Yuxarı

Azadlıq sevdasının 92 illik yolçusu

Azadlıq sevdasının 92 illik yolçusu

Ataturl“Türklər geriyə dönməyəcək müslih əməldən” Qan ilə qazandıq zəfəri, verməriz əldən, Xof eyləmədik atəşi-dəhhaşe düvəldən Bir zərrə belə qorxmayırız dəsti-əcəldən, İstərsə cahan çevrili varsın da təməldən. Türkün üzü çevrilməyəcək səmti-əməldən, Türklər geriyə dönməyəcək müslih əməldən. Yüksək yaşamaq istər ikən cümlə miləldən. Məhəmməd HADİ   ...Səltənət üsuli-idarəsinin ləğv olunması və Lozanna müqaviləsindən sonra gündəmə gələn "Ölkənin idarə şəkli necə olacaq" sualına cavabı Atatürk və İsmət İnönü 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində: "Hakimiyyət qeyd-şərtsiz millətindir. Türkiyə dövlətinin hökumət şəkli cumhuriyyətdir. Şimalda Qara dəniz, cənubda Adriatik dənizi, qərbdə Mərmərə və Egey dənizlərinin sahili olan Anadolu yarımadasında yerləşən Türkiyə Cumhuriyyətinin paytaxtı Ankaradır. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Osmanlı sultanlığı ləğv edildi, yeni Türk dövləti yarandı” dedilər. Birinci Dünya Müharibəsindən sonra qalib dövlətlərin öz aralarında bölüşdürmək istədikləri Osmanlı torpaqlarında aparılan savaşlar onların planlarını alt-üst etdi. Məqsəd savaşdan məğlub çıxan Osmanlı dövlətinin siyasi varlığını tamamilə yer üzündən silmək, ordunu tərksilah etmək, kiçik bir bölgə daxilində, Anadolunun ucqarlarında məskunlaşdırmaq idi. Altı yüz ildən çox üç qitəyə sahiblənən Osmanlı dövləti tarixin ən çətin sınağı qarşısında idi. Çətin məqamda Mustafa Kamal Paşa milli hakimiyyətə əsaslanan yeni bir türk dövlətinin qurulmasından başqa nicat yolunun olmadığını görürdü. Lakin bunun üçün savaşmalı və qurbanlar verilməli idi. Anadoluda hərəkata başlamaq üçün 9-cu ordu müffətişi kimi, gənc Mustafa Kamal Paşa 16 may 1919-cu ildə "Bandırma" gəmisi ilə İstanbuldan yola çıxaraq 3 gün sonra Samsuna yetişdi. Bu o vaxt idi ki, Yunanıstan imperialist dövlətlərin yardımı ilə İzmiri işğal edərək İstanbula doğru hərəkət edirdi. Qısa zaman içində komandanın liderliyi altında şərqi və mərkəzi Anadoluda Azadlıq Hərəkatı savaşlara başladı. 1922-ci ilin payızına qədər ölkənin hər yerində qanlı savaşlar davam edir, düşmən qarşısında ətdən divar çəkilmişdi. Dənizlərdən və qurudan aramsız hücum edən imperialist ölkələrin orduları qəhrəman Türk Ordusu ilə savaşa tab gətirmirdi. Atatürkün strategiyası və məqsədi Türkiyə torpaqlarını son addımına qədər yadellilərdən təmizləyib yeni bir dövlət qurmaq idi. 1923-cü ilin əvvəllərində Mustafa Kamal Paşanın komandanlığı altında düşmən üzərində tam və qəti qələbə çalındı, işğal olunmuş ərazilər düşməndən təmizləndi. Qara dənizdə, Mərmərə və Egeydə ay-ulduzlu qırmızı bayraqların dalğalandığı gəmilər üzməyə başladı. Böyük  öndər Atatürk Ankaradan dünyaya “Yurdda sülh, cahanda sülh” deyə  barış mesajı verdi. Türkiyə ilə razılaşan Qərb dövlətləri dostluq müqaviləsi bağlamaq üçün Ankaraya gəldilər. Yeni yaranmaqda olan Türkiyə Cumhuriyyəti 1923-cü il oktyabrın 13-də Cənubi Qafqaz respublikaları ilə Qars müqaviləsi bağlayır, oktyabrın 20-də isə Fransa-Ankara sazişi imzalanır. Bu anlaşma Fransanın xəyallarındakı Anadolu macərasına əbədiyyən son qoyur. Beləliklə, Mustafa Kamal paşanın və türk xalqının qəhrəmanlığı ilə yazılan tarixi gün yetişdi. Düz 92 il öncə - 1923-cü il oktyabrın 29-da Çağdaş Türkiyə Cumhuriyyəti Türkiyə Böyük Millət Məclisindən (TBMM) dünyaya elan edildi. Böyük qurbanlar hesabına siyasi müstəqilliyini əldə etməsi Türkiyənin çoxəsrlik tarixində dönüş nöqtəsi oldu. Bu qələbə digər türk xalqlarında da özünəinamı, güvənci artırdı, müstəmləkə altında yaşayan türk-müsəlman xalqları, Şərq ölkələri bu qələbədən sonra milli-azadlıq hərəkatına başladılar, türkçülük ideyaları gücləndi. Qafqazda, Şərqi Avropada, Balkanlarda, Orta Asiyada və Rusiyada yaşayan türkdilli xalqlar arasında istiqlaliyyət mübarizələri başladı. Bu gün tarixi reallıq Türkiyə ilə digər türkdilli respublikalar arasında bölgə iqtisadi birliyi yaratmağı diktə edir. Güclü iqtisadi yaxınlaşma digər sahələrdə də birlik və bərabərliyin inkişafını sağlayar. 90-cı illərin əvvəllərində müstəqillik qazanmış  türkdilli respublikalar Türkiyə ilə bir sıra inteqrasiya prosesi həyata keçirdi. Məsələn, İslam Konfransı Təşkilatında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və bir sıra beynəlxal qurumlarda birləşdilər. Lakin bu ölkələrin fərqli iqtisadi və siyasi quruluşa malik olmaları, iqtisadi baxımdan bir-birinə ehtiyatla yanaşması, həmçinin rabitə və informasiya sahəsində yaranan problemlər, media münasibətlərinin formalaşmaması qardaş respublikalar arasında sürətlə yaxınlaşmasını ləngitdi. Sonrlar türkdilli ölkələr  arasında yaranan TÜRKSOY və TÜRK PA kimi nüfuzlu qurumlar yarandı. Lakin eyni soy-kökə, oxşar dil və mədəniyyətlərə malik olmalarına baxmayaraq, bu dəfə də  arzulanan güclü əlaqələrin və birliyin yaranmasında uğurlu addım atılmadı.   Mədəniyyət və soy-kök yaxınlığı kifayət etmir   Dünya nizamı adlanan təkqütüblü iqtisadi nəzəriyyə son zamanlar regional  iqtisadiyyatla əvəzlənməyə meyillidir. Yəni dünyada, xüsusən də türkdilli respublikaların əksəriyyətinin daxil olduğu Sovet İttifaqında mərkəzləşdirilmiş iqtisadi siyasət dağıldı. Belə bir durumda türkdilli respublikaların bir-birilə  inteqrasiyası tarixi zərurətdən doğur, təbii və normaldır. Bir zamanlar aqrar ölkə sayılan Türkiyə tarixdə sonralar reformlar sayəsində turizm, sənaye, istehsal, idxal, ixrac və özəlləşdirmə sektorunda sürətlə inkişaf etməyə başladı. Balkan, Qafqaz, Orta Asiya, Ukrayna, Rusiya və Orta Doğu üzrə ən fəal şəkildə iştirak edən dövlətə çevrildi. Məsələ ondadır ki, Türkiyənin iqtisadi özgürlüyü və dediyimiz kimi, inkişafı istiqamətində göstərdiyimiz dəlillər türkdilli xalqlarla iqtisadi yaxınlaşma təşəbbüsünü daha da prioritetləşdirir. İngilətərəli alimlər P.Drusker və Kubiçek iqtisadi təhlillərində qeyd edirdilər ki, coğrafiyaları və mədəniyyətləri, eyni zamanda  soy-kökləri yaxın olan ölkələr iqtisadiyyatlarını bir araya gətirərək regional bazar yarada bilərlər. Və misal olaraq Türkiyə ilə türkdilli respublikaları göstərirdilər: “Bu yaxınlaşma təbii və vacibdir” deyirdilər. XXI əsrin ilk illərində iqtisadçı alim Z.S.Ghuroe gələcəkdə Avropa, Orta Şərq və Mərkəzi Asya qovuşağında türkdilli dövlətlər arasında  “Türk ortaq bazarı” yaradılmasının vacib olduğunu, hətta bunun gözlənildiyini söyləmişdi. Mütəxəssisə görə, türk dünyasında öncüllüyü ilə seçilən Türkiyə başda olmaqla, əgər türkdilli xalqların ortaq bazarı yaranarsa, bu, yaxın gələcəkdə dünya iqtisadiyyatına böyük təsir edəcək, eyni  zamanda türkdilli xalqlar arasında hər bir sahədə bağlılığı artıracaq. Z.S.Ghuroe yazırdı: “Sovet İttifaqının dağılmasından sonra ortaya çıxan türkdilli respublikalar bu təşəbbüsdə olacaqlar. Çünki iqtisadi inteqrasiya üçün mədəniyyət və soy-kök oxşarlığı əsas şətlərdən biridir...” Bəli, mədəniyyət oxşarlığı və soy-kök yaxınlığı əsas şərtlərdən biri olsa da tarixi zərurətin doğurduğu reallığa - Türkdilli cümhuriyyətlərin birliyinə bunlar kifayət etmir. Bu prosesin uğurlu davamı üçün iqtisadi imkanların potensialından istifadə olunmalı, türkdilli ölkələrin bölgə iqtisadiyyatı qurulmalıdır.  Təbii sərvətlərinə görə bu ölkələr çox zəngin potensiala malikdirlər. Azərbaycanın, Qazaxıstanın və Türkmənistanın zəngin neft-qaz ehtiyatları var. Bundan başqa Qazaxıstadaki daş-kömür ehtiyatları türkdilli cümhuriyyətlərin yüz illik ehtiyacını ödəyəcək qədərdir. Ermənistanın işğal etdiyi Qarabağ və ətraf bölgələr başda olmaqla Azərbaycanın hər daşının altı xəzinədir. Sovet dönəmində neft istehsalının 32 faizi, misin 78 faizi, civənin 100 faizi, qurğuşun və sinkin 86 faizi, xrom və uranın 100 faizi, fosforun isə 90 faizi türkdilli respublikaların ərzilərindən əldə edilirdi. Sovet ittifaqının pambıq planını əsasən Özbəkistan və Azərbaycan ödəyirdi. Bu o deməkdir ki, türkdilli cümhuriyyətlər arasında Ortaq Türk Bazarı və ya bölgə iqtisadiyyatı qurularsa bu, özlüyündən digər problemlərin də həlledilməsinə yardım göstərər, hər sahədə istehsalın artırılmasına Türkdilli dövlətlərin sürətlə inkişafına səbəb olar. İndi qarşıda daha böyük vəzifə dayanıb. Vahid ortaq türkcəmizin, əlifbamızın, təhsilimizin, eyni zamanda türkdilli ölkələrin və toplumların mediasının yaranması və inkişafı. Zamanla olacaq bu vahidlik bizi ortaq Türk keçmişimizdən ortaq Türk gələcəyimizə aparan ən doğru yoldur. Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri, prof.dr. Mehmet Ali Beyhan və Türkiyənin bir qurup tarixçi alimləri 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası ilə qarşılıqlı razılaşma imzaladılar. Anlaşmaya əsasən bundan sonra Türk tarixi bərabər araşdırılacaq və bərabər yazılacaq. Mehmet Ali Beyhan: “Tariximiz, taleyimiz və inancımız birdir. O səbəbdən ortaq problemlərimiz üzərinə tarix yazmağı düşünürük. Arxiv sənədlərin mübadiləsini, doktorantura və öyrənci mübadilələrini düşünürük. Azərbaycan Akademiyası ilə Türk tarixini birgə yazmağı qərara aldıq. Fikrimcə bu türkdilli ölkələrin gələcək birliyinə, bərabərliyinə hesablanıb” dedi. AMEA Türix institutunun direktoru, prof.dr.Yaqub Mahmudov da ümid etdiyini bildirdi ki, yaxın gələcəkdə Mərkəzi Asiyanın türk xalqları da bizə qoşulacaq: “İstəyimiz odur ki, bütün türkdilli cümhuriyyətlərinin təhsilində türk dövlətlərinin tarixi eyni şəkildə tədris olunsun. İlk cığırı Türkiyə və Azərbaycan açdı” Türk dünyasının saysız problemlərindən biri Qarabağ, qondarma erməni soyqırımı, PKK və sairdir. Bu itiqamətdə hələki türk coğrafiyasında istənilən fikir birliyinə nail olunmayıb. Düzdür, son günlər Beynəlxalq İnsan Hüquqları Məhkəməsinin İsveçrədə qondarma erməni soyıqırı ilə bağlı qəbul etdiyi qərar hamımızı sevindirdi. Bəlkə də tarixdən “24 aprel” oyununu sildi. Amma irəlidə həlli vacib problemlər daha çoxdur. Türk topluluqları elə bir iqtisadi birliyə və informasiya məkanına malik olmalıdırlar ki, Türk dünyasının həqiqətlərini dünyanın hər yerinə çatdıra bilsin. Rəsmiyyə Ərtoğrul





Həftənin ən çox oxunanları