Baş çatan 2019-cu il Rusiya milli valyutasının ABŞ dollarına nisbətdə 10 faizdən artıq, avro ilə müqayisədə 14 faiz möhkəmlənməsi ilə yadda qaldı.
Analitiklər birja platformalarında rublun möhkəmlənməsini dünya neft qiymətlərinin artması ilə əlaqələndirir. Ancaq 2020-ci ilin gərgin olacağı gözlənilir. Sanksiyalar müharibəsinin yeni mərhələsi Rusiya valyutasının məzənnəsini 1 dollar üçün 67-70 rubla endirə bilər. 2019-cu ildə Rusiya rublu yanvar-may aylarında zəifləyib. ABŞ dolları ilə rubl arasındakı valyuta dəhlizi 65,5- 69 rubl təşkil edib. Sonuncu dəfə oxşar dinamika 2018-ci ilin ortalarında qeydə alınıb.
Bununla yanaşı, may ayında Rusiyada enerji qiymətlərinin artması və istehlak qiymətlərinin azalması rublun məzənnə dəyərini yüksəltdi. Cari ilin sonunda Rusiya milli valyutası ABŞ dollarına nisbətdə 10 faizdən çox bahalaşaraq 69,88 rubla bərabər olub. 2018-ci ilin yekununda isə bu göstərici 62,02 rubl təşkil etmişdi. Rublun məzənnəsi il ərzində avroya nisbətdə əhəmiyyətli dərəcədə artıb. Avronun rubl qarşısında ucuzlaşması 2019-cu il yanvarın əvvəlindən etibarən başlayıb. Rubl avro ilə müqayisədə 10 rubl və ya 14 faiz möhkəmlənib. Əgər 2019-cu ilin əvvəlində avropalılar 1 avro üçün 79,2 rubl ödənilirdisə, dekabr ayının sonunda bu göstərici 69,2 rubla enib.
Ekspertlərin fikrincə, 2019-cu ildə rublun möhkəmlənməsində Rusiyaya xarici kapitalın axını mühüm rol oynayıb. O, rubl da daxil olmaqla riskli aktivlərin bütün qruplarında qeydə alınıb. İnvestisiya strategiyası üzrə mütəxəssis Aleksandr Baxtinin sözlərinə görə, nikbinlik Vaşinqton və Pekinin ticarət qarşıdurmasının kəskinləşməsinin yeni mərhələsindən imtina etməsi fonunda yaranıb. Mərkəzi Bankın məlumatına görə, ilin əvvəlindən bəri investorlar əlavə olaraq Rusiya borc istiqrazlarına təxminən 1,53 trilyon rubl sərmayə qoyub.
Üstəlik, dövlət qiymətli kağızlarının alıcıları arasında əcnəbilərin payı 24,4 faizdən 32 faizə yüksəlib. Baxtinin fikrincə, bu tendensiya, öz növbəsində, Rusiya Federasiyasının güclü makroiqtisadi bazaya malik olması, əsas sanksiya risklərinin "pauza" səviyyəsində saxlanılması, həmçinin ABŞ-ın və Çinin ticarət razılaşmasına doğru getdikcə yaxınlaşması kimi amillərin formalaşması ilə bağlıdır. Nəhayət, milli valyutanın möhkəmlənməsində enerji qiymətlərinin artması da az rol oynamayıb. Yanvar-dekabr aylarında Brent markalı xam neftin bir barelinin qiyməti 20 faizdən çox artaraq 66-67 dollara çatıb. Aleksandr Baxtin hesab edir ki, neftin bahalaşması rublun məzənnəsinə müsbət təsir göstərsə də, bu, daha çox köməkçi amildir.
Neft bazarının dinamikasından rubla birbaşa təsir səviyyəsi sonradan azalmağa davam edib. 57 qlobal investor, strateq və treyderlərin apardığı sorğuya görə, Rusiya valyutası 2020-ci ildə ötən ilin uğurlarını təkrarlaya bilər. Respondentlərin cavablarının təhlili "Bloomberg”in mütəxəssisləri tərəfindən aparılıb. Nəşrin yazdığına görə, əksər analitiklər Rusiya valyutasını digər inkişaf etməkdə olan ölkələrin valyutaları arasında gözlənilən gəlirlər baxımından birinci yerə qoyur. Növbəti yerləri isə İndoneziya, Braziliya və Hindistanın milli valyutaları tutur.
Agentlik bildirir ki, neftdən əlavə gəlirlərin yığılması Rusiyaya valyuta ehtiyatlarının ölkənin ümumi daxili məhsulundakı faizini 2010-cu ildən bəri ən yüksək səviyyəyə qaldırmağa imkan verib. Hökumətin ikiqat büdcə və cari hesab profisiti var. Bunların hər ikisi minimum on il üçün ən yüksək səviyyədədir. "Bloomberg” və HSBC agentliklərinin analitiklərinin proqnozuna görə, 2020-ci ildə rubl qiymətə daha 7 faiz əlavə edəcək. Onlar Rusiya milli valyutasını inkişaf etməkdə olan bazarların valyutaları arasında "işıq şüası" adlandırır. Ancaq rusiyalı mütəxəssislər daha bədbin proqnozlar verir.
Milli valyutaya mənfi təsir göstərə biləcək xarici amillər arasında analitiklər dünya iqtisadiyyatının yavaşlamasını, Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq edilməsini, həmçinin enerjiyə tələbatın azalmasını qeyd edirlər. "Bu, rublun 1 dollar üçün 67-70 səviyyəsinə qədər zəifləməsinə səbəb ola bilər. "Milli valyutanı devalvasiyadan qorumaq üçün 2020-ci ildə aşağı səviyyəli inflyasiya, həmçinin büdcə profisiti olacaq”-"Loko-bank”ın İdarə Heyətinin sədr müavini Andrey Lyuşin belə deyib.
"Rubl həmişə gözlənilməz davranır və tez-tez inkişaf etməkdə olan ölkələr üçün ümumi qaydalara uyğun gəlmir”.
"iTLEADERS” investorlar klubunun təsisçisi Yeqor Klopenko belə deyib.
"Rusiya valyutası həm möhkəmlənə, həm də düşə bilər”.
Hər iki ssenarinin ehtimalı təxminən eynidir. Neftin qiymətinə də baxmağa dəyər . O, siyasətlə yanaşı, rubla təsir edən ikinci mühüm amildir. Neft bazarında qiymətlərin ciddi yüksəlişi və düşməsi olarsa, biz dolları ya 80, ya da 90 rubla görəcəyik. Hər halda iqtisadçılar neftin aşağı qiymətinə qarşı başqa bir vasitə tapmadılar”, - deyə Klopenko bildirib.
Müşfiq Abdulla