Yuxarı

Qobustan və Gəmiqayanın türk damğaları

Qobustan və Gəmiqayanın türk damğaları

 

qobustan1Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qəbilə və soylar özünün saydığı ərazilərin, ilk növbədə də, otlaq sahələrinin sərhədlərini işarə etmək üçün damğalardan istifadə etmişlər. Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və qəbilələrinin ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin damğaların müstəsna əhəmiyyəti vardır. Damğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, türk xalqlarının da etnogezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı mədəniyyətinin ilk nümunələri kimi də qiymətlidir.

Azərbaycanın bir sıra rayonlarından tapılmış müxtəlif işarə və damğalar haqqında C.Cəfərov, Ə.Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Ə.Hüseyni "Gəmiqaya rəsmləri" içərisindən, F.Muradova Şirvan zonasından, C.Cəfərov isə Qobustan petroqlifləri içərisindən üzə çıxarılan damğalardan söhbət açmışlar. Müəlliflər bu işarələrin hansı qədim uruğa (soya) mənsub olduğunu, həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər. Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların qədim əlifbalarında da rast gəlinir. Məsələn, Yazıçıoğlu   Əliyə   görə,  11 - ci   oğuz  tayfası  olan  begdililərin  soy   damğasına Gəmiqaya işarələri içərisində cüzi fərqlə rast gəlinir. Qaranoğayların "as" uruğunun damğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə e.ə. III əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi yazısında ("ça" və "ba" hecalarını ifadə edən qrafem) rast gəlinir. Həmin əlifbada "tha" hecasını bildirən qrafem də ağnoğayların türkmən tayfasının damğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi Gəmiqayadan tapılmışdır. Brahmi əlifbasında "dha" hecasının işarəsi isə qaranoğayların konqes (gəngər) nəslinin damğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir.

Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı bəzi hərflərə uyğun gəlməkdədir. Belə ki, qaranoğaylarda qazan tayfasının ergenekli uruğunun damğası ilə eyni olan işarə e.ə. V-III əsrlərdə işlənmiş arami əlifbasında "h" səsini, ayrı-ayrı Şirvan işarələri isə Dəməşq - səmud əlifbasında ayrı-ayrı səsləri ifadə etmişdir. Bu damğalardan biri isə Dəməşq səfaid əlifbasında "h" səsini ifadə edən işarə ilə eynidir.

Son Eneolit - Erkən Tunc dövrlərinə aid edilən Gəmiqaya rəsmləri içərisində sonradan bir sıra türk qəbilə və soylarının damğası kimi işlənmiş bəzi işarələrə də rast gəlinməkdədir. Maraqlıdır ki, eyni dövrə aid işarələrin bir qismi qədim Türk - run əlifbasının nt, s (ş), ı (i), p, s, b, d, t, z, k, ç səslərinin qrafik əlamətləri ilə eynidir.

Şübhəsiz ki, bu qədər uyğunluğun olması təsadüf ola bilməzdi. Deməli, hələ e.ə. XII-VIII minilliklərdə türk soylarının təşəkkülü başlamış və bu təşəkkül prosesinin cərəyan etdiyi coğrafi ərazilər içərisində Azərbaycan ərazisinin də özünəməxsus rolu olmuşdur. Deyilənləri bu fakt da sübut edir ki, M.Kaşğarlıda 6-cı oğuz tayfası əfşarların damğası kimi göstərilən işarəyə, eləcə də Yazıçıoğlu Əlinin əfşarlara aid etdiyi, fəqət M.Kaşğarlının təsvir etdiyi damğadan fərqlənən damğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbdə yerləşən Sofu-Novruz qəbiristanlığında qeydə alınmış damğalar içərisində rast gəlinir.

M.Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların damğası isə Şamaxının Quşçu kəndində yerləşən "Abdal damı" mağarasında qeydə alınmışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da (e.ə. III-II minillik) "şərab" mənası verən heroqlif kimi rast gəlirik.

Məlum olduğu kimi, begdelilər Yazıçıoğlu Əlidə 11-ci oğuz tayfası kimi qeyd edilmişdir. Onların da işarələrinə cüzi fərqlə Gəmiqaya işarələri içərisində rast gəlinmişdir. Yenə də eyni müəllifin 16-cı oğuz tayfası kimi qeydə aldığı çepnilərin damğası da həmin işarələr içərisində yer almaqdadır. Yeri gəlmişkən, qeyd edək ki, Gəmiqayada təsvir edilmiş damğalar içərisində ulay-undluğların (Y. Əli; 19-cu oğuz boyu), samurların (Ə.Bahadırxan; 17-ci oğuz boyu), ağnoğayların qara as boyunun, irğak tayfasının damğalarına da rast gəlinir.

Professor Cəfər Cəfərovun yazdığına görə, Gəmiqaya damğaları içərisində rast gəlinən ən qədim işarə "az" (as) işarəsidir ki, bu işarə ilk türk soyunun-azların damğası olmuşdur. O yazır:

"Damğaların sırasında bizim üçün ən maraqlı görünəni və nisbətən geniş tədqiqat tələb edəni qaranoğaylarda "as" adıyla tanınan tayfanın "beşik damğa" adlanan damğasıdır. Bu damğanın tam paralelinə Şirvan damğalarının sırasında da rast gəlirik."

Az (as) tayfasının taleyi elmi ədəbiyyatda çox qaranlıq və pərakəndə şəkildə izah edilmiş və edilməkdədir. Tarixi mənbələrdə, həmçinin müasir toponimikada, eləcə də türk etnonimlərində "az" (as) morfeminə çox sıx-sıx rast gəlinməkdədir. Azlar kimdir?

Hazırda dünyanın bir çox ölkələrində azların (asların) adını qoruyub-saxlamış coğrafi ünvanlara tez-tez rast gəlinir. Turan ərizisinin hər yerində; Azərbaycanda, Anadoluda, Krımda, Şimali Qafqazda, Uralda, Sibirdə, Yakutiyada, Qazaxıstanda, Orta Asiyada, Şərqi Avropada və s. yerlərdə tərkibində "az" (as) komponenti olan oronim, hidronim və etnonimlər istənilən qədərdir. Azlar haqqında məlumata qədim və orta əsrlər mənbələrində rast gəlinir. Belə ki, VII əsr ərəb səyyahı Sallama ət-Tərcümani az kişlərin qıpçaqların qonşuluğunda, Mərkəzi Qazaxıstanın sərhədlərindən başlamış Balxaş gölünə qədər böyük bir ərazidə yaşadıqlarını göstərir. Təqribən eyni dövrə aid Orxan-Yenisey abidələrində də sözügedən qəbilədən danışılmaqdadır:

"Əcdadlarımızın tutduğu Yer-Su sahibsiz qalmasın deyə az xalqı təşkil edib, yar..." (Kül Təkin abidəsi,şərq tərəf, 19-cu sətir)

"Az xalqı düşmən oldu". (Eyni abidə, şimal tərəf, 2-ci sətir)

Xlll əsr İslandiya tarixçisi Snorri Sturluson özünün "Kiçik Edda" kitabında yazır:

"Troya türk ölkəsidir... Türklərin ölkəsini tərk edib... Avropaya gələn aslar buraya türk adət - ənənələrini gətirdilər və burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu."

Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər olduğunu bir daha təkzibedilməz şəkildə sübut etməklə yanaşı, ulu babalarımızın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan dünya yazı mədəniyyətinin ilk beşiyi olmuşdur.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları