Rusiyanın dəstəyilə qurulmuş PKK/YPG-nin yerini doldurmaq məqsədilə yeni alternativ əsgəri güc yaradılır.
Suriyada yaradılan yeni hərbi dəstə yüngül silahlarla və zəruri olarsa, ağır silahlarla təchiz ediləcək.
Türkiyə ilə sərhəd xəttində yerləşən Suriyanın Haseke şəhərinin Amude, Derbesiye və Til Temir rayonlarında hərbi dəstələrin yaradılmasına başlanılıb.
Bu dəstənin terror təşkilatı PKK/YPG-nin əvəzinə qurulduğu bildirilir.
Cebhe.info-ya açıqlamasında politoloq Vüqar Zifəroğlu bunun gələcəkdə Türkiyəyə başağrısı olacağını istisna etmədiyini deyib:
"Türkiyənin iştirakı olmadan yaradılan hər hansı hərbi birlik gələcəkdə Türkiyənin əleyhinə istifadə edilə bilər. Amma indiki məqamda nəzərə alsaq ki, Türkiyə ilə Rusiyanın maraqları müəyyən mənada Suriyada uzlaşır.
Hətta birgə fəaliyyətlə bağlı razılığa da gəliblər. Hazırkı məqamda Türkiyənin dolayısı ilə Rusiyanın bu addımına dəstək verdiyini istisna etmək olmaz. Yəni dolayısı ilə bu prosesdə Türkiyə də iştirak edir. Amma tarix və təcrübə göstərir ki, bu cür hərbi birləşmələrin yaradılması gələcəkdə problemlərə səbəb olur. Belə ki, bir vaxtlar Amerika Əfqanıstanda sovet imperiyasına qarşı müəyyən silahlı birliklər yaradırdı ki, bu da sonradan "Taliban” terror təkilatına çevrildi.
Hazırda belə alternativ silahlı terror birliklərin yaradılması gələcəkdə daha böyük başağrısına səbəb olacaq. Hətta bu çox real görünür”.
Əli Bədir