Yuxarı

Xiyabani Azərbaycan üçün kimdir?

Xiyabani Azərbaycan üçün kimdir?

[caption id="attachment_1742" align="alignleft" width="260"]xiyabani1 Şeyx Məhəmməd Xiyabani: «Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilmişdir»[/caption]

Azərbaycan xalqının tanınmış mütəfəkkirlərindən Şeyx Məhəmməd Xiyabani (1879/80-1920) ilk təhsilini Şəbüstər mahalının Xamnə qəsəbəsində almışdır. Atası Hacı Əbdülhəmid tacir olduğu üçün, yeniyetmə yaşlarında atasıyla çar Rusiyasına dəfələrlə gedən Xiyabaniyə bu səfərlər, dini elmlərlə yanaşı dünyəvi elmlərlə də tanış olmaq üçün şəraiti yaratmışdır.

Xiybaninin dini və dünyəvi elmlərlə daha dərindən tanışlığı Təbrizdə müctəhid Mirzə Əbülhəsən Əngəsinin məktəbi ilə bağlıdır. Eyni zamanda, o,  münəccim Mirzə Əbdüləlinin yanında astronomiya, təbiət, tarix, ədəbiyyat və başqa sahələri də öyrənmişdir. Dünyəvi və dini elmlərlə tanışlığı ilə yanaşı, istedadlı və yetənəkli olmasının nəticəsi idi ki, Xiyabani bir müddət Cami, Kərimxan məscidlərində imamlıq da etmişdir.

Bütün bunlarla yanaşı, Azərbaycan türk mütəfəkkirinin dünyagörüşünün formalaşmasında 1905-1911-ci illərdə İran-Qacarlar dövlətində baş verən Məşrutə hərəkatı mühüm rol oynamışdır. Təbriz Əncüməninin və İran Şura Məclisinin vəkili olan Xiyabani özünün mənalı və dərin məzmunlu çıxışları ilə Azərbaycan xalqı arasında xeyli nüfuz sahibi olmuşdur. Məşrutə hərəkatı yatırlıdıqdan sonra Xiyabani Təbrizdə yaşamağın mümkünsüzlüyünü görərək Qafqaza üz tutmuşdur.

1917-ci ildə yenidən Təbrizə dönən Azərbaycan türk mütəfəkkiri artıq hesab edirdi ki, yaşadığı məmləkətdə ilk öncə düşüncə inqilabı etmək lazımdır. Onda bu fikirlərin yaranmasında Rusiyada və Qafqazda yaşadığı dövr mühüm rol oynamışdır. Xüsusilə, Xiyabaniyə Teymurxanşurada yaşayan tanınmış Azərbaycan türk mütəfəkkiri Əbdürrəhim Talıbovun böyük təsiri olmuşdur.

Bir tərəfdən onun hərətərəfli dini dünyagörüşə malik olması, digər tərəfdən çağdaş dünyanın tələblərini mənimsəyərək real qiymətləndirməsi Xiyabaninin yalnız mütəfəkkir kimi deyil, həm də bir siyasi lider, ideoloq kimi formalaşmasına mühüm təsir göstərmişdir. O, İslam dininin ruhunun zəmanənin yeniləşmə ruhuyla üst-üstə düşməsinə çalışırdı. Bu onun qurucusu olduğu «Təcəddüd» («Yeniləşmə») qəzetinin adından da görünürdü.

Bu mənada, Xiyabanin dini, fəlsəfi və yenilikçi düşüncələri «Təcəddüd» qəzetində yazdığı məqalələrində öz əksini tapmışdır. O çalışırdı ki, dini və fəlsəfi məsələlərdə bir sintezdən çıxış etsin. Bu mənada, yazılarında azadlıq, bərabərlik və ədalətlik prinsiplərini əsas şüar kimi ifadə etmişdir. Onun fikrincə, «Təcəddüd»ün məsləki də ilk növbədə, insanların azadlığı və bərabərliyi ilə bağlıdır. Bütün bunlar isə, İslamın və Quranın ruhunun əsasını təşkil edir. Xiyabani yazırdı: «Allah-təalanın İslamın bizim üçün  istədiyini yenidən əldə etmək, müasir dünyada yeni mədəniyyət yaratmaq, ya heç olmasa istər-istəməz meydana gələcək bir mədəniyyətin yaranmasında fəal iştirak etməkdə öz layiqli borcunu yerinə yetirmək üçün biz müsəlmanların iki əsas işdə səy göstərməsi zəruridir: bunlardan biri ağıl və təfəkkür, digəri isə səbat və həmrəylikdir. Bu iki qiymətli gövhəri əldə etmək üçünsə müqəddəs Qurani-Kərimdən  faydalanmaqdan başqa bir iş ola bilərmi? Quran kimi hansı bir kitabda varlıq aləmində, dünyada elmə, səbrə, təfəkkürə və tədbirə, millətlərin və xalqların taleyindən nəsihətamiz məsələlərə bu qədər diqqət verilmişdir? İrqi, milli, hətta məzhəb ixtilaflarının  mövcud olmasına baxmayaraq, Quran bizim vəhdət amilimiz, bizi bir-birimizə bağlayan ən möhkəm kəndirimiz - vasitəmizdir. Əgər onun qədrini bilsək, bir tərəfdən durğunluqdan və adətpərəstlikdən, digər tərəfdən başqalarını qarşısında özümüzü itirməkdən uzaq olsaq, ağılla ona müraciət etsək, bugünkü həyatımızı və gələcəyimizin üfüqlərini onun nuru ilə işıqlandıra bilərik».

Azərbaycan türk mütəfəkkirinin fikrincə, İslam xalqlarının bu gün cəhalət içində olmasının və geriləməsinin səbəbi elm və hikmətdən uzaq düşmələridir. Daha doğrusu, dünyəvi elmlərdən uzaqlaşıb dini elmlərin mahiyyətini isə tam dərk edə bilməməsidir. Bu mənada, İslam mədəniyyəti geriləmiş və özünün əvvəlki əzəmətini qoruyub saxlaya bilməmişdir. Halbuki son bir neçə əsrdə Avropa xalqları daha çox dünyəvi elmləri öyrənmək və inkişaf etdirməklə cəhalət və gerilikdən uzaqlaşmışlar. Xiyabani yazırdı: «Bizim dərdimiz budur ki, bir zamanlar elm, hikmət və mədəniyyət bayraqdarı olan İslam ümməti son əsrlədə zəifləmiş və geridə qalmışdır. Zamanın qalib, böyük nüfuza malik mədəniyyəti qarşısında kədər doğurucu bir ətalət üzündən hətta bu mədəniyyətin də əldə etdiyi nailiyyətlərindən bəhrələnmək fürsəti və imkanı tapmamışdır. Bizim bu zəifliyimiz, bir zaman bəşər taleyinin başı üzərində parlaq bir ulduz kimi işıq saçmış,  dövrün qalib mədəniyyətinin də borclu olduğu və indinin özündə də bir sıra əsərləri və təsirləri həmin pərəstişin yadigarı olaraq qalmış bir mədəniyyətin sona çatmasının nəticəsidir».

Deməli, Xiyabani İslam dünyasının oyanışına çalışır, bu işə mənsub olduğu Azərbaycan türklərindən başlayırdı. Özünün dediyi kimi, Azərbaycan həmişə zülmə və ədalətsizliyə qarşı bir dirəniş mərkəzi olmuşdur. Xiyabaniyə görə, Azərbaycan yenə də öz simasını qoruyaraq azadlıq və ədalətlilik simvolu olmalıdır. Bu mənada, onun «Azərbaycan» məqaləsi çox dəyərlidir. Xiyabani bu məqaləsində Azərbaycanın yalnız İran deyil, bütün müsəlman dünyasında yerini və rolunu çox yüksək dəyərləndirmişdir: «Hələ də azərbaycanlının qanı axıdılmaqdadır. Bu gün Tehranın gözü Azərbaycanın parçalanmış vücuduna dikilmişdir. Dodaqlardan eşidilən kəlmələrdə, qələmlərin yazdığı sözlərdə təqdir səsləri və təhsin nəvaları eşidilməkdədir. Lakin, ey qeyrətli Azərbaycan, ey Vətən məftunlarının istiqamətli övladları, ey azadlığın qorxu bilməyən qəhrəmanı, ey tərfilərə möhtacı olmayan Azərbaycan!.. Ey Azərbaycan! Bütün bu təqdir və təqdislər sənin verdiyin şəhidlərin qanı bahasıdır».

xiyabaniXiyabani Azərbaycanın başdan-ayağa yaralanmasını və parçalanmasını dərk etdiyini, ancaq bunun belə davam etməsi ilə razılaşmadığını bildirirdi. Tərsinə, bu ağrı-acılara son verərək başını dik tutmağa və yenidən milli azadlığa can atmağa çağrırdı: «Bununla belə, o abırlı başını yüksək tut, Vətənin qəlbindən gələn təsəlli səslərini dinlə, qoy bu səs sənin ürək və ruhunda dərin bir intibahın qüdrətli tufanını doğursun. Çünki sən yıxılmış pəhlivana, ayağa düşmüş qəhrəmana bənzəyirsən ki, onun ayağa qalxması üçün qeyrət damarlarına təsir etmək ən yaxşı çarə və tədbirdir. Əgər xəmir mayandakı həyat gövhəri  və fəaliyyət atəşi tamamilə sönmüş və məhv olmuşsa, hərgah əvvəlki varlıq deyilsənsə, sənə rəhmət oxunmalıdır. Lakin əgər parlaq gövhərin işarələri, o həmiyyət atəşinin hərarəti sənin damaralarında hələ də varsa, sənin qarşında bir xoşbəxt səhər durur. Qoy o kamiyab sabah və məramə nail olmaq səhəri sənə mübarək olsun, ey demokratik Azərbaycan!».

Ümumiyyətlə, Xiyabani hesab edirdi ki, Azərbaycan yeniləşmə və təkamül yolunun yeganə yolçusudur. Bu mənada, onu heç bir çətinlik, imtahan qorxutmamılıdır. Bu sınaqdan da üzü ağ çıxmalıdır. Xiyabani yazırdı: «Əgər sən həmin inqilab və mübarizənin vücuduna maddi qüvvə vermiş demokratik Azərbaycansansa, əgər məşrutənin xəmrini yoğurmuş və bərikitmiş qan sənin damaralarında axırsa, vətəndə gedən islah və təmir dövrəsinə hazır olub, özündə səy və çalışqanlıq taparsan».

Azərbaycan xalqının oyanışı üçün, Xiyabani Azərbaycan türkcəsinin inkişafına xüsusi diqqət yetirirdi. O, bir lider kimi bütün çıxışlarını Azərbaycan türkcəsində edir, bir növ başqalarına da örnək olurdu. Onun məqsədi türk dilinin nüfuzunu qoruyub saxlamaq, yəni farslaşdırma siyasətindən uzaqlaşdırmaq idi. Ona görə də, Xiyabani Azərbaycan Demokrat Partiyasının yığıncaqlarında türk dilində danışır və başqalarını da buna məcbur edirdi. Ancaq Seyid Əhməd Kəsrəvi kimi farspərəstlər tapılırdı ki, türk dilinin inkişafına qarşı çıxırdı. Onlar Xiyabaninin bir müddət həbsdə olmasından istifadə edərək partiya iclaslarını fars dilində aparırdılar. Hətta, Kəsrəvi və onun kimi farspərəstəlr hesab edirdilər ki, Azərbaycanda fars dili inkişaf etdirilməlidir. Kəsrəvi sonralar yazırdı ki, Xiyabani həbsdən çıxdıqdan sonra onların bu əməllərinə ciddi şəkildə etiraz etmişdir. Çünki kəsrəviçilər-farspərəstlər Xiyabani hərəkatının milli ruhu ilə heç cür razılaşa bilmirdilər.

Bütün bunlara baxmayaraq, Xiyabaninin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası Güney Azərbaycanda başlanan milli demokrtaik hərəkatı yüksələn xətlə davam etdirmişlər. Tanınmış ziyalımız Mirzə İbrahimov «Cənubi Azərbaycanda milli demokratik hərəkat haqqında» məqaləsində yazırdı: «Şeyx Məhəmməd Xiyabaninin qiyamında azərbaycançılıq ruhu daha artıq özünü göstərirdi. Səttar xan inqilabından sonra güclənən irtica və təzyiq, hakim fars dairələri və istbidadın artan zülmü Azərbaycanı mütiləşdirmir, yatırdıb sakit etmir, əksinə, daha artıq oyadır və hərəkətə gətirirdi. Getdikcə Azərbaycandakı xalq hərəkatları, daha artıq milli xasiyyət kəsb etməyə başlayırdı. Şeyx Məhəmməd, Tehran  hakimlərinin Azərbaycanda yaratdığı zorakılıq və səfalət mənzərəsini xalqın nəzərində canlandırırdı».

Beləliklə, 1920-ci ilin aprelin 7-də Güney Azərbaycanda Xiyabaninin başçılığı ilə «Azadistan» adlı milli hökumət yaradıldı. O, milli hökumətin başçısı kimi xalqa müraciətində deyirdi: «Biz cəmiyyətin aşağı pilləsində olan xalqa, öz sosial haqlarını öyrədərək  onların gözünü açmaq qəraranıa gəlmişik. Onları maarifləndirərək, hər şeydən elmi məlumat verərək,  onları elmlə silahlandıraraq, öz azadlıqlarının yolunu göstərəcəyik. Biz milli ruhlu, milli əqidəli elə bir hökumət qurmaq istəyirik ki, onu milli hökumət adlandırmaq mümkün olsun. İstiqlaliyyət və azadlıq təntənəsi tam və mükəmməl şəkildə zəfər çalsın. Bu fikir və baxışları geniş xalq kütləsini çatdırmaq və yaymaq bir fikir adamı olan hər ziyalının müqəddəs borcu və vəzifəsidir. Bu işə təşəbbüs göstərmək lazımdır. Cəmiyyətin aşağı təbəqəsini, 20-ci əsrin elmini və informasiyasını yeni çağın demokratik düşüncəsi ilə silahlandırmalıyıq». Xiyabaninin milli hökuməti 1920-ci ilin sentyabrın 12-də devrildi və özü də Təbrizdə gedən döyüşdə həyatını itirdi. O, şəhid olmazdan öncə demişdir: «Şərəfli ölüm, şərəfsiz yaşamaqdan yaxşıdır!». Bununla da, Xiyabani Azərbaycan xalqının azadlığı və istiqaliyyəti uğrunda şəhid olmuşdur.

Dr., f.d. Faiq Ələkbərov





Həftənin ən çox oxunanları