Yuxarı

Şah İsmayıl Xətai və dünya dövləti anlayışı

Şah İsmayıl Xətai və dünya dövləti anlayışı

Şah İsmayıl Xətainin dünyagörüşünü öyrənmək üçün onun yazdığı divanı diqqətlə nəzərdən keçirmək lazımdır. Uşaqlıqdan haqq-ədalət ruhunda yetişdirilmiş Şah İsmayıl üçün ədalət prinsipi həmişə öndə olmuşdur. Shah_Ismail_Hatayi Beləliklədə, Şah Xətainin dünya görüşünü tədqiq edəndə onda haqqa söykənən bir düny aanlayışının mövcud olduğu qənaətinə gəlirik. Belə bir dünyagörüş onda yetişdirildiyi mühitdən irəli gəlirdi. XVI əsrdə (1501) yaranan Azərbaycan Səfəvi dövləti yaranış günündən Şah I İsmayılın hakimiyyətinin sonuna qədər, o cümlədən Şah I Təhmasibin zamanında, konkret desək, 1532-ci ilə qədər sırf sufi dövləti idi. Bu barədə mənbələrdə kifayət qədər məlumatlar var. Mənbələrdən bəlli olur ki, «Səfəviyyə» təriqəti uzun bir dövr keçərək dövlət qurma prinsiplərində ciddi dəyişikliklər etmişdi. İlk əvvəllər bu təriqət digər sufi cərəyanlarından fərqlənməyən bir təşkilat formasına bənzəyirdi. Ona görə də onun tərəfdarları arasında müxtəlif dinlərə məxsus insanlar da az deyildi. Bu təriqət onradan “Qızılbaşlığa” çevrilərək qarşısına qoyduğu siyasi məqsədi bəyan etdi. Bu baxımdan «Səfəviyyə» təriqətinin Şah İsmayıla qədərki  dövrünü aşağıdakı mərhələlərə bölmək mümkündür: 1) Şeyx Səfiəddindən Şeyx Cüneydə qədərki dövr. Bu dövrdə təriqət rəhbərlərinin əsas məqsədi ətraflarına daha çox mürid toplamaqla, geniş bir ərazidə tərəfdarlarının sayını artırmaq idi. Başlıca məqsəd xəlifələrə bildirilmirdi. 2) Şeyx Cüneyddən Şeyx Heydərə qədərki dövr. Bu dövrün başlıca xüsusiyyətlərindən ən önəmlisi Şeyx Cüneydin zühur etməsi idi. Artıq Səfəvilər lazımi çəkidə hərbi potensiala malikidilər və öz məqsədləri uğrunda açıq fəaliyyətə başlaya bilərdilər. Ona görə də başlıca məqsəd xəlifələrə çatdırılır. 3) Şeyx Heydər dövrü. Çox təəssüf ki, bu dövr lazımi səviyyədə araşdırılmayıb. Məhz, Şeyx Heydər dövründən başlayaraq səfəvilərə  «qızılbaş» adı verilir. Bu adı şiəliklə bağlayırlarsa da, bu, əsl həqiqəti əks etdirmir. Çünki «qızılbaşlıq» tarixi göstərir ki, onun mərkəzində dayanan başlıca faktor türkçülük və qədim türk inanclarıdır. Vaxtilə tarix səhnəsində türklərə ağbaş, sarıbaş, yaşılbaş və sair demişlər. Şeyx Heydər artıq Azərbaycan dövlətinin yaradılması uğrunda mübarizə meydanına atılır. Özündən əvvəl xürrəmilərin ideoloji sistemini dərindən bilən Şeyx Heydər əslində,  «qızılbaşlıq» hərbi-siyasi-dini doktrinasını işləyir və ortaya qoyur. 4) Şah İsmayıl dövrü. Bu dövrdə mərkəzləşdirilmiş Azərbaycan dövləti yaradılır və onun idarəçiliyi sufilərin əlinə keçir. Sufi dəyərləri bəllidir ki, sekulyar dəyərlərdir.  Ona görə də bu dövləti sekulyar dəyərlərə malik dövlət adlandırmaq mümkündür. Həm də unutmayaq ki, bu dövrdə dövlətin qayəsində türkçülük ən-ənələri dayanırdı. Şah özü təriqət şeyxi idi. Bu isə balaca məsələ deyil. 5) Şah İsmayıldan sonrakı dövrlər. Bu dövrlərdə dədövlət «qızılbaş» dövləti adlansa da, artıq «qızılbaşlıq» mahiyyətindən uzaqlaşdırılır. Sufilər hakimiyyətdən kənar edilməklə bərabər, onlara qarşı təqiblər başlayır və şiəliyin siyasi forması artıq dövlət strukturlarında özünə yer etməyə başlayır. Bu zamandan başlayaraq davam edən proses, nəhayət Qacarlar dönəmində dövlət strukturlarında siyasi şiəliyin tam bərqərar olmasına gətirib çıxarır. Əgər biz bu dövrləri dərinliyi ilə araşdırsaq, onda hazırda elmi ədəbiyyatda səfəvilərlə bağlı mübahisələrə son vermiş olarıq. Çünki bəziləri səfəviləri əvvəlcə sünni, sonra isə şiə adlandırır, bəziləri isə ümumiyyətlə, dindən kənar sayırlar. Bütün bunlara səbəb «Səfəvilik» təriqətinin mürəkkəb sistemə malik olmasıdır. Tədqiqatlar göstərir ki, «Səfəviyyə» təriqətinin banisi Şeyx Səfiəddinin adı ilə bağlansa da (səfi-saf, pak), əsasən «səfa» sözündəndir ki, sufilər onu təriqət yolçusunun mənəvi təkamülündə başlıca keyfiyyət əlamətlərindən biri kimi çox işlədirlər. Bu təriqət Azərbaycanda ana dilli ədəbiyyatın, poeziyanın geniş bir miqyasd ainkişafına güclü təsir göstərməklə yanaşı, ona yeni məzmun, xüsusilə dünyəvilik və gerçəklik vermişdir. «Səfəviyyə» təriqətinə ümumi bir nəzərdən sonra demək olar ki, bu təriqət Şərq sufi məktəblərinin bir çox təlim və məsləklərini özündə birləşdirən bir sufi axınıdır. Bununla bağlı «Səfvetüs-səfa» da geniş material vardır. Burada Şeyx Səfiəddinin təriqətində məsləkinin yönümünü müəyyənləşdirən başlıca cəhət kimi onun «Cəfəri» məzhəbindən olduğu göstərilir və dörd məzhəbdən (şafei, hənəfi, hənbəli, maliki) cəfəriliyə uyğun gələn nə varsa qəbuletdiyi qeyd olunur. «Mənaqibi-ŞeyxSəfi»də onun məzhəbindən danışılarkən göstərilir ki, Səfiəddin Səhabənin məzhəbində olmuş və xəlifələrin dördünü də dost bilmişdir. Bu, özlüyündə sübut edir ki, Səfiəddin öz təriqətində sünni-şiəliyə fərq qoymur. Ona görə ki, şiələr kimi sünnilər də ilk altı imama və altıncısı imam Cəfər Sadiqə etiqad bəsləyirdilər. Bu məsələyə münasibət bildirən Mirzə Abbaslı özünün «Safevilerin kökeninə dair» məqaləsində göstərir ki, Səfəvilərin etiqadı məsələsində çox önəmli sayıla biləcək ilk qaynaq olan «Safvetüs-Səfa» nın müəllif nüsxəsinin günümüzədək saxlanılmaması bir çox məsələlərdə dolaşıqlıq yaratmışdır. Bəzi avropalı elm adamları Səfəvilərin əcdadları barədə elmi bilikləri təhrif etdikləri kimi, İran alimləri də öncə Səfəvilərin mənşəyini və sonrada onların etiqadlarını istədikləri kimi izah etməyə çalışmışlar. Müəllif daha sonra yazır: «Doğunun çox önəmli və milyonları ardınca aparan, onları bir kütlə axını halına salan «Səfəviyyə»nin qurucusu və öndəri Şeyx Səfi əgər bir təriqətə bağlı olsaydı, Şiəlik və Sünniliyin böyük qruplarını və ümumiyyətlə, təsəvvüf və arifanə axınlarla bağlı olanları Darül-İrşadda ətrafında birləşdirə bilməzdi. İlk qaynaqlardan, başda Safvet-üs səfadakı hekayələrdən anlaşılır ki, Şeyx Səfinin müridlərinin çoxu Şafii və Hənəfilərdən olsa da, onların içərisində bir çox Şiə (özəlliklə İsna-aşeri və İsmailər) və beləcə də Mövləviyyə, Kübrəviyyə, Əxilik və v.b. çox yayılmış arifanə məslək tərəfdarları sayı baxımından böyük yer tutmuşdur. Şeyx Səfinin irşad şəcərəsi eyni zamanda orta çağların daha önəmli təsəvvüf, arifanə axını sayılan Sührəverdiyyə ilə də əlaqəli sayılır. Bunu qeyd etməyimiz yerinə düşər ki, «Səfəviyyə» tərəfdarları içərisində bir az da buddist və xristianlar varmış». «Səfəviyyə» təriqəti ilə yanaşı həmin dövrlərdə İran və Azərbaycan ərazilərində Nurbəxşiyyə, Zəhəbiyyə, Nemətullahiyyə, Qələndəriyyə, Haksarilər, Hürufilər adı altında xeyli sayda təriqətlər də mövcud idi. Onlar da «Səfəviyyə» təriqətinə yaxın təriqətlər idi ki, Səfəvilər iqtidara gələndə bəziləri onlarla birgə hakimiyyətdə təmsil olundu. Tədqiqatçılar bu təriqətlərin bəzilərinin sünni təriqəti, sonradan isə «Səfəviyyə» təriqəti kimi şiə idelogiyasını qəbul etdiyini yazırlar. Əslində, məsələyə bu cür münasibət həqiqəti tamamilə əks etdirmir. Çünki sufilik nə şiəliyə, nə də sünniliyə sığır. Məsələ ondadır ki, sufilik şəriətlə qənaətlənməyən və şəriət üstü münasibətlərlə izah olunur. Şəriətüstü zümrə üçünsə yaradan Allahdır, yaratdıqlarının ən əşrəfi isə insandır. İnsan isə bir sıra mərhələləri keçib kamilliyə yüksələrək Allahla qovuşur. Allahdan qopan yenidən Allaha qayıdır. Qurani-Kərimdə də göstərilir ki, Allah Adəmi (ə) yaradanda ona öz nəfəsindən üfürdü və Adəm (ə) canlandı (6). Əslində, sufilərin söykəndiyi «Vəhdəti vücud» fəlsəfəsi də bundan qaynaqlanırdı. Təbii ki, məsələyə bu cür münasibət əsl həqiqəti əks etdirir. Çünki sufilər zahiri şəriət ehkamlarından çox qırağa çıxaraq insanı Allahın təcəssümü, bəzən eyni, din, şəriət, Quran, eşq kimi qələmə verir, təkcə xristianlıqdan deyil, bütpərəstlik, zərdüştilik, buddizm, manilik və islam Şərqində yayılmış ayrı-ayrı dini-fəlsəfi cərəyanlardan da bir sıra təlimləri əxz edərək dini ayrı-seçkilikdən uzaqlaşırdılar. Bu xüsusiyyəti Xətainin yaradıcılığında müşahidə edirik: «İsəviyəm, Musəviyəm, Davudiyəm, Əhmədiyəm»-deyən Xətai yalnız «vəhdəti-vücud»da vəhdəti-üqudu-yəni əqidələr birliyini görürdü. Bu əqidə, məslək birliyi Şeyx Səfiəddinin, eləcə də Xətainin təbliğ və tərənnüm etdikləri «Səfəviyyə» təriqətinin məfkurə istiqamətini aydın əks etdirir. “Səfəviyyə” təriqəti Şah Xətaiyə qədər uzun bir məsafə keçdi. Bu yol ağır və üzücü olsa da, ətrafına ən sadiq müridləri toplaya bildi. Nəhayət, Şah Xətai ortaya çıxdı. Onun ortaya çıxması adi bir hadisı deyildi. O, yetişdirilərək siyasət aləminə qədəm qoydu. Dövrün bütün proseslərini izləyib analiz edən şura Şah Xətainin hakimiyyətə gəlməsi üçün ideoloji təbliğatı güclü şəkildə qura bildi. Bu gün həmin dövrün proseslərini izləmədən Şah Xətaiyə qiymət vermək asan məsələ deyildir. Buna görə də genəl Türk tarixində Şah İsmayıl qədər mübahisə olunan ikinci bir şəxsiyyət tapmaq çətindir. Hesab edirik ki, Şah İsmayılı öz görüşləri ilə dəyərləndirən araşdırmaçı və ya bununla bağlı hər hansı bir çalışma ortaya çıxmamışdır. Qəbul edək ki, Şah İsmayılın dünyagörüşünü, onun güddüyü məqsədləri anlamaq üçün onun yazdığı Divanı və şeirlərini diqqətlə nəzərdən keçirmək lazımdır. Şah İsmayıl öz divanında özünün yaşam tərzini, dünyasının, anlayışının tam bir ifadəsini əks etdirmişdir. Onun kimliyini və quracağı dünya dövləti anlayışını dərk etmək üçün yazdığı divanı vərəqləmək kifayətdir. Şah Xətainin sufi dünyagörüşü onun dünya anlayışını formalaşdırırdı. O, cahan hakimiyyətinə sahib olub, bütün ədalətsizlikləri ortadan götürmək istəyirdi. Bu məsələlər onun divanında öz əksini tapmışdır. O, dünyanı islam coğrafiyaçılarının deyimi ilə üç iqlimdən və ya qitədən ibarət görürdü. Onun anlayışında Şərq dünyası dünyanın mərkəzi idi. Bu dünya Türk, Çin, Maçin, Hitay, Hind, Hötənin yer aldığı geniş bir coğrafiyadır. Bunun qarşılığında isə Qərb dünyası yer almışdır. Rum və bu anlamda da Misir və Şam Qərbi tamamlamaqdadırlar. Ayrıca Avropanı təqdim etmək üçün “Frəng” adı da keçir. Hər iki dünyanın ortasında yer alan geniş bir coğrafiyanı Şah İsmayıl özünə “vətən” və ya “yurd” olaraq təsvir edir. O, Ceyhun ilə Bağdad arasındakı geniş Orta Şərq torpaqlarını özünün ölkəsi olaraq görməkdədir. Şah İsmayılın şeirlərində Ceyhun və Bağdad ən incə ədəbi təşbehlərlə ifadə olunmuşdur. Ceyhun onun şeirlərində “göz yaşı”, “iki dodaq arasında qalan ağız” və buna bənzər epitetlərdə özünü göstərməkdədir. Bağdad isə “vətən”, “bədən”, “Əlinin vətəni”, “gözəl bir məkan” olaraq keçməkdədir. Şah İsmayılın “vətən” anlayışı Səlcuqlular ilə həyata keçən coğrafiya içərisində yaşayan xalqların təhlükəsizliyini təmin etməkdən ibarətdir. Yəni, Səlcuqluların malik olduqları ərazi ana ərazi olaraq qəbul edilməkdədir. Bu ərazi Elxanilər dövründə də eyni anlamı ifadə etmişdir. Buna, yəni, dünya anlayışına işarələr Şah Xətainin divanında keçməkdədir. Belə bir dünyagörüşə sahib olan bu insan Şah Xətai ləqəbiylə Türkcə nəfəsləri ilə insanların könüllərində taxt qurmuşdur. Ələvi cəmlərində Şah Xətainin deyişləri olmadan bir cəm ibadətinin baş verməsi ağlabatan deyildir. Onun nəfəslərində dini və sosial mövzular axıcı bir şəkildə işlənmişdir. Osmanlı sarayında xalq dilinin, yəni Türkcənin yerinə Ərəbcə və Farscanın yer aldığı halda, o, xalqın diliylə onlara səslənmişdir. Özünün keçdiyi irfani yol və hərəkətləri ilə Türküstanın  (Turan dünyası) piri səviyyəsinə yüksələn bu şəxs Anadoluda “Yeddi Ulu Ozan”lardan biri kimi qəbul edilmişdir. Dilavər Əzimli





Həftənin ən çox oxunanları