın azadlığa buraxılması inandırıcı görünmür. Yəni Apellyasiya Məhkəməsi N.Paşinyanın sifarişi ilə R.Koçaryanı  azad etmək barədə qərar çıxarıb. Ancaq ikinci prezidentin həbsindən sonra Paşinyana Rusiyadan siyasi təzyiqlərin artdığını nəzərə alsaq, bu sifarişin əslində Kremldən gəldiyini söyləmək olar. Çox güman ki, xarici siyasətdə Qərblə yaxınlaşmasına baxmayaraq, Rusiya ilə münasibətləri saxlamağın qaçılmaz olduğunu anlayan Nikol Paşinyan R.Koçaryanı sərbəst buraxmaq məcburiyyətində qalıb. Hətta Moskva Paşinyandan sabiq müdafiə naziri Mikael Arutunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, 1 mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələrinin İrəvan  Qarnizonunun rəisi işləmiş Yuri Xaçaturov barəsində də cinayət işinə xitam verilməsini  tələb edir. Yuri Xaçaturovun 5 milyon dram ödəniş müqabilində girovluğa buraxılması və ölkədən çıxışına icazə verilməsi də Rusiyanın təzyiqləri sayəsində mümkün olub.  2008-ci il martın 1-də prezident Koçaryanın göstərişi ilə oturaq mitinqi gülləbaran etdirmiş və hazırda axtarışda olan Mikael Arutunyanın isə Rusiyada gizləndiyi ehtimal olunur. Bu da həm Arutunyanın, həm də Xaçaturovun Rusiya vətəndaşı olması ilə bağlıdır. Rusiya hər iki cinayətkarın həbsinə imkan vermir. Hətta Y.Xaçaturov ictimaiyyət arasında özünü erməni deyil, rus generalı adlandırır.

Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan bildirib ki, Arutunyanın və Xaçaturovun Rusiya vətəndaşı olması araşdırılır. 

Lakin Robert Koçaryanın azadlığa buraxılması N.Paşinyan üçün daxili ictimai rəydə ciddi problem yarada bilər.  Eks-prezidentin saxlanılmasından sonra  Ermənistanda Qarabağ klanına qarşı olan və inqilabın həyata keçirilməsində fəal iştirak etmiş ictimai-siyasi qüvvələr arasında N.Paşinyana inam yaranmışdı. Çünki R.Koçaryanın həbsi Ermənistanı həm Qarabağ klanının təsirindən xilas etmək baxımından mühüm siyasi əhəmiyyət daşıyırdısa, minlərlə insan on ildən sonra 1 mart hadisələrinə layiqli qiymət veriləcəyinə inanmağa başlamışdı. Lakin çoxlarının hətta Serj Sarkisyanın həbsini gözlədiyi bir vaxtda  R.Koçaryanın azadlığa buraxılması  cəmiyyətdə Paşinyanı qətiyyətsiz və rəqibləri ilə bacara bilməyən bir lider kimi nüfuzdan sala bilər. Bu isə qarşıdan gələn növbədənkənar parlament seçkilərində Paşinyanın nüfuzuna ağır zərbə vurmaqla yanaşı, Rusiyanın Ermənistandakı əsas siyasi dayağı olan Qarabağ klanına itirilmiş mövqeyini  bərpa etməkdə kömək etmiş olar.  

Ona görə də həm EXİX-nin, həm də Armen Manukyanın açıqlaması N.Paşinyanın bütün qeyd edilən arqumentləri gözdən keçirdiyini göstərir. Daha doğrusu, Koçaryan məsələsində N.Paşinyan Rusiya ilə ikili siyasi oyun oynamağa çalışır. Bir tərəfdən ikinci prezidentin azadlığa buraxılmasını təmin etməklə Paşinyan Moskvanın  qarşısında özünü sığortalamağa çalışır. Digər tərəfdən isə EXİX-nin kassasiya şikayəti verməsi və Levon Ter-Petrosyanın istintaqa maddi sübutlar təqdim etməsi  N.Paşinyanın R.Koçaryanı yenidən həbs etmək niyyətindən xəbər verir. 

Əks təqdirdə, N.Paşinyanın R.Koçaryanı azad etməsi və Rusiya qarşısında geri çəkilməsi Ermənistanda tamamilə yeni situasiya yaranacağını istisna etmir. Belə ki, Qarabağ klanı artıq siyasi nüfuzunu itirib və Koçaryana qarşı ictimai narazılıq güclü olduğundan onun yenidən hakimiyyətə qayıtması real görünmür. Sadəcə olaraq, Serj Sarkisyanın siyasi iflası fonunda Rusiya Ermənistanda hakimiyyəti dəyişmək üçün  Kremlə yaxın fiqurlar arasında Koçaryandan daha güclüsünü tapa bilmədi. Lakin bu plan baş tutmadığından Rusiya ya bir müddət gözləmə mövqeyinə çəkilərək  N.Paşinyanla anlaşma nöqtəsi tapmağa çalışmalı, ya da "məxməri inqilab”ın liderindən daha nüfuzlu və bütün klanların qəbul etdiyi bir lider tapmalıdır. Paşinyanın hazırkı mövqeyi daha çox Rusiyanın təzyiqləri qarşısında manevr etməyə və seçkilərə qədər bu tarazlığı qoruyub saxlamağa hesablanıb. Ancaq o, Qarabağ klanı qarşısında geri çəkilməkdə davam edərsə, qeyd edilən manevr imkanlarını  itirəcək. Çünki bu bir tərəfdən daxildən, xaricdən isə Rusiyanın təzyiqlərinin artması ilə nəticələnə bilər. Belə vəziyyətdə Levon Ter-Petrosyanın mövqeyi həlledici təsirə malikdir. Bu da yaranmış situasiyadan asılı olaraq özünü bir neçə formada büruzə verə bilər.

İlk növbədə, Erməni Milli Konqresinin gözlənilmədən Paşinyanın siyasətinə etiraz mitinqi təşkil etməsi  seçkiqabağı baş nazirə təzyiq məqsədi daşıması ehtimalını meydana çıxarır. Çünki avqustun 17-də N.Paşinyan da meydanda xalq qarşısında baş nazir seçilməsinin 100-cü günü ilə bağlı hesabat mitinqi keçirməyə hazırlaşır. Belə bir vaxtda Levon Ter-Petrosyanın N.Paşinyanın qarşısında alternativ mitinq keçirməsi inqilabçı düşərgəni bölmüş olar. Ona görə də Ter-Petrosyan Robert Koçaryanın azad edilməsi amilindən istifadə edərək inqilabçı baş nazirə qarşı revanş götürməklə görünür, bir sıra siyasi şərtlərini diktə etmək istəyir. Qeyd edək ki, Ter-Petrosyanın N.Paşinyanla iyulun 16-da keçirilmiş görüşündə o birinci prezidentin parlament seçkilərində hazırkı baş nazirdən dəstək istədiyi bildirilir. Bu səbəbdən, Ter-Petrosyanın yeni parlamentə düşmək üçün N.Paşinyana təzyiqləri artırdığı güman olunur. 

Buna baxmayaraq, Erməni Milli Konqresinin mitinqləri qeyd edildiyi kimi R.Koçaryanı həbs etmək və Rusiyanın yerli dayaqlarını sarsıtmaq üçün Paşinyanın işinə yarayır. Yəni "müxalifətin və xalqın etirazları” Paşinyanı Rusiyanın təzyiqlərindən qorumaq üçün siyasi bufer rolunu oynayır. Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artdığı bir vaxtda, Koçaryanın, yaxud Arutunyanın barəsində cinayət işinin ləğv edilməsi Kreml üçün daha arzuolunmaz nəticələr verə bilər. Ona görə də Paşinyan 1 mart hadisələrini arxivə göndərməyin qeyri-mümkün olduğunu Rusiyaya sübut etmək imkanı qazanır. 

Lakin Erməni Milli Konqresinin fəallaşması  Rusiyanın da diqqətindən yayınmır. Moskva L.Ter-Petrosyanın Ermənistan siyasətinin müəyyənləşməsində həlledici  nüfuza malik olduğunu nəzərə alır. Azərbaycan ərazilərinin işğalı L.Ter-Petrosyanın prezidentliyi dönəmində baş verib və o, ermənistanlılarla yanaşı, Dağlıq Qarabağ klanında Koçaryandan narazı hərbçilər, eləcə də mülki insanlar arasında birləşdirici fiqur rolunu oynaya bilər. Bu səbəbdən, Ter-Petrosyan parlament seçkiləri öncəsi, yaxud seçkilərdən sonra Rusiyanın və Qərbin maraqlarına cavab verəcək ortaq fiqur kimi də ön plana çıxa bilər. Yəni Rusiya Paşinyanı Koçaryanı yenidən Ter-Petrosyana dəyişə bilər. Təbii ki, bütün bunlar ilk növbədə seçkilərin nəticəsindən asılı olacaq. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları