Yuxarı

Qafqaz albanları türk idi

Qafqaz albanları türk idi

AlbanlarBu dövlətin adı barədə tarixi mənbələrdə müxtəlif maraqlı fikirlər mövcuddur. Tarixi rəvayətə görə, e.ə ll əsrdə (bəzi mənbələrə görə l əsrdə) həmin dövlətin ərazisində Ərən (Aran) adlı bir hökmdar taxt-taca yiyələnmiş və onun soyundan olanlar (Aranşahlar) bu ölkəni uzun müddət idarə etmişlər. Ölkənin gürcü, fars və ərəb mənbələrində “Aran” adlanmasının səbəbi də həmin Ərənin (Aranın) adı ilə bağlı idi. Ölkənin erməni mənbələrində “Ağvan” (Ağuan) kimi adlandrılmasına gəlincə, həm erməni müəllifi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa Kağankatlının yazdıqlarına görə, bu sözün kökündə “ağu” sözü durur ki, bu da Albaniya əhalisinin dilində “xoşxasiyyət, mehriban, comərd” deməkdir.

Hökmdar Ərənin məhz belə adam olması səbəbindən ona “Ağu”, ölkəsinə isə “Ağuan - Ağvan” demişlər. Tarix elmləri doktoru, qədim dillər üzrə böyük mütəxəssis Yusif Yusifov haqlı olaraq yazır ki, “ağu” kəlməsi yuxarıda qeyd edilən anlamlarda yalnız türk dillərində qeydə alınmışdır. Həmin kəlmə, “aği”  (aqi, axi, aki) formasında və  eyni mənada V.V.Radlovun “Qədim türk lüğəti”ndə də qeydə alınmışdır.

“Albaniya” adına gəlincə isə, bu formaya antik mənbələrdə rast gəlinir və bu toponim ölkənin əsas etnosunun - türk mənşəli alban xalqının adından qaynaqlanır.

Tarixi mənbələrdən belə məlum olur ki, Aranşahlar sülaləsindən sonra bu ölkə başqa bir türk mənşəli sülalə - Parfiya Arsaklarının bir qolu olan Albaniya Arsakları tərəfindən idarə edilmişdir. V əsrdə Albaniya hökmdarı olan və xristianlığı öz ölkəsində dövlət dini  səviyyəsinə qaldıran Cəsur Vaçaqanın da Arsaklar sülaləsindən olduğu məlumdur. O da dəqiq məlumdur ki, Albaniya - Aran dövləti eyni ərazidə özündən əvvəl mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu. Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan Sanatürk (Sanesan) xan mənbələrdə bəzən massagetlərin, bəzənsə Albaniyanın (Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk) ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün  337-ci ildə Araz çayının qərb sahilinə keçərək Ərməniyyə (Armeniya) torpaqlarına girdiyi və Ərməniyyənin baş şəhəri Valarşapatı tutduğu, bir il əlində saxladığı məlumdur.

İlk alban hökmdarları...

Yusif Yusifov yazır ki,  “ Sanatürk / Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız-hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zamanda Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğatçılarının təcavüzündən qoruyurmuş. Lakin 338-ci ildə yunan (rum-B.T) və iber qoşunlarının köməyilə erməni sərkərdəsi Vaçe Mamikonyan (Mamikonlar türk mənşəli idilər-Y.Y.) Sanatürkün dəstələrini məğlub etdi, qalanını isə Paytakarana sıxışdırdı. ll Şapur Albaniya taxtında Sasanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar Urnayr olmalı idi. Urnayrı ll Şapurla qohumluq əlaqələri bağlayırdı”.

Urnayr ll Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə malik olsa da, o da Sanatürk kimi türk-Arsak sülaləsindən idi. Ərməniyyədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars-Sasani şahının yardımı ilə Urnayr 359-cu ildə Albaniya xanı oldu, 371-ci ilə qədər hakimiyyətdə qaldı.

359-cu ildə ll Şapur Ərməniyyəni himayə edən və ondan Sasanilərə qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid (Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sasanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adərbayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərməniyyənin xanı ll Arsak zindana salındı.

Tarixi mənbələrdən belə məlum olur ki, Urnayr 371-ci il müharibəsində də romalılara qarşı farsların müttəfiqi kimi çıxış etmişdi. Fəqət bu dəfə müharibə romalıların qələbəsi ilə bitdi. Döyüşdə Urnayr yaralandı. Romalılar nəinki Ərməniyyəni qaytardılar, hətta Adərbayqan (Azərbaycan) və Albaniyanın bəzi bölgələrini işğal edib Ərməniyyəyə qatdılar. Ermənilər isə Muşeq Mamiqonyan (Muşeq Mamikon) adlı erməni mənşəli Roma sərkərdəsinin başçılığı ilə işğal edilmiş ərazilərdə əhaliyə divan tutdu. Qadın, uşaq demədən minlərlə insanı qırıb tökdü. Kəndləri, şəhərləri oda verdi. Lakin bu, uzun sürmədi, işğal olunmuş torpaqlar tezliklə geri qaytarıldı.

Arsaklar sülaləsinə mənsub  son alban hökmdarları

Tarixi mənbələr dövrümüzədək türk-Arsak sülaləsindən olan sonrakı alban xanlarının da adını çatdırmışdır. Bunlardan biri də Arsvaqen (430-440) idi. Onun dövründə alban əyanlarının önəmli hissəsi xristian idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniyyə və Albaniyaya (Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maştots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya (Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir.

Arsvaqendən sonra onun oğlu, fars-Sasani şahı ll Yəzdəgirdin bacısı oğlu ll Vace (440-463) Albaniya xanı oldu. O, Yəzdəgirdin təkidilə Albaniyada atəşpərəstliyi yaymağa çalışsa da, xalqın buna qarşı çıxması ilə istəyinə nail ola bilməmişdi. Sasani imperatorluğunda daxili çəkişmələrdən istifadə edən ll Vaçe sonradan siyasətini dəyişərək, xristianlara arxalanmağa, farslara qarşı çıxış etməyə başladı. Fəqət farsların yeni şahı Firuz alban tayfalarından onuyğurları (onoqurları) öz tərəfinə çəkərək, onu hakimiyyətdən əl çəkməyə məcbur edə bildi. Bundan sonra 30 illiyə müstəqilliyini tam itirən Albaniya (Aran) həmin dövrdə fars canişinləri tərəfindən idarə edildi. 30 il sonra isə ll Vaçenin qardaşı, ölkədə farsların dinini, yəni zərdüştiliyi (atəşpərəstliyi) yaymağa boyun olan Qarabağ bəyi lll Cəsur Vaçaqan (493-510) qohumu, fars şahı Balaşın köməyi və dəstəyi ilə Albaniyanın (Aranın) xanı oldu. Fəqət o, zərdüştiliyi yaymaq sözünə sadiq qalmayaraq, xristianlığı ölkənin dövlət dininə çevirdi. Onun dövründə bütün digər dinlərin nümayəndələri təqib edilməyə başlandı. Kitabları yandırıldı. Vaçaqan 498-ci ildə Aquen məclisini çağıraraq, xristian dini qanunlarını rəsmiləşdirdi. Ölkənin hər yerində məktəb açaraq, albanların yeni əlifbası ilə alban dilində yazılmış dini kitabları öyrətməyə başladı.

lll Vaçaqan tarixə Albaniyanın türk-Arsak sülaləsindən olan sonuncu xanı və ümumiyyətlə, son alban xanı kimi düşmüşdür. Arsaklardan sonra xristian albanların başına keçən fars  (tat) mənşəli Mehranilər sülaləsi xristianlığı qəbul edərək, Girdiman ərazisində bəylik şəklində siyasi fəaliyyət göstərməkdə idilər. Ən tanınmış nümayəndələri Cavanşir olmuşdur. Azərbaycanın ərazisi İslam xilafətinin tərkibinə keçdikdən sonra həm Ərməniyyə (Van gölü və ətrafı), həm də Aran, yəni Albaniya birdəfəlik Azərbaycana birləşdirildi. Bununla belə, albanlar bir müddət Qarabağ və Qərbi Azərbaycanda, əsasən də Zəngəzurda Azərbaycandan asılı  muxtar bəyliklər şəklində siyasi yaşamlarını sürdürmüşlər. Sevad xanın və oğlu Senekərim xanın dövründə (Xl əsr) isə Zəngəzur və Qarabağda Albaniya xanlığını bərpa etməyə və bir müddət müstəqil yaşamağa cəhd də etmişdilər. XVl əsrdə, dəqiq desək, Şah Abbasın dövründə isə onlara Qarabağ ərazisində 5 məliklik (Xəmsə) qurmaq və dini ibadətlərini azad şəkildə icra etmək icazəsi verilmişdi.

Albanları iki yerə parçalayan dini mənsubiyyət...

Albanların sonradan islamı qəbul edən əksər hissəsi Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmişlər. Xristian dinində qalan çox kiçik hissəsi isə XlX əsrə qədər dillərini qorumuş olsalar da, sonradan etnik şüurlarını tədricən qeyb etmiş və ruslar tərəfindən Azərbaycana, o cümlədən Qərbi Azərbaycan və Dağlıq Qarabağa kütləvi şəkildə köçürülən ermənilərin içində ərimişlər.

Xll əsrin böyük alban mütəfəkkiri Mxitar Qoşun “Alban salnaməsi” və Xlll əsrin böyük alban tarixçisi və ilahiyyatçısı Kirakos Gəncəlinin “Alban ölkəsinin qısa tarixi” əsərlərindən göründüyü kimi, albanlar müsəlman soydaşlarndan fərqli olaraq, həmdinləri olan ermənilərə və gürcülərə həmişə xoş münasibət bəsləsələr də, Xll-Xlll əsrlərdə də alban etnik kimliyini unutmamışdılar. Təsadüfi deyil ki, onların hər ikisi əsərlərini doğma alban dilində yazmışlar və onların ana dilində qələmə aldıqları əsərlrinin bəzi hissələri dövrümüzədək çatıb. Qərbi Azərbaycanın (indiki Ermənistan) Sisian rayonunun Urud kəndindən tapılan, XVl əsrə aid olan, albanlara məxsus qəbirlərin üstündəki kitabələr də bunu bütünlüklə təsdiq etməkdədir. O da danılmaz faktdır ki, alban katalikosluğu XlX əsrə qədər mövcudluğunu sürdürmüş və onun mərkəzi kimi Qarabağ ərazisi çıxış etmişdi.

XVl-XVll əsrlərə aid çoxsaylı alban əlyazmalarını yaratmış mirzələrin o dövrdə, hələ də dillərini unutmadıqları, bəzi hallarda onu “tatar dili” adlandırdıqları müşahidə edilir. Bəzi əlyazmaların mətnlərinin məzmunundan onların özlərini   “erməni” adlandırdıqları, erməni kimi düşündükləri təəssüratı yaranır. Fəqət bu halda söhbət alban müəlliflərinin orijinal əsərlərindən yox, erməni müəlliflərinin alban, yəni qıpçaq-qarqar dilinə tərcümə edilmiş əsərlərindən gedir. Alban müəlliflərinin orijinal əsərlərində bənzər haldan əsər-əlamət belə yoxdur və ola da bilməz. Bununla belə, həmin əlyazmaların (XVl - XVll əsrlər) bəzilərinə ermənilər tərəfindən çox-çox sonralar (XX-XXl əsrlərdə) “erməni” sözü daxil edilmişdir. Bu da həmin əsərlərin müəlliflərinin guya erməni olduğu təəssüratı yaratmaq üçün edilmişdir. Yəni erməni saxtakarlığı hər yerdə olduğu kimi, burada da özünü göstərmişdir.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları