Yuxarı

Abbasqulu bəyi kim öldürüb?

Abbasqulu bəyi kim öldürüb?

Abbasqulu beyAzərbaycan tarixi yazılarkən bəzən bir qayda olaraq kiminsə, nəyinsə xatirinə əsl həqiqət qəsdən dolaşıq salınaraq, təhrif edilib, deyilməli,yazılmalı faktlar gizlədilib, xalqın yaddaşı lazımsız, bəzən isə zərərli cəfəngiyyatlarla doldurulub. Xüsusilə, sovet dövrünün tarixi “ağ ləkələrlə” səciyyəvidir. Tək-tək həqiqət söyləyənlər sovet rejimi zamanı ya “gedər-gəlməz”ə-Sibirə sürgün edilib, ya da o “dünyaya” göndərilib. Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Heydər Hüseynov və başqaları məhz haqqı dedikləri üçün haqsızlığa düçar oldular. N.Nərimanov “Bahadır və Sona” romanında çox ehtiyatla da olsa, erməni şovinizmini ifşa etdiyinə görə əsər uzun illər işıq üzü görmədi, özü isə gözdən salındı. Yazıçı Əyyub Abbasovun tarixi faktlarla səsləşən “Zəngəzur” romanında erməni-azərbaycanlı qırğınlarının baiskarı və təşkilatçısının ermənilər olduğu aşkarlandığı üçün müəllif o zaman dövlət təhlükəsizliyi orqanlarına çağrılıb başına olmazın müsibətlər açıldı. Həssas yazıçı ürəyi hədsiz təzyiq və təhdidlərə tab gətirmədi, dünyasını vaxtsız dəyişdi. Tariximizin bir anının təhrif edilməsi də bütün Ermənistanda ad çıxarmış Abbasqulu bəy Şadlinskinin ölümü ilə əlaqədardır. Abbasqulu bəy erməni-müsəlman qırğınları zamanı 600 nəfərlik tabor yaradıb erməni qatillərinə qarşı ölüm-dirim savaşına atılan bir sərkərdə idi. O, başına topladığı igidləri ilə darda qalan soydaşlarımızın dadına çatır, onları ölümün dəhşətli pəncəsindən xilas edirdi. Dərələyəz, Vedibasar, Şərur və başqa bölgələrdə erməni alaylarını darmadağın eləyən Abbasqulu bəyin bacarıqlı və nüfuzlu olduğunu görən sovet rəhbərləri oktyabr inqilabından sonra onu öz tərəflərinə çəkə bildilər. Sovet hakimiyyəti möhkəmlənib kənddə kolxoz quruculuğu başlanandan sonra aldadıldığını başa düşən Abbasqulu bəy özünə sadiq olan bir dəstə adamla Türkiyəyə keçmək istərkən sərhəddə rus və erməni hərbiçiləri tərəfindən xaincəsinə qətlə yetirildi. Uzun illərdən bəri düşmən qarşısında mərdliklə duran, onun murdar niyyətlərini alt-üst edən xalq qəhrəmanının qətli Ermənistanda toy-bayrama çevrildi və onlar çoxdan arzuladıqları çirkin arzularına çatdılar. Belə xəyanətlər sovet quruluşunun xislətindən irəli gəlirdi. Ancaq düşmən düşməndir, ondan küsmək və ya aman gözləmək sadəlövhlükdür. Abbasqulu bəyin öldürülməsi faktı 1930-cu illərdə Türkiyədə çap edilən və baş redaktoru Məmməd Əmin Rəsulzadə olan “Odlu yurd” adlı məcmuədə ətraflı şərh edilib. Onun “Vedibasarda qara bayraq” məqaləsində yazılır ki, Zəngibasar, Vedibasar, Ərkibasar və Naxçıvan tərəflərdə üsyan məntəqələrində olan köylərdə qara bayraq çəkilmiş hüdud boyunda olan müxbirlərimiz tərəfindən xəbərlər verilməkdədir. Matəmdə erməni köylüləri də iştirak etməkdədirlər. Abbasqulu ağanın qrupundan olan köylülərdən 80 nəfəri 17 tələfat vermək müqabilində Türkiyəyə keçməyə müvəffəq olmuşdur. Ruslar Araz boyunda hüdudu keçərkən öldürdükləri 17 köylünün meyitlərini günlərcə səhrada buraxmışlar. Türkiyəyə keçməyə müvəffəq olan 63 köylünün söylədiklərinə görə, Abbasqulu ağa daşnaklar tərəfindən qətl edilmişdir. Və bu hadisə daşnak olmayan erməni köylülərinin də nifrətinə səbəb olmuşdur.” Məqalədə Abbasqulu ağanın qətlinin səbəbi belə açıqlanır: Hər kəsdən ziyadə bolşevikləri sevindirəcək olan bu qətl hadisəsinə daşnaklar nədən müraciət etmişlər? Abbasqulu ağa rus inqilabından sonra əksəriyyəti türk olan İrəvan vilayətində süni bir erməni əksəriyyət yaratmaq üçün türk köylərini yerlə-yeksan etməyə başlayan daşnaklara, onların qəhrəmanı Andronikə iki il müqavimət göstərmiş, bu yerlərdə türkün mövcudluğunu mühafizə etməyə müvəffəq olmuşdur. O zaman İrəvan vilayətində Zaqafqaziya Seyminin xüsusi komissiyası ikiyüzdən artıq türk köyünün məhv edilmiş olduğunu təsbit eləmişdi. Abbasqulu ağa daşnakların şeytani tədbirlərinə qarşı çıxmış, bu sayədə Vedi və Naxçıvan tərəfləri bu soyqırımdan qurtara bilmişdi.  Daşnaklar indi Abbasqulu ağanın ruslara qarşı mübarizəsindən istifadə edərək intiqam almışlar.Abbasqulu ağanın öldürülməsindən daşnak olmayan erməni köylüləri daha çox mütəəssir olmuşdular.” “Odlu yurd” məcmuəsinin qətlin motivini, təşkilatçılarını tam açıq-aydın göstərməsinə baxmayaraq, ara sakitləşən kimi yaddaşlarımız kütləşdi. Bir tərəfdən də sovet ideologiyasının beynəlmiləlçilik prinsiplərinə elə uyduq ki, hətta tarixin məhkəməsinə daşnakları yox, özümüzün heç nədə təqsiri olmayan,ermənilərə qənim kəsilən qeyrətli və igid Qəmlomuzu filmə çəkdik, ruhunu ləkələyib incitdik. Çox təəssüflər olsun ki, “Axırıncı aşırım” filmində ermənilər və daşnaklar tərəfindən bir nəfər belə mənfi obraz yaradılmadığı halda, qeyrət və kişilik mücəssəməsi olan Qəmlo tamaşaçılara çirkin mənəviyyatlı bir şəxs kimi təqdim olunur. Mən bu məqalədə gözəl insan,istedadlı yazıçı mərhum Fərman Kərimzadə barədə yalnız onu deyə bilərəm ki, qələmini uzun illər sosializm-realizmi prinsiplərinə uyğun işlədən böyük sənətkar 1989-cu ildə soydaşlarımızın Ermənistandan vəhşicəsinə qovulduqlarını, həmişə sədaqət bəslədiyi sovet hakimiyyətinin azərbaycanlılara qarşı qəddar düşmənçilik münasibətlərini qəbul etmədi, Tərtər rayonunun Bəyimsarov kəndində Ermənistandan didərgin salınanların yığıncağında infarkt keçirib, rəhmətə getdi. Əslində, o, haqsızlıqlara dözməyib üsyan edən ilk şəhidlərdən biri oldu. Filmdəki personajların çoxunun qohum-əqrəbaları, nəvə-nəticələri indi də yaşamaqdadırlar. İyirmi beş il əvvəl apardığım jurnalist araşdırmaları zamanı Abbasqulu bəyin yaxın qohumları ilə Kərbəlayı İsmayılın kiçik oğlu Həsənlə şəxsən görüşüb tanış olmuşam. O dövrdəki hadisələrin canlı şahidləri söyləyirdilər ki, Qəmlo ağıllı, dözümlü, qoçaq və xeyirxah bir adam idi. Abbasqulu bəylə onun heç bir ədavəti yox idi. Sadəcə olaraq, Kərbəlayı İsmayıl kimi o da sovet hökumətini tanımaq istəmirdi. Güman ki, məhz bu mövqeyi onun mənfi obraz cildinə salınmasına səbəb olub. Oxucu bu məqaləni “daldan atılan daş” adlandıra bilər. Haqqı da var. Ancaq mənim demək istədiyim odur ki, indiyə qədər yadların, son nəticədə bizə qarşı qarı düşmənə çevrilənlərin alçaq sifətlərini barı bundan sonra öz qeyrətli oğullarımızın adına yazmayaq. Necə ki, murdar ermənilər öz mürtəd dığalarının dırnaqlarına çınqıl toxunmasına belə razı olmurlar, biz də razı olmayaq. Kiminsə, nəyinsə xatirinə öz yaxşımıza pis deməyək, bu bizə başucalığı gətirməz. Ermənilər quldurbaşı Andronikin heykəlini qoyduqları kimi biz də igid Abbasqulu bəyimizin abidəsini ucaltmalıyıq. Vəli Ilyasov  Azərbaycan Jurnalistlər Birliyinin üzvü





Həftənin ən çox oxunanları