Yuxarı

Qədim türk damğaları

Qədim türk damğaları

 

Firudin AgasiogluDilçi alim Firudin Ağasıoğlu özünün "Azər xalqı" kitabında bildirir ki, XlX əsrdən üzübəri V.Tomsen, A.Şiner, İ.A.Aristov, N.Q. alitski, E.D.Polivanov, A.C.Emre, İ.A.Batmanov, A.Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından  yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər: “Lakin onlardan daha əvvəl damğa > əlifba xəttini türkmən şairi Əndalip "Oğuznamə" əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz xan tərəfindən verilməsi inamı vardır”.

Türk runik hərflərinin damğalardan törəməsi fikrinin bir çox türkoloqlar tərəfindən müdafiə edildiyini  S. Klyaştornıy da təsdiq edir. Onun sözlərinə görə, bu fikrin tarixi hələ qədim türk yazılarının tam deşifrə edilməmiş olduğu dövrə qədər uzanır. Məsələn, bu sahədə söz sahibi olan alimlərdən Q. İ. Spasski, M. A. Kasteren və Q. Vamberi hələ o dövrdə Yenisey yazılarının işarələrinin Sibir tatarlarının soy damğaları ilə üst-üstə düşdüyünə diqqət çəkərək, sözügedən yazıların həmin damğalardan törədiyi fikrini irəli sürmüşdülər. Onlarla həmrəy olan N. A. Aristov isə yazmışdır:

“Çox-çox qədim zamanlardan mövcud olmuş soy damğaları Orxon-Yenisey əlifbasının hərfləri qismində tətbiq olunub”.

Onun bu fikrinə N. Q. Malitski də şərik çıxmışdır.

Burada mövzumuz baxımından son dərəcə böyük önəm daşımaqda olan bir məqama xüsusi diqqət yetirmək lazımdır. Məsələ burasındadır ki, bir çox nəhəng dilçi alimlər təkcə türk yazısının deyil, ümumiyyətlə, ilk fonetik yazı işarələrinin damğalardan yarandığını və onlar üçün qaynaq rolunda isə Kür-Arz mədəniyyəti dövrünə aid damğa və işarələrin çıxış etdiyini bildirirlər.

Nino Şanşaşvili özünün “Kür-Araz mədəniyyəti keramikasında işarə və simvollar” adlı çox  dəyərli tədqiqat əsərində yazır ki, Kür-Araz mədəniyyətinin yayılması ilə Güney Qafqazın ən qədim əhalisinin tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdə keramikada, necə deyərlər, “piktoqrafik” işarələrin peyda olması müəyyən sosial təkanlarla bağlı idi:

“Kür-Araz mədəniyyətinin yayıldığı ərazidə naxışları ənənəvi olanlardan fərqlənən bir neçə qab aşkar edilib. Bu qabların naxışları ritmə və elementlərin təkrarlanmasına əsaslanmır. Görünür, bu qablar müəyyən məqsədlər üçün hazırlanmışlar və üzərlərindəki işarələr də sadəcə dekorativ mahiyyət daşımır”.

Tədqiqatçının yazdığına görə, bu naxışlar, üzə çıxar-çıxmaz, dərhal alimlərin diqqətini çəkmiş və elə həmin andaca sözügedən damğa və işarələrin ən qədim yazı nümunəsi olduğu fikri ortaya çıxmışdır. Məsələn, B.A.Kuftin Oznidən tapılan damğaların protoelam işarələrinə bənzədiyini dilə gətirmişdir. Q, Qobicişvili onları hett-luviya piktoqrafik yazısı ilə, boşqab üzərindəki yazıları isə tabal yazısı ilə  müqayisə etmişdir. Ş. Amiranişvili Amiranis təpəsindən, 36 saylı qəbirdən tapılmış işarələri şumer yazısı ilə bağlamaqdadır.

Üzərində bənzər işarələr olan bir qab

 Urmiya gölü yaxınlığındakı Kür-Araz mədəniyyəti dövrünə aid Yanıq Təpə adlı yaşayış məskənindən tapılmışdır. S. Barneyinin sözlərinə görə, bu qabın üzərində cızılmış işarələr yerli tayfaların öz yazısını yaratmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, e.ə. III minillikdə İran yaylasında yaşayan yerli əhali yazıdan istifadə edib. Bu yazı Erkən Tunc dövrünə aid keramikada rastlanan damğalardan təşəkkül tapıb. S. Barneyi həmin yazını Urmiya gölünə yaxın ərazidə yerləşən Təpə-Sialkdan tapılmış protoelam yazısı ilə müqayisə etmiş onların fərqli yazılar olduğunu dilə gətirmişdir.

Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövrünə aid keramik qablar üzərlərindəki türk damğalarının bolluğu ilə fərqlənir. Bu tip damğalara sözügedən mədəniyyətin yayıldığı bütün ölkələrin (Azərbaycan, Qərbi Azərbaycan // Ermənistan, Gürcüstan, Şərqi Anadolu, Güney Azərbaycan, İran, Şimali Qafqaz) ərazisində təsadüf edilir. Nino Şanşaşvili onları aşağıdakı kimi qruplaşdırmışdır: İşarələrin bir qismini piktoqram, başqa bir qismini isə piktoqramlarla damğalar arasında keçid mərhələsinin işarələri hesab etmək daha doğru olar. Hərçənd ki, onların bəzisi artıq formaca sırf damğa xüsusiyyətləri daşıyır. Bilavasitə damğalara gəlincə isə, onlardan daha çox eyni dövrün maldar əhalisi istifadə etmişdir. Əsasən keçi sürüləri bəsləməklə məşğul olan, köçəri həyat tərzi keçirən maldarlardan dövrümüzədək zəngin qayaüstü rəsmlər və eyni dərəcədə zəngin damğa arsenalı yetişmişdir.

Üstəlik də, onların fəaliyyət göstərdikləri coğrafiya Kür-Araz mədəniyyəti dövrünün torpağa bağlı əkinçilərinin yaşayış arealından çox-çox geniş olmuş və məhz onlar sözügedən mədəniyyətin nailiyyətlərini Avrasiyanın geniş coğrafiyasına yaymışlar. Metallurgiya, mədənçilik, dulusçuluq, toxuculuq, at minmək, araba düzəltmək, şalvar geymək və s. onlardan başqa xalqlara keçmişdir. Yazı gələnəyini də bütün dünyaya məhz onlar yaymışlar. Getdikləri hər yerə öz boy damğalarını həkk etməyi də, təbii ki, unutmamışlar.

Maraqlıdır ki, eyni işarələrə Qobustan və Gəmiqayanın Son-Eneolit-Erkən Tunc dövrlərinə aid  qayaüstü rəsmləri arasında da rast gəlinmkdədir. Və onların böyük əksəriyyəti ayrı-ayrı türk soy və boylarının damğalarıdır.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları