Yuxarı

Türkləri birləşdirən məfkurə - Turançılıq

Türkləri birləşdirən məfkurə - Turançılıq

turanII yazı Turanlılardan fərqli olaraq, Arilər Midiyada yerli deyildilər. Arilər Midiyaya Şərqdən gəlmiş və yerli etnosları, o cümlədən turanlıları həmin ərazidən sıxışdırmışlar. Arilər buraya yerləşdikdən sonra həmin ərazilər təkrar turanlıların hücumuna məruz qalmış, İran-Turan savaşlarının mühüm qismi Şimali İran ilə Cənubi-Şərqi Qafqazda cərəyan etmişdir. Məhəmməd Əmin Rəsulzadə də yazır ki, bu dövrdən etibarən Midiya əraziləri iranlıların və turanlıların maddi və mənəvi nüfuzunda qalmışdır: «İndiki Azərbaycandan ibarət olan bura əhalisinin türkmü, yoxsa, farsmı olması çox zaman münaqişəli olub, insanlarına, xalq ədəbiyyatına, aşıq dastanları ilə çoban türklərinə, ənənə və adətlərinə baxanlara türk, rəsmi yazılarına baxanlara da fars demişlər. Kimisi bunları türkləşmiş fars, kimisi farslaşmış türk deyə qəbul etmişdir».   Bütün bunlara baxmayaraq, Rəsulzadə Azərbaycan türklərinin bir millət kimi formalaşmasında əsas rolun türklərə-turanlılara məxsus olmasına qətiyyən şübhə etmirdi. Onun fikrincə, «Turanın mərkəzində Azərbaycan» adlı bir ölkə yaranmışdır ki, «yeni Turanın açarı» ondadır. Yeni Azərbaycan türk ocağı, əski-qədim türk yurdudur. Bu anlamda Azərbaycan türkçülüyünün əsasında Turançılıq məfkurəsi dayanırdı. Turançılıq isə elə bir məfkurədir ki, bütün türkləri, o cümlədən Azərbaycan və Anadolu  türklərini bir-birinə bağlayır. Milli ideoloqumuzun  sözləri ilə desək, «turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyon formullarını çıxarmış, sosiologiyada da «Türkləşmək, İslamlaşmaq və Müasirləşmək» kimi üçayaqlı bir şüar ortaya atmışdı. İstanbul yurdçuları (Əli bəy Hüseynzadə, Ziya Gögalp və b.) bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan turançıları (M.Ə.Rəsulzadə, Nəsib bəy Yusifbəyli və b.) bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər». Artıq Azərbaycan Cümhuriyyətinin qurulmasından sonra Turan məfkurəsi yeni bir mərhələyə qədəm qoydu. Azərbaycandan qaynaqlanan Turançılıq ideyasına görə, bütün müsəlmanları «İslam birliyi» altında birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya federasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər. Yəni Azərbaycan türkləri Turan məfkurəsinin gerçəkləşməsi üçün mühüm bir zəminin yaranmasına inanırdılar. Onlara görə, Azərbaycanın Cümhuriyyətinin  qurulması, bəzilərinin fikirləşdiyi kimi, Türk dünyasının parçalanmasına deyil, tərsinə Turan Federasiyasının yaranmasına səbəb olacaqdır. Həmin dövrdə Azərbaycan Turançılığnın ideoloqu Rəsulzadə yazırdı: «Yeni Turan, mədəni birlik üzərində təsis edilib, ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır». «Turançılıq» ideyası Rusiya əsarətində yaşayan bütün türklərin, o cümlədən Azərbaycan türklərinin əsas hədəflərindən biri olmalı, Türkiyənin milli ideoloqu Ziya Gökalpın təbrincə, Rusiyanın dağılıb viran, Türkiyənin böyüyüb Turan olmasına yönəlməli idi. Ziya Gökalpın və M.Ə.Rəsulzadənin bu fikirləri, yəni Turanın Türk hökumətlərinin federasiyası şəklində gerçəkləşə bilməsi, o dövr üçün bir qədər romantik xarakter daşısa da, hazırda digər müstəqil türk dövlətləri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan və b.) ilə birlikdə belə bir federasiyanın yarana biləcəyi baxımından inandırıcı olan tərəfləri də az deyildir. Şübhəsiz, indi olduğu kimi, həmin dönəmdə də türkçü-turançı mütəfəkkirlərin bu mülahizələri rus, erməni və başqa millətlərin ideoloqları tərəfindən birmənalı qarşılana bilməzdi. Bu baxımdan 1920-1930-cu illərdə bəzi əcənəbi müəlliflər, o cümlədən Hondkaryan, A.Kerenski, Zarevand, Mandelştam və başqaları panturanizm, pantürkizm təhlükəsindən bəhs edən əsərlər («Türkiyənin qulluğunda», «Rus milləti üzərində diktatura», «Türkiyə. Panturanizm») yazırdılar. Onların fikrincə, SSRİ-ni dağıtmaq istəyən panturançılar Turan imperiyası yaratmaq niyyəti güdürdülər. M.Ə.Rəsulzadə isə həmin dövrdə bir sıra məqalələrində, o cümlədən «pantürkizm», «panturanizm»lə bağlı ən məşhur əsəri «Panturanizm. Qafqaz problemi»ndə (1930) antitürkçülərə cavab olaraq yazırdı ki, bu məsələdən bəhs edənlər türkçülüyün, turançılığın tarixini, o cümlədən bu ideyaların müəlliflərinin fikirlərini təhrif edirlər. Belə ki, «pantürkizm», «panturanizm» panslavyanizm kimi ideologiyalardan fərqli olaraq xalqın içindən yaranan bir məfkurə olmuşdur. O yazırdı: «Pantürkizm məsələsinə gəlincə, fürsətdən istifadə edən yanıltmaçıların aldatmaq istədikləri zümrəyə birdəfəlik anladaq ki, slavyan millətlərində olduğu kimi, türk irqinə mənsub millətlərdə dəxi, bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, İslam dini düşünüş alışqanlığında olan siyasi türk-tatar fikri üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır. Fəqət panslavyanizmdən daha az real şərait və imkana malik olan panturanizm panslavyanizmin çatdığı nəticəyə nisbətən daha az bir zamanda gəlmiş və bu gün ən qatı panturanistlər belə sadə bir kültür birliyini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə kifayətlənmişlər». Bununla da  Rəsulzadə demək istəmişdir ki, birincisi, turançılıq millətin özünün yaratdığı ideyadır, ikincisi isə, bu ideya ilk dövrlərdə romantik xarakter daşısa da, artıq öz yerini gerçəkçi, müasir məsələlərə tərk etmişdir. Çağdaş dövrdə yeni türkçülük və yaxud da yeni turançılıq ideologiyası ondan ibarətdir ki, vahid türk milləti deyil, vahid türk irqi vardır. Türk irqinə aid hər bir millətin də ayrı-ayrı müstəqil türk dövlətləri yaratması məntiqə uyğundur. Bu baxımdan «panrusizm» vahid «slavyan» dövlətinin yaranmasına çalışdığı halda, yeni turançılıq ideologiyası ayrı-ayrı türk dövlətlərinin yaranmasını müdafiə edir. Bunu nəzərə alaraq Rəsulzadə yazır: «Varlığı ilə Sovet İttifaqında türk ellərinin ulusal, doğal axınlarını yaxşı yöndə etkiləyən çağdaş, gerçəkçi «türkizm», sözsüz «panrusizmin» yağısıdır». Bu mənada 1930-cu illərin əvvəllərində M.Ə.Rəsulzadə hətta, vaxtilə irəli sürdüyü Türk hökumətlərinin federativ Turan birliyi ideyasının özünə belə ehtiyatla yanaşmışdır. Onun fikrincə, XX əsrin əvvəllərindəki siyasi türkçülərdən fərqli olaraq, çağdaş türkçülər vahid Turan dövləti ideyası ilə yaşamırlar. Ona görə də yeni türkçülər Türkiyənin-Osmanlının timsalında türklərin böyük imperatorluğunu yaratmaq deyil, hər bir türk millətinin ayrıca istiqlalı uğrunda mücadilə edirlər. Bu baxımdan, slavyan birliyi fikri Çexoslovakiya dövlətinin təşəkkülünə mane olmadığı kimi, türk-turan birliyi fikri də Azərbaycanın müstəqil bir türk dövləti kimi, Qafqaz Konfederasiyasına girməsinə əngəl ola bilməz. M.Ə.Rəsulzadə yazır: «Eyni irqə yaxınlıq nəticəsində bir-birinə yaxın mədəniyyət məhsullarına malik olan türk ellərindəki müştərək qiymətləri mühafizə etməklə bərabər, ayrı-ayrı türk millətlərinin ayrıca bir dövlət və cümhuriyyət halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına alanlar ancaq rus imperalizminin könüllüləri və yaxud kölələri ola bilirlər! Azərbaycan istiqlalçılığının türk birliyi fikrindən əzəmi surətdə mülhəm olduğunu inkar etməməklə bərabər, siyasətdə realizm tərəfdarı olan Azərbaycan milliyyətçiləri üçün bu fikrin sadə mədəniyyət sahəsində qəbulu tətbiq olacağı aşkardır». Rəsulzadə yazırdı ki, artıq yeni türkçülüklə, yeni turançılıqla «pantürkizm», «panturanizm»in eyni anlamı daşımadığı ortada olduğu halda, özəlliklə, Zarevandın «Türkiyə. Panturanizm» əsərində irəli sürdüyü antitürkçü, antiturançı müddəaları qəbul etmək mümkün deyildir. Belə ki, Zarevand və onun kitabına ön söz yazan Mandelştam bilərəkdən türkçülüyün tarixini və mahiyyətini saxtalaşdırmış, ona tamam başqa siyasi rəng verməyə çalışmışlar. Məsələn, Zarevand ən çox türkçülüyün ideoloqları Z.Gökalp, Y.Akçuraoğlu, eləcə də Atatürkü tənqid hədəfi götürmüş və onları panturançılıqda, pantürkizmdə ittiham etmişdir. Zarevanda görə guya, «panturanizm» ideyasını türkçülüyün ideoloqları Z.Gökalp, «panturançıların Marksı» Y.Akçuraoğlu irəli sürmüşdür ki, çağımızın «panturanizm»ini isə Mustafa Kamal (Atatürk) həyata keçirir, çünki kamalçıların da əsas bayrağı pantürkizm, panturanizmdir. Bu dövrdə Gökalpın turançılıq məfkurəsi daha çox romantik və mədəni mahiyyətli olmuşdur. Bu mənada Gökalpın ideyalarına söykənən Atatürkün «panturanizm»i də ondan çox fərqlənmirdi. Bizcə, türk aydınlarının və liderlərinin turançılığa münasibətdə ehtiyatlı mövqe tutmasına əsas səbəblərdən biri həmin dövrdə türk ismiylə tanınan millətlərin, o cümlədən Türkiyə türklərinin dünya müstəvisində istənilən gücə sahib olmamaları idi. Belə ki, türklərin sahib olduğu ən böyük imperiya - Osmanlı İmperiyası dağılmış, digər türk dövlətləri isə Sovet Rusiyası tərəfindən işğal olunmuşdur. Belə bir vəziyyətdə Z.Gökalpın, M.Ə.Rəsulzadənin, Atatürkün və başqa türk böyüklərinin turançılığı daha çox mənəvi bir ülkü-məfkurə kimi qəbul etmələri təbii idi. Bu, onların turançılıqdan imtina etmələri deyil, Atatürkün də qeyd etdiyi kimi, zamanın tələblərinə və türk millətinin gücünə görə siyasət yürütmək idi. Bu baxımdan, 1920-1930-cu illərdə turançılığa yeni bir açıdan baxılması, bu mənada Şərqdəki milli axınlardan olan panturanizmlə Qərbdəki şovinist cərəyanları bir-birindən fərqləndirməsi başadüşüləndir. Çünki Qərbdəki şovinizm-nasionalizm siyasi saldırıcı, sosial tutucu ideologiya olduğu halda, Şərqdəki millətçilik isə siyasi qoruyucu, sosial yenilikçi olaydır. Başqa sözlə, ilk dövrlərdə romantik vahid Turan birliyinə qapılan türkçülər, artıq türk irqindən ayrı-ayrı millətlərin və onların da öz müstəqil dövlətlərinin yaranmasına inanırdılar. Mirzə Bala Məmmədzadə də «Milli Azərbaycan hərəkatı» (1938) əsərində  türkçülük və turançılığın türk xalqları üçün hansı: siyasi, yoxsa mədəni birlik mənası daşıması ilə bağlı mövcud olan fikirləri dəyərləndirməyə və bu məsələdə tutduğu  mövqeyi ifadə etməyə çalışmışdı. O yazırdı ki, hələ çar Rusiyasının dağılması ərəfəsində türkçulər və turançılar vahid türk dövlətinin qurulması istəyində bulunsalar da, bunun imkansız olduğunu anlamışdılar: «Rusiyanın xarabalıqları üzərində vahid deyil, ayrı-ayrı türk dövlətləri qurulur və yaxud qurulmaq istənir. Dünya türklərinin geopolitik vəziyyəti, coğrafi vəziyyət etibarilə dağınıq və bir-birilərindən uzaq olmaları, onları ayrı-ayrı dövlətlər qurmağa sövq etmişdi. Doğrudur, «Müsavat» firqəsi bu vəziyyəti nəzərə almış və bu milli dövlət prinsipini dilə gətirərkən bir gün bu dövlətlərin federasiya yaradacaqlarını təsəvvür etmişdi. Fəqət o «bir gün» uzaq, bu gün isə yaxın idi. Türk dünyasının geopolitik vəziyyəti, mədəniyyət və kültür xüsusunda eyni məfkurə, qayə və taktikaya sahib müxtəlif türk ellərini siyasi-dövlətçilik sahəsində məhəlli yurdçuluq-vətənçilik yoluna sövq etmişdi». Onun fikrincə, bir bütün halda başlayan türk milli hərəkatının ayrı-ayrı yurdçuluq və milli dövlətçilik halına gəlməsində siyasi, coğrafi, iqtisadi və strateji səbəblər mühüm rol oynamışdı. Məhz bunun nəticəsidir ki, Türkiyədə milli hərəkata başlayanlar yalnız Anadolu türklərini düşünmüş, onların proqramında Türkiyə xaricindəki türklərdən bəhs olunmamış, hətta Türkiyə Misaqi-Millini gerçəkləşdirmək üçün Qərbi Avropa imperialistləri ilə döyüşdə Türküstan, Krım, İdil-Ural və Azərbaycan türklərinin mübarizə apardıqları Rusiya ilə müttəfiq olmaq məcburiyyətində qalmışdı. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra da bu proses davam etmiş və türk birliyi uğrunda mübarizə aparan «Türk ocağı» əvvəlcə fəaliyyətini Türkiyə ilə məhdudlaşdırmış, daha sonra isə bir müddət qapanmışdır: «Artıq Türkiyədə bir Türkiyə türkçülüyü doğmuşdu və bu halın cığırından sapmış bir xətası olmaq üzrə «Anadolu millətçiliyi» epizodu da müşahidə edilmişdi. «Anadolu» məcmuəsi ətrafında toplanan bir qrup ziyalılardan ibarət zümrənin irəli sürdyü iddiaya görə türklük bir millət deyil, bir irqdir və bu irqə Anadolu, Azərbaycan, Türküstan və i.a. kimi millətlər daxildir». Doğrudan da, bu dövrdə türkçülüyün ideoloqu sayılan Z.Gökalp belə türkçülüyün və turançılığın real siyasi-ideoloji hədəfi kimi türkiyəçiliyi götürmüşdü. Onun fikrincə, uzaq gələcəkdə oğuzçuluq və daha sonra turançılıq mümkündür. Gökalpın bu fikirlərini əsas tutaraq M.B.Məmmədzadə qeyd edirdi ki, artıq türkçülük-türk birliyi kimi romantik turançılıq da əski mənasını tamamilə dəyişdirmişdi. Faiq Ələkbərov





Həftənin ən çox oxunanları