Vüqar Zifəroğlu: "Türkiyə Misirdə itirdiyi mövqeləri Liviyada bərpa edir”
2011-ci ildə Qəddafi rejiminin devrilməsindən sonra Liviyanın siyasi həyatında yeni mərhələ başlana bilər. Beş ilə yaxındır müharibəsi və terrorçular üçün döyüş meydanına çevrilmiş Liviya dünya bazarında neftin ucuzlaşması fonunda sanki diqqətdən kənarda qalmış kimi görünürdü. Ancaq son dövrlər Liviya uğrunda geosiyasi rəqabətin getdikcə artması müşahidə olunur. Ölkədə hakimiyyəti ələ keçirmək üçün silahlı mübarizə aparan feld-marşal Xəlifə Həftərə Fransa, Rusiya, Misir və Səudiyyə Ərəbistanı və Yunanıstan dəstək verir. Liviya Milli Razılıq Hökumətini müdafiə edən ABŞ-a Türkiyənin də qoşulması Şimali Afrikanın Aralıq dənizi sahilində böyük güclərin geostrateji maraqlarının toqquşmasından xəbər verir.
Diqqəti çəkən mühüm məqam isə 2016-cı ildən bəri Suriyada siyasi və hərbi müttəfiqlik nümayiş etdirən Türkiyə və Rusiyanın maraqlarının Liviyada toqquşmasıdır. Daha dəqiq desək, Xəlifə Həftərə maliyyə, silah və əsgəri dəstək verən Rusiyadan fərqli olaraq, Tükiyə cəbhənin əks tərəfində-Liviya Milli Razılıq Hökumətinin yanında yer alır. Məhz bu dəstəyin sayəsində Xəlifə Həftərə məxsus üsyançılar paytaxt Tripoli yaxınlığında güclü itki verərək geri çəkilməli olub. Yaxın vaxtlarda isə Türkiyə hərbi kontingenti Liviyaya yola düşəcək. Bu əmrin verilməsi üçün prezident Ərdoğan Türkiyə Böyük Millət Məclisinin qərarını gözləyir.
Buna baxmayaraq, rəsmi Ankara Liviya hökuməti ilə hərbi yardım haqqında razılaşma əldə edib. Noyabrın 27-də Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sarac Ankaraya rəsmi səfəri zamanı hərbi yardım üçün Rəcəb Tayyib Ərdoğana müraciət edib. Ərdoğan və Fayez Sarac hərbi sahədə əməkdaşlıq və dəniz zonaları üzrə qarşılıqlı anlaşma memorandumlarını imzalayıb. Dekabrın 5-də isə Türkiyə palamenti Dəniz zonaları üzrə memorandumu ratifikasiya edib. Lakin Yunanıstan və Misir bu sənədi tanımadıqlarını bəyan edib.
Qeyd edək ki, Türkiyə və Liviyanın Aralıq dənizində xüsusi iqtisadi zonaların ayrılması ilə bağlı imzaladığı pakt Yunanıstanın və Misirin bu regiondakı enerji maraqları ilə ziddiyyət təşkil edir. Çünki yeni sərhədlər Türkiyəyə sualtı neft və qaz yataqlarında kəşfiyyat işləri aparmağa imkan verəcək. Mübahisəli pakt Şərqi Aralıq dənizində neft və qaz yataqlarının kəşfiyyatında iştirak etmək istəyən Ankaranın təzyiq vasitəsi hesab olunur. Yunanıstan, Kipr, Misir və İsrail ərazi sularında tapılan qazın istehsalı və nəqlinə dair bir sıra sazişlər imzalayıb. Türkiyə ilə müqavilə bağlanmayıb. Ankara bildirir ki, Yunanıstan Türkiyə ilə sərhəddə yerləşən kiçik adalarının, məsələn, Kastelorizonun çoğrafi mövqeyindən haqsız olaraq istifadə edərək Türkiyənin maraqlarına zidd şəkildə xüsusi iqtisadi zonalarını genişləndirməyə haqq qazandırır.
Dekabrın 21-də isə Prezident Ərdoğan rəsmi Tripoli ilə hərbi əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Həmin sənədə görə, Türkiyə qoşunları istənilən vaxt Xəlifə Həftərin başçılıq etdiyi Liviya Milli Ordusunun hücumlarından müdafiə etmək üçün Liviyaya daxil ola bilər. Türkiyəli hərbi analitik, keçmiş zabit Metin Gürkan "Al Monitor” nəşrində yazır ki, Türkiyə Silahlı Qüvvələri artıq Liviyaya hərbi yardım göndərmək üçün hazırlıqlara başlayıb: "Bu yardım iki-üç desant qrupundan, təxminən 100 nəfər heyətlə bir dəniz bölüyündən, həmçinin hərbi gəmilər və təyyarələrdən ibarət olacaq”.
Analitik, həmçinin qeyd edib ki, türk hərbçiləri liviyalı həmkarlarına təlimat verməklə kifayətlənəcək, döyüş əməliyyatlarında iştirak etməyəcəklər. Yerli mətbuat xəbər verir ki, Türkiyə tərəfdən yardım silah, hərbi dronlar və bir neçə təlimatçının tədarükü ilə məhdudlaşıb. Lakin Ankara silah tədarükü ilə bağlı məlumatı təkzib edir. Əks təqdirdə, Türkiyə BMT-nin Liviyaya qarşı tətbiq etdiyi silah tədarükünə beynəlxalq embarqonu pozduğunu rəsmi şəkildə etiraf etmiş olardı. Münaqişəyə cəlb edilən tərəflərin hamısı embarqonu pozur, ancaq heç biri bunu etiraf etmir. Kreml də general Xəlifə Həftərin başçılıq etdiyi qoşunların sıralarında rus muzdluların olduğunu təkzib edir.
Rusiya tərəfi isə Türkiyə silahlı qüvvələrinin Liviyaya daxil olmasına hərbi əməliyyatlara qoşulmamaq şərti ilə razılıq verir. Ancaq ekspertlər hesab edir ki, Türkiyənin Liviyadakı iddiaları çox genişdir. Bu baxımdan, Türkiyə hərbçilərinin fəaliyyətsiz qalacağı inandırıcı görünmür. Hətta Türkiyənin Liviyada hərbi baza yaratmaq planları barədə məlumatlar var. AKP iqtidara gəldikdən sonra Afrikada, xüsisilə də bu qitənin müsəlman ölkələrində Türkiyənin geosiyasi fəallığını artması müşahidə olunur. Bu isə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Fransanın etirazı ilə qarşılanır. Putin iqtidarının vaxtilə SSRİ-nin Şimali Afrikadakı hərbi və siyasi mövqelərini bərpa etmək səyləri isə Türkiyənin bu bölgədəki geosiyasi fəaliyyəti ilə ziddiyyət təşkil edir.
"Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Liviyanın həm Türkiyə, həm də Rusiya üçün əhəmiyyəti həddindən artıq böyükdür: "SSRİ-nin Tripolidə, Benqazidə və Tobrukda hərbi bazaları mövcud olub. Həmin bazalar yüksək strateji əhəmiyyətə malik olub. Yəni SSRİ-nin Liviyadakı hərbi bazaları Rusiyanın isti dənizlərə çıxışını təmin edirdi. Ümumiyyətlə, Rusiyanın isti dənizlər məsələsi ilə bağlı ardıcıl və prinsipial siyasəti var. Bu baxımdan, Liviyadakı hərbi bazalar mühüm rol oynayırdı. "Ərəb baharı”ndan və Müəmmar Qəddafinin devrilməsindən sonra Rusiya həmin bazaları itirdi. Ondan sonra Rusiyanın Yaxın Şərqdə mövcudluğu təhdid altına düşdü. Bu səbəbdən, Rusiya Suriya məsələsində prinsipial mövqedən çıxış etməyə məcbur oldu. Əslində, Rusiyanın Suriyada möhkəmlənməsinin əsas səbəblərindən biri məhz Liviyadakı hərbi bazaların itirilməsi ilə bağlıdır. Hazırda Rusiya Liviyadakı bu mövqelərini qaytarmağa çalışır. Eyni zamanda, son zamanlar Aralıq dənizində çox fəal proseslər gedir. Türkiyə-Yunanıstan münasibətlərinin gərginləşməsi, ABŞ-ın Yunanıstanı və Kipri Türkiyəy əleyhinə dəstəkləyəcəyinə dair məlumatların fonunda rəsmi Ankaranın Liviyada ciddi həmlə etməsi müttəfiq ölkələri belə, narazı sala bilər. Ona görə də Türkiyənin və Rusiyanın maraqlarının toqquşmasının müəyyən qədər əsasları var. Amma sual oluna bilər-Suriyada maraqlarını uzlaşdıran Türkiyə və Rusiya Liviyada da bunu edə bilərmi? Hesab edirəm ki, bu mümkündür. Hətta Türkiyə ola bilsin ki, Liviyada Rusiyanın maraqlarından çıxış edə bilən addımlar ata bilər. Bu məsələdə isə ba ş verənləri ABŞ-Rusiya və ərəb ölkələri-Türkiyə münasibtləri kontekstində dəyərləndirə bilərik”.
Ekspert bildirdi ki, Türkiyənin Şimali Afrikada geosiyasi fəallığının artması neft-qaz amili ilə yanaşı, həm də nəqliyyat dəhlizlərinə nəzarət uğurnda rəqabətlə bağlıdır. Bu baxımdan Liviya xeyli strateji əhəmiyyat daşıyır: "Yaxın Şərqdə kifayət qədər idaərçilik təcrübəsi olan Türkiyə regional gücdür. Ona görə də Türkiyənin Şimali Afrikada güclənmək istəyi təbiidir. "Ərəb baharı”ndan sonra "Müsəlman qardaşları”nın hakimiyyətə gəlməsi ilə Türkiyə Misirdə kifayət qədər nüfuz qazana bilmişdi. Çünki AKP iqtidarı "İxvanül-müslimin”i dəstələyirdi. Lakin bir il sonra ixvançıların hakimiyyətdən devrilməsi Türkiyə-Misir münasibətlərinə zərbə vurdu. İndi Türkiyə Liviyaya hərbi qüvvə göndərməklə itirdiyi mövqeləri, nəinki bərpa edir, hətta Afrikaya, isti dənizlər vasitəsilə Avropaya çıxış imkanı qazanır. Bu da Yunanıstan, Qərb amilinə görə vacibdir”.
Vüqar Zifəroğlunun sözlərinə görə, hərbi qarşıdurmaların getdikcə artdığı Liviyaya Türkiyə hərbçilərinin daxil olması bu ölkədə sabitliyin bərpasına kömək edə bilər. Bu həm də Liviyanın dövlət maraqlarına cavab verir. Ancaq analitik hesab edir ki, Rusiya və Türkiyə prinsipial məsələlərdə maraqlarını uzlaşdıra biləcək.
Müşfiq Abdulla