Yuxarı

İmam Hüseyn - Ərəbi yox, bəşərin dəyəri

İmam Hüseyn - Ərəbi yox, bəşərin dəyəri

Aşura haqq-ədalət məktəbidir İmam Hüseyn ərəbin qəhrəmanı deyil, əksinə ərəb cəhalətinə, Muaviyyənin qurduğu şovinist rejimə, milli ayrı-seçkiliyə, ədalətsizliyə qarşı çıxaraq bəşərin rifahı uğrunda ailəliklə ərəblər, hətta müsəlmanlar tərəfindən qəddarcasına doğranmış bir müqəddəs simadır. Hüseyni biz türklər öldürməmişik. Hüseyni "müsəlman" ərəblər öldürüblər. Sonra da peşman olub başlarına döyüblər, üzlərini cırıblar, zəncir vurublar. (Mötəbər mənbələr: Seyyid ibn Tavus, "Luhuf" kitabı, Mürtəza Mütəhhəri, "Hüseynin Qəhrəmanlığı" kitabı ) Peşmançılıq hisslərini bu cür ifadə ediblər. Bizlərə də bu adət buradan keçibdir. İmam Hüseyn tək islam ümmətinin yox, ümumbəşəri dəyərlərin yaşaması naminə bu yola getdi. Onun dəstəsində Müslim Azərbaycani adlı türk, Con adında hindu-zənci, xristian dininə mənsub olmuş digər şəxslər, hətta Yezidin öz tərəfindən Hüseynə tərəf keçmiş Hürr kimiləri də onun bu amalına görə ona qoşulmuşdular. Ona görə də Aşura məsələsi tək dini məsələ deyil, o haqq-ədalət və ümumbəşəri məsələsidir. Fələstinə ağlayan gözlər Qarabağı görmür Son günlər Aşura günü ilə bağlı ölkəmizdə bir video-rolik hazırlanaraq yayılıb. Burada Aşura məsələsi qeyd olunur və dövrümüzlə müqayisə edilir, Fələstin,İraq, Pakistan və s. ölkələrdə baş verən qətliamların da bu zülmün davamı olduğu vurğulanır. Hesab edirəm ki, burada çox böyük qərəz və haqsızlıq vardır. Bu Hüseyn yolunun təbliğat metodu ola bilməz. Çünki məhz Azərbaycanda hazırlanmış bu videoda Azərbaycana qarşı baş vermiş haqsızlıqlar, işğallar, soyqırımlar haqda bir kəlmə də deyilmir. Məgər Qarabağda şəhid olanlar, əsir olanlar, doğrananlar, Xocalıda zülm olunanlar, Bağanıs Ayrımda mazut tökülüb yandırılanlar müsəlman deyildimi? Qarabağ seyidləri məgər Hüseynin soyundan gələnlər deyildimi? Bu gün məzarları ermənilər tərəfindən murdarlananlar müqəddəs deyildimi? Bu günədək hər gün pozulan atəşkəsin nəticəsində vaxtaşırı şəhid xəbərlərinə bu qulaqlar nə qədər kardır ki, Fələstini görür, İraqı görür, hətta Pakistanı, Əfqanıstanı,Yəməni görür, ancaq qulağının dibində atılan gülləni eşitmir, bayraqlara bükülü dəfn olunan şəhidləri heç olmasa ekranlardan da olsa görmür?!. Məgər bizə zülm olunmayıbmı? Gedin görün İraqda, Fələstində Qarabağ haqda video hazırlayırlarmı? Bu video hesab edirəm ki,sırf xarici siyasi marağa xidmət edir. Bu Hüseynin yolu deyil. Məgər Aşura İraq və Fələstin üçündürmü ? Onda biz nə üçün ağlamalıyıq ? Hüseyni kimlər öldürübsə onlar ağlasın ki,cəhənnəmə gedəcəklər, məhv olacaqlar, necə ki,oldular. Bizə Hüseynin cəsarəti, igidliyi, kişiliyi, milli-dini ayrı seçkilik etməyərək ümumbəşəri dəyərlərə xidmət naminə şəhid olması, şücaəti maraqlıdır.Ondan alınacaq ibrətlərə gəldikdə isə, onun nəslindən olan seyyidlərin məzarlarının Qarabağda təhqir olunmasına qarşı əsl biz zülmə məruz qalmışıq və yenidən Hüseyn zülmə məruz qalıb. Ancaq bu gün kimlərsə bunu unutmaq və unutdurmaq istəyir. Bu gün biz Aşura mərasimlərini, məhərrəmlik ayinlərini ona görəmi yaşadırıq və qeyd edirik ki, yadların halına ağlayaq, özümüzü, öz dərdimizi də unudaq? Kərbəla hadisəsini də siyasiləşdirib çirkin niyyətlərə alət etmək hesab edirəm ki, Hüseynə növbəti xəyanətdir. Əslində bütün imamları öz tərəfdarları öldürüb və ya tərəfdarlarının xəyanəti nəticəsində şəhid ediliblər. İmam Hüseyn də bu qəbildəndir. Bu gün də həmin xəyanət maşını, ona "xidmət" adı altında onun şəhadətini öz maraqları naminə istifadə etməklə görəvlidir və bunu icra edir. Belə təbliğat növləri də xəyanətdir Kərbəla hadisəsinə, İmam Hüseynə... Çox təəssüf edirəm ki, bu video Azərbaycanda hazırlanıb,hətta xalq artistimiz də orada iştirak edir. Əsl Kərbəlanı biz yaşamışıq Xocalıda, Qarabağda, Bağanıs Ayrımda... Ancaq bizim xalq artistimiz Fələstinin dərdinə ağlayır... Ağlasın,mən bir söz demirəm, onlar da müsəlmandır, zülüm içində çırpınırlar. Ancaq özümüzü niyə unudur ? Xüsusilə də əgər müqayisə olunmağa qalsa Aşurayla bizim xalqın başına gətirilənlər daha uyğundur. Azərbaycan Yeziddən qaçanların sığınacaq yeri olub həmişə. Kərbəla şəhidlərinin balalarını Azərbaycan qoynunda bəsləyib. Həkimə, Rəhimə xanım ziyarətləri məhz həmin şəhid imamın nəslinin nümayəndələridir. Gəncədə Şahzadə İbrahim İmam Hüseynin nəvəsi deyilmi ? İmam Hüseyni iraqlılar çağırıb, Suriya cəbhəsi də öldürüb. Onun təqib olunan yaxınları bizdə yaşam tapıb. Sonralar İmam Sadiq deyəcədi: "Azərbaycan bizim üçün çox böyük əhəmiyyətli bir yerdir..." Nəyə görə bu gün bu qədər dəyərləri unudub, öz dərdimizi dilə gətirməyə dilimiz gəlmir? 20 Yanvar şəhidləri babaları İmam Hüseyni öldürən kufəlilərdən əskikdimi? Xocalıda güllələnən körpələr Fələstin uşaqlarından əskikdimi? Bağanıs Ayrımda mazut tökülüb yandırılan qocalar Suriyada ölənlərdən əskikdirmi ki, bu şəxslər Aşuranı da hətta aparıb onların təbliğatına alət edirlər, ancaq öz fəlakətlərimizdən söz açmırlar? Qubadakı insan kəllələrini görməyiblərmi məgər? 1918- ci il mart qırğınını heç olmasa məktəbli balalarının orta məktəb kitabından oxusunlar, nə olar ki... İraqı, Suriyanı, Fələstini hamı görür, bilir. Ancaq Qarabağı, Xocalını, 20 Yanvarı, Bağanısı hamı bilmir. Bunu təbliğ etmək lazımdır. Həllac Mənsur deyir ki, " Cəhənnəm, bizim əzab çəkdiyimiz yer deyil, əzab çəkdiyimizi kimsənin bilmədiyi yerdir”. Hamının bilmədiyi və ya bilib kömək etmədiyi yerdə əzab çəkən elə biz özümüzük. Öz faciələrimizi çatdırmalıyıq, onun hesabını sormalıyıq kimlərdənsə...Qəzza zolağına atılan gülləni qeyd edib,Tərtərə atılan gülləni deməmək Hüseynə zülmün növbəti dalğasıdır. İraq şiələrinə edilən zülmü dilə gətirib, Ağdam seyyidlərinə edilən zülmə susmaq Hüseyn amalına xəyanətdir. Hüseynin qoyub getdiyi amallar, mənəvi miras ancaq farsınmı siyasətinə xidmət etməlidir ? Hüseynin arvadı fars olsa da insafı fars deyildi. İmanı - dini fars deyildi, ümumbəşəri idi... Mən bu cür videoçarxlar və bu kimi şeylərin hazırlanmasında sırf siyası xarici maraqlar görürəm. Bu maraqların da Qarabağ, Xocalı kimi faciələrimizin unutdurularaq, diqqətin başqa səmtlərə yönəldilməsinə xidmət etdiyini düşünürəm. Uşaq radioda Aşura sözünü eşidir və anasından  bunun nə olması haqda soruşur. Anası da ona İraq və Fələstinlə bağlı cavab verir. Məgər bu Azərbaycanda çəkilmirmi? Radio Azərbaycanca danışmırmı? Aşura mərasimləri bizdə də keçirilmirmi? Uşaq və anası Azərbaycanlı deyilmi? Bəli, hər şey Azərbaycancadır və söhbət Azərbaycanda gedir. Ancaq, siyasət "anti-Azərbaycancadır". Əgər burada hansısa məkrli əməl, tariximizə xəyanət, faciələrimizə biganəlik, yad siyasi məqsədlər, özümüzü unutmaq və unutdurmaq kimi mənfi niyyətlər yoxdursa bir mütəxəssis və ilahiyyatçı kimi bu "aşurapərəstlər" və "vətənpərvərlər" gəlsinlər mən onlara kömək edərəm daha təsirli və daha milli dəyərlərimizə xidmət edən, dinimizin tələblərinə cavab verən, İmam Hüseyni də razı salacaq bir videonun çəkilişinə yardımçı ola bilərəm. Yox, əgər məqsədləri başqadırsa, bu ayrı məsələ... Turan İrfan  





Həftənin ən çox oxunanları