Yuxarı

Türk-Oğuz kültürünün qədim izləri

Türk-Oğuz kültürünün qədim izləri

cunni

Azərbaycanın ən gözəgəlimli abidələrəndən biri də Qobustan tarixi- arxeoloji kompleksidir. Burada minlərlə qayaüstü təsvir, onlarca Daş dövrü düşərgəsi və sonrakı dövrlərə aid məskən və məzar yerləri tapılmışdır. Qobustanın qaya təsvirləri 1939-cu ildə tanınmış arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilmişdir. 1947-1965-ci illərdə onun başçılığı altında Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun ekspedisiyası 750 qaya və daş parçası üzərində 2500 təsvir, o cümlədən qonşu Şıxqaya və Sonqardagda 30 təsvirli daş təsbit etmişdir.

Hazırda Qobustanın Böyükdaş, Kiçidaş, Cinqirdag-Yazılıtəpə abidələrində, eləcə də Şıxqayada yüzdən artıq daşın üzərində 6 mindən çox  qədim təsvir və arxeoloji abidə aşkar edilmiş və öyrənilmişdir. Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit,yəni Orta Daş dövrü qaya təsvirlərini, başqa sözlə petroqliflərini tədqiq edərkən iki mədəni təbəqə kəşf etmişdir: 1-ci mədəni təbəqə ilk Mezolit dövrünü - eramızdan əvvəl Xll - X minillikləri, 2-ci mədəni təbəqə isə son Mezolit dövrünü - eramızdan əvvəl X - Vlll minillikləri əhatə edir. Birinci təbəqə gizləncəklər - ov müqəvvaları, kürəklərində kaman, əllərində daş bıçaq olan ucaboylu ovçuların gen dəri şalvarda və qısa önlükdə qazılmış siluet təsvirləri aşkar edilmişdir.

Qeyd edilməlidir ki, bəzi təsvirlər hər iki mədəni təbəqə üçün səciyyəvidir. Belə qaya təsvirlərinə misal olaraq kollektiv şəkildə rəqs edənlərin və gizləncəklərin siluet rəsmlərini göstərmək olar. İkinci təbəqədə ovçuların kiçik və sxematik rəsmləri, ovçuların itlə ov etməsi, tur, at və qabanların kontur xətli təsvirləri aşkar edilmişdir. Tanınmış arxeoloqRəşid Göyüşov yazır ki, Azərbaycan ərazisində 10 - 12 min əvvəl qədim Daş dövrü orta Daş dövrü ilə, yəni Mezolit dövrü ilə əvəz olunur. Mezolit abidələrində təsadüf olunan çox kiçik ölçülü, mikrolit adlanan daş alətlərin ilkin variantları hələ Paleolitin son inkişaf mərhələsinin axırlarında təşəkkül tapmış, Mezolit dövründə isə mükəmməl formaya salınmışdır. Mezolit dövründə insanların əmək fəaliyyətində, dünya görüşündə, ətraf aləmə münasibətində dəyişikliklər baş verir, qədim insanların ən mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir. Şübhəsiz, ox və yayın kəşfi insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində, müxtəlif texniki üsullara bələd olmaları nəticəsində mümkün olmuşdur.

oğuz-Arxeoloq Hidayət Cəfərovun yazdığına görə,  Ox və yayın kəşfi ilə ovçuluq sahəsində əsaslı dəyişiklik yarandı və heyvanları uzaq məsafədən ovlamaq mümkünləşdi. Bununla daha çox ərzaq ehtiyatı əldə etməyə nail olan insanlar eyni zamanda heyvanları əhliləşdirməyə başlayırlar. İlk vaxtlar heyvanları yem ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai heyvandarlığın əsası qoyulur.  Əlbəttə, bu heyvanları hələ   ev  heyvanları   hesab etmək olmazdı. Vəhşi heyvanların əhliləşdirilməsi, heyvandarlığın təşəkkülü və inkişafı çox uzun və mürəkkəb yol keçmişdir. Lakin heyvanların bir qisminin ehtiyat üçün saxlanması və bu işin vərdiş halına keçməsi obyektiv surətdə ibtidai maldarlığın bünövrəsini qoymuşdur. Mezolit dövründə ibtidai maldarlıqla yanaşı, ilkin əkinçilik vərdişləri  də təşəkkül tapmışdır. Ət ehtiyatının artması ərzağa olan tələbatı ödədiyindən yabanı bitki toxumlarının bir hissəsinin ehtiyat üçün saxlanmasına şərait yaratmış, bu isə öz növbəsində ibtidai əkinçiliyin təşəkkülünə səbəb olmuşdur.

Hələ qədim Daş dövründə, daha dəqiq desək, 300-700 min il öncə süni od qalamaq və onu uzun müddət yanar vəziyyətdə saxlamaq texnologiyasının kəşf edildiyi ilk ərazi olan Azərbaycan ərazisinin ox və yayın ilk dəfə kəşf edildiyi, itin ilk dəfə əhliləşdirildiyi və ondan ov zamanı ilk dəfə isyifadə edildiyi məkan olduğunu Qobustanın Mezolit dövrünə aid petroqlifləri sübut edir. Bəs, görəsən,  bəşər tarixində böyük sıçrayışa səbəb olan bu misilsiz  kəşfləri etmiş xalq kim olmuşdur, hansı dildə danışmışdır? Bu suala cavab tapmağa bizə Qobustanın qədim Firuz  yaşayış məskənindən tapılan, yaşı təqribən 12 min il olan Mezolit dövrü insanlarının skeletləri yardımçı olur. Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı yazır ki, Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki - coğrafi şəraitinin mürəkkəbliyi və bu mürəkkəbliyin ayrı - ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleoantropoloji materialın önəmini artırmaqdadır. Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır. Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis - daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz”tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.

Mezolit, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər konturlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yuxarı mərtəbədə yerləşmiş 42 ¹ - li  daşın şərq tərəfindəki və 29 ¹ - li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir.

Tarixçi alim İ.Avşarov bildirir ki, Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sahibdirlər. Təbii ki, bu, heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər: «Məlum olduğu  kimi, oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib olmuşlar. Tarixçi - etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir. Elə bu səbəbdən də son Tunc - Erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir».

Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur. Bu baxımdan Xocalı - Gədəbəy abidələrindən üzə çıxarılan fiqurların bir çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi Azərbaycan və Şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədim zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rastlanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi. Deyilənlərə onu da əlavə edək ki, 2010 - cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də taplmışdır. Maraqlıdır ki, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər. Bu alimlər bu halda “Oğuznamə”də yer alan aşağıdakı sözlərə istinad etmişlər:

“Oğuznamə”nin uyğur versiyasının birinci səhifəsinin birinci sətrində deyilən bu sözlərdən sonra göy öküz təsvir edimişdir. Bu göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli, daha dəqiq desək, anqağusu, yəni  ideoqrafik işarəsi kimi təqdim edilir. Bu şəkil əsərə sadəcə bir illüstrasiya kimi qəbul edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst - üstə düşmür. Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı, bir oğlu oldu. Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı, gözləri ala, saçları, qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi...Ayağı öküz ayağına, beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi.”

Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü şəkildəki təsvirdən əsaslı surətdə fərqlənir. Deməli, bu halda öküz təsviri “Oğuz” antroponiminin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hüseyni və Zelik Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil - yazıdan getdiyini elm aləmində şərti olaraq “7 gözəl” adlanan petroqlif də sübut etməkdədir.

Fikrimizcə, şərti olaraq, “7 gözəl” adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Orxon - Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıoğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır: “Səkkizoğuz,Otuztatar qalmadı gəldi...”

İlk Azərbaycan petroqramlarını, yəni şəkil - yazılarını Qobustanın qədim rəssamları yaratmışlar və bu, orta Daş, yəni Mezolit dövründə baş vermişdir. Bu proses sonrakı dövrlərdə də davam etmişdir. Tanınmış arxeoloq Hidayət Cəfərov yazır ki, Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-linin dini görüşlərinin, xüsusən ovsun - totem inamlarının öyrənilməsində əhəmiy-yəti çox böyükdür.” Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır. Mezolit dövrünün petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda həkk olunmuşdur. Bu qayalar qədim rəssamların, bir növ, qədim “rəsm qalereyası”dır.

Böyükdaşın yuxarı mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri, bir cərgədə rəqs edən adamların rəsmi, gizləncəklər - müqəvvalar, gizləncəklərdən istifadə edərək ov edən iki ovçu (3¹ - li mağara, 45 ¹ - li daş), vəhşi atların qovularaq tələyə salınması (3 ¹ - li mağara, 45 ¹ - li daş) və bu kimi dəyərli təsvirlər  gözə dəyməkdədir.

Böyükdaşın 3 ¹ - li mağarasındakı 45¹ - li daşın üzərindəki təsvirdən də göründüyü kimi, xalqımızın bu günə qədər sevə - sevə ifa etməkdə olduğu  yallı rəqslərini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl  ifa etməyə başlamışlar. Bu isə o deməkdir ki, rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər uzanır. Elə təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları