Yuxarı

Qafqaz albanlarının etnik mənşəyi barədə

Qafqaz albanlarının etnik mənşəyi barədə

AlbanlarStrabonun yazdığına görə, onun yaşadığı dövrdə Albaniyada 26 soy və xalq yaşamaqda idi ki, bunlardan albanlar, massagetlər, qarqarlar, saklar, utilər (onları çox vaxt udinlərlə qarışıq salırlar), kəngərlər, çullar, beçeneqlər (oğuzlar), kumanlar, kerqillər, suvarlar, bulqarlar, hunlar, xəzərlər, dondarlar, labanlar (lpinlər), qaytaqlar, qazaxlar, kərkilər və s. türk soy və boyları idilər və ölkənin böyük əksəriyyətini təşkil edirdilər. Eyni zamanda dağlıq bölgələrdə, əski Andiya və Mazamua ərazisində udinlər, ciqblər, silvlər (bu gün avar adı ilə tanınırlar), herlər, qatlar (xınalıqlılar və buduqlar), leqlər (ləzgilər), poxlar (ubıxlar), saxurlar və digər qafqazdilli tayfalar da yaşayırdılar. Bu xalqlar azsaylı idilər və ölkənin siyasi, iqtisadi və mədəni həyatında önəmli bir rola sahib deyildilər. Onların nəsilləri bu gün də Dağıstan və Azərbaycanın şimal dağlıq ərazilərində yaşamaqdadırlar.

Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin, eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan biri olan albanların adı Yafəsin soylarından biri kimi miladdan sonrakı yazılı mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrin sonlarında baş vermiş olaylarla əlaqədar yad edilirlər.

Azərbaycan türklərinin etnogenezində iştirak etmiş albanlar əsasən, Azəbaycanın Kür çayından şimaldakı ərazilərində və Dağıstanda məskun olmuş və bu ərazilərdə yaşayan digər türk soylarını - qarqarları, utiləri, massagetləri, dondarları və sairə, eləcə də bir sıra qafqazdilli tayfaları - udinləri, çilbləri, qatları, leqləri, ubıxları və digərlərini öz ərafında birləşdirərək tarixi mənbələrdə "Albaniya" adı altında yad edilən dövlət qurmuşdular.

«Kitabi-Dədə Qorqud» və albanlar...

"Kitabi - Dədə Qorqud"da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır ki, "Dədəm Qorqud" kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, "gözlənilməz" bir axarını üzə çıxarmışdır:

«Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: "Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar."

"Alpanlar" etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7 - ci boyda oxuyuruq: "Ağ - boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən "alpanlar" sözünü "alplar" kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan "vityazi" şəklində çevrilmişdir.  Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı "alpanlar" sözünü "alplar" sözü ilə əvəz emişdir, lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda "alpanlar" yazıldığını bildirmişdir. Kitabda "alpanlar" etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl lV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır.

Albanlar və Orta Asiya...

Qədim albanların adı bu gün Qubanın "Alpan" kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdür və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür.”

Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdüdlarını aşaraq, Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, Vl əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə ediyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır. Bu məlumatdan açıq - aydın görünür ki, albanlar iskitlər, yəni türklər ölkəsinin son hüdudlarına   qədər, yəni   Çinə  qədər  yayılmışdılar. Təsadüfi  deyil  ki, bu  gün qazaxların "alban" adlandırılan qolu məhz Çin ərazisindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda, eləcə də, Qazaxıstanın Çinlə sərhəd bölgələrində  yaşayırlar.

Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun "Seçilmiş əsərləri"nin lV cildinin 326 - cı səhifəsində, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun "Qırğızıstan arxeoloji və etnoqrafik ekspedisiyası" məcmuəsinin 1960-cı il, 4 - cü buraxılışında dərc edilmiş "Qırğızların etnik tərkibi..." adlı məqaləsində tapmaq olar. Karmışevanın "Tacikistanın özbək-lokay xalqı" kitabının 16 - cı səhifəsindəki 2 - ci cədvəlində isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır. Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir.

Qıpçaq-qarqarlar...

Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi idi. Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı, qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, "Kitabi - Dədə Qorqud"da oğuzlarla yanaşı qıpçaqlardan da gen-bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq - qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir. Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diqtə edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı "Manas"da əsərin qəhrəmanı Manasın atasının adı Qarqardır. Manasın mənsub olduğu xalq isə dastanda gah qarqar, gah da qıpçaq adlanır.

Bu fakt akademuk Bartoldun əsərlərinin toplandığı 4 cildliyin ll cildinin l hissəsinin 541- ci səhifəsində, 55 - ci qeyddə təsbit edilmişdir. Abramzonun "Qırğızlar və onların etnoqrafik və tarixi-mədəni əlaqələri" adlı kitabının 46 - cı səhifəsində isə XVl əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir.

Nizami Cəfərovun yazdığına görə, "Azərbaycanda qıpçaq-oğuz münasibətlərinin ən gərgin dövrü lX - X əsrləri əhatə edir. Həmin dövrün etnosiyasi, linqvokulturoloji proseslərini əks etdirən "Kitabi - Dədə Qorqud"da qıpçaq-oğuz münasibətləri ümumi şəkildə qeyri - müəyyən coğrafiyada deyil, Azərbaycan miqyasında təqdim olunur.

Qıpçaqlar tarixi mənbələrdə daha çox xəzərlər kimi təqdim olunur ki, bunun da əsas səbəbi qıpçaqların Şimali Qafqaz və ətraf regionları əhatə edən Xəzər siyasi birliyinin, dövlətinin mövcudluğu idi. Ümumiyyətlə, qıpçaqlar l minilliyin sonu, ll minilliyin əvvəllərindən mənbələrdə müxtəlif adlarla adlanmışlar: beçeneqlər, kumanlar, polovetslər, xəzərlər və sairə".

Alban əlifbası və qarqar-qıpçaq dili...

Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun "Alban salnaməsi" adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var.

1.Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir.

2.Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə "akxazur" etnonimi əvəzinə "son dərəcə uyumsuz bir dil" ifadəsi işlədilmişdir.

Biz bu məsələnin üzərinə bir qədər sonra yenidən qayıdacağıq. Deməli, Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır.

Daha doğrusu, eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir.

Bu isə o deməkdir ki, "Alban yazılı ədəbiyyatı" adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə, səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır.

Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, "erməni qıpçaqacası" adı altında daxil edilmişdir.

BəxtiyarTuncay





Həftənin ən çox oxunanları