Yuxarı

Tanrıya nəyi qurban etməli?

Tanrıya nəyi qurban etməli?

qurban bayrami Qurban bayramı müsəlman aləminin böyük önəm verdiyi iki dini bayramdan biridir. Ramazan ayında oruc tutan müsəlmanlar Qurban bayramında Allah yolunda qurban kəsərək ehtiyacı olanlara yardım edir. Ümumiyyətlə, müxtəlif dinlərdə qurban anlayışı necədir? “Cumhuriyyət” qəzeti müxtəlif dinlərdə qurban adətlərini araşdırıb. Nəticədə, olduqca maraqlı məqamlar meydana çıxır...   Bəşəriyyət Tanrıya nələri və kimləri quban edib? Qurban tarix boyunca müxtəlif mədəniyyətlərdə lap qədimlərdən tətbiq olunan bir ibadət formasıdır. Qurbanvermə mərasimi Tanrının tək olduğunu söyləyən bütün dinlərdə (iudaizm, xristianlıq, krişnaizm, zərdüştlük, müsəlmanlıq və s.) vacib prinsiplərdən biridir. Bəzi dinlərdə Tanrıya canlılar da qurban edilir. Bu həm satanizmdə olduğu kimi insan, həm də islam, iudaizmdə olduğu kimi heyvan qurban verilə bilər. Amma digər Şərq dinlərində, əsasən zərdüştlük, induizm, krişnaizm, buddizm, çaynizmdə Tanrıya qansız qurbanlar verilir. Bu qurbanların əsasını meyvə-tərəvəz, süd məhsulları, gül-çiçək, ətirli çubuqların tüstüsü təşkil edir.   Yəhudilik və xristianlıqda qurban mərasimi necədir? Yəhudi inancınında qurban insanın günahının təmizlənməsi üçün gərəkli hesab edilir. Onlara görə, bütün qurbanlar günahların bağışlanmasını təmin etmək üçün vacibdir. Yəhudilərin müqəddəs kitabı sayılan “Tövrat”da ənənəvi ibadətlər əsasən qurbanlara həsr edilib. Yəhudilər müsəlmanlardan fərqli olaraq quş, toyuq kimi qurbanlar da verirlər. Amma onlar da daha cox qurbanı qansız verməyə üslünlük verirlər. Bu kimi qurbanlar əsasən şirniyyatlardan, tərəvəz və meyvələrdən verilir. Xristianların qurban anlayışı yəhudilərinkindən qaynaqlandığından onunla bir çox ortaq istiqamətləri var. Lakin xristianlar, yəhudilərin “Fısıh” kimi tanınan qurban bayramındakı ruhi məqsədin İsa Məsihin gəlişi ilə tamamlandığına inanırlar. “İncil”də qurban qanının axıdılması ilə günahların bağışlanılmasının işarələndiyi deyilir. “Müqəddəs təkliflərinizi və qurbanlarınızı götürüb Rəbbin seçəcəyi yerə gedəcəksiniz. Yeməli nemətlərinizi, əti və qanı Tanrınız Rəbbin hüzurunda təqdim edəcəksiniz. Qurbanınızın qanı Tanrınız Rəbbin sunağına axacaq. Amma əti yeyə də bilərsiniz (Qanunun Təkrarı 12:23-27). “Bibliya”da Tanrıya hər şeyin qurban verilə biləcəyi vurğulanır, ən böyük qurban isə İsa peyğəmbərin bütün insanların günahlarının bağışlanılması üçün özünün fəda etməsi hesab olunur.   İslam dinində qurban anlayışı nəyi ehtiva edir? Qurban bayramı İslam aləmində geniş qeyd olunan bayramdır. Bu bayram hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündə başlayır, adətən 3 gün davam edir. Mərasimlərdə qoç, qoyun, inək və ya dəvə Allah yolunda qurban kəsilir. İslam dininə görə, qurbankəsmə İbrahim peyğəmbərin adı ilə bağlıdır. Dini rəvayətə görə, İbrahim bir oğlu olduğu təqdirdə onu minnətdarlıq üçün Tanrıya qurban etməyi niyyət edib. Buna görə oğlu İsmayıl dünyaya gəlir və bəlli bir yaşa çatanda Uca Tanrı öz peyğəmbərini sınamaq üçün yuxusunda İbrahimdən sözündə durmasını və oğlunu qurban etməsini tələb edib. İbrahim Tanrının  bu əmrini tərəddüdsüz yerinə yetirməyə gedir. Amma Tanrı öz bəndəsinin sədaqətinə inandığı və  onun övlad qanı axıtmaması üçün qeybdən qoç peyda edir və oğlunun əvəzində onun qurban edilməsi istənilir. İslama görə qurban kəsilərkən insanın fikir və düşüncəsi önəmlidir: “Onların nə ətləri, nə də qanları Allaha çatır. Ona sadəcə sizin düşüncə və niyyətiniz çatır”. (Həcc 22/37) Qurban bayramında adətən qoyun qurbanı kəsilir. Amma bundan başqa inək, dəvə, keçi də kəsilməsi mümkündür. Hacı Fariz Seyidov deyir ki, kəsilən heyvanın əti bərabər hissədə 3 yerə bölünməlidir. Ətin bir qismi qonşular üçün, bir qismi kasıblara, yetimlərə, bir qismi isə ailə üzvləri arasında bolünməlidir: “Qurban kəsməyin əsas məqsədi kasıblara, imkansızlara yardım etməkdir. Həmin gün müqəddəs ocaqları da ziyarət etmək də büyük savab sayılır”.   Krişnaizmdə və induizmin digər qollarında qurban Krişna Şüuruna görə, Tanrının müqəddəs adların zikri qurbanların ən böyüyü hesab edilir. Bakı Krişna Şüuru Cəmiyyətinin rəhbəri Ramil Əliyev deyir ki, Qurban- insanın pis keyfiyyətlərinin Zikr odunda yandırılması anlamındadır: “Krişna şüurunda ət insan qidası hesab edilmədiyi üçün qurban əsasən meyvə-tərəvəzdən, süd məhsullarından, eyni zamanda təzə-tər çiçəklərdən və ətirli çubuqlardan verilir. Qurban mərasimi əsasən böyük bir ocağın kənarında həyata keçirilir. Tanrını vəsf edən nəğmələr söylənir və ocağın kənarına Tanrıya təklif edilən qidalar düzülür. Vaişnavlar inanırlar ki, Tanrı ona təklif edilən qidalara öz enerjisini hopdurur”. R.Əliyev deyir ki, belə qurban Tanrının verdiyi bütün nemətlərə görə Ona bir növ minnətdarlıqdır: “Vaişnavların müqəddəs kitablarında-“Baqavad-Qita”da və bütün Veda külliyyatında qurban anlayışı digər dinlərdən kifayət qədər fərqlənir. İnsanın Tanrıya öz sevgisini, vaxtını sərf etməsi, pis vərdişlərdən uzaq olması, xeyirli əməllərlə məşğul olması da bir növ qurban hesab olunur. “Bhaqavad-Qita”da qurbanla bağlı belə deyilir: “Əgər insan Mənə sevgi və sədaqətlə yarpaq, gül, meyvə və ya su təklif edərsə, Mən bunu qəbul edərəm” (9/26). “Tanrı fədailəri yalnız qurban edilmiş qida yediklərinə görə, hər cür günahdan azad olurlar. Qidanı hissi həzz üçün hazırlayanlar isə, əslində haram qida yeyirlər”- (3/13).   Buddizmdə  və Caynizmdə qurban necədir? Buddanın heykəlinə təzim edən hər bir buddist Buddaya çiçək, ətirli ağacların tüstüsünu, meyvə, tərəvəz təklif edir. Əksər buddistin evində Buddanın kiçik heykəli- murtisi var. Buddistlərə görə qurban qansız olmalıdır və heç bir canlıya zərər vermədən həyata keçirilməlidir. Qurbanlar bir qayda olaraq təmiz və saf  tərəvəzlər, eləcə də meyvələrdən olur. Buddanın murtisinin önünə qoyulan qurbanların qəbul edilməsi üçün təyin edilmiş dualar oxunur. İnanca görə təklif olunmuş qidaların sonra insanlar tərəfindən yeyilməsi xoşbəxtlikdir. Çünki o qidalara Buddanın ölməz enerjisi hopub. Caynistlərin ən birinci prinsipi isə heç bir canlını incitməməkdir, bunun üçün də onlar qəti şəkildə ət yemirlər. Elə bu səbəbdən də çaynizmdə qurban anlayışı qansız qurban deməkdir. Yəni, onlar Tanrıya meyvə-tərəvəz qurbanı, ətirli ağaclardan hazırlanmış buxurları təklif edirlər.   Zərdüştülükdə qurban ritualı daha dərindir İnsanlıq tarixində ilk təktanrılılıq dini hesab olunan Zərdüştlükdə (Mazd-Yasna) qurban mərasimi hər zaman ən önəmli rituallardan biri olub. Qurban Tanrının ən güclü maddi enerjisi sayılan Od vasitəsilə verilirdi. Novruz, Xvarna kimi bayramlarda böyük tonqallar yandırılır, muğlar meyvə-tərəvəz, dənli bitkilər, gül-çiçək kimi təbiət nemətlərindən Oda atmaqla Tanrıya qansız qurbanlar verərdi. Zərdüştlükdə də qurban mərasimi humanizmə, sülhə əsaslanıb. Zərdüştlüyün müqəddəs kitabı olan “Avesta”da insan və heyvanların qurban verilməsi qətiyyətlə pislənir. Tanrıya yalnız bar verən bitkilərin məhsulları qurban edilir. Belə ki, hətta canlı olan bitkinin özünün yox, barının qurban edilməsi  canlının öldürülməsinin qəbul edilmədiyini göstərir. Nəsir Rzayevin “Möcüzəli qərinələr” kitabından bir çıxarış: “Avesta qanunlarına əsasən kahinlər mehrabda yanan müqəddəs odun işığında qurban vermə ayini keçirərkən əllərində müqəddəs “baresma çubuqlar”ı tutduqları halda, Tanrının dünyanı yaratması haqqında himn, mahnı və dualar oxuyurmuşlar”. “Mazd-Yasna”da və sonralar onun ilkin ehkamlarının bərpası məqsədilə yaranmış maniçilik, məzdəkilik, hürrəmilik, sufilik kimi dini təlimlərdə qurban mərasimləri demək olar ki, tamamən eyni olub. Zərdüştlük ilkin vaxtlarda qansız qurban mərasimlərinin davamlı keçirildiyi din olub, lakin sonradan ideoloji deqradasiya gedib və heyvanların da (xüsusilə atın) qurban edilməsi də rituallara daxil edilib.   Afrika dinlərində qurbankəsmə anlayışı     Nüfuzlu ilahiyyatşünas, tədqiqatçı alim Con Feyvors özünün “Ruhi Döyüşçü” adlı məşhur elmi-fəlsəfi əsərində qeyd edir ki, dünyada Afrika dini ayinləri kimi təqdim edilənlərin demək olar ki, hamısı əsl Afrika ənənələrinin təhrif olunmasından başqa bir şey deyil. Qurbanvermə ayinləri qədim Misirdə də əsas dini rituallardan biri olub. Con Feyvors qeyd edir ki, o zamanlar piramidalar məbəd rolunu oynayıb, onlarda od qurban gətirmələri və ayinlər icra edilib. Alim yazır ki, qədim inanclarda qurbanvermə mərasimi təyin edilmiş çərçivəyə salınmış şəkildə idi və müəyyən şərtlərə riayət etməklə, bilikli, elmli və eyni zamanda mömin adamlar tərəfindən keçirilirdi. “Kahin heyvanın bu həyatını əlindən alaraq, onu ya “yuxarı səltənət”ə yollayır, ya da növbəti həyatda onun daha yüksək səviyyəli bədən almasını təmin edirdi.   Satanizmdə qurban- bu əsl dəhşətdir! Satanistlər ayinlərində əsasən pişiyi qurban edirlər və kəsilmiş pişiyin ətini qovurub yedikdən sonra qanını da içirlər. Onlar yalnız pişik deyil, xoruz, dovşan kimi heyvanları da qurban verirlər. Lakin əksər satanistlər daha çox pişiyə üstünlük verirlər. Bunun da olduqca fərqli səbəbləri var. Bəzilərinə görə, pişik “nankor heyvan” olduğu üçün məhz onu seçmək lazımdır. Başqa bir səbəb isə asan əldə edildiyi üçündür. Üçüncü bir səbəb: insanlar pişiyi sevir və dəyər verirlər, insanlığı incitmək və dəyərləri heçə saymaq üçün pişiyi qurban kəsmək də satanistlərə daha çox həzz verir. Satanistlər pişiyin qanını içənə “ölümsüzlük” veriləcəyini hesab edirlər. Əsas səbəb isə, satanist inancında şeytanın “qaniçən” kimi təsvir edilməsidir. İldə bir dəfə isə gənc qızın qurban edilib qanının içildiyi barədə məlumatlar var. Çünki satanizmin ən önəmli xüsusiyyətlərindən biri də daim şər tərəfdə qərar tutmaq və həmişə dinin qadağan etdiklərini etməkdir. Satanistlərin insan qurban verməsi haqda mediada tez-tez məlumatlar yayımlanır. 2009-cu ildə Yaroslavlda üçü qız və biri oğlan olan 4 qurbanlarına zorla spirtli içkilər içirib sərxoş edəndən sonra hər birinə 666 bıcaq zərbəsi endirilməsi barədə  dəhşətli bir məlumat yayılmışdı.  Gənclərin cəsədləri şaqqalanaraq tikələrə bölünüb və tonqalda bişirilərək yeyilib, qurbanların qanları isə şərab əvəzi içilib. Ümumiyyətlə, ən nüfuzlu ilahiyyatşünasların fikrincə, qurban anlayışı yalnız Tanrıya xidməti özündə ehtiva edir, qurban yalnız saf qəlbdən, təmənnasız, sevgi və səmimiliklə təklif edildikdə Tanrı tərəfindən qəbul olunur.   Lalə Mehralı





Həftənin ən çox oxunanları