Yuxarı

Qlobal iqtisadi savaş: Neft bazarına uzanır

Qlobal iqtisadi savaş: Neft bazarına uzanır

Qlobal iqtisadi savaş: Neft bazarına uzanır

ABŞ-la Çin uzun müddət sürmüş ticarət müharibəsində sülhün əldə olunması üzrə razılığa gəliblər. 

Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı ticarət müharibəsi artıq dünya iqtisadiyyatına milyardlarla dollar zərər vurub. Xarici xəbər saytlarının məlumatına görə, iki ölkə arasındakı razılaşma hələ ki, sənəd üzərində əldə olunub. Lakin razılaşmanın rəsmi şəkildə imzalanması artıq gələn aya gözlənilir. ABŞ Prezidenti Donald Tramp bu müqaviləni fenomenal adlandırıb: 

"Biz Çinlə müqavilənin ilkin mərhələsini sonlandırdıq və danışıqlara müqavilənin ikinci mərhələsində 2020-ci ildəki seçkiləri gözləmədən tez bir zamanda başlayacağıq”.

Əvvəlki qərara əsasən, ABŞ dekabrın 15-dən başlayaraq ümumi dəyəri 160 milyard dollar olan Çin məhsullarına görə, əlavə dövlət rüsumu əldə edəcəkdi. Lakin ABŞ hökuməti həmin qərarı ləğv edib. Bundan əlavə, ABŞ hökuməti ümumi dəyəri 120 milyard dollar olan Çin məhsulları üçün təyin edilmiş 15 faizlik dövlət rüsumunu da iki dəfə aşağı salmağı söz verib.

Çin hökuməti də ABŞ-a cavab olaraq təyin etmiş olduğu dövlət rüsumlarını ləğv edib. Qeyd etmək lazımdır ki, ABŞ-ın yeni qərarlarına cavab olaraq Çin hökuməti də ABŞ-dan olan məhsullara 6-10 faiz dəyərində dövlət rüsumu təyin etmişdi. Bura əsasən, avtomobillər və avtomobil hissələri daxil idilər.

Çin hökuməti qeyd edib ki, mütəmadi olaraq əlavə dövlət rüsumlarından digər kateqoriyalı məhsullar da azad olacaqlar. Bununla yanaşı, Çin yaxın 2 il ərzində ABŞ-dan müəyyən növ məhsulların və xidmətlərin əldə olunmasını söz verib. Bura ilk növbədə kənd təsərrüfatı məhsulları daxil olacaqlar. Həmçinin Pekində ABŞ texnologiyalarının oğurlanması məsələsinin aydınlaşdırılmasına da söz verilib. Bu razılaşmanın "Huawei” şirkətinin ABŞ-dakı fəaliyyətinə necə təsir edəcəyi barəsində bir məlumat yoxdur. 

Maraqlıdır, ticarət müharibəsinin bitməsi xüsusilə neft bazarına necə təsir edəcək?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, hələlik ABŞ-la Çin arasındakı ticarət müharibəsinin tam başa çatdığını söyləmək doğru olmaz:

"Zaman-zaman ticarət savaşının tamamlanması və ya razılığın əldə edilməsi ilə bağlı  açıqlamalar olub, amma nəticədə bu reallaşmayıb. Ona görə də, hələlik ticarət müharibəsinin sonlandığını söyləmək tezdir. Çünki güman olunmur ki, ABŞ əvvəlki tariflərə qayıdacaq. Təbii ki, ABŞ tariflərin müəyyən qədər optimallaşdırılmasını həyata keçirə bilər, amma tariflərin əvvəlki səviyyəyə qayıdacağı inandırıcı deyil. Nəzərə alsaq ki, xüsusən Ağ Evin bəzən gözlənilməyən açıqlamaları olur, bu da nəticə etibarilə ticarət savaşında yeni bir mərhələ yaradır. "Böyük 20-lik" sammitində hər iki ölkənin prezidenti müəyyən razılıq əldə etmişdi. Amma qısa müddətdən sonra həmin razılıq praktik olaraq pozuldu. Bu baxımdan hələlik savaşın başa çatdığını söyləmək doğru olmazdı”.

Analitik savaş başa çatsa belə, neftin dünya bazar qiymətində kəskin artımın olacağını gözləmədiyini də deyib: 

"OPEC-ə üzv olan və OPEC kənar ölkələr hasilatın daha çox azaldılması ilə bağlı ilkin razılığı əldə etdilər. Hətta bu, bazara təsir göstərdi, neftin qiyməti 65 dollardan daha üstün oldu. Amma sonradan qiymətin müəyyən qədər azalmasını müşahidə etdik. Praktik olaraq ticarət savaşı qlobal tələbə təsir göstərə bilər. Amma qlobal tələb hələlik neftin qiymətinin kəskin artmasına gətirib çıxaracaq səviyyədə deyil və bu, yaxın vaxtlar üçün də proqnozlaşdırılmır. Hətta qlobal ticarət müharibəsi başa çatacağı halda belə, neftin qiymətində kəskin artımların olacağını gözləmirik. Ümumiyyətlə, indiki halda da neftin qiymətində kəskin artımlar proqnozlaşdırmırıq”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları