Yuxarı

"Erməni dedi ki, biz də sizi axtarırıq"

kecmis doyuscuKeçmiş döyüşçü: "Ermənidən xilas olmaq üçün düşmənin arxasına doğru hərəkət etməli olduq"

Nəriman Teymurov... O, 1966-cı ildə Ağdamın Əlimədədli kəndində anadan olub. 1973-cü ildə doğma kəndinin orta məktəbində birinci sinifə qədəm qoyub. 1983-cü ildə həmin məktəbi yaxşı qiymətlərə bitirib. 1984-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmət zamanı nizami Sovet Ordusunda hərbi biliklərə dərindən yiyələnib. O, 1986-cı ildə xidmətini başa vurub doğma kəndinə geri dönüb və 87-ci ildə Gəncə Politexnik Texnikumuna qəbul olub. 1991-ci ildə təhsilini başa vuran Teymurov ixtisası üzrə işləməyi yox, könüllü olaraq Ağdamda özünümüdafiə batalyonuna yazılmağı seçib. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı ilk milli batalyonun tərkibində Fərrux, Qazançı, Sırxavənd, Çıldıran və s. ağır döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikasının ehtiyatda olan giziridir. Ailəlidir. Bir oğul atasıdır.

Qarabağ müharibəsinin qızğın cağları, 1993-ün iyun ayında Nəriman Teymurov Alış, Adil, İsa və Cəbrail adlı döyüş yoldaşları ilə birlikdə Ağdamın Əlimədətli kəndinin müdafiəsində xidmətdə olub. Səngər yalı adlanan ərazidən yaşayış məntəqəsinin keşiyini çəkən dostlar ermənilərin ağır hücumuna məruz qalır. Yaxşı mövqe seçmələri dəfələrlə düşməni geri oturtmağa onlara kömək edir. Bir neçə saat ərzində az qüvvə ilə iki dəfə düşmən dəstələrinin hüçümunu dəf edə bilirlər. Xeyli müddət sonra çoxlu canlı qüvvə və zirehli texnika toplayan düşmən ordusu kəndə dörd tərəfdən hüçüma keçir.

Nəriman Teymurov həmin döyüşü belə xatırlayır: “Onlar o qədər çox idi ki, üstümüzdə olan hər bir patronla 30 erməni məhv etsəydik, yenə gülləmiz çatmayacaqdı. Məcbur qalıb geri çəkilməli olduq. Mən isə dəstədən aralanıb Kürdlər kəndi tərəfdən ordumuzu köməyə çağırmağa getdim. Bizim uşaqların orada bir tankı var idi. Həmin vaxt, ermənilərin də yüksəklikdə bir tankı var idi. Həmin texnika koməyə gələn bizimkilərin kəndə girməsinə mane olurdu. Mən xeyli çətinliklə də olsa, tankçılarımıza yaxınlaşa bildim. Həmin heyətin hamısı biz tərəflərin uşaqları idi. Sürücü Elxan Qənbərov, Atıçı Şahlar Edilov, tank komandiri isə Pərviz Qurbanov idi. Onlara erməni tankına atəş açıb tankı sıradan çıxarmalarını dedim. Əgər o tank vurulmasa, Adilgil kənddə əsir düşə, ya da ölə bilərdilər”

Onun dediklərini dinləyən tankçılar dərhal tankı işə salaraq özlərinə mövqe seçirlər. Elə ilk atəşdəcə ermənin tankı sıradan çıxarılır. Əsas mövqedəki texnikalarının hardan vurulduğunu müəyyən edən düşmən hərbiçiləri Nərimangil olan ərazini "Qrad"la atəşə tutmağa başlayır. Həmin vaxt ərazidə olan Daxili Qoşunların bir neçə əsgəri qəlpə yarası alır. Yaralılara yardım edən tank heyəti və Nəriman Teymurov onları tankla qospitala yola salmağı qərara alırlar.

Sürücü Elxan Qənbərov deyir ki, “ermənilər "Qrad"ı yağış kimi yağdırırdılar: "Birtəhər salamat çıxa bildik. Sonra yaralı uşaqları götürüb təhlükəsiz yerə  gətirdik. Onlar çox ağır yaralanmışdı. Şahlar təklif elədi ki, Pərviz tankla yaralıları aparıb təhvil verib gəlsin. Razılaşdıq. Yaralıları zirehli texnikanın üstünə yığıb yola saldıq. Ərazini müşahidə edirdik. Birdən Nəriman hərbi hissənin bir neçə vacib sənədinin Əlimədətli kəndində qaldığını dedi. Sənədlər  onun hərbi geyiminin cibində qalmışdı. Biz də sənədin düşmən əlinə keçməməsi üçün kəndə getməyi qərara aldıq.”

Kəndin düşmən əlinə keçməsindən xəbərsiz olan dostlar irəli doğru hərəkət etməyə başlayırlar. Ermənilər kəndə girdikdən sonra məktəbdə toplaşırlar. Elə bu səbəbdən də kəndin bir tərəfinə tam nəzarət etmək imkanları olmur. Nərimangilin evinə çatıb bütün sənədləri götürüb geri dönürlər. Gəldikləri istiqamətdə xeyli sayda erməni hərbiçisinin olduğunu görür və dərhal yollarını  kəndin digər çıxışı tərəfdən salmağa çalışırlar. Taxıl zəmisi ilə gizlənə-gizlənə kənddən çıxmağa çalışan döyüşçülər təxminən, 60-a yaxın əsgərin tələm-tələsik hərəkət etdiklərini görürlər. Nəriman həmin epizodu belə xatırlayır: “Onlar bir yerdə nizamsız şəkildə təlaşla irəliləyirdilər. Təxminən, bizə 70 metr məsafədə idilər. Şahlar elə bildi ki Azərbaycan ordusunun əsgərləridir. Gizləndiyimiz yerdən qalxaraq bərkdən qışqırmağa başladı - Hara qaçırsız? Onlar da qəfildən dayanaraq hamısı silahını bizə tərəf tutdu. Bir erməni dığası qabağa gəlib gülə-gülə -elə biz də sizi axtarırıq, qorxmayın öldürməyəcəyik, gəlin təslim olun”-dedi. Onların kəndə girmələrindən erməninin xəbərdar olduğunu və pusquya düşdüklərini anlayan döyüşçülər kəndin içərisinə tərəf, düşmənin arxasınca qaçmağa başlayırlar. Taxıl zəmisinin biçilməməsi dostların gizlənməyi üçün kifayət qədər əlverişli olur. Ancaq ermənilərin də bunları öldürməyib diri tutmaq niyyəti, ya başlarının üstündən, ya da ki, ayaqlarının altına atəş açmaları döyüşçülərin həyatda qalması üçün əvəzsiz şans verir. Təxminən, düşmənlə 3 km məsafədə "qaçdı-tutdu oynayan" silahdaş dostların dadına Azərbaycan Ordusunun döyüş təyyarələri çatıb.

Elxan Qənbərov deyir ki, həmin anda yaşadığı hissləri heç cür izah etmək mümkün deyil: “Qırıcıların gəlməsi sözün əsl mənasında həyatımızı xilas etdi. Ermənilər qırıcıları görən kimi nə edəcəkərini bilmədilər. O zaman biz də dayanıb onlara atəş açmağa başladıq. Təyyarələr öncə kəndin məktəbini darmadağın elədi. Sonra qayıdaraq bizimlə vuruşan erməni dəstəsinə atəş açdı. Demək olardı ki, ən azı 40 nəfər erməni gəbərdi, qalanı da yaralı olardı. Fürsətdən istifadə edib kəndə tərəf qaçmağa başladıq. Kəndin Xaçındərbənd tərəfdən girişində 4 erməni tankı yanımızdan keçdı. Sonra bir "Niva" və bir "UAZ" düz yanımızda saxladı. Biz də özümüzü onda qoymayıb silahlarımız çiynimizdə fit çala-çala durbinlə yüksəkliyi müşahidə edən erməni zabitlərinin yanından ötüb getdik. Xeyli müddət kənddə qaldıq.

Gzilənə-gizlənə kəndin məktəbinə baxdıq. Qırıcılar məktəbi tamamilə dağıtmışdı. Bir neçə erməni hərbiçisi dağıntılar altından öz yoldaşlarının leşlərini çıxarırdı.” Xeyli müddət kənddə gizləndikdən sonra, Şahlar Ağburun kəndi  istiqaməti ilə hərəkət edib oradan çıxmağı təklif edir. Dəstə hərəkətə başlamazdan öncə əmin bir yer tapıb sənədləri yandırmağı təklif etsələr də, Nəriman Teymurov bu təklifi rədd edir və sənədləri salamat çatdırmağın onların bir nömrəli vəzifəsi olduğunu bildirir. Yola çıxan dəstə çox böyük çətinliklə də olsa, orta hesabla 14 km yol qət edərək Ağdamın Kəngərli kəndinə gəlib çıxır.

Veteran dostlar-Elxan Qənbərov, Nəriman Teymurov və o vaxt tank komandiri olan Pərviz Qurbanov Ağdamın Bənövşələr köçkün qəsəbəsində yaşayırlar. Nəriman və Elxan Qarabağ mühribəsi əlilidir. Elxan Qənbərovun başında hələ də qəlpə var. Onun çıxarılması cərrahiyə əməliyyatı ilə mümkün olsa da, keçmiş tankçının maddi durumu buna imkan vermir. Nəriman isə aldığı təqaüdlə ailəsini güclə saxlayır və heç bir yerdən əlavə gəliri yoxdur. Pərviz Qurbanova gəldikdə, indi kəndlərarası taksi fəaliyyəti ilə məşğuldur.

Bir zamanlar yüksək rütbəli zabitlərdən əmr alan və həyatı bahasına vətənini müdafiə edirdisə, indi ona bir manata görə, kim gəldi əmr edir...

Elgün Gəncimsoy





Həftənin ən çox oxunanları